Vətəndaş cəmiyyəti və milli kadr məsələsi

 

Vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi milli kadrlardır. Süleyman İsmayılovun yazdığına görə, 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyinə gəldikdən sonra bu sahədə ciddi işlər görülmüş, Azərbaycanda bir sıra yeni ali məktəblər açılmış, 1970-ci illərdə 3500-dən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin 170-dən çox aparıcı ali məktəblərinə təhsil almağa göndərilmiş, respublikada hərbi kadrların yetişdirilməsi üçün C.Naxçıvanski adına hərbiləşdirilmiş məktəb açılmışdı. Dövlət idarəetmə orqanları, kooperativictimai təşkilatların idarəetmə orqanlarının aparatında, kreditləşmə və dövlət sığortasında 1960-ci ildə xalq təsərrüfatında işləyən əhalinin 2,1, 1965-ci ildə 2,3, 1970-1981 -ci illərdə 2,5 faizi çalışırdı.

Ümumiyyətlə, sovet dövründə partiyasovet orqanlarında rəhbər vəzifələrdə işləyən qulluqçuların bir çoxu SSRİ Ali Sovetində və Azərbaycan SSR Ali Sovetində deputat kimi təmsil olunurdular. 1984-cü ildə SSRİ Ali Sovetinə keçirilmiş seçkilərdə Azərbaycandan 63 deputat təmsil olunmuşdu. 1985-ci ildə keçirilən seçkilərdə Azərbaycan SSR Ali Sovetinə 450, Naxçıvan MSSR Ali Sovetinə 110, vilayət, rayon, şəhər, qəsəbə və kənd sovetlərinə 51479 deputat seçilmişdi. Azərbaycan SSR Ali Sovetinin 450 deputatının 65-i və yaxud 14,4 faizi sovet orqanlarının işçiləri, 92-si və ya 20,4 faizi partiya orqanlarının işçiləri, 4-ü və ya 0,9 faizi həmkarlar ittifaqları və komsomol orqanlarının işçiləri, 25-i və ya 5,6 faizi xalq təsərrüfatının bütün sahələrinin müəssisə rəhbərləri və mütəxəssisləri idi.

Xalq təsərrüfatında çalışan qulluqçuların sayı 1922-ci ildə 39 min, 1940-cı ildə 161 min, 1960-cı ildə 243 min, 1965-ci ildə 331 min, 1970-ci ildə 417 min, 1975-ci ildə 482 min, 1980-ci ildə 568 min, 1981-ci ildə isə 590 min nəfər olmuşdur. 1960-ci ildən başlayaraq fəhlə və qulluqçuların orta əməkhaqqı mütəmadi artmış, o cümlədən dövlət və təsərrüfat orqanlarının, kooperativ idarəetmə və ictimai təşkilatların orqanlarının aparatlarında çalışan işçilərin əməkhaqqı 1960-cı ildə 79,2 rubl olmuşdusa, 1981-ci ildə 138 rubla çatmışdı. Lakin bu, xarici ölkələrlə müqayisədə hələ çox aşağı idi. 1980-1981-ci illərdə bu sahədə çalışan işçilərin əməkhaqqı bütövlükdə xalq təsərrüfatında olan orta göstəricidən aşağı idi.

S.İsmayılov yazır ki, 1990-1998-ci illərdə respublikada cəmi iqtisadiyyatla məşğul olanlardan bilavasitə idarəetmə orqanlarının aparatlarında çalışanların sayı əvvəlki dövrə nisbətən xeyli azalmışdır. 1990-cı ildə iqtisadiyyatda cəmi məşğul olan 3 milyon 703,4 min nəfərdən 51 mini, 1995-ci ildə 3 milyon 613 min nəfərdən 66,6 min nəfəri, 1998-ci ildə 3 milyon 701,5 min nəfərdən 65,3 min nəfəri idarəetmə orqanlarının aparatlarında çalışmışdır. İdarəetmə orqanlarında çalışanların sayı orta hesabla 1990-cı ildə 1,4 faiz, sonrakı illərdə isə 1,8 faiz olmuşdur. İqtisadiyyatda gedən dəyişikliklərlə əlaqədar dövlət və təsərrüfat idarəetmə orqanlarının, kooperativictimai təşkilatların orqanlarının aparatlarında işləyənlərin sayı 1998-ci ildə 33,8 min nəfər, 1995-ci ildə 38,4 min nəfər, 1998-ci ildə 39,8 min nəfər olmuşdur. Bu aparatlarda işləyən işçilərin orta aylıq nominal əməkhaqqı 1990-cı ildə 25,9 manat, 1995-ci ildə 57514,8 manat, 1998-ci ildə 165050,8 manat olmuşdur.

2000-ci ildə orta aylıq nominal əməkhaqqı ölkə iqtisadiyyatı üzrə 221606 manat, o cümlədən dövlət sektorunda 192413,5 manat, qeyri- dövlət sektorunda 418685,4 manat olmuşdusa, dövlət idarəetməsi və müdafiə, məcburi sosial təminat üzrə fəaliyyətdə 194527,5 manat, 2001-ci ildə 223405,7 manat, 2002-ci və 2003-cü illərdə 353,5 min manat olmuşdur. Dövlət büdcəsindən ayrılan xərclər üzrə dövlət hakimiyyəti və idarəetmə orqanlarının saxlanması xərcləri 1990-cı ildə 7,3 milyard manat, 1995-ci ildə 61,9 milyard manat, 1998-ci ildə 139,4 milyard manat, 2001-ci ildə 241,3 milyard manat, 2002-ci ildə 343,6 milyard manat olmuşdur. 2003-cü il büdcəsində bu xərclər 414,2 milyard manat nəzərdə tutulmuşdur.

Azərbaycanda dövlət qulluğunun müstəqillikdən əvvəlki dövrünün təhlili göstərir ki, bu sahədə müəyyən ənənələr və praktika formalaşmışdı. Lakin bu formalaşmış partiyasovet nomenklaturu 1988-ci ildən sonra məlum Qarabağ hadisələri ilə əlaqədar başlanan xaos və hərc-mərclik dövründə yaranmış yeni tarixi şəraitdə özünü doğrulda bilmədi. Hadisələrin inkişafı respublikada Mixail Qorbaçovun təyin etdiyi rəhbərliyin bacarıqsızlığı və zəifliyi ucbatından bir növ nəzarətdən çıxaraq idarəolunmaz şəkil aldı. Ulu Öndər Heydər Əliyev həmin dövrə qiymət verərək 2001-ci ilin dekabrında Azərbaycan xalqına etdiyi müraciətində demişdi: "1991-ci ildə əlverişli şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkandan yaranmış müstəqil dövlətimiz qəsdən, yaxud səriştəsizlikdən yaranan iradəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan "olum, ya ölüm dilemması qarşısında qalmışdı".

S.İsmayılov göstərir ki, Azərbaycanda dövlət müstəqilliyi əldə edildikdən sonra demokratik-hüquqi dövlət quruculuğu sahəsində görülən işlərdən birimüvafiq dövlət hakimiyyəti orqanlarının strukturunun təkmilləşdirilməsi və dövlət qulluğunun hüquqi bazasının yaradılması olmuşdur.

Azərbaycan Respublikasının müstəqillik illərində əldə etdiyi ən böyük nailiyyətlər 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra əldə edilmişdir. Bu dövrdə ölkəni bürüyən xaos, hərc-mərclik və dərəbəylik aradan qaldırılmış, atəşkəs əldə edildikdən sonra saysız-hesabsız qanunsuz silahlı dəstələr ləğv edilmiş, hüquqi-demokratik, sivil dövlətin qanunvericilik bazası yaradılmış, ölkə iqtisadiyyatı yeni münasibətlər əsasında dirçəldilmiş, ən başlıcası müstəqil dövlətimizdə insan hüquq və azadlıqlarını əsas meyara çevirən yeni Konstitusiya qəbul edilmişdir.

Yeni iqtisadi münasibətlərin formalaşması dövlət idarəetmə sistemində də köklü islahatlar aparılmasını tələb etdiyindən respublika Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının dövlət idarəçilik sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradılmışdır. Fərmanda göstərilmişdir ki, demokratikləşmə və bazar münasibətləri sahəsində islahatlar dövlət idarəçiliyinin səmərəliliyini artırmalı, iqtisadi fəaliyyət üçün beynəlxalq standartlara cavab verən hüquqi baza yaradılmasını təmin etməlidir.

S.İsmayılovun qeyd etdiyinə görə, Fərmandan sonra aparılan islahatlar nəticəsində bir çox dövlət konserni və şirkətləri, nazirlik, komitə və digər strukturlar ləğv edilmiş, bir-birini təkrarlayan paralel strukturlar ləğv olunmuş, yeni yaradılan mərkəzi icra orqanlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. 1998-ci ildən sonra respublika Prezidenti ölkədə idarəçilik sisteminin təkmilləşdirilməsi və mərkəzi icra orqanlarında struktur dəyişikliklərinin aparılması barədə 31-dən çox Fərman və 20-dən çox Sərəncam vermişdir. Təkcə 2001-ci ildə 21 nazirlik və idarə ləğv edilmiş, 7 nazirlik və idarə yenidən yaradılmışdır. Hazırda Azərbaycanda ali icra hakimiyyəti orqanı funksiyasını Prezidentonun İcra Aparatı, yuxarı icra hakimiyyəti orqanı funksiyasını Prezident tərəfindən təsdiq edilən Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları funksiyasını isə 18 nazirlik, 13 dövlət komitəsi həyata keçirir. Bundan başqa respublikada bilavasitə idarəetmə və məhkəmə hakimiyyəti funksiyalarını 5 dövlət şirkəti, 2 konsern, 12 səhmdar cəmiyyəti, 3 birlik, 7 agentlik, 3 fond, 2 dövlət komissiyası, 3 palata, 7 ali və yuxarı instansiya məhkəməsi və bir neçə mərkəzi idarə və xidmət həyata keçirir. Respublikanın şəhər və rayonlarında isə icra hakimiyyəti funksiyalarını Prezidentin təyin etdiyi icra başçıları aparatları həyata keçirirlər.

Aparılmış islahatlar nəticəsində həmin strukturlarda işləyən qulluqçuların sayı xeyli azaldılmışdır. Məsələn, 2003-cü il fevralın 1-nə olan məlumata görə, Azərbaycanda qabiliyyətli əhalinin sayı 3781,1 min, yaxud 46,8 faiz təşkil edir, bundan 3730 min nəfər müxtəlif sahələr də, o cümlədən 24 min nəfər bilavasitə dövlət qulluğunda çalışır. Bunlardan, 1688 nəfəri bilavasitə məhkəmə hakimiyyəti orqanlarında çalışır. Bu göstəricilər 2004-cü il üçün hələlik dəyişməz qalır.

2002-ci ilin dövlət büdcəsində mərkəzi icra hakimiyyəti orqanlarının (hüquq-mühafizə orqanları istisna olmaqla) saxlanması xərcləri 6,7 faiz, o cümlədən yerli icra hakimiyyəti orqanlarının saxlanması xərcləri 1,8 faiz təşkil etmişdir. 2003-cü ildə isə bu göstərici müvafiq surətdə 6,45 faiz və 1,6 faiz təşkil etmişdir. Əhalinin hər min nəfərinə düşən qulluqçuların sayı son illərdə xeyli azaldılsa da, hələ bir qədər çox olaraq qalır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 1998-ci ilin əldə olan məlumatlarına görə, Yaponiyada əhalinin hər min nəfərinə 36 nəfər, Böyük Britaniyada 76 nəfər, Fransada 87 nəfər, ABŞ-da 67 nəfər, Almaniya Federativ Respublikasında 59 nəfər dövlət qulluqçusu düşürdü.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 20 noyabr.- S.15.