Hüquqi dövlət və vətəndaş cəmiyyətində əmək tərbiyəsi

 

 

    

Şübhəsiz ki, bəşəriyyətin əldə etdiyi bütün uğurlar və nailiyyətlər insan əməyi vasitəsilə əldə edilmişdir. Müqəddəs Qurani-Kərimdə deyilir ki, "insana ancaq öz əməli, öz zəhməti qalar".

AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov yazır ki, istehsal vasitələrinin - alətlərin hazırlanması və təkmilləşdirilməsi prosesi bəşəriyyətin bütün sonrakı tərəqqisinin əsasında durur. Əvvəlcə, təbiətdə hazır şəkildə olan şeylərdən istifadə etmək üçün əl özü təkmilləşir. İnsan alətdən istifadə etmək vərdişləri qazanır. Sonra alətlərin özünü təkmilləşdirmək üçün insan digər alətlərin köməyindən istifadə ediryeni əməliyyatlar aparmalı olur. Bu əməliyyatların dəfələrlə təkrar olunması nəticəsində yeni əməli vərdişlər formalaşır.

İnsanın ilk tarixi inkişaf dövründə əldə etdiyi əməli vərdişlərin çoxu onun özündə instinktiv şəkildə mövcud idi. Bəzi vərdişlər isə heyvanlar, quşlar və hətta həşərat üçün instinktiv həyati fəaliyyətin əsasını təşkil edirdi. Belə ki, hörümçək tor hörməyi, arı pətək düzəltməyi, qarışqa yeri qazaraq yuva tikməyi və s. kortəbii surətdə bacarırdı. Lakin bütün bu əməliyyatlar zamanı onlar ancaq təbiətdə hazır olan şeylərdən özləri istifadə edirlər. Siçan ağacı hansısa bir alətlə yox, öz dişləri ilə kəsirdi. Arı çiçəklərdən şirəni öz orqanizminin verdiyi imkan sayəsində çəkirdi. İnsanın təbii orqanları, əli, ayağı, ağzı isə hər hansı xüsusi bir fəaliyyətə uyğunlaşmışdı. O öz təbii orqanlarının qabiliyyətini artırmaqdan ötrü müxtəlif məqsədlər üçün müxtəlif əşyalardan istifadə etməli olurdu. Alətlər isə çox müxtəlif idi. Bu isə insanın daha hərtərəfli, universal fəaliyyət göstərməsinə meydan açırdı.

İnsanın istifadə etdiyi bütiin təbii vasitələr içərisində onun sonrakı həyatında ən çox rol oynamış olan vasitə oddur. Təbii şəkildə mövcud olan odun bəzi xüsusiyyətləri, qızdırmaq, yandırmaq, işıq salmaq heyvanat aləminə də bəlli idi. Lakin bu xüsusiyyətlər dərk olunmadığından ancaq qorxu hissi doğururdu. İnsan qorxu səddini keçərək odu ram etdikdən sonra yəni onu arzu olunan bir şey kimi qəbul edib istədiyi vaxtda od əldə etməyin qaydasını öyrəndikdən sonra bütün heyvanat aləmi ilə müqayisədə böyük üstünlük qazanmış oldu.

Şüurun nisbi müstəqillik əldə etməsində, biliklərin və nitqin yaranmasında neytral müşahidənin rolu böyük olmuşdur. Seyr özünə maddi fəaliyyətdən fərqli olan ikinci çıxış yolu tapır. Bu yol məntiqi təfəkkürdən və onun nəticəsi olan biliklərdən keçərək, dilnitq vasitəsilə maddi dünyaya gətirib çıxarır. Biliklər sözlə ifadə olunduqdan sonra ayrıca bir fərdə mənsub olaraq qalmır - ictimailəşir. Bu mərhələdə biliklərin ictimai sintezi və tətbiqi yeni səviyyəli və yeni mahiyyətli praktika doğurur. Mənəvi və maddini özündə üzvi surətdə birləşdirən və bir fərd miqyasında həyata keçən praktika indi getdikcə daha böyük ictimai miqyas alan mürəkkəb proseslə - praktikadan başlanan və çoxpilləli idrak yolu keçərək yenə də praktika ilə tamamlanan yeni keyfiyyətli praktika mərhələsinə keçid prosesi isə müasir dövrdə elmi-texniki tərəqqi ilə bağlıdır. Əvvəllər bu keçid bir fərd miqyasında baş verirdi. Hər kəs öz zehni biliklərini əməli fəaliyyətə tətbiq etmək üzərində özü düşünürdü. Lakin müasir dövrdə bütöv sosial sistem olan elmdən maddi istehsala keçidin təmin olunması ictimai miqyaslı xüsusi fəaliyyət tələb edir.

S.Xəlilov göstərir ki, insan həyatı çoxcəhətli və zəngindir. Ehtiyaclar müxtəlif olduğundan insanın qarşısına qoyduğu məqsədlər də, əldə etdiyi biliklər də, yiyələndiyi vərdişlər də müxtəlif olur. Ona görə də, əməli fəaliyyət heç də təkcə maddi istehsalla məhdudlaşmır; o, həm zehni fəaliyyəti (elm, incəsənət və s.), həm də fiziki fəaliyyətin şüurlu surətdə həyata keçirilən digər (istehsaldan fərqli) aspektlərini (məişət, nəqliyyat, idman, hərbi sahə və s.) əhatə edir. Hər bir məqsədəuyğun fəaliyyətin mümkünlüyü üçün müəyyən obyektiv vasitələr lazımdır ki, bunların məcmuyu da texnikanın məhz həmin fəaliyyətə uyğun olan növlərini təşkil edir.

Əmək, ümumiyyətlə fəaliyyətdən fərqli olaraq məhz ilk əməli vərdişlərin və praktiki biliklərin formalaşması ilə müşayiət olunur. Zira əmək məqsədəuyğun fəaliyyətdirsə və məqsədəuyğunluq hər bir konkret şəraitdə dəyişdirici təsirlərin istənilən istiqamətlərə deyil, yalnız müəyyən üstün istiqamətə yönəldilməsidirsə, bu, həm də o deməkdir ki, həmin istiqamətdəki vaxtaşırı olaraq təkrar edilməlidir. Müəyyən işi uğurla təkrar etmək üçün isə bu işə aid zəruri bilikləri yadda saxlamaq tələb olunur. Deməli, əməyin formalaşması prosesi praktik biliyin formalaşması ilə paralel surətdə həyata keçir.

Beləliklə, məqsədəuyğun fəaliyyət öz-özünə mümkün deyil. Onun icrası müəyyən zəruri vasitələr hesabına mümkün olur. İnsan ilə əmək predmetinin əlaqəsi - əmək adlandırdığımız proses, ilk növbədə müəyyən əməli vərdişlərə yiyələnmiş əlin fəaliyyəti sayəsində həyata keçir. Əlin imkanlarını artırmaq üçün düzəldilmiş süni vasitələr olmadıqda, xüsusən ilk tarixi dövrlərdə təbii vasitələrdən istifadə vərdişləri mühüm rol oynamışdır. Əlin özünün idarə olunması, onun predmet üzərində ustalıqla əməliyyat aparması əməli fəaliyyətin uğurla nəticələnməsi üçün zəruri şərt idi. Deməli, ustalıq, qabiliyyət, əmək vərdişləri o dövrün əsas texniki vasitəsi idi. Nəsillərin əvəzlənməsi şəraitində əməyin formalaşması prosesinin bütövlüyünü, kəsilməzliyini təmin edən məhz bu vərdişlərin nəsildən-nəslə ötürülməsi olmuşdur. Vərdişlər ayrı-ayrı fərdlərin məxsusi fəaliyyətlərində müxtəlif məzmun daşımamış, müəyyən sabitliyə və ümumiliyə malik olmuş, bütövlükdə ictimai fəaliyyətin xarakteristikası kimi çıxış etmişdir.

Əgər bu iki tərəf: vərdişlər və əmək vasitələri arasında qarşılıqlı keçidlər mövcuddursa, deməli onları əks etdirməli olan anlayışın (texnika) stabilliyi yalnız onların hər ikisinin əhatə edilməsi sayəsində ödənilə bilər. Hələ indəyədək fəlsəfi fikirdə "vərdiş" anlayışının mahiyyəti düzgün aydınlaşdırılmamışdır. Vərdiş - şüur hadisəsindən daha çox obyektiv hadisədir, daha doğrusu, obyektivləşmiş, özgələşmiş şüurdur. Necə ki, alət-texnika, maşın-texnika əslində elmi-praktik biliklərin, konstruktor təxəyyülünün insandan kənardakı şeylərdə özgələşməsidir, eləcə də vərdiş-texnika praktik biliklərin insanın öz əlində özgələşməsidir.

Müvafiq əməli vərdişə malik olan əl alətlə birləşdikdə "canlı əmək" yaranır. İnsanın "mən"i isə prinsipcə bu sistemdən kənarda ola bilər. Əslində corab toxuyan qadın tamam başqa mövzuda fikirləşib danışa bildiyi kimi, dəzgah işlədən peşəkar usta da mənən həmin dəzgaha bağlı olmur. Burada bağlayıcı vasitə yalnız əldir ki, o da maddi olduğundan onun funksiyası prinsipcə maşına da keçirilə bilər.

S.Xəlilovun fikrincə, doğrudan da texnikanın hər bir sonrakı inkişaf mərhələsində əlin əvvəlki, funksiyasını əvəz edən, insanın əməli vərdişlərinə "yiyələnmiş" olan maşınlar peyda olur. Kompleks maşının strukturuna insanın bu va ya digər funksiyasını əvəz edən müxtəlif komponentlər daxil edildikcə, o, daha çox avtomatlaşmış olur. İnsan özü isə canlı avtomat olmaq xüsusiyyətindən getdikcə azad olur daha çox məhz şüurlu varlıq kimi fəaliyyət göstərir, yaradıcı əməklə məşğul olur. Lakin bunula belə, müəyyən peşə sahələrində qədər ki, insan əməyini hələ avtomatla əvəz etmək mümkün olmamışdır, əməli biliklərin vərdiş halına keçməsinə, insan əlinin avtomatlaşmasına böyük ehtiyac vardır. Məsələn, cərrah üçün tibbi biliklərə yiyələnmək hələ kifayət deyil. Bu işdə qazanılmış biliklərin vərdiş halına keçməsi daha mühüm şərtdir. El arasında yaxşı cərrah haqqında, yaxşı usta haqqında söylənən "əlləri qızıldır" ifadəsi təsadüfi deyil. Burada beyinin "qızıl" olması köməyə gəlmir, məhz əllər "qızıl" olmalıdır. Yəni əl qeyri-şüuri surətdə qazanılmış vərdiş əsasında hərəkət etməlidir.

Müəllif qeyd edir ki, digər tərəfdən , hər bir konkret situasiya özünəməxsus cəhətlərlə fərqləndiyindən, yalnız standart vərdiş əsasında işləyən əllər heç həmişə uğur gətirə bilməz. Situasiyanı düzgün qiymətləndirmək hər bir məqamda məhz tələb olunan vərdişləri avtomatik surətdə işə salmaq üçün müstəqil düşüncə, vəziyyəti qısa müddətdə təhlil edərək qərar çıxarmaq qabiliyyəti tələb olunur. Deməli, insanın əvvəlcədən, tədricən yiyələnmiş olduğu müxtəlif səpkili əməli vərdişlər toplusu vahid mərkəzdən şüurlü surətdə tənzim olunur.

Beləliklə, primitiv əmək həmişə yalnız eyni bir vərdişin işə düşməsinə əsaslanırsa burada aşkar şüur komponenti yoxdursa, nisbətən mürəkkəb əmək formaları belə vərdişlər çoxluğunun aşkar şüur sayəsində, elə bil ki, müəyyən proqram əsasında fəaliyyətə cəlb olunmasını nəzərdə tutur. Belə mürəkkəb əmək daha sadəcə avtomatla əvəz edilə bilmir, "süni intellektlə" təmin edilmiş avtomatlara - robotlara ehtiyac yaranır.

S.Xəlilov yazır ki, fəaliyyət sahələrinin müxtəlifliyinə uyğun olaraq robotlar da yalnız istehsala xidmət etmir. Nəqliyyat, təbabət, məişət robotları getdikcə daha çox yayılır. Texnikaya yalnız geniş planda yanaşdıqda aydın olur ki, elmi-texniki tərəqqinin rolunu təkcə istehsalın inkişafına olan təsirlə izah etmək cəhdi qədər qusurludur. İnsanın ən qədim ixtiralarından olan od ilk dəfə istehsal sahəsində deyil, məişətdə istifadə olunmuşdur. Onun ictimai tərəqqidə oynadığı rol isə heç əmək alətlərinin rolundan geri qalmır. Qədim dövrün ən böyük ixtiralarından olan sadə əmək alətləri heyvan qüvvəsindən istifadə edilməsi sürtmə yolu ilə od alınması, heç şübhəsiz, insanın praktik bilikləri ilə bağlı idi.

Elmlə əlaqə texnikanın sonrakı inkişaf mərhələsində mümkün olmuşdur.

Əgər təbiətşünaslıq fənləri "təbii təbiəti" öyrənirsə, texniki elmlər "süni təbiəti", vaxtsa insan yaradıcılığının məhsulu olan, lakin sonralar müstəqil mövcudluq dövründə yenidən tədqiqat predmetinə çevrilən texniki qurğuları, onların prinsipini s. tədqiq edir. vaxtsa unikal fərdi fəaliyyət sayəsində ixtira olunan obyekt indi normal düşüncənin, şablon təfəkkürün obyektinə çevrilir, məntiqi sxemlərə salınır. Əldə edilən biliklər fənn kimi formalaşaraq tədris olunur.

Əslində, texniki qurğular tam obyektiv, insanla əlaqəsini kəsmiş, ondan asılı olmadan işləyən sistem olsa idi, onları da təbiətşünaslığın predmetinə daxil etmək olardı (bu halda "ikinci təbiət" tədricən "birinci təbiətin" strukturuna daxil olur, onunla qaynayıb-qarışır, ilkin ziddiyyətlər aradan qalxır). Lakin texnika təbii obyektlərə nəzərən bir sıra spesifik cəhətlərə malikdir onun strukturunda insan komponenti, mənəvi yaradıcılığın özgələşmiş, maddiləşmiş formaları s. iştirak edir.

    

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 29 noyabr.- S.15.