Azərbaycanın diplomatik müstəvidə mövqeyi daha da güclənir

 

 

 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı

- Məlahət xanım, bildiyimiz kimi oktyabrın 27-də Fransa prezidentinin təşəbbüsü ilə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Sizcə, bu görüş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliyə doğru addım ola bilərmi? 

- Ermənistanın təcavüzkar siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi hələ də sülh yolu ilə həllini tapa bilmir. Bu münaqişənin  həllinə nail olmaq üçün göstərilən səylər təəssüf ki, hələlik heç bir nəticə vermir. Azərbaycan tərəfi münaqişənin  beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Ölkəmizdən fərqli olaraq Ermənistan rəhbərliyinin bu vaxta qədər münaqişənin həllinə  münasibətdə nümayiş etdirdiyi  mövqe isə status-kvonu mümkün qədər çox saxlamağa hesablanıb. Ermənistan, eyni zamanda, dünya ictimaiyyətinin gözündə sülhə tərəfdar ölkə kimi də görünməyə çalışır. Buna görə də, işğalçı ölkə rəhbərliyi istəməsə belə, Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak etməli olur.

Məlumdur ki, münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin, Rusiya prezidentinin təşəbbüsü və digər beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanın və Ermənistanın dövlət başçıları, həmçinin, xarici işlər nazirləri arasında çoxsaylı görüşlər keçirilib. Bu dəfə prezidentlər arasında görüş Fransa prezidentinin təşəbbüsü ilə baş tutub. Bütün cəmiyyətimizi düşündürən budur ki, keçirilən bu görüş işğala son qoymaq üçün irəliyə doğru addım ola bilərmi? Bəzi şəxslər deyirlər ki, danışıqlar aparılmasın, başqa format müəyyənləşsin, müharibə başlasın və s. Hesab edirəm ki, bu, doğru yanaşma deyil. Tarixən bütün mühariəbələr sülh ilə nəticələnib. Təbii ki, torpaqlarımızı işğal edən, insanlarımıza qarşı qətliamlar törədən bir ölkənin rəhbəri ilə üzbəüz oturmaq xoş deyil. Amma sülh naminə belə görüşlər lazımdır. Prezident İlham Əliyev dəfələrlə yüksək tribunalardan indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını bəyan edib. Bu, çox cəsarətli mövqedir.

Hesab edirəm ki, son vaxtlar keçirilən görüşlər, danışıqlar prosesinin intensivləşməsi gələcək qələbənin açarının əldə olunmasına aparan yoldur. Doğrudur, Paris görüşünün görüşünün detalları açıqlanmasa da, mesajlardan hiss olunur ki, danışıqlarda üstünlük Azərbaycanın tərəfində olub. Onsuz da bu məsələdə haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da ölkəmizin mövqeyini müdafiə edir.

- Bir sıra beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğal olunması faktını öz sənədlərində təsdiq edib. Bu sənədlərin əhəmiyyəti nədən ibarətdir?

- Atəşkəsin imzalanmasından keçən 20 il ərzində danışıqlarda qazanılan çoxillik təcrübə isə onu göstərir ki, məsələ yalnız görüşlərin keçirilməsi, problemin müzakirə olunması ilə bitmir. Münaqişənin həlli üçün konkret addımlar atılmalıdır. Doğrudur, beynəlxalq aləm Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymət verib. BMT Təhlükəsizlik Şurası, İKT, ATƏT, Avropa Şurası, Avropa Parlamentinin çoxsaylı qərar və qətnamələrində Azərbaycan torpaqlarının işğal faktı təsdiqlənib, Ermənistan qoşunlarının zəbt olunmuş ərazilərdən çıxarılmasını, məcburi köçkünlərin yurd-yuvasına qayıtmasını tələb edilib. Lakin göründüyü kimi, işğalçı Ermənistan bu qərarların heç birinə məhəl qoymur. Bu ölkənin danışıqlarda iştirakı indiyədək yalnız imitasiya xarakteri daşıyıb. Ona görə də, hələlik münaqişənin həlli yönündə hansısa nəticədən danışmaq mümkün deyil.

Onu da vurğulayaq ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi avqustun əvvəlində cəbhə xəttində törətdiyi təxribatlarla bir daha təsdiq olundu.

İşğalçı Ermənistanı dünyada müdafiə edən qüvvələr münaqişənin həllinə maraqlı deyilstatus-kvonun qorunub saxlanmasına çalışırlar. Hətta Azərbaycanı dəfələrlə təxribata çəkmək istəyiblər. Amma dövlətimizin səbr və təmkin nümayiş etdirməsi işğalçı tərəfin məqsədinə çatmasına imkan verməyib.

Erməni tərəfi qorxaq və riyakardır. Mən bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm və şahidi olmuşam ki, Ermənistan nümayəndələri həmin tədbirlərdə Azərbaycan və Türkiyə nümayəndələri iştirak etdiyi zaman qorxularından çıxış edə bilməyiblər. Çünki haqq-ədalət onların tərəfində deyil. Amma bizim nümayəndələr tədbir keçirilən zalda olmayanda onlar əleyhimizə böhtan,yalan dolu çıxışlar ediblər. Bu da onların qorxaqlığını və riyakarlığını sübut edir.

- Ermənistan sosial-iqtsiadi baxımdan böhran vəziyyətindədir. Bu amil işğalçı tərəfi nə dərəcədə sülhə məcbur edə bilər?

- Ermənistanda əhali ölkəni sürətlə tərk edir. Bunun əsas səbəbi isə işğalçılıq siyasətinin erməni xalqına vurduğu ziyandır. Ermənistan hakimiyyəti isə  bu vəziyyəti izah etmək üçün müxtəlif üsullara əl atır. Onlar xaricdən gələn yardımlarla dolanmağa məcburdurlar. Amma işğalçı Ermənistanı himayə edən xarici qüvvənin də vəziyyəti yaxşı deyil. Ona görə də, Sarkisyan rejimi həmişə xaricdən yardım ala bilməyəcək. Bir gün buna son qoyulacaq.

Qeyd edim ki, Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunmuş bir faktdır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülhsabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Eyni zamanda, ölkəmizdəki inkişaf, Azərbaycanın müəyyən layihələr həyata keçirmklə qlobal mənada Avropanın enerji təhlükəsizliyinə töhfələr verməsi dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu Dağlıq Qvarabağ probleminin həllində ölkəmizin üstünlüynü artırır. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyini vurğulayıb: «Əminəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi dəstəkləyir. Azərbaycan dünya miqyasında nüfuz sahibidir və bizimlə hesablaşırlar, məsləhətləşirlər. Bu gün bizim beynəlxalq nüfuzumuz yüksək səviyyədədir».

Reallıq Azərbaycan dövlətinin inkişafının dinamik xarakter aldığını göstərir. Təbii ki, bu inkişaf bütün məsələlərdə ölkəmizin mövqelərimizi gücləndirir. Bu prosesdə ordu quruculuğu da xüsusi yer tutur. Prezident İlham Əliyev də bildirib ki, Azərbaycanın artan gücü fonunda Ermənistan zəifləyir. Acınacaqlı vəziyyətdə olan dövlət isə gec-tez diz çökməyə məhkumdur. Azərbaycanın diplomatiyası sayəsində Ermənistan dala dirənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ik, bu amil təcavüzkar Ermənistanı sosial-iqtisadi böhranla üzləşməsinə səbəb olub.

- Məlahət xanım, mövcud vəziyyət bölgədə təhlükəsizliyə ciddi təhdid yaradır. Bu fakt əməkdaşlıq imkanlarına nə kimi ziyanlar vurur?

- Mövcud vəziyyət regional təhlükəsizliyə ciddi təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl yaradır. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. Onun üçün zərurətdir ki, münaqişənin həlli prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu da fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı və problemin həlli istiqamətində hüquqi normaqaydalarla təsbit edilmiş effektiv metodlara baş vurmalıdır. Əks təqdirdə, Cənubi Qafqaz yeni qarşıdurmalar meydanına çevrilə bilər. Şübhəsiz, ATƏT-in Minsk qrupu Ermənistana qarşı xüsusi təzyiq mexanizmi və vasitələrindən istifadə etməlidir. Bu, danışıqlar prosesində pozitiv dinamikanın yaranmasına səbəb ola bilər.

Əlbəttə, diplomatik vasitələrin səmərə vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit edildiyi kimi, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını qısa müddətdə işğaldan azad edə biləcəyinə tam əminlik yaradır.

 Səs.-2014.- 30 oktyabr.- S.9.