Estetik mədəniyyət, hüquqi dövlət və vətəndaş
cəmiyyəti
"Estetika" yunanca "aucthemiko" sözündən olub "hiss edən", "həssas" mənalarını bildirir. Estetika gözəllik qanunlarını incəsənətin gerçəkliyə münasibətini, onun növ və janrlarını, bədii şüurun qanunauyğun inkişafının özünəməxsus xüsusiyyətlərini, bədii yaradıcılıq metodunu öyrənən fəlsəfi elmdir.
"Estetika" termini elmə XVIII əsrdə alman filosofu Aleksandr Qotlib Baumqarten tərəfindən gətirilmişdir. Alman filosofu "estetika" anlayışını "gözəllik nəzəriyyəsi", "hissi idrak elmi" mənasında işlətmişdir. Onun estetik mədəniyyət sahəsindəki tədqiqatları klassik alman fəlsəfəsinin inkişafında mühüm mərhələlərdən biri hesab olunur.
Estetik fikrin tarixi qədimlərə gedib çıxır. Belə ki, 2500 il bundan əvvəl quldarlıq dövründə Misir, Babilistan, Hindistan və Çində yaranmış, Qədim Yunanıstan və Qədim Romada inkişaf etmişdir. Antik filosofların əsərlərində incəsənətin cəmiyyətdə rolu və onun insanın əxlaqına təsiri məsələlərindən bəhs olunmuşdur. Orta əsrlərin "İlahi gözəllik" haqqında mistik təlimlərində hər cür gözəlliyin mənbəyi və ali gözəlliyin təcəssümü Allah hesab olunurdu. Maarifçi estetikanın nümayəndələri E.Byerk, Hoqart, D.Didro, J.J.Russo, İ.İ.Vingelman, İ.Herder və b., xüsusilə, onların davamçıları F.Şiller və Göte incəsənətlə gerçəkliyin əlaqəsi ideyasını inkişaf etdirdilər.
Hüquqi dövlətdə mədəniyyətlərin müxtəlif növləri - iqtisadi, siyasi, dini, elmi-əxlaqi mədəniyyətlər arasında estetik mədəniyyət mühüm yer tutur. Estetik mədəniyyət cəmiyyətin mənəvi həyatının müxtəlif təzahürlərilə sıx bağlıdır. Alman filosofu Hegel yazırdı ki, heç bir sahədə estetik mədəniyyətə malik olmadan mənəvi inkişaf ola bilməz. Vətəndaş cəmiyyətində estetik mədəniyyətlə incəsənət bir-birilə vəhdət təşkil edir. Cəmiyyətin ümumi mədəniyyətinin bir hissəsi olan estetik mədəniyyətin spesifik cəhəti və əsas funksiyası ondan ibarətdir ki, o, vətəndaş cəmiyyətində insanın azad özünü ifadəetmə forması kimi çıxış edir.
Marksizm-leninizm klassikləri isə incəsənəti ictimai şüur formalarından biri və gerçəkliyin estetik dərk olunmasının spesifik forması kimi öyrənirlər. Gerçəkliyin estetik dərkinin isə üç tərəfi vardır:
1) Obyektiv gerçəklikdə estetiklik;
2) Subyektiv estetiklik;
3) İncəsənət-subyektiv və obyektiv estetikliyin vəhdəti.
Estetika bu tərəflərin mahiyyətini, qanunauyğunluqlarını və onların konkret təzahürlərini tədqiq edir.
Cəmiyyətin estetik mədəniyyətinə həm estetik şüurun (estetik biliklərin, estetik hisslərin, estetik zövqlərin, estetik idealların) məzmunu və inkişaf səviyyəsi, həm də insanların estetik yaradıcılığının xarakteri, istiqaməti və yayılma dərəcəsi daxildir. Eyni zamanda, estetik mədəniyyətdə estetik sərvətlərin insan tərəfindən mənimsənilmə formalarının rəngarəngliyi, bu sərvətlərdən insanın inkişafı, onun mənəviyyatının zənginləşməsinə görə humanist məqsədlərlə istifadə edilməsi də öz əksini tapır.
Estetik alim Osman Əfəndi estetik mədəniyyətdə estetik idrakın əsas yer tutduğunu göstərərək yazır ki, elmi idrak kimi, estetik idrak da sonsuz aləmin zənginliklərini daha geniş mənimsəmək və ona daha dərindən münasibət bəsləmək meyarlarının örnək yoludur. Şüurlu həyatda sistemli biliklər zənginliyini yaradan və onu yeni səviyyələrə yüksəldən elmi idrakın nəzəri cəhətlərinə çox ciddi diqqət yetirilməsi təbii-zəruri amil sayıldığı kimi, ali inkişaf səviyyəsinə qovuşmuş estetik idrakın nəzəri cəhətdən öyrənilməsi işi də bu mənada qiymətləndirilməyə layiqdir. Çünki bu təbii-zəruri amilləri doğuran idrak formalarının hər biri əbədi olaraq insanlığa, onun təsdiqinə xidmət edir. Elmi idrakla yanaşı, estetik idrakın da nəzəri tələbatlarını müxtəlif səviyyələrdə ödəməyə çalışmaq təşəbbüsü, fikrimizcə, insan idrakının öyrənilməsi işinə xüsusi mərhələlərdə və ya müəyyən səviyyələrdə özünəməxsus xidmət deməkdir.
Bu xidmətin məzmunu xeyirə bağlı və şərə qarşı olduğundan, onu çox vacib və əhəmiyyətli bilirik. Bu əhəmiyyət bu günün ictimai-mənəvi tələbi baxımından daha aydın görünür. Belə ki, ictimai həyatın dərindən dərkində və insanın ali fəaliyyətinin formalaşması prosesində estetik idrakın özünəməxsus mövqeyi vardır. Bu mövqeyi ilə o, bütün dövrlərdə olduğu kimi, bu günümüz üçün də olduqca gərəklidir.
Gözəllik, ülvilik, faciəvilik hisslərindən tutmuş ictimai-estetik idealların ali səviyyələrinə qədər böyük bir sferanı əhatə edən estetik idrak anlayışı müasir insanın hissi və zehni inkişafına, onun mənəvi aləminin zənginliyinə təsir edə bilən güclü amildir. Buna görə də estetik idrak kateqoriyasının nəzəri-fəlsəfi problemlərini mənimsəmək bir tərəfdən müasir dövrün ictimai-fəlsəfi-estetik ideallarının formalaşması, digər tərəfdən insanlığın mənəvi kamilliyə qovuşması yollarının öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, ictimai həyatın maddi və mənəvi varlığı bütün genişliyi ilə insan idrakının obyekti kimi müxtəlif səviyyəli inikas vəziyyətlərinə bağlıdır. Həyati varlığın özü və onun inikas xüsusiyyətləri müxtəlif qanunlara və qanunauyğunluqlara malikdir.
Estetikanın aşağıdakı kateqoriyaları vardır: gözəllik və eybəcərlik, ucalıq və qəhrəmanlıq; faciəlilik və məzhəkəlik. Estetik kateqoriyalardan başqa estetik şüur sisteminə aşağıdakı elementlər daxildir: estetik hiss (həyəcanlanmaq, başqasının dərdinə şərik olmaq, həzz almaq qabiliyyəti); estetik zövq (gözəlliyin müxtəlif təzahür formaları haqqında mühakimə yürütmək qabiliyyəti); estetik qiymət bədii qavrayışın elə xüsusi növüdür ki, qavranılan şeyə müsbət və ya mənfi münasibəti əks etdirən geniş mühakimə formasında ifadə edilir.
Fəlsəfə tarixində incəsənətin mənfi rol oynadığını göstərən mütəfəkkirlər də olmuşdur. Məsələn, Platon təsdiq edirdi ki, incəsənət yanılmadır, o ziyan gətirir, ona görə də özünün təsvir etdiyi ideal cəmiyyətdə incəsənətə yer vermir. Aristotel "Poetika" əsərində incəsənəti Platonun tənqidindən müdafiə edirdi. O, göstərirdi ki, şairlərin faciəsi bizim qəzəb və mərhəmət duyğumuzu qüvvətləndirir və ruhumuzu təmizləyir.
İncəsənət milli olur, fəqət, eyni zamanda, ölməz sənət əsərlərinin böyüklüyü ondadır ki, onlarda ümumbəşəri, keçici olmayan əlamətlər var. İncəsənətin predmeti insanın dünyaya münasibəti olduğu kimi, insanın özü də bütün cəhətləri - psixoloji, sosioloji, əxlaqi tərəfləri və hətta məişəti ilə birlikdə onun predmeti ola bilir.
Özünün mövcudluq üsuluna görə incəsənət növləri üç qrupa bölünür: 1. Məkana görə müəyyənləşən plastik, statik boyakarlıq, qrafika, heykəltəraşlıq; 2. Zamana görə müəyyənləşən dinamik sənətlər: ədəbiyyat, musiqi; 3. Məkan və zamana görə müəyyənləşən sintetik sənətlər: xoreoqrafiya, teatr, kino, sirk, estrada.
Estetik mədəniyyətin əsasını estetik fəaliyyət təşkil edir. Estetik fəaliyyət mənəvi xarakterə malikdir. Onun predmeti gerçəkliyin bilavasitə dərk və ya təsəvvür edilə bilən hər hansı bir obyekti ola bilər. Məsələn, estetik informasiya daxil edilmiş bədii sərvətlər, etilitar təyinatı məhsulların estetik dəyəri ilə müşayiət olunan məqsədyönlü fəaliyyət məhsulları, insan əməyi ilə təbiiliyindən çıxmış və estetik mədəniyyət sisteminə daxil edilmiş təbiət nümunələri və s. Estetik baxımdan neytral olan, dəyəri fəaliyyət prosesində aktuallaşdırılan, yaxud təsbit edilən halların da estetik fəaliyyət predmeti olması mümkündür.
Estetik fəaliyyətin xüsusi maraq dairəsi həmişə insan aləmi olmuşdur. Müasir dövrdə də belədir. Ona ictimai-tarixi proses, insanların ictimai həyatı, sosial davranışı, daxili və mənəvi aləmi daxildir. İncəsənət sahəsində aparılan müşahidə və təcrübələr göstərir ki, elə bir təbiət və yaxud sosial gerçəklik halı yoxdur ki, o öz mahiyyətinə görə estetik fəaliyyət predmeti olmasın. Görkəmli rəssam Səttar Bəhlulzadənin yaradıcılığına, onun rənglər aləminə diqqət yetirsək, görərik ki, təbiətin hər bir hadisəsi, hər bir nümunəsi onun rəsmlərinin predmeti olmuşdur.
Tədqiqatçılar estetik mədəniyyətin aşağıdakı əsas funksional struktur elementlərini göstərirlər: 1) Estetik münasibət; 2) Bədii sərvətlər; 3) Ziyalılar; 4) Kommunikasiya vasitələri; 5) Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin diqqət mərkəzində olan estetik mədəniyyəti və estetik tərbiyəni bölüşdürən və yenidən istehsal edən mexanizmlər və təsisatlar.
Estetik mədəniyyətin müstəqil funksional elementlərindən biri kimi də bədii özfəaliyyəti göstərirlər. O, xalq yaradıcılığı növüdür. Buraya teatr, musiqi, xoreoqrafiya, təsviri və tətbiqi sənət sahəsində geniş xalq kütlələrinin yaradıcılıq fəaliyyəti daxildir. Bədii özfəaliyyət kollektivlərinin professional səviyyəsinin yüksəlməsi nəticəsində həvəskar ifaçıların xalq teatrları, opera və balet studiyaları, xor kapellası və simfonik orkestrləri yaranır. Daha istedadlı özfəaliyyət iştirakçıları xüsusi təhsil almaqla professional kollektivlərdə peşəkar sənətkar zirvəsinə qalxırlar. Azərbaycanda bədii özfəaliyyətin inkişafında Ü.Hacıbəyovun, H.Sarabskinin, Bülbülün, A.İsgəndərovun və b. böyük xidmətləri xüsusi qeyd olunur.
S.Xəlilovun fikrincə, insan mənəvi varlığı yalnız estetik hiss sayəsində vahid, bütöv bir proses olur. Estetik hiss sintetik funksiyaya malikdir. İnsanın fiziki inkişafı, onun əxlaqi-mənəvi keyfiyyətləri, habelə, intellektual inkişaf səviyyəsi bir-biri ilə hər halda müəyyən əlaqəyə malik olsalar da, bir-birini yalnız dolayısı ilə şərtləndirir, bütöv bir hadisənin ayrılmaz tərkib hissələri kimi çıxış etmirlər.
Bu tərəflər arasında qırılmaz daxili əlaqəni, bütövlüyü, ümumi ahəngi yalnız estetik hiss yaradır. Bu, ən çox estetikliyin öz təbiətindən irəli gəlir; zira, estetik hiss insanın dünyaya, dünyanın ümumi ahənginə qovuşması, insanın öz bütövlüyünü dünya ilə vəhdətini hiss etməsidir. Estetikliyin ikili cəhəti - inkişaf aspektlərindən biri olmaqla yanaşı, sintetik funksiya daşıması şəxsiyyətin inkişafındakı ahəngdarlığın, hərtərəfliliyin təmin edilməsində mühüm amildir. Təsadüfi deyil ki, bir çox tədqiqatçılar insanın inkişafında ən mühüm amil kimi əməyi qeyd edərkən, onu estetik tələbatla eynitərtibli hadisə kimi götürürlər. Geniş mənada estetik hissin sintetik təbiətini Hegel də qeyd edir: "Mən əminəm ki, bütün ideyaları əhatə edən ali zəka məqamı estetik şüurdur. Həqiqət və fayda doğma tellərlə ancaq gözəllikdə birləşir. Estetik hissə malik olmadan hər hansı sahədə mənəvi cəhətdən inkişaf etmək mümkün deyil".
Estetikliyin universal funksiyası, onun insanın digər inkişaf aspektlərinə göstərdiyi təsirdə daha konkret şəkildə ortaya çıxır. Məsələn, insanın əxlaqi-mənəvi keyfiyyətlərinin təkcə rasional deyil, həm də emosional en kəsiyində tərbiyə olunması üçün ən əsas vasitə məhz estetik hissin təsirindən istifadə etməkdir. Müasir dövrü səciyyələndirən cəhətlərdən biri - əxlaqa da çox vaxt intellektual vasitələrlə, başqa sözlə, rasional en kəsiyində təsir göstərməyə çalışmaqdır. Bu zaman əxlaqın ictimai funksiyası ilə, mövcud cəmiyyətdə hakim əxlaq normalarının mənimsənilməsi ilə yanaşı, əxlaqın fərdi xarakterinin nəzərə alınmasına, onun insanın emosional-psixoloji halı ilə əlaqəsinə, fikirlərin instinkt və emosiyalara çevrilməsi zərurətinə də diqqət verilməlidir.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 4 sentyabr.- S.15.