Vətəndaş cəmiyyətinin
konseptlərinə müxtəlif yanaşmalar
Vətəndaş cəmiyyəti bütün ciddi mütəxəssislər tərəfindən, istisnasız olaraq özünütəşkil və sinergetik başlanğıclar üzərində təşkil olunan və yaşayan açıq cəmiyyət kimi səciyyələndirilir. Ş.Bağırov göstərir ki, bu cür cəmiyyət üçün qarşılıqlı faydalı əməkdaşlıq, fərdlərin sosial qrupların koherent (uyğunlaşdırılmış) fəaliyyəti, düşüncədə və davranışda tolerantlıq atributiv keyfiyyətlərdir. O, həmişə vəhdətə çoxfikirlilik və müxtəliflik yolu ilə çatmağa meyilli olur və fundamentalizmə-"seçilmişliyə", xüsusiliyə, təkcəyə əsaslanmağa ehtiyac hiss etmir.
Bu tezis-ideya Karl Popperin "Açıq cəmiyyət və onun düşmənləri" kitabının məzmunundan məntiqi olaraq doğulur. Həmin kitabda ilk dəfə olaraq açıq cəmiyyətin mahiyyətli xüsusiyyətləri qapalı cəmiyyətlə müqaisədə açılmışdır və hazırda bu görkəmli alimin çoxlu müasir davamçıları mövcuddur. Fundamentalizmin yanlışlığı və hətta ziyanlılığı ən müxtəlif variantlarda demək olar ki, onun davamçılarının bütün işlərində öz əksini tapmışdır.
Totalitar (qapalı) cəmiyyət əzəli olaraq parçalanma xəstəliyindən əziyyət çəkir. Burada insanlar süni surətdə "doğmalara" və "özgələrə" bölünür. O, müxtəlifliklərin, əksliklərin əməkdaşlığı, bərabərhüquqlu ünsiyyəti əsasında birgəyaşayışın harmoniyasını qəbul etmir. Totalitarizm üçün bütün "vahidlərin" hüquqlarının gözlənilməsi, bütün altenativlərin dəyərliliyi və zəruriliyi vasitəsilə gerçəkləşdirilən harmoniya mövcud deyildir. Ümumiyyətlə, avtoritarizm totalitarizmi üçün yalnız o "harmoniya" və o "vəhdət" vacib və əhəmiyyətlidir ki, onlar digər bütün "hissələrin" ləyaqətinin, potensialının təkcə bir seçilmiş naminə inkarı üzərində qurulmuşdur. Bu hal diktatura tərəfindən dəstəklənir.
Yuxarıda deyilənlərin məntiqi ilə biz E. Maçkuvun mövqeyi ilə razılaşırıq: "Geniş yayılmış fikrin əksinə olaraq vətəndaş cəmiyyəti nə yaxşı inkişaf etmiş qeyri-leqal antikommunist müqavimət strukturuna malik kommunist cəmiyyətlərlə (Polşa), nə də yeni ictimai təşkilatları stimullaşdıran kommunist rəhbərlik zamanında (Qorbaçovun vaxtında Sovet İttifaqındakı qeyri- formallar) olmamışdır. Sovet tip sosializmdə, onda ki, hətta "dissidentlər" belə çox vaxt dövlət qulluqçuları idilər, vətəndaş cəmiyyətinin vacib şərti-iqtisadi cəhətdən müstəqil subyektlərin mövcudluğu təmin olunmurdu." Buradaca (əlavələrdə) E.Maçkuv doğru olaraq qeyd edir ki, "vətəndaş cəmiyyətini siyasi müqavimət, yaxud dövlət siyasətinin "işçi yabıları" ilə eyniləşdirmək olmaz." Bu baxımdan, totalitar sovet cəmiyyətində vətəndaş cəmiyyətinin elementlərini sezən müəlliflərlə razılaşmaq çətindir. Bizim fikrimizcə, nə Rusiyada, nə Azərbaycanda, nə də keçmiş İttifaqın digər respublikalarında vətəndaş cəmiyyəti olmamışdır. Başqa cür hesab etmək isə "vətəndaş cəmiyyəti" anlayışının mahiyyətini əymək deməkdir. Yuxarıda biz məsələnin bu tərəfinə toxunmuşduq, lakin əhəmiyyətliliyi səbəbindən bir daha qeyd edəcəyik.
R.Quliyev göstərir ki, vətəndaş cəmiyyəti minimum olaraq üç şərtə, zəruri əsasa ehtiyac hiss şəxsiyyət avtonomiyası (vətəndaşın suverenliyi); dövlətin demokratik quruluşu; xüsusi mülkiyyətin mövcudluğuna və deməli, iqtisadi azad subyektlərə əsaslanır. Ümumiyyətlə, bazar iqtisadiyyatının yoxluğu və inzibati-komanda idarəsinin hökmranlığı şəraitində vətəndaş cəmiyyətinin varlığından danışmaq cəfəngiyyatdır. Göstərilmiş əsaslar, eyni zamanda, vətəndaş cəmiyyətinin həm vasitələri, həm də məqsədidir. Sosial sistem vətəndaş cəmiyyəti istiqamətində nə qədər çox və etibarlı inkişaf edirsə, bu əsaslar da bir o qədər çox və etibarlı tərəqqi etmiş olur: şəxsiyyət avtonomiyası, siyasi demokratik quruluş, bazar iqtisadiyyatı sivilzasiyalı inkişaf daha yuxarı səviyyəsinə qalxır və kifayət qədər dayanıqlıq qazanır. Bu pozitiv perspektivi, vətəndaş cəmiyyəti quruculuğunun həyata keçirilməsi strategiyasında axtarmaq yalnız bir şərt daxilində mümkündür (digərlərini deməsək): əgər ictimai sistemin özü açıq tip cəmiyyətdirsə və əzəli olaraq ən müxtəlif formalı fundamentalizmdən yayınmaq istəyirsə. Bu fundamentalizm "dahi şəxsiyyətin", sosial qrupun, "yeganə düzgün" ideologiyanın, "seçilmiş" irqin və hər hansı başqa bir şeyin ola bilər. Bu mülahizələri "bazar fundamentalizminə" də aid etmək olar və o, az təhlükəli deyil.
Ş.Bağırov qeyd edir ki, vətəndaş cəmiyyətinə doğru irəliləmə zəruri olaraq müxtəlif mülkiyyət formaları və azad rəqabətə əsaslanan bazar iqtisadiyyatına ehtiyac duyur. Lakin bu iqtisadiyyat və eləcə də, bütünlükdə, cəmiyyət üçün bazar fundamentalizmi təhlükəli hesab olunur. Sonuncu, mütləqləşməyə meyilli olmaq etibarı ilə təkcə ayrı-ayrı cəmiyyətlər üçün təhlükə yaradır. Bu baxımdan, biz Amerika biznesinin və maliyyə dünyasının lideri C.Sorosun narahatlığını bölüşürük. O yazır: "Mən demirəm ki, bazar fundamentalizmi ideyası açıq cəmiyyət ideyasına faşizm, yaxud kommunizm kimi diametral ziddir. Əksinə, açıq cəmiyyət və bazar iqtisadiyyatı konsepsiyaları sıx əlaqəlidirlər, bazar fundamentalizmini isə açıq cəmiyyət ideyasının sadəcə təhrif olunması kimi qəbul etmək olar. Lakin bu, onu az təhlükəli etmir" Daha sonra C.Soros öz fikrini daha da gücləndirir: "Hətta əgər biz daha əhəmiyyətli mənəvi və etik məsələləri kənara qoyub yalnız iqtisadi problemlər üzərində diqqətimizi cəmləsək, bazar fundamentalizmi ideologiyası burada da dərindən və ümüdsüzcəsinə yanlış olacaq."
Ölkəmizdə və digər postsovet respublikalarında demokratikləşmə prosesləri bilavasitə olaraq kütlələrin vətəndaş fəallığının inkişafı və vətəndaş cəmiyyətinin müvafiq institut və strukturlarının formalaşdırılması ilə determinə edilir. Mütəxəssislərin böyük əksəriyyəti vətəndaş fəallığı sferasının genişlənməsi birmənalı olaraq müsbət amil kimi, demokratik inkişafa xidmət edən məqam kimi qiymətləndirilir. Bu zaman vətəndaş cəmiyyəti və demokratiya çox vaxt bir-birini tamamlayan kateqoriyalar kimi şərh edilir. Bu cür qiymətləri həm alimlərin, həm də ictimai-siyasi xadimlərin dilindən eşitmək mümkündür. Ş.Bağırov qeyd edir ki, məsələn, hələ 1996-cı ildə Çexiyanın baş naziri V.Klaus bəyan edirdi ki, o, "vətəndaş cəmiyyəti" və "demokratik cəmiyyət" anlayışları arasında xüsusi bir fərq görmür.
Əlbəttə ki, bu anlayışlar arasında kifayət qədər böyük yaxınlıq mövcuddur, lakin hər halda, onlar arasında bərabərlik işarəsini qoymaq da düzgün deyildir. Anlayışların bu cür eyniləşdirilməsi (onların spesifikasını və dəyərini nəzərə almadan kifayət qədər birölçülü, sadələşdirilmiş təsəvvürün nəticəsidir. O zaman ki, demokratiyanın mahiyyəti təhrif olunur (həm nəzəriyyədə, həm də praktikada), onda təbii olaraq elə problemlər çıxır ki, bunun üzərində, məsələn, Polşa alimi A.Smolar və rus alimi Q.Vaynşteyn öz tədqiqatlarında ətraflı şərh edirlər.
A.Smolar hesab edir ki, vətəndaş cəmiyyəti konsepsiyası ilə gur aludəçilik dövrü indi aşkar biganəliklə əvəz olunur və vətəndaş cəmiyyəti barədə söhbətlər bu gün əsasən intellektuallar arasında aparılır. Q.Vaynşteyn isə belə bir nəticəyə gəlir: "Vətəndaş cəmiyyətinin vəziyyətini rusların demokratiyaya cəlb edilməsi baxımından qiymətləndirilməsi üçün iki məqamı nəzərə almaq lazımdır-rus ictimai şüurunun demokratiyanın instrumental qavrayışına xüsusi meyilliyini və yeni rus hakimıyyətinin ölkədəki sosial- iqtisadi böhranı aradan qaldırmaq istiqamətində cəhdlərinin aşağı effektliliyini".
İnstrumental qavrayış altında o, elə bir hal nəzərdə tutur ki, bu zaman əhalinin əksəriyyəti demokratiyanın dəyərlərini əvvəlcədən başlıca olaraq maddi rifahla bağlayır: "Bu ictimai sistemlə ilk növbədə həyatın sosial və maddi aspektlərinin yaxşılaşmasını bağlayırdılar və məhz ona görə də öz iqtidarsızlığını nümayiş etdirmiş kommunist sistemlə müqaisədə insanlar bu sistemə meyilləndilər. Bir sıra sorğulardan göründüyü kimi demokratik sayıla bilən ictimai sistemi müəyyənləşdirərkən rusiyalılar əsas rolu həyatın sosial-iqtisadi aspektlərinə verirlər, siyasi aspektlərə yox". Elə buradaca Q.Vaynşteyn 1992-1993-cü illərdə "Vox Populi" və Rusiya ictimai rəyin və bazar tədqiqatlarının öyrənilməsi mərkəzinin dəstəyi ilə keçirilmiş sorğuların nəticələrinə müraciət edir.
Q.Vaynşteynin əsaslandığı sorğuların həqiqiliyi və adekvatlığı mövzusunda mübahisələrə varmadan deyək ki, onun fikrində həqiqət olsa da, bütövlükdə onunla razılaşa bilmərik. Müəyyən mənada, bu fikir sadələşdirilmiş, səthi təhlilin nəticəsidir. Nə Rusiyada, nə də İttifaqın digər respublikalarında əhalinin əksəriyyəti XX əsrin 80-90-cı illərində (Q.Vaynşteyn məhz bu dövrü nəzərdə tutur) demokratiya dəyərlərini heç cürə sırf maddi rifahla bağlamırdı. Bəli, bu motiv iştirak edirdi, lakin dominant deyildi. İttifaqın əhalisi 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində hər şeydən çox siyasi azadlıqlara nail olmaq (söz, inam azadlığı, sərbəst seçmək və seçilmək, öz siyasi iradəsini bildirmək hüququ) və bunun vasitəsilə də dövlət hakimiyyətinin təşkilinə, təbiətinə və keyfiyyətinə təsir göstərmək və s. arzulayırdı. Buna görə də onlar demokratiyanın sovet sosializmindən fərqli, bir çox digər ölkələrdə sınaqdan keçirilmiş dəyərlər sistemi kimi seçdilər. Demokratiya istiqamətinə meyillənmə qarından ötrü deyil, azad yaşamaq və yaratmaq ideyasından ötrü, dəyəri özündə olan şəxsiyyət olmaqdan, dövlət maşının balaca vinti olmaqdan ötrü baş verdi. Demokratik ictimai sistemlə ilk növbədə demokratik azadlıqların əldə olunması və möhkəmləndirilməsi arzuları bağlanırdı. Vaynşteynin iddia etdiyi kimi "həyatın maddi və sosil aspektlərinin yaxşılaşdırılması gözləmələr" deyil.
İ.Məmmədzadə yazır: "Yuxarıda vətəndaş cəmiyyətinin müxtəlif vasitələrini göstərdik. Diqqəti çəkən məqam, onların hamısında vətəndaş cəmiyyətinin bazar, dövlət, siyasi qüvvələr və cəmiyyətin siyasi həyatı ilə bağlı olmasıdır. Tanınmış müasir alman mütəfəkkiri Y.Habermasın fikrincə, vətəndaş cəmiyyəti dövlətin müdaxiləsi olmadan fərdlərlə onların qrupları arasındakı münasibətləri tənzimləyəcək şəxsi və ictimai həyatın özünütəşkil forması kimi yaranır. C.Keyn isə vətəndaş cəmiyyətini qeyri-dövlət fəaliyyəti, iqtisadi və mədəni istehsalat, ailə təsərrüfatı və könüllü assosiasiyalar kimi müəyyən edir. Lakin aydındır ki, birpartiyalılıq ənənələrinin güclü olduğu ölkələrdə vəziyyət kökündən fərqlənə bilər. İstənilən halda, postsovet məkanı, o cümlədən, Azərbaycan alimləri vətəndaş cəmiyyəti ilə dövlət arasındakı fərqi seçməklə, diqqəti vətəndaş cəmiyyəti və dövlət və fərdlər, korporasiyalar arasındakı əlaqələrə yönəltmək istəyirlər. Siyasi cəmiyyət çox vaxt dövlətin bir hissəsi kimi dərk edilir və bu, əksər hallarda məkanda vətəndaş cəmiyyəti, demokratiya institutlarının bərqərar olmasında dövlətin hələ ki, həlledici rol oynaması ilə bağlıdır. Belə ki, Azərbaycan müəlliflərindən biri bildirir ki, vətəndaş cəmiyyətini və dövləti qlobal cəmiyyət, vahid orqanizm kimi cəmiyyətin müxtəlif, eyni zamanda, daxili, qarşılıqlı tərəflərini təşkil edir. Bu mütəxəssis, eyni zamanda, vətəndaş cəmiyyətini dövləti müəyyən edən və şərtləndirən siyasi sistemin mahiyyəti kimi qeyd edir. Öz növbəsində, o, dövlət institutu kimi, vətəndaş cəmiyyətinin mövcudluğu və fəaliyyətinin şərtlərini təmin edən norma, davranış və təsisatlar sistemidir."
R.Həsənov yazır ki, "...bunu etmək çətindir: vətəndaş cəmiyyəti çoxcəhətli və qeyri-standartdır, onun hətta vahid və hamı tərəfindən qəbul olunmuş nəzəriyyəsi belə yoxdur". O, daha sonra bildirir: "...vətəndaş cəmiyyəti dövlətdən asılı olmayan cəmiyyətin özünütəşkil formasıdır ki, onun tərkib hissələri könüllü surətdə və dövlətlə cəmiyyətin qarşılıqlı əlaqələrinin hüquqi çərçivədə ictimai fəaliyyətə fərdi, qrup, yaxud dövlət maraqlarının həyata keçirilməsi məqsədilə cəlb edilməsidir". Qeyd etmək lazımdır ki, Rusiya siyasi elmində də vətəndaş cəmiyyətinin dəqiq tərifi azdır (vətəndaş cəmiyyətini "mədəni cəmiyyət" hesab edən V.Stupişindən tutmuş onu "ayrı-ayrı şəxslərin kateqoriyaları ilə düşünən cəmiyyət" kimi qiymətləndirən İ.Kravçenkoya qədər). Postsovet siyasi və fəlsəfi ədəbiyyatında vətəndaş cəmiyyətinin konkret və dəqiq təriflərinin olmaması müəlliflərin diqqətinin vətəndaş cəmiyyəti ilə dövlətin əlaqələrinə cəlb edilməsi ilə bağlıdır.
Etiraf edək ki, bu cür yanaşma vətəndaş cəmiyyətinin öyrənilməsinin başlandığı XX əsrin 80-ci illərinin sonu, 90- cı illərin əvvəllərində yerinə düşürdüsə, XXI əsrdə artıq onları fərqləndirmək vacibdir. Dövlətin vətəndaş cəmiyyəti, bazar cəmiyyətini vətəndaş cəmiyyətindən fərqləndirməsi vətəndaş cəmiyyətinin xüsusiyyətlərini üzə çıxarmağa imkan verir. Bu xüsusiyyətlər isə ondan ibarətdir ki, onlar təkcə eynisıralı və oxşar deyil, həmçinin, müxtəliflik və çeşidiliklə bağlı olan, yəni plüralizm anlayışı altında birləşən elementləri özündə əks etdirir. Bu səbəbdən vətəndaş cəmiyyətinin vəhdəti onun çərçivələrində birgə həyata ümumi səylə birləşmış müxtəlifcinsli sosial qüvvələrin, institutların, təşkilatların, maraq qruplarının olmasındadır. Məhz bu səy vətəndaş cəmiyyətinin müxtəlif qrupları üçün vətəndaş cəmiyyəti etikası, yəni birgə yaşamağa dair qayda və standartların əhamiyyətini şərtləndirir. Vətəndaş cəmiyyəti etikası yalnız bir konfessiya dindarlarına yararlı olan dini əxlaqdan da genişdir, çünki onun norma və standartları müxtəlif konfessiyalar, dindarlar və ateistlərin qaydaları və yaşama normalarını özündə əks etdirir.
İ.Məmmədzadə qeyd edir ki, yuxarıda qeyd etdiklərimizi ümumiləşdirsək, vətəndaş cəmiyyətinin sosial-mədəni və mənəvi-əxlaqi sahələrin həyat fəaliyyətini təmin edən, eyniləşdirən və nəsildən-nəslə ötürən sistem olduğunu görərik. Bu, sərbəst və dövlətdən asılı olmayan, həm fərdi, həm də qrup şəklində şəxsi maraqlar və tələbatların həyata keçirilməsinə şərait yaratmaq iqtidarında olan ictimai institutlar, norma və münasibətlər sistemidir. Bu maraqlar ailə, kilsə, təhsil sistemi, elmi-peşəkar və digər assosiasiyalar kimi vətəndaş cəmiyyəti institutları vasitəsilə ifadə olunur və həyata keçirilir. Vətəndaş cəmiyyəti mədəniyyəti və etikası, fərdlərin vətəndaş kimi çıxış və sərbəst hərəkət etməsilə həyat strategiyalarını müdaxiləsiz müəyyənləşdirdikləri münasibət sahələrini tənzimləyir. Bu məqamda demək istərdik ki, bəzən vətəndaşların özlərini bütünlüklə dövlətə etibar etməklə ictimai sahə ilə maraqlanmaması cəmiyyətdə arxayınçılıq yarada bilər. Çoxları siyasi sahənin özlərinin deyil, hakimiyyət və siyasətçilərin maraq dairəsində olduğunu düşünür. Bizim cəmiyyət üçün normal olan bu cür əhval-ruhiyyə heç Qərbdə də nadir hal sayılmır. Amma problem ümumilikdə bu cür düşünənlərin çoxluq təşkil etməsindədir.
Q.Almond və S.Verba müxtəlif mədəniyyətlər arasında üç siyasi mədəniyyəti qeyd ediblər: "patriarxal", yəni kütlənin siyasət və ictimai fəaliyyətə marağının olmaması və nəticə etibarilə siyasi mədəniyyət və vətəndaş cəmiyyətinin yoxluğu, "təbəəlik". yəni kütlənin aşağı səviyyəli iştirakı və kütlənin "aktivist" siyasi iştirakı, Almond və onun tərəfdarları siyasi mədəniyyətin daha üç qarışıq. mozaik növünün olduğunu da müşahidə ediblər. Yəni birinci üç mədəniyyət növü yalnız müqayisəli nəzəriyyədə əhəmiyyət daşıyan siyasi mədəniyyətin ideal növləridir, müxtəlif ölkələrdə, müxtəlif variantlarda real mövcud olanlar isə bunlardır: patriarxal-aktivist, patriarxal-təbəə və təbəə-aktivist. Yeri gəlmişkən, ideal siyasi mədəniyyət növlərinə toxunarkən vurğu bir növ müxtəlif siyasi mədəniyyətləri fərqləndirən amillərə edilir. Həm Rusiya, həm də Azərbaycan alimləri siyasi mədəniyyətlər və bütövlükdə, mədəniyyətlərin fərqlərini xüsusi qeyd edirlər. Məsələn, Qərb siyasi şüur növünün üstünlük təşkil etdiyi mədəniyyətdir. Şərqdə isə daha çox patrixal siyasi mədəniyyət mövcuddur. Lakin real mövcud mədəniyyətlərin patriarxal-aktivist, patrixal-təbəə və təbəə-aktivist olması o deməkdir ki, siyasi mədəniyyətlərin fərqlərinə baxmayaraq, onları birləşdirən bir amil vardır. Sözsüz ki, bütün mədəniyyətlər müxtəlif və zəruridir. Lakin onları birləşdirən amili də istsina etmək olmaz. Bu məsələyə aydınlıq gətirmək üçün Polşa sosioloqları Y.Vyatra və S.Ossovskinin sxeminə müraciət etmək olar. Onlar hesab edirlər ki, kapitalizm quruluşundan əvvəlki dövrü hakimiyyətin hüquqlarının dəyişməz ənənəvi normalarla tənzimlənməsini vacib hesab edən ənənəvi siyasi mədəniyyət xarakterizə edirdi. Qeyd edək ki, burada Polşa mütəxəssislərinin fikirləri Q.Almond və digər ABŞ politoloqlarına təsir göstərmiş, M.Verbanın ideyaları ilə üst-üstə düşür. Ənənəvi mədəniyyət növü üç variantda çıxış edir: tayfa, teokratik və istibdad. Onların hər birində dövlətlə cəmiyyət arasınla olan mütləq birlik variantı təşəkkül tapır.
VAHİD ÖMƏROV,
fəlsəfə elmləri üzrə
fəlsəfə doktoru
Səs.- 2014.- 28 oktyabr.- S.15.