Etnomədəniyyət, hüquqi
dövlət və vətəndaş cəmiyyəti
Azərbaycan etnomədəniyyətinin özünəməxsusluğu ilə yanaşı, qeyd edildiyi kimi, bu mədəniyyətin daxili strukturu müxtəlif dəyərlər yönümünü, milli şüuru meyillərinin plüralist xarakter kəsb etməsini istisna etmir. Mədəniyyət sistemində mühüm yer tutan etnomədəniyyət milli şüur, tarixi yaddaş, dövlətçilik, millət, milli-mənəvi dəyərlər anlayışları ilə sıx bağlı olan istilahdır. Azərbaycan etnomədəniyyəti millilik və ümumbəşəriliyin vəhdətindən ibarət olub, humanist xarakterilə fərqlənir, varislik prinsipinə əsaslanır, milli mentalitet vasitəsilə gerçəkləşir. Maddi və mənəvi mədəniyyətdən ibarət olan Azərbaycan etnomədəniyyətinin tarixi qədim Şumer-Akkad mədəniyyətinə gedib çıxır.
Azərbaycan etnomədəniyyətinin yaranması və inkişafı qədim dövlətçilik ənənələrilə (Midiya, Atropaten, Şirvanşahlar, Ağqoyunlu, Qaraqoyunlu, Eldəgizlər, Səfəvi, Albaniya, Azərbaycan xanlıqları və s. ADR, Azərbaycan SSR, Azərbaycan Respublikası) sıx bağlı olmuşdur. Xalqın dünyagörüşü uzun tarixi təkamül prosesində bir sıra sosial-iqtisadi və siyasi-mədəni amillərin təsiri altında formalaşır. Onun milli psixologiyası, düşüncə tərzi müəyyən konkret tarixi-mədəni mühitdə sosiomədəni keyfiyyətlərə yiyələnir, mənəvi-ictimai inkişaf forması olan milli mənlik şüuru tarixi yaradıcılıq subyekti kimi insanın tarixi xüsusiyyətlərini özündə ehtiva edir. Bununla yanaşı, milli mənlik şüuru ictimai və fərdi- sosial-sinfi və milli komponentlərin vəhdəti olmaqla millətlərarası münasibətlərdə müxtəlif cür obyektivləşir və sosial-tarixi yaddaşda yaşayır, etnomədəni dəyərlərin nəsildən-nəslə ötürülməsini təmin edir.
Hüquqi dövlətdə mədəniyyətin tərkib hissələrindən birini etnomədəniyyət təşkil edir. Hər bir xalqın etnomədəniyyəti tarixən formalaşmış milli ənənələrə, mentalitetə əsaslanan mənəvi xəzinədir. Bu mənada, Azərbaycan etnomədəniyyəti ümumtürk mədəniyyəti, spesifik Azərbaycan mədəniyyətilə yanaşı, islam, Qafqazdilli və İrandilli xalqların mədəni ünsürlərini də özündə əks etdirir. Azərbaycan etnomədəniyyətində güclü türk qatı ənənəvi Azərbaycan mədəniyyətində islamın mərasim tərəfinin daxil olduğu mədəniyyətlə sıx qarşılıqlı təsirdə olan komponentlə birləşmişdir. Yüksək inkişaf etmiş peşəkar mədəniyyət formaları rus-Avropa mədəniyyəti ilə yaxın olan yeni ənənəvi mədəniyyət ünsürləri yaratdı. Azərbaycan xalqı özündə türkçülüyü, islamçılığı və müasirliyi birləşdirərək, spesifik tarixi özünəməxsusluğu və mədəni suverenliyi ilə fərqlənmiş dünya mədəniyyətində öz yeri olan etnomədəniyyət yaratmışdır.
Azərbaycan etnomədəniyyəti, mədəniyyətin müxtəlif strukturlarına nüfuz etmiş etniklik, etnik müxtəlifliyi ilə fərqlənir. Bu etnomədəniyyətə maddi və mənəvi mədəniyyətli müxtəlif ünsürləri, dil, adət-ənənələr, bədii mədəniyyət, folklor və musiqi folkloru, şahanə incəsənət ünsürləri daxildir. Azərbaycan etnomədəniyyətinin özünəməxsusluğu Azərbaycan etnikliyinin təbiəti ilə sıx bağlı olsa da, bu, təkrarolunmaz mədəniyyət böyük Şərq və Qərb sivilizasiyalarının, dünya dinləri - xristianlıq, buddizm və islamın, müxtəlif yönümlü ideologiyaların qovuşuğunda çoxmilyonlu xalqların və azsaylı xalqların və etnik qrupların əhatəsində yaranmış və inkişaf etmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan etnomədəniyyətinə təkcə Şərqlə Qərbin sintezi kimi baxmır, Azərbaycanın Şərqlə Qərbin qovuşmasında mühüm rolunu xüsusi vurğulayırdı .
Azərbaycan tədqiqatçısı S.Xəlilov özünün "Şərq və Qərb: ümumbəşəri ideala doğru" əsərində Azərbaycan etnomədəniyyətində əsas amil olan Şərq və Qərb anlayışlarını düzgün olaraq təkcə coğrafi termin deyil, mənəvi amil kimi yanaşır: "Əvvəla, Şərq - ənənəviliyin, Qərb isə müasirliyin simvolu kimi başa düşülür. İkincisi, Şərq və Qərb bölgüsünü mədəni-mənəvi bölgü kimi sivilizasiyalararası və mədəniyyətlərarası fərq kimi başa düşürlər. Üçüncüsü, ən başlıcası Şərq və Qərbi fərqləndirən ən mühüm amil odur ki, Şərqdə əsas məqsəd insanın kamilləşməsidirsə, Qərbdə əsas məqsəd cəmiyyətin təkmilləşməsidir .
Etnomədəniyyətin əsas komponenti tarixi yaddaşdır. Etnomədəniyyətə tarixi hadisələr öz "möhürü"nü vurmuşdur. Bunlardan aşağıdakıları qeyd etmək olar:
1. Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı;
2. Türkiyə, İran və Rusiya arasındakı müharibələrin Azərbaycana təsiri;
3. Parçalanma (XIX əsr);
4. Rusiya və İran tərkibində fərqli etnomədəni proseslər;
5. XX əsrin əvvəllərində ilk demokratik respublikanın (ADR-in) yaranması;
6. Sovet dövrü;
7. Müstəqillik dövrü tarixi etnomədəni hadisələr.
Bütün bunların məcmusu etnomədəniyyətin əsas komponenti olan tarixi yaddaşın məzmununu təşkil edir. A.Q.Zdravomıslov mədəniyyətdə (o cümlədən, etnomədəniyyətdə - V.Ö.) dəyər məqamına toxunaraq, qeyd edir ki, etnomədəniyyətdə dini, dünyəvi dünyagörüşlər, etnomilli dəyərlər özünü göstərir.
XIX əsrdə Rusiya və İran Azərbaycanında fərqli etnomədəni proseslər baş vermişdir. Rusiyanın aşıladığı Avropa düşüncəsi və həyat tərzi, Türkiyənin aşıladığı türk özünüdərketmə hissi Rusiya Azərbaycanında güclü olmuş, İran Azərbaycanı tükçülüyə yad olmasa da daha çox iranlı kimliyinə sahib olmuş, bütün bunlar hər iki tərəfdə etnomədəniyyətə öz fərqli təsirini göstərmişdir. Bu təsir Şimalda və Cənubda baş verən tarixi hadisələr fonunda daha da gücləndi.
Şimali Azərbaycanda baş verən hadisələr: 1905-ci il rus inqilabının təsiri, milli mətbuatın yaranması, ilk siyasi təşkilat, kimlik axtarışı; 2) 1917-1920-ci illərin inqilabları, muxtariyyət, dövlətçilik və müstəqillik uğrunda mübarizələr; 3) Azərbaycan etnomədəniyyətində uğurlu inkişaf, etnomədəniyyətdə türkçülük, islamçılıq və müasirliyin vəhdəti, etnomədəniyyətin siyasi, mədəni təzyiqlərə məruz qaldığı sovet dövrü; 4) Müstəqil Azərbaycan Respublikası və siyasi-iqtisadi-mədəni inkişafın yeni mərhələsi.
Həmin dövrdə Şimali Azərbaycana da təsir edən Cənubi Azərbaycanda aşağıdakı proseslər özünü göstərdi:
1. Səttərxan hərəkatı və Məşrutə inqilabı;
2. Xiyabani hərəkatı;
3. Pişəvərinin başçılıq etdiyi Azərbaycan Demokratik Partiyasının hakimiyyəti;
4. Xomeyninin başçılıq etdiyi şahlığın devrilməsilə nəticələnən islam inqilabı.
Azərbaycan etnomədəniyyətində əsrlər boyu türkçülük, islamçılıq, İrandilli və Qafqazdilli elementlər əsas yer tutub. XX əsrdə Azərbaycan Demokratik Respublikası türkçülük, islamçılıq və müasirlik ideyasını gerçəkləşdirdi. Azərbaycançılıq-Vətənçilik ideyaları, milli mənlik şüuru, milli soykökə qayıdış, türk dünyası ilə bağlılığın möhkəmlənməsi baş verdi. Etnomədəniyyətdə türkçülüyün təməl prinsiplərindən biri-milli dilin, ədəbiyyatın, tarixin və mədəniyyətin və sivilizasiyasının inkişafına və yüksəlişinə, türk dünyası ilə sıx əlaqələrin yaradılmasına nail olmaq idi. Müasirləşmə dünyanın qabaqcıl təcrübəsindən istifadə etməklə, müasir milli etnomədəniyyət yaratmaq və inkişaf etdirmək, dünyəvi-demokratik dövlət qurmaq nəzərdə tuturdu. İslamlaşmaq Azərbaycan etnomədəniyyətinin və həyat tərzinin ayrılmaz tərkib hissəsi olan islam dininə ümumbəşəri milli-mənəvi təkamül də islami dəyərləri əsas götürmək demək idi.
Azərbaycanın etnomədəniyyətinin dünya mədəniyyətində tutduğu yeri, onun özünəməxsus milli-mənəvi dəyərləri əks etdirməsini Ulu Öndər Heydər Əliyev yüksək qiymətləndirərək demişdir: "İki minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Xalqımızın əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır. Sənət korifeylərinin yaradıcılığı ümumbəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət etmişdir. Şərqdə, o cümlədən, Azərbaycanda təşəkkül tapmış intibah dünya mədəniyyəti tarixinin ən parlaq səhifələrindən biridir" .
Etnomədəniyyətdə azərbaycançılıq milli-mədəni həyatda çoxəsrlik ənənələrin ahəngdarlığını, bütün etnosların qarşılıqlı əlaqədə, bütün dinlərin və mədəniyyətlərin yanaşı mövcudluğunu təmin edir. Azərbaycan etnomədəniyyəti xalqda vətənçilik, vətən əxlaqı, vətənpərvərlik tərbiyə etməklə yanaşı, ünsiyyət birliyi, qarşılıqlı zənginləşmə üçün şərait yaradır.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 9 sentyabr.- S.15.