Vətəndaş cəmiyyəti və qlobal etikanın qarşılıqlı münasibətlərinə dair

 

 

 

Qlobal etikanın nümayəndələri - K.Ö.Apel, Y.Xabermas və başqaları özlərinin müxtəlif variantlarında dünyada müxtəlif eyniliyin mövcudluğu ideyasını irəli sürərək göstərirlər ki, mütləq əxlaq həmişə özünü xüsusi əxlaqi motiv və davranış  kimi təzahür etdirir. Professor İ.Məmmədzadə "Etikaya giriş" əsərində göstərir ki, mütləq etikaya görə, dünyadakı sülh və insandakı sülh bir-birilə qarşılıqlı asılıdır və mütləq dəyər əxlaqi imperativdir. Mütləq etika digər fayda və ağılla bağlı olan xüsusi əxlaqi motivlərlə yanaşı durmur. Mütləq əxlaq fövqəlmotiv rolunda çıxış edir. Müasir şəraitdə dünyanın yaşayıb qalması üçün bütün eyniləşmənin bir bəşər birliyində birləşməsi zəruridir. Bu zaman mütləq əxlaq kimi hamı üçün fövqəlmotiv irəli sürülür.

Etiraf etmək lazımdır ki, mütləqin mövcudluğunda xristian və müsəlman əxlaqı da iştirak edir. Müsəlman əxlaqı da, xristian əxlaqı da vahid deyil. Xristian əxlaqı Qərbin şüuruna nəzarət etmir. Dini mütləqdə də, dünyəvi mütləqdə də zəiflik problemi özünü göstərir. Bu zəifliyin əlamətlərini İ.Məmmədzadə düzgün izah edir. O, mütləq əxlaqın Allahdan və yalnız ağıldan gəlmədiyini göstərir. Bunu müsəlman və xristian allahlarının vahid mütləqdə birləşmədiyi və insanların dil, maraq, ənənə, qrup əxlaqı, konkret davranışa görə bir-birlərindən fərqlənmələrilə izah edir. Azərbaycan alimi qlobal etikanın ölkəmizdə utopik göründüyünüdüzgün izah edir. "Bunun səbəbi odur ki, mütləq etikaya qlobal etika Qafqazda regionun vahid taleyini anlamaqdan irəli gəlməlidir. Qlobal etika Azərbaycanda o zaman meydana gələ bilər ki, biz Qafqazda başqa xalqların da yaşadığını və onlarla əməkdaşlığın zəruriliyini dərk edə bilək. Buna görə də qlobal etika çoxpilləli olmalı, o, mütləq dəyərlərdən buya digər region və mədəniyyətin konkret həyatına, mədəniyyətlərin müxtəlifliyinə həqiqi loyallıq (hörmət) kəsb edərək daxil olmalı, dünyada real həyatın faktına çevrilməlidir".

S.M.Musavi Larinin fikrincə, islam nöqteyi-nəzərindən insanların maddi xüsusiyyətlərindən tam fərqli olan istək və meyilləri də vardır. Öz ali hədəfinə çatmaq istəyən insan, bunların vasitəsi ilə maddi telləri qıraraq, kamillik dərəcəsinə yüksələ bilər; əsas və ali hədəf də məhz budur. İnsanın cismi, ağlı və ruhu - hər biri ayrı-ayrılıqda xüsusi istəklərlə yaşayır ki, onlara tam gerçəkliklə baxmaq lazımdır və biri digərindən üstün tutulmamalıdır. İslam müvazinətin pozulması ilə müxalifdir və insanın səadətini maddi və mənəvi təmayüllərin hərtərəfli, kamil şəkildə təmin edilməsində görür. Bu halda insanın maddi təmayülləri unudulmamalı və onun təbii ehtiyacları nəzərə alınmalıdır.

Başqa sözlə desək, islam dini iki ziddiyyətli qütb arasında yerləşir. O, sonu görünməyən mütləq və heyvani azadlığın qarşısında dayanan, insani ehtirasları məğlub edən əqidələr silsiləsini insanlara təqdim edir. Mütləq azadlığı təbliğ edən Freyd və digər psixoloqlar isə bəşərin hətta heyvanlardan da artıq sərbəstlik qazanmaq hüququna layiq olduğunu iddia edirlər. İslam xəyali bir aləm üçün nəzərdə tutulan nəzəriyyələr toplusundan ibarət deyildir; o, bəşəriyyətə dolğun və mənalı həyat bəxş etməkdən ötrü göndərilmişdir.

Tədqiqatçıların fikrincə, liberal etika C.Rolsun ədalət nəzəriyyəsinə əsaslanıb. Qərbdə bu nəzəriyyə qlobal etikanın əvəzinə translyasiya edilir. Bazar əxlaqı və azadlıq, vətəndaş cəmiyyəti və hüquqi dövlət, demokratiya nəzəriyyəsi ədalətli əxlaqi tənzimləmə ünsürlərilə tamamlanır. Bu etika Qərbdən Şərqə postsovet məkanına 90-cı illərdə daxil olmuşdur. Müasir qloballaşmanın əsas özəyini təşkil edən qlobal əxlaq və qlobal etik təlimin yaradılmasına cəhddə fəlsəfi-etik təlimlər əsrlər boyu iştirak etmişdir. Fəlsəfə və etikanın daim müraciət etdiyi zəka universal xarakter kəsb etmişdir. Qloballaşmanın özü universal zəkaya cəhdin nəticəsidir. Qloballaşma mütləq əxlaqa, universal dəyərlərə əsaslanır.

Qərb tədqiqatçıları iqtisadiinformasiya əlaqələrinin birliyinə əsaslanan bəşəriyyətin qloballaşmasında mədəni-mənəvi amilə yüksək qiymət verirlər. Bəzi tədqiqatçılar isə mütləq dəyərlərə, qlobal etikaya xüsusi, milli şəxsiyyət üzərində qloballaşmanın diqtəsi kimi baxır. Belə düşünürlər ki, qlobal etika xüsusinin, millinin sərhədlərinin aradan qaldırılması, birləşməsi, onların qlobal çərçivədə saxlanmasına doğru gedir. Qlobal etikanın əsas dəyərlərinin formalaşmasında İ.Məmmədzadə 1948-ci ildə qəbul edilmiş "İnsan haqlarının ən ümumi Bəyannaməsi"nin və 1993-cü ildə qəbul edilmiş "Qlobal etika haqqında Bəyannamə"nin xüsusi rol oynadığını qeyd edir. Bu bəyannamələr qlobal etikanın əsas, insan haqlarının qrup dəyərləri və əxlaq qarşısında üstünlüyünü sübut edir.

Müasir dövrün ziddiyyətləri, böyük dərin böhranları qlobal etikanı, qlobal siyasəti və qlobal ekologiyanı əhatə edıb. Bunlar sosial, irqi, etnik münaqişələrdə təzahür edir. Yeni qlobal etika yeni qlobal qaydaların meydana gəlməsini və həyata keçməsini təmin edir. Qlobal etikanın əsas dəyərləri qlobal iqtisadiyyata, siyasətə və ekologiyaya tətbiq edilir. Qlobal etikanın dəyərlərinin və prinsiplərinin formalaşmasında dünyanın bir çox fəlsəfi təlimləri və dinləri iştirak etsə də, hələ də bu dəyərlər insanların davranışlarında tam təcəssüm etməmişdir.

O çox doğru olaraq qlobal etika dəyərlərinin insanların konkret davranışlarında təcəssümü üçün onların bütün həyat sahələrində fərdlər, ailələr, xalqlar, dinlər arasında konsensusun əsası olması fikrini müdafiə edir: "Konsensus oradan başlayır ki, biz ətrafdakı insanlara insani münasibət bəsləyir, onun ləyaqətinə və seçiminə hörmət edirik. Qlobal etikanın bu ilkin prinsipi öz növbəsində aşağıdakı qaydalar ilə - zorakılıq mədəniyyətindən uzaqlaşma, həyata hörmət, həmrəylik mədəniyyəti və ədalətli iqtisadi qayda, dözümlülük, həqiqətpərəstlik, kişilər və qadınlar arasında bərabər hüquq və əməkdaşlıq qaydaları ilə şərtlənir. Bu prinsiplər mənəvi qüvvələrin və ümidin mənbəyi kimi zəka və reallıqdan irəli gəlir".

Qloballaşmanın müsbət təsirilə yanaşı onun bir çox mənfi problemlərini, beynəlxalq cinayətkarlıq, ekstremizm, millətçilik, bir çox ölkə və regionlarda sosial sistem və strukturlarında tənəzzülün yaranmasına səbəb olduğunu da göstərirlər. Qloballaşmanın həm əleyhdarları, həm də tərəfdarları öz mövqelərinin doğruluğunu isbat etmək üçün ciddi arqumentlər gətirirlər. Qloballaşma əleyhidarları qloballaşmanın mənfi fəsadları arasında aşağıdakıları qeyd edirlər: milli dövlətlərin rolunun aşağı düşməsi, demokratik institutların nüfuzunun azalması, inkişaf etməkdə olan dövlətlərin mənafelərinin arxa plana keçməsi ilə şərtlənən birqütblü dünyanın yaranması, lider dövlətlərlə autsavder dövlətlər arasında ziddiyyətlərin artması; təkcə iqtisadi deyil, həm də beynəlxalq münasibətlərin fəal subyektinə çevrilmiş ölkələrin hökumətlərinə öz iradəsini diktə edən transmilli şirkətlərin təsirinin artması dövlətin ona məxsus bir sıra səlahiyyətlərini itirməsi və s. Qloballaşmanın yalnız Qərb ölkələrinin maraqlarına cavab verən, inkişaf etməkdə olan ölkələr üçün yalnız təhlükə yaradan bir proses olduğu haqqında nəzəriyyələr də vardır. Hətta qloballaşmanın məhz bu nəticələrini qabardan, onun milli dövlətçiliyə, milli mədəniyyətə və adət-ənənələrə neqativ təsir göstərəcəyini vurğulayaraq, onunla mübarizəni özünün əsas məqsədi sayan ümumdünya hərəkatı - antiqlobalistlər hərəkatı da mövcuddur.

Milli regionaldünya səviyyəli münaqişələrin yaranması təhlükəsi bir çox hallarda dünya iqtisadiyyatının qloballaşması prosesinin yaratdığı üstünlüklərin qeyri-bərabər bölüşdürülməsi ilə də əlaqələndirirlər, ona görə də "Başqası kimi olmaqdan ötrü özün kimi olmaqdan imtina etməlisən" prinsipinə qarşı çıxırlar. Ona görə də Ulu Öndər Heydər Əliyev dünyanın qloballaşmasının indiki mərhələsini inkişafın başlıca meyili kimi səciyyələndirsə də, onu "mürəkkəb, birmənalı olmayan proses" kimi qəbul edirdi. O, qloballaşmanın daha çox fayda verməsini istəyirdi: "Qloballaşma dövlətlərinin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir".

Müasir İTK qloballaşmanın texniki, eləcə də ideoloji, mədəni-mənəvi bazisi rolunu oynayır. İTK maarifləndirici funksiya ilə yanaşı ideoloji, mədəni-mənəvi təsir (bəzən onu mədəni diversiya da adlandırırlar) funksiyasını da yerinə yetirir. Ulu Öndər Heydər Əliyevin ideal qloballaşma modelinə görə:

- sosial-iqtisadi, mədəni inteqrasiya zamanı yaxşı ölçülüb-biçilmiş, milli maraqlarımıza xidmət edən incə siyasətin aparılması;

- qloballaşmanın ideoloji və mədəni-mənəvi təxribatların neytrallaşdırılması;

- Qərb dünyasından məhz tərəqqiyə xidmət edən müsbət, mədəni amillərin əxz olunması;

- Şərq və Qərb dəyərləri arasında optimal nisbətin gözlənilməsi, pozitiv balansın gözlənilməsini;

- milliliklə ümumbəşərilik, milli-mənəvi dəyərlərlə ümumbəşəri dəyərlərlə ümumbəşəri dəyərlərin sintez, vəhdət təşkil etməsini əsas hesab edirdi. Ulu Öndər deyirdi: "Biz başqalarından öyrəndiyimiz kimi, başqaları da bizdən öyrənməlidir. Həm də burada "ortaq məxrəc" prinsipi əsas tutulmamalıdır. Hansı millətdə hansı milli-mənəvi keyfiyyət üstündürsə, onun bütün bəşəriyyət tərəfindən qəbul olunması ideal qloballaşma modelinə daha çox uyğundur".

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 21 oktyabr.- S.15.