Con Lokkun vətəndaş
cəmiyyəti və hüquqi dövlət
konsepsiyasının müasir əhəmiyyəti
Con Lokk Qərbdə vətəndaş cəmiyyəti və hüquqi dövlət ideyasının banilərindən biridir. A.Seliqmanın fikrincə, təbiət qanunlarının "transendent" köklərə malik olma baxımından vacibliyi Con Lokkun fikrində də əsla az əhəmiyyətli deyildi (bəlkə də daha əhəmiyyətli idi), çünki onsuz vətəndaş cəmiyyətinin müasir anlamda ideyasının heç bir qiymətləndirilməsi aparıla bilməz. Çox vaxt, bəlkə də səhvən, müasir fərdçiliyin və vətəndaş cəmiyyətinin "liberal" tərzdə oxunuşunun ən mühüm qabaqcıllarından biri kimi görünən Lokkun özü belə onun vətəndaş cəmiyyəti nəzəriyyəsinə lazım olan "transendental" ilkin şərtləri təmin etdiklərinə görə təbiət qanunu nəzəriyyəçilərinə borclu idi. Artıq on səkkizinci əsrə yaxınlaşdıqda, Lokk dünyagörüşünün transendent amilləri mənəvi quruluşun mənbəyi kimi mənəvi hisslər və təbii rəğbət ideyaları ilə əvəz olunmağa başlasa da, vətəndaş cəmiyyəti konsepsiyasının müasir anlamını mütləq Con Lokkdan başlamalıyıq.
Lokk bu kontekstdə daha çox Hüqo Qrotiusun və digər orta əsr siyasi nəzəriyyəçilərinin əsərlərinin "liberal" tərzdə oxunuşu ilə fərdi hüquqlar ənənsinə, vətəndaş cəmiyyəti məsələsinə çox yaxın, lakin Con Dannın kinayəli tərzdə xatırlatdığı kimi, bu hüquqları dini dünyagörüşdən qidalandıran ötəri xarakterli bir şəxsdir: "İdarəetmənin ikinci traktatı"nda vətəndaş cəmiyyəti, əlbəttə, hələ də siyasi mühitlə və İmmanuel Kantın fikirlərində, eyni zamanda on doqquzuncu əsrin sonunda yazılmış əsərlərdəki fikirlərdə vətəndaş cəmiyyəti ilə dövlət arasındakı bu son fərq hələ mövcud deyil. Vətəndaş cəmiyyəti insanların "təbiət dövlətini" tərk edib, vahid birliyə daxil olduqları zaman onlar arasında yaradılmış siyasi birlik mühitidir. Siyasi və ya vətəndaş cəmiyyəti Con Lokk üçün təbiət dövlətinin "narahatçılıqlarını" və çatışmazlıqlarını qarşılıqlı müqavilə və razılıq ilə aradan götürən bir səhnədir. Bu oxunuşda vətəndaş cəmiyyəti "mükəmməl azadlığı" və "təbiət qanunu çərçivəsində insanların istifadə etdiyi hüquqları və imtiyazları" tamamlayır. Lakin o, azadlığın, bərabərliyin və təbiətin müstəqilliyinin reallaşa biləcəyi daha mükəmməl bir formadır.
A.Seliqman göstərir ki, "İdarəetmənin ikinci traktatı"nın təhlilinə çox da dərindən baş vurmadan onu qeyd etmək lazımdır ki, mübahisəmizə vacib olan şey Lokkun vətəndaş cəmiyyətinin təməlinə qoyduğu hüquq və imtiyazların ontoloji statusudur. Bunlar, əlbəttə, təbiət qanunu ənənələrindən və kalvinist də olmasa, insanın Allahla münasibətinin özəl bir xüsusiyyətinin yozumundan qidalanır, Lokkun nəzərində vətəndaş və ya siyasi cəmiyyətin normativ statusu təbiət dövlətinə keçir. O, elə bir "dövlətdir ki, orada bütün insanlara yer var və bu, onlara hansı addımları atmaqda, onlara aid olan əşyaları və şəxsləri təbiət qanunu çərçivəsində lazım gəldikdə almağa əmr verməkdə tam azadlıq verən dövlətdir, həm də kiminsə oranı tərk etməsi üçün mürəciət tələb olunmur və ya bu, başqa birisinin iradəsindən asılı deyil".
Bu azadlıq (hərçənd "icazəli olmayan" azadlıq) dövlətinin kökləri teoloji matritsadan, əslində, orta əsrdəki ədalətli səbəb barədə xristian ənənəsindən və xristian apokalipsisindən qidalanır. Bundan başqa, Lokkun izah etdiyi kimi, azadlığa qoyulan məhdudiyyətlərin özü (məsələn, intihar və könüllü köləlik), eyni zamanda bu azadlığın mənbələrinin də kökləri teoloji mülahizələrin müəyyən bir toplusundan qidalanır. "Təbiət dövlətinin onu idarə etmək üçün elə bir təbiət qanunu var ki, o hər bir kəs və qanuni olan idrak üçün icbaridir; o, bütün insanları öyrədir və onlar da yalnız ona istinad edə bilərlər. Hər kəs bərabər və müstəqil olduğu üçün, heç kəs başqasının nə həyatına, nə səhhətinə, nə azadlığına, nə də onun mülkiyyətinə ziyan vurmamalıdır. Çünki insanların hamısı yalnız hər şeyə qadir və son dərəcə müdrik olan yaradıcının məhsuludur. Onların hamısı bir Mütləq Sahibin xidmətçiləridir. Onlar yer üzünə Onun əmri ilə və Onun işini görmək üçün göndəriliblər. Onlar Yaradanın əmlakıdır. Onlar yaranıblar ki, bir-birilərini deyil, yalnız Onu sevindirmək üçün yaşasınlar. Onlara oxşar xüsusiyyətlər verilib ki, bir təbiət icmasında bu xüsusiyyətləri bir-biri ilə bölüşsünlər. Bizlər arasında elə bir tabeçilik ola bilməz ki, o, bizə bir-birimizi məhv etməyə səlahiyyət versin. Biz bir-birimizin istifadəsi üçün yaradılmamışıq. Yalnız bizdən aşağı təbəqədə olan varlıqlar istifadəmiz üçün yaradılıb".
Əmlak və müstəqillik hüquqları kimi, aramızda hökmranlıq edən bərabərliyin kökləri hər hansı psixoloji, tarixi və ya məntiqi aprioridən deyil, xristian və xüsusən də Allahın təsiri altında yaşayan fərdlərin bir icma dünyagörüşündən qidalanır. Burada şəxsi əmlakın mövcudluğu kimi görünən uyğunsuzluqları da izah edən məhz Lokkun təbiət dövlətindəki bu teoloji əsaslandırmasıdır. Təbiət dövləti sivilizasiyadan əvvəl mövcud olan "primitiv" idilliya deyil, o, əmlak və statusla bağlı mövcud olan real və ya tarixi fərqləri kəsib atmış hüquqi bir şərt kimi başa düşülməlidir. Lokkun təbirincə, "insanlar bir-biriləri ilə Allahın varlıqları olmaları kimi ümumi status çərçivəsində qarşılaşırlar, həm də birinin o birisi üzərində heç bir əsaslı səlahiyyəti və digərlərinin təbii qanuna tabe olmaq hüququna məhdudiyyət qoymadan". Cəmiyyətdə fərdlərə verilmiş bərabərliyin normativ statusu onların Allah qarşısında olan fərdi məsuliyyətlərinə dayaqlanır ki, bu da Lokkun təbiət dövlətinin metatarixi reallığını təsdiqləyir.
Təbiət dövlətinin bu anlamı Lokkun cəmiyyətdə səlahiyyətdən istifadə barədə olan dünyagörüşün hər hansı qiymətləndirilməsində mühüm rol oynayır. Lokkun fikrincə, dünyada əsaslı surətdə qanuni ola biləcək heç bir səlahiyyət yoxdur. Bu dünyadakı səlahiyyətin hamısını Allah verib. Vətəndaş cəmiyyətində insanlar həmin "icraedici səlahiyyətlərindən" imtina ediblər, yəni "bu təbii səlahiyyətdən əl çəkib (və) onu icmanın əlinə verib" ki, buradan da siyasi səlahiyyət törəyib. Dünyada rast gəlinən siyasi səlahiyyətin müxtəlif formalarının hamısı fərdin özünün təbiət dövlətindəki icraedici və qanunverici səlahiyyətlərindən irəli gəlir və onlar da fərdlərə "Allahın təmsilçiləri qismində" verilib. Hər hansı hökmdarın səlahiyyətlərinə qoyulan məhdudiyyətlərin özü belə, Lokka görə, elə bir fikirə əsaslanır ki, "heç kim digərinə, özünə verilən səlahiyyətdən artıq səlahiyyət verə bilməz; heç kimin nə özü, nə də bir başqası üzərində elə bir mütləq ixtiyari hakimiyyəti yoxdur ki, ya öz həyatını məhv etsin, ya da ki, başqasının həyatını və ya əmlakını əlindən alsın". Bu sadəcə ona görə belədir ki, mütləq və ixtiyari hakimiyyət yalnız Allahın səlahiyyətindədir və buradan da insanın səlahiyyəti törəyir, o hallarda ki, onlar... təbiətin qanununa, yəni Allahın iradəsinə uyğun olmalıdır və bu da onun bir bəyannaməsidir. Təbiətin başlıca qanunu insanların qorumaq olduğu halda, ona qarşı yönəldilmiş heç bir insan əməli yaxşı və ya qanuni ola bilməz.
A.Seliqman yazır: "Göründüyü kimi, Lokk bərabərliyin və azadlığın tarixi reallığını, vətəndaş cəmiyyətinin təməli kimi deyil, teoloji bir aksiom kimi müəyyənləşdirdi ki, onun da ontoloji statusunun empirik sübuta ehtiyacı var. Bunun əvəzində o, elə bir etik və əsl xristian idealını müəyyənləşdirdi ki, onun da on yeddinci əsrdəki ingilis cəmiyyətinin konkret tarixi reallığı (qeyri-bərabərliyi) ilə hər hansı əlaqəsinin olması vacib deyil. Lokku narahat edən sual (polemika səviyyəsində deyil, substantiv səviyyədə) cəmiyyətdəki status və əmlak fərqlərindən, Con Dannın təbirincə, "on yeddinci əsrin sosial fərqlərinin düyünündən kənarda bir dayaq nöqtəsi tapmaq idi ki, orada fərdi (kişi) sosial iştirakçının mənəvi bütövlüyü və müstəqilliyi təsdiqlənə bilsin və beləliklə də sosial qaydanın bir görüntüsü üçün əsas rolunu oynasın. Bu əsas öz ifadəsini əslində, təbii teologiyanın nadir kalvinist variantında olan teoloji prinsiplər toplusunda tapmalı idi".
Sitatda qeyd olunduğu kimi, fərd Allahın məhsulu, hətta onun əmlakıdır. İnsanın mövcudluğunun kökləri hələ də Çarlz Teylorun dediyi kimi, bir başqa kontekstdən, "antik məntiqdən" qidalanır. Bu da insanın çağırışının, həmçinin onun idrakının mövcudluğunun müəyyən bir soteriologiya baxımından təsdiqləndiyi kosmik bir plan deməkdir. Bu oxunuşda kalvinist olan şey məhz bu dünyadakı əməllərin və onları idarə edən idrakın transendent şərtlər baxımından təsdiqlənməsidir. Bu çağırış üzərində olan ilkin kalvinist vurğu nikah və vəzifə kimi gündəlik işlərə istinad edildiyi halda, Lokk əsas diqqətini bu etikanın siyasi amillərinə yönəldir. Bununla belə, o, bu dünya və o dünyadakı sferanın vəhdətinə, başqa sözlə desək, kosmik və məcburiyyət baxımından xristianlıqdakı xilaskarlıq planında dünyəvi əməllərin təriflənməsinə yönəlmiş dərin kalvinist istəyi dəstəkləyir.
Əlavə edə bilərik ki, müqəddəslərin kalvinist icması on yeddinci əsrin sonunda müvafiq sosial model kimi artıq mümkün olmasa da, söz yox ki "Allahın iradəsi"nə uyğun olaraq sosial xeyir axtaran fərdləşmiş mənəvi təmsilçilərin icması belə bir model idi, özü də ən azı vətəndaş cəmiyyətinin Con Lokkun nəzəriyyəsində olan təsvirində. Sonrakı fəsillərin birində asketik protestantlığın xilaskarlıq doktrinasının ABŞ-dakı vətəndaş cəmiyyət ənənəsinin yaranmasına və inkişafı üçün nə cür vacib olduğunu nəzərdən keçirəcəyik. İndi isə bu ideyanın şotland maarifçiliyi çərçivəsindəki sonrakı inkişafına qayıtmalıyıq.
Əgər Con Lokkun fikrincə, vətəndaş cəmiyyətinin əsasları Allahın iradəsi və ədalətli idrakın hələ də bir-biri ilə əlaqəli tərzdə (təbiət və mərhəmətin vəhdəti barədə kalvinist fikri) problemsiz və səmərələşdirilmiş bir teologiya təməlində qurulmuşdusa, on səkkizinci əsrin ortalarındakı sosial quruluşun təxmini əsası daha çox problematik olmuşdu. Frensiz Haçeson Adam Ferqyuson və Adam Smitin əsərlərində cəmiyyətlə fərdlərin problematik varlığının yeni qiymətləndirilməsinə rast gəlinir ki, bu da Lokkun fikrində əks olunmamışdı. Geniş mənada, vətəndaş cəmiyyətinin şotland maarifçiliyi çərçivəsində inkişaf edən ideyası sosial həyatda getdikcə daha çox hiss olunmağa başlayan bir sıra ziddiyyətlər arasında hər hansı sintez tapmaq və ya daha çox onu müəyyənləşdirmək cəhdi idi. Fərdi və sosial şəxsi və ictimai, eqoizm və altruizm, eyni zamanda idrak və ehtiraslarla idarə olunan həyat arasındakı bu ziddiyyətlər əslində, çağdaş dünyamızda varlığımızın tərkib hissələrinə çevrilmişdir.
A.Seliqman yazır ki, vətəndaş cəmiyyəti ideyasının on səkkizinci əsrdəki anlamına qayıtmaq cəhdi belə bir idealı təmsil edən özəl və ictimai fərdi və sosial eqoistlik və altruistlik mənbələri bu gün yenidən təsdiqləmək cəhdidir. Bu esse boyunca izah etməyə çalışacağam ki, müxtəlif səbəblərə görə, vətəndaş cəmiyyəti ideyasının on səkkizinci əsrdəki anlamı artıq dəstəklənəcək vakant deyil. Bu mövqeyin arxasında duran əsas, məncə, ifrat dərəcədə mizantropiya deyil, o, on səkkizinci əsrdə vətəndaş cəmiyyəti ideyasının qurulduğu təməlin artıq yox olmasının nəzərə alınmasıdır. Con Lokkun fikrincə, bu təməl Allahın hüquqları ilə idarə olunan bir hüquqi mühit idi. On səkkizinci əsrdə o, çox qeyri-sabit, lakin mənəvi istəklərin və təbii rəğbətin ən mühüm konsepsiyası idi. Qeyd etmək istərdim ki, məhz bu məfhumun köməyi ilə şotland maarifçiliyinin mütəfəkkirləri bir-birinə zidd prinsiplər sintezinin onlara vətəndaş cəmiyyəti ideyasını etik cəhətdən nail oluna biləcək bir ideal kimi müəyyənləşdirməyə imkan verdiyini aşkar etmişdilər.
Bununla belə, hər hansı sintezdən əvvəl, münaqişə barədə agahlıq gəlir. Bu baxımdan, on səkkizinci əsrdə bazar münasibətlərinin inkişafı sosial varlığı yeni bir tərzdə problematikləşdirdi. Əməyin və kapitalın sərbəstləşdirilməsi, şəxsi mənafelərini ictimai mühitdə həyata keçirən fərdlərin yeni agahlığı ilə birgə inkişaf edirdi. On səkkizinci əsrin ortalarına yaxın fərdin sosial münasibətlər şəbəkəsi ilə əhatə olunmuş, onun daxilində qanuniləşmiş ənənəvi obrazını ictimai mühitdə fərdi mənafelərini (qadınların deyil, kişilərin) güdən müstəqil sosial icraçı obrazı ilə tutuşdurmaq getdikcə daha da çətinləşmişdir. Şəxsi marağa (əslində, məhz şəxs konsepsiyasında) söykənən sosial addım və motivasiyanın yeni formalarının əsaslandırılması elə bir yeni mənəvi quruluşun müəyyənləşdirilməsini tələb etmişdi ki, o, kosmik quruluşun hamı ilə bölüşülən dünyagörüşdə deyil, rasional şəxsi maraq prinsipinə əsaslanmış şəxslərarası münasibətlərin inkişafını qane etsin və müəyyən mənada bu prosesi bir qədər "dayandırsın".
Bu ehtiyacın ilk ifadəsini və cəmiyyətin onun ayrı-ayrı tərkib hissələrindən daha ali bir qurum olması haqqında "düşünmək" üçün edilmiş hər hansı cəhdə onun nəzərdə tutduğu problemləri, insan hərəkətlərinin altruizm və eqoizm kimi iki bir-birinə əks və ziddiyyətli prinsiplərlə motivasiya olunduğunun əsas və getdikcə geniş yayılan dərkində tapmaq olar. Alasder Makintayer söyləmişdir ki, Meybrançın ardınca gələn Şaftsberi (o, Lokkun şagirdi olmuşdur) inamın təbiətində və motivasiyasında ziddiyyəti müəyyənləşdirmiş və mənəvi filosoflar arasında bunu anlamışlardan birincisi idi. Bununla belə, onun qiymətləndirilməsi şotland maarifçiliyinin bütün mütəfəkkirləri üçün mühüm rol oynadı və on doqquzuncu əsrin sonunadək davam etdi. Gördüyümüz kimi, Emil Durkhaym onu daha sosioloji və o vaxtlar elmi sayılan prinsiplərlə yenidən müəyyənləşdirdi. Bundan başqa, məhz bu fərqin və onu aradan götürməyə olan ehtiyacın öyrənilməsi etik addım (artıq Allahın hökmlərinə əsaslanmayan) üçün müəyyən unitar çərçivəni müəyyənləşdirmişdi ki, o da on səkkizinci əsr mütəfəkkirlərini mənəvi sevgi və təbii rəğbət ideyasına gətirib çıxarmışdı, o isə öz növbəsində, vətəndaş cəmiyyəti ideyası üçün yeganə əsas rolunu oynamışdı.
"İnsanların instinktlər əsasında birləşdikləri və cəmiyyətdə mehribançılıq və dostluğa olan istəklərindən fəaliyyət göstərdikləri" barədə mənəvi instinkt şotland maarifçiliyinin mütəfəkkirləri üçün insan zəkasının aksiomatik bir xüsusiyyəti idi. Epistomoloji səviyyədə bu, sırf insani hiss olan təbii qarşılıqlıq meyilində sosial quruluşun varlığını əsaslandırmaq cəhdidir. Artıq orta əsr qaydalarının iyerarxiya və holistik şərtlər baxımından deyil, ayrı-ayrı fərdlərin qaydaları əsasında düşünülmüş bir cəmiyyətdə onun ayrı-ayrı elementləri arasında yeni bir əlaqə tapılmalıdır. Bu, Adam Smitdə mənəvi hisslərin nəzəriyyəsi formasını alır və onun fikrincə, fərdi varlığın mənəvi əsası başqaları tərəfindən tanınmalı və onunla hesablaşılmalıdır.
"Rəğbət, özündən razılıq və bəyənmə hissi ilə müşahidə olunmaq, qayğısına qalınmaq, nəzərə çarpmaq", Smitin fikrincə, "dünyada bütün canfəşanlığın aparıcı qüvvəsi ... tamahkarlığın və təkəbbürün, eyni zamanda var-dövlət düşgünlüyünün sonudur". Beləliklə, A.O.Hörşmanın qeyd etdiyi kimi, iqtisadi fəaliyyətin özü belə mənəvi hisslərin nəzəriyyəsindən, rəğbət və qiymətləndirilməyə olan qeyri-iqtisadi ehtiyaclardadır. Adam Smitə görə, iqtisadi həyatı müəyyənləşdirən fəaliyyət kompleksinə aparan amil "diqqət və bəyənilmə obyekti olmağımızdakı maraqdır". Bu perspektivdə mərkəzi yer tutan amil fərdi tanınmanın qarşılıqlığına əsaslanmış dəyərlər sferasından qidalanan (vətəndaş cəmiyyətindəki) mübadilə meydanı ideyasıdır. Qarşılıqlıq və tanınmaya bu diqqət şotland maarifçiliyinin vətəndaş cəmiyyəti haqqında yazılan bütün əsərlərində qeyd olunur və bazar münasibətlərinin mərkəzində duran həmin "mübadiləyə meyililiyi" dəstəkləməyə xidmət edir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 9 oktyabr.- S.15.