Vətəndaş cəmiyyəti və hüquqi dövlətdə qarşılıqlı yardım və əməkdaşlıq mühiti

 

Vətəndaş cəmiyyətinin də hüquqi dövlətin də mövcudluğunun mühüm şərti kimi iqtisadi, mədəni, mənəvi və siyasi potensialını reallaşdırmaq hüququna malik şəxsiyyət çıxış edir. Fərd vətəndaş cəmiyyəti vasitəsilə reallaşaraq sosial həyatın təkrar istehsalını təmin edir.

R.Quliyev yazır ki, vətəndaş cəmiyyəti sosial, mədəni və mənəvi həyat fəaliyyətinin təminatı onların yenidən təşkili və nəsildən-nəslə ötürülməsi sistemi ayrı-ayrı fərdlərin və kollektivlərin özünü reallaşdırması həm fərdi, həm də kollektiv maraqların ve tələbatların reallaşdırılması üçün şərait yaratmaq məqsədi güdən müstəqil və dövlətdən asılı olmayan ictimai təsisatlar və sistemidir. Müəllifin fikrincə, vətəndaş cəmiyyətində müxtəlif sosial-siyasi qüvvələrin maraqlarını uzlaşması və ya onlar arasında münaqişə və qarşıdurma da baş verə bilər ki, bu da şəxsi və dövlət maraqları arasında ziddiyyətlərlə başa çatır. Fəlsəfə elmləri doktoru Azər Mustafayev özünün "Fəlsəfədə ziddiyyətlər və münaqişələr problemi" əsərində öz məqsədinə çatmaq üçün müxtəlif vasitələrdən - ideoloji, iqtisadi və mənəvi üsullardan istifadə edən dövlət hakimiyyətində və cəmiyyətdə şəxsi, sinfi, milli maraqların, dünyagörüşlərinin toqquşmasını göstərir, münaqişələrin iki qrupu diqqətə çatdırılır.

1) Real hakimiyyətlə maraqları dövlət strukturlarında təmsil olunmayan müxalif qüvvələr arasında baş verən münaqişə;

2) Real hakimiyyət daxilində mövcud olan münaqişə.

R.Quliyev göstərir ki, bütünlükdə, cəmiyyətin maraqlarının müdaxiləsinə ehtiyac yarandıqda dövlət bu prosesə müdaxilə edə bilər. Hüquqi dövlətdə yalnız qanuni seçilmiş dövlət məcburiyyət aləti kimi güc tətbiq etmək hüququna malikdir. Hüquqi dövlət formalaşarkən fərdi azadlıq və hüquqları təmsil edir, həmin azadlıq və hüquqların qoruyucusu kimi mili hakimiyyətini möhkəmləndirir. R.Quliyev yazır: "Vətəndaş cəmiyyəti şəxsi, bir-birinə zidd maraqlar kəsb edirsə, hüquqi dövlət ümumi ifadənin iradəsi kimi bu maraqları bir-birilə uzlaşdıran məqsədi güdür. Vətəndaş cəmiyyətində sosial, iqtisadisiyasi maraqların ahəngdarlığı hökm sürür. Hüquqi dövlət və siyasi hakimiyyət xalq və vətəndaşlar qarşısında məsuliyyət daşıyır. İnsanların və vətəndaşların hüquq və azadlıqları hüquqi dövlət tərəfindən etibarlı müdafiə olunur. Vətəndaşların siyasi iradəsinə hörmət edir. İnsanların fəallığı və təşəbbüskarlağı artır, vətəndaş və şəxsi ləyaqət hissi yüksək inkişaf edir."

Ş.Bağırovun fikrincə, vətəndaş cəmiyyətini dövlətə qarşı durmağa təyinatlanmış, hakimiyyətə təzyiq göstərən, daimi əyilməz tənqidçi və inkarçı pozasında təqdim etməyə lüzüm yoxdur. Həqiqi vətəndaş cəmiyyəti üçün dövlət daimi rəqib və düşmən deyil, tərəf- müqabilidironunla qarşılıqlı faydalı mübadilə vacib və gərəklidir. Vətəndaş cəmiyyəti ilə dövlət arasında əlaqə əməkdaşlıq, qarşılıqlı anlaşmaaltruizm, fərqli fikir, müxtəliflik vasitəsi ilə birliyə nail olma prinsipi üzərində qurulan sinergetik əlaqədir.

Xarici tədqiqatçılardan N.Şumyan göstərir ki, vətəndaş cəmiyyətinin mənası və təyinatı məhz onda ifadə olunur ki, hər şeydən əvvəl konfrontasiya, zorakılıq, diktat, inkarçılıq, birinin digərini əzməsi atmosferi yaranmasın, vətəndaş fəallığı, fərdi təşəbbüs üzərində inkişaf edən əməkdaşlıq və qarşlıqlı yardım mühiti formalaşsın. O, dövlətə ona görə "təzyiq" göstərmir ki, onu aşırmaq və məhv etmək, onu miskinləşdirmək istəyir, ona görə ki, bir tərəfdən onun üzərindəki idarəçilik yükünün bir hissəsi azalsın (özünüidarə başlanğıclarının inkişafı, üfüqi ictimai qeyri-formal mexanizmlərin və özünütəşkil imkanlarının tərəqqisi yolu ilə), digər tərəfdən, dövlət vətəndaş- insanın hüquq və azadlıqlarının həqiqi və siyasi qarantına çevrilsin. Analoji mənada vətəndaş cəmiyyəti demokratiyanı bəşəriyyətin son dərəcə qiymətli nailiyyəti, təfəkkürün, davranışın və birgə yaşayışın universal prinsipi kimı alqışlayır. "Demokratiya "digərinə", "başqasına" olan ehtiyaca açıqlıq deməkdir, o zaman ki, fikir və davranış "özününkünə" məhəbbəti və "özgəyə" nifrətin sərhədlərini və həddini bilir. N.Yusifov yazır ki, demokratiya- qarşılıqlı faydalı əməkdaşlığa immanent meyil, başqasının həqiqətini anlamaq və hörmət etmək vəzifəsi deməkdir, bu, bir qayda olaraq öz anlamını və özününolduğunu, yaxud kimə olan sahibliyini şübhə altına almaq deməkdir. Demokratiya o zaman mümkündür ki, individual olanın özünüifadəsi ümuminin dəyər olaraq özünüifadəsini nəzərdə tutur, "Mən" "digərinə" hüquqsuz obyekt kimi deyil, öz-özlüyündə dəyərli mahiyyət kimi yanaşır."

Vətəndaş cəmiyyəti üçün, onun müasir anlamında, fərdin azadlığı ümuminin üzvü məqamı ("toplananı") kimi gerçəkləşdirilir və proses çoxluğun "yığılması", bütövün "inkişaf alqoritmləri" qanunlarına müvafiq, konkret xarici mühit və təkamülün zaman bölgüləri şəraitində həyata keçirilir. Fərdi azadlığın özünün stazis vaxtı (onun ən aşağı səviyyədə mövcudluğu zamanı) ümumi davranışla uyğunlaşdırılır və "kooperativ konsensusa" tabedir. Bu kooperativ konsensusun mühafizəsi isə hüquqi dövlətin vacib funksiyalarından biridir. Sonuncu yalnız o zaman sözün həqiqi mənasında vətəndaş-insana xidmət edir ki, o, fərdi və xüsusi ilə ümumi arasında münasibətləri qanun vasitəsilə koordinasiya və tənzimləməyə iqtidarlıdır, səlahiyyətlər və qarışmamağın sərhədlərini möhkəmləndirir, qarşısını alma və tarazlaşdırma mexanizmini təyin edir.

 Vətəndaş cəmiyyətini demokratiyanın mövcud olduğu təbii mühit kimi nəzərdən keçirmək olar və lazımdır. Vətəndaş cəmiyyəti ictimai orqanizmin həyat fəaliyyətinin demokratik prinsiplərinin təkrar istehsalına daima xidmət edən amil kimi nəzərdən keçirilə bilər, bir şərtlə ki, demokratiya anlayışının özünün məzmunu təhrif olunaraq anarxiya, özbaşınalıq, ehtirasların tüğyan və kütləvi psixoz kimi anlaşılmasın.

Professor İ.Məmmədzadə yazır ki, dövlət və hakimiyyət problemləri vətəndaş cəmiyyəti ideyalarının inkişafında mühüm rol oynayır. Azərbaycan ədəbiyyatında hakimiyyət və dövlətin fərqlənməsi mövzusu bir o qədər də başa düşülən deyildir. Bir yox elmi işlərdə onlar eyni anlayış kimi başa düşülür. Bu baxımdan, R.Həsənov "Transformasiya dövründə vətəndaş cəmiyyətinin formalaşması" monoqrafıyasında yazır ki, dövlət bütün ictimai qüvvələri özünə tabe etmişdir. Bu anlayışlara D.Müslümzadənin də elmi işlərində fərq qoyulmur. Hakimiyyət iqtisadi, intellektual, siyasi, dövləti, yəni müxtəlif cür olur. Sözsüz ki, ibtidai cəmiyyətlərdə bu anlayışlar bir-birinə uyğundur. Lakin cəmiyyətin həyatında demokratiyabazar münasibətlərinin bərqərar olması ilə bu anlayışların fərqlənməsi baş verir. Başqa cür desək, dövlət hüquqla məhdudlaşmış hakimiyyətin olduğu cəmiyyətdə yaranır. Hakimiyyət ya özünə tabe edir, yaxud da hüquqa tabe olur və cəmiyyətə xidmət edən mexanizm kimi istifadə olunur. Aydındır ki, hakimiyyət yalnız tabelik kimi dərk edildiyi təqdirdə effektiv ola bilməz. Əksər tədqiqatçılar hesab edirlər ki, "dövlət" anlayışının şərhi müxtəlif dillərdə müxtəlif cür formalaşır. Bəzi dillərdə, məsələn, rus dilində "dövlət" anlayışının mənası "hökmranlıq" sözündən, ingilis, fransız, italyan dilində isə mənaca "nizam, qayda" sözlərinə yaxın olan "stato" - status, hakimiyyət isə "pover", "imperiya" kimi səslənir. Qərb politoloqları, həmçinin, bildirirlər ki, rus dilində "hökumət" anlayışı "idarə etmək" sözündən yaranıb, ingilis və fransız dillərində isə "qovernment", yaxud "qovernement" idarəçilik deməkdir. Qeyd edək ki, Azərbaycan dilində "dövlət", "hökumət" və "məhkəmə" sözləri ərəb mənşəlidir və "idarə etmək" sözlərindən yaranıb. Bunları bilmək vacibdir, amma eyni zamanda, qeyd etmək lazımdır ki, dövlət öz əhəmiyyətini və mənasını bu ölkələrin mədəniyyətlərinin xüsusiyyətləri, tarixi inkişafı, idarəçilik formasının qorunub saxlanması, hakim şüurs. amillər üzündən əldə etmişdir.

İ.Məmmədzadənin fikrincə, sovetpostsovet məkanında hakimiyyətə olan münasbət mədəniyyətin keyfiyyəti və səviyyəsini əks etdirir ki, burada dövlət ən mühüm güc və qüvvə, azadlıq isə düşmən kimi qəbul olunur. "Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi" (1995) adlı elmi təhlilimizdə bir fikir bizdən ötrü maraq kəsb edir: "...vətəndaş cəmiyyətinin əsasını maraq, azadlıq və bərabərlik təşkil edir və aydın olur ki, bu fenomenlər müsəlman Şərqində də vətəndaş cəmiyyəti ideyalarına təkan verə bilər". Lakin totalitarizmavtoritarizmin aradan qaldırılması o demək deyil ki, bu məsələdə dövlətin və bürokratik sinfin imkanlarını nəzərə almamaq olar. Xatırladaq ki, XX əsrin 90-cı illərinin əvvəllərində bəzi Qərb və Rusiya tədqiqatçıları məhz bu cür düşünürdü. Elə həmin vaxt M.Fridmenin rəhbərliyi ilə ABŞ alimləri tərəfindən Şərqi Avropa üçün cəmiyyətə mütləq müstəqilliyin verilməsi zərurətinə əsaslanan layihə hazırlanmışdı. Rusiya liberalizminin tanınmış tədqiqatçısı B.Kapustin "Rusiya liberalizminin şansları və dəyərləri böhranı" məqaləsində yazırdı ki, həmin ideyalara Rusiyanın liberalları da biganə deyildir. Maraqlıdır ki, layihə müəllifləri burada insanları, hakimiyyətin ehtiyatlarını yaddan çıxarmışlar ki, onlardan vətəndaş cəmiyyətinin inkişafı və siyasi vətəndaş mədəniyyətinin fəallaşması üçün istifadə oluna bilər və olunmalıdır. Vətəndaş cəmiyyəti Qərb siyasi mədəniyyətinin konseptidir, amma onu başa düşmək və özümüzə məxsus vətəndaş cəmiyyəti anlayışını işləyib hazırlamaq olar. Sözsüz ki, bu anlayış adekvat olmayacaq, amma o, mədəniyyətimizi zənginləşdirməklə ona əlavə məna verəcəkdir. Ş.Məmmədzadə yazır: "Birinci növbədə qeyd edək ki, vətəndaş cəmiyyəti fərdlərin muxtariyyəti və könüllü şəkildə fəaliyyətinin müxtəlif formaları əsasında formalaşmış qeyri- dövlət cəmiyyətidir".

Tədqiqatçı K.Hacıyev yazır: "Bütövlükdə müxtəlif vətəndaş cəmiyyəti variantlarının formalaşması ayrılmaz surətdə fərdi azadlıq ideyaları və ayrı-ayrı şəxslərin özünüqiymətləndirməsinin formalaşması ilə bağlıdır". K.Hacıyevin haqlı olduğunu düşünürük, çünki azad şəxsiyyət özünü müxtəlif sahələrdə göstərməyə, başqaları ilə könüllü şəkildə əlaqə yaratmağa cəhd edir. Vətəndaş cəmiyyətini də elə şəxsiyyətin ictimai fəallığı və əlaqələri yaradır, yəni bazar fəallığı - bazar cəmiyyətinin, hüquq çərçivəsində isə siyasi fəallıq həqiqi dövlətin ortaya çıxmasını şərtləndirir. Yaddan çıxarmaq olmaz ki, kifayət qədər üzun müddət ərzində fərd özünü iqtisadi, sosial-mədəni, dini, siyasi və digər sahələrdən kənarda təsəvvür belə etmirdi. Həmin sahələr isə, öz növbəsində, dövlətlə möhkəm vəhdət təşkil edirdi. İlk öncə dövlətin zəncirlərindən mülkiyyət və iqtisadiyyat azad olundu. Yeri gəlmişkən, Hegel fərdi azadlığın iqtisadiyyatla əlaqəsini qeyd etməyi lazım bilmiş və göstərmişdir ki, "...azadlıq nöqteyi-nəzərindən mülkiyyət sonuncunun ilk mövcud varlığı kimi özünə görə vacib məqsəddir".

İlk ingilis liberalizmi nəzəriyyəsində vətəndaş cəmiyyəti, hər şeydən əvvəl, iqtisadi cəmiyyət kimi qəbul olunurdu. Vətəndaş cəmiyyətinə dair fransız nəzəriyyəsində isə vətəndaş cəmiyyəti siyasidemokratik cəmiyyət kimi başa düşülürdü. Amma onu da dərk etmək lazımdır ki, demokratiya şəraitində siyasi cəmiyyət dövlət anlayışına bərabər deyildir. Hüquqi dövlət və hakimiyyətdə monopoliyanın olmaması siyasi cəmiyyətin və siyasi həyatın dövlətdən daha geniş məfhuma çevrilməsini şərtləndirir.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 29 oktyabr.- S.15.