Professor Nərgiz Paşayeva: Aida İmanquliyeva nadir parlaq insan idi

 

“ÜNS” Yaradıcılıq Səhnəsində görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 75-ci ildönümünə həsr olunan xatirə gecəsi keçirilib.

Xatirə gecəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

AzərTAc xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin, Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın, Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelinin, Misirin Ayn Şəms Universitetinin ərəb dili və ədəbiyyatı kafedrasının müdiri, professor Tarik Çələbinin, Türkiyə Texniki Universitetinin professoru Sait Özervarlının, Memar Sinan Universitetinin professoru Tanju Seyhanın və digər alimlərin, tanınmış ictimai-siyasi xadimlərin də iştirak etdikləri tədbirdə ilk azərbaycanlı qadın ərəbşünas alim Aida İmanquliyevanın qısa, lakin zəngin və mənalı ömür yoluna, elmi axtarışlarına nəzər salınıb.

Elə şəxsiyyətlər var ki, vaxt bizi onlardan uzaqlaşdırsa da onların işıqlı siması, parlaq surəti qəlbimizdə, ruhumuzda və yaddaşımızda silinməz izlər buraxır, - deyən “ÜNS” Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayeva teatrın səkkizinci mövsümünün ilk tədbirinin məhz görkəmli alim Aida İmanquliyevaya həsr olunduğunu bildirib.

Professor Nərgiz Paşayeva deyib: “Əzəldən dünya elə yaranıb ki, ömür insana məxsus olur, amma həyat insana məxsus deyil. Ömür anidir, keçicidir, bəlkə də fanidir, həyat isə daimidir, əbədidir. Ömrü ölçə bilən meyarlar - saatlar, günlər, aylar, illər var. Ömür bir nəfərə - təkə bağlıdır, həyat isə külli-bəşəriyyətə, cəmə bağlıdır. Ömür aydındır, çünki ömrün əvvəli də var, sonu da. Amma həyat aydın deyil. Çünki həyatın nə əvvəlini bilən var, nə də sonunu. Bu, həmişə belə olub və belə də olacaq. Çünki ömür konkret, həyat isə abstraktdır. Yarananvarsa, bu iki vəhdətin qanunu arasında yaşayır. Elə insanlar olur ki, onların ömrü qısa olsa da, qurtarsa da, həyatı davam edir.  Biz onları görmürük, səsini eşitmirik, amma qəlbimiz onlarla danışır. Gözlərimiz onları görmür, amma onların siması, cizgiləri, surəti daim canımızda, qanımızda, ürəyimizdədir və o surət bizi heç vaxt tərk etmir”.

İnsanların qəribə bir qanuna bağlı olduqlarını vurğulayan Nərgiz Paşayeva deyib: “Adətən, insan həyatdan köçdükdə yerdə qalanlar onun gözlərini bağlayırlar. Ancaq sirr ondadır ki, qalanların, dirilərin gözünü çox vaxt həyata həyatdan köçənlər açır. Çünki çaları, səmti, yolu, istiqaməti, rəngi dəyişə bilən ömrün yolları insanı həm ucalda, həm də kiçildə bilər. Əlbəttə, ucalan insanlar ətraflarına, qohumlarına, valideynlərinə, müəllimlərinə həmişə şərəf hissi gətirirlər. Amma gəlin onu da etiraf edək ki, ucalan yolla gedən hər kəs bu ucalığa yazılmış və yazılmamış qanunları pozmadan nail olmaq hünərinə malik olur”.

Nərgiz Paşayeva deyib ki, 75 yaşı tamam olan Aida xanım məhz belə hünərə malik insanlardan biri idi: “O, doğrudan da parlaqnadir bir insan idi. Onun ucalığı heç kəsin kiçilməsi demək deyildi. Onun parlaqlığı heç kəsi zülmətə qərq etmək vadarlığına gətirib çıxarmırdı. O, sözün əsl mənasında nadirparlaq insan idi. Çünki onun zahiri gözəlliyi müqabilində çox zəngin daxili aləmi var idi. Həmin o zahiri gözəllik daxili gözəlliklə bir harmoniyada idi. Bu insan doğrudan da mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi. O, doğrudan da göründüyü qədər təbiətən gözəl idi. O, göründüyü kimi olmağı bacaranolduğu kimi görünməyi bacaran insanlardan idi. Əfsuslar olsun ki, ömür vəfa etmədi və o, indi aramızda yoxdur. Əlbəttə, o, bizim ailəmizin və başımızın tacı olub. O, bizim ürəyimizin məlhəmi olub. Onun yoxluğu zaman kəsiyində həsrəti azaltmayıb. Çünki Anaya olan həsrəti zaman heç vaxt azalda bilməz. Yaxşı dosta olan həsrəti heç bir uzun zaman azalda bilməz. Sevimli insana olan həsrəti ən böyük zaman azalda bilməz”.

Sonra tədbir iştirakçılarına görkəmli alimin həyatından və elmi axtarışlarından bəhs edən film təqdim olunub.

Filmdə bütün ömrünü Şərq mədəniyyəti və ədəbiyyatının öyrənilməsi, onun ən istedadlı nümayəndələrinin ədəbi irsinin tədqiqinə həsr edən alimin işıqlı obrazı əksini tapıb. Görkəmli jurnalist, əməkdar elm xadimi Nəsir İmanquliyevin ailəsində dünyaya göz açan Aida xanım çoxsaylı elmi əsərlərin müəllifi olmaqla yanaşı, həm də fədakar müəllim və qayğıkeş ana idi. Filmdə müxtəlif ölkələrin alimlərinin xatirələri, Azərbaycan şərqşünaslıq məktəbinin parlaq nümayəndəsi kimi onun beynəlxalq konqreslərdə, simpoziumlarda çıxışları ilə bağlı fikirlər yer alıb. Aida İmanquliyevanın yaşadığı dövrün elmi mühiti, sənət mənzərəsi ilə əlaqədar dolğun məlumatlar da filmdə diqqətə çatdırılır. 

Tədbir ötən əsrin 60-cı illərinin musiqiləri ilə davam edib. Bu nəğmələri “ÜNS” teatrının solistləri, “Bakı” musiqili tamaşasının iştirakçıları təqdim ediblər.

 

Səs.- 2014.- 14 oktyabr.- S.3.