Əxlaqi-mənəvi mədəniyyət,
hüquqi dövlət və vətəndaş
cəmiyyəti
Əxlaqi-mənəvi mədəniyyət xalqın həyat tərzindən, insanların birgə yaşayışından doğan ümummilli və ayrılıqda hər bir fərdin baxışlar sistemidir. Azərbaycan tədqiqatçısı M.Yusifov çox doğru olaraq əxlaqi-mənəvi məzəmmət sistemi və bu sistemi təşkil edən komponentlərin xalqın sosial-mədəni, dini və mənəvi həyatı və həyat tərzində yarandığını və onun azərbaycançılıq ideyası ilə qarşılıqlı əlaqədə olduğunu göstərmişdir: "Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun sosial həyatında, milli məişətində, mədəniyyətində, inam və əxlaqi məziyyətlərində etiketləşərək, ta qədim dövrlərdən indiyə kimi yaşaya-yaşaya gəlib çıxmışdır. Azərbaycan cəmiyyətində xalqın özünə məxsus olan və milli-mənəvi keyfiyyətləri canlandıran dostluq və yoldaşlıq, mərdlik və ədalətlilik, böyüyə hörmət və kiçiyə qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik və səxavətlilik, namusluluq və qeyrətlilik, vətən və el, doğma torpaq və yurd təəssübkeşliyi, birlik və vəhdət haqqında etiketlər yaranmışdır".
Azərbaycan xalqının yaratdığı əxlaqi dəyərlər tarixən dəyişmiş, onun etnik varlığının, tarixi mövcudluğunun ilkin dövründə mənəvi həyatı inkişaf etdirən xalqın aparıcı nümayəndələri maddi və milli-mənəvi dəyərlər yaratmışlar. L.N.Qumilyov yazır ki, milli-mənəvi, əxlaqi sahədə bu qazanılanlar "imperativə" çevrilir və zamanca "passizm" adlanan duyğu formasını qazanır. Bunun mahiyyəti ondan ibarətdir ki, etnik birliyin hər bir fəal qurucusu özünü əcdadlarının tutduğu xəttin davamçısı və ona nə isə əlavə edəcək şəxs kimi hiss edir. Yeni nə isə edilən bir şey onu ifadə edir ki, keçmiş itməmiş və o, insanın özündədir və odur ki, ona nə isə əlavə etməyə dəyər. Bununla da keçmiş itmədən indidə toplanır və gələcəyə doğru hərəkət edərək yaşayır.
İnsanların vətəndaş cəmiyyətinə, hüquqi dövlətə və bir-birinə olan münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Ənənəvi cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını din yerinə yetirir, ənənəvi cəmiyyətlərin dağılması demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaranması zamanı bu vəzifəni rasional əxlaq yerinə yetirir.
Əxlaq nəzəriyyəçiləri əxlaq və digər mənəvi prinsiplər arasındakı fərqin spesifik cəhətlərini nəzəri cəhətdən təsdiq etmişlər. Rusiya filosofu K.Drobnitski mənəvi prinsiplərə insanların mövcud şəraitdə tənqidi münasibətin qabiliyyətinin mənəvi-tarixi inkişafı prosesində ənənələr və adətlər, siyasi-iqtisadi vəzifələr yerinə yetirsə də hər bir cəmiyyətdə fərdi mənəvi dəyərlər də mövcud olmuşdur. Hər bir adət-ənənə fərdi-mənəvi keyfiyyət tipi kimi - şərəf, ləyaqət, xeyirxahlıq kimi qiymətləndirilir.
Y.Tukkelin qeyd etdiyi kimi, mənəvi adətlər siyasi-iqtisadi həyatın bilavasitə əlavəsinə çevrilərək, əxlaqi sərvətləri real məzmun olmadan yalnız formaca özündə saxlayır: "Axı, şərəflilik, xeyirxahlıq siyasi əmrlərin gözlətməsidir. Ümumiyyətlə, mənəvi prinsiplər insan həyatının mənası haqqındakı düzgün təsəvvürlərini formalaşdırır". S.Xəlilov düzgün olaraq göstərir ki, "mənəviyyat" və "mədəniyyət" anlayışlarını qarşılaşdırmış olsaq, görərik ki, mədəniyyət sferasına aid olan, yəni insanın əməli fəaliyyəti ilə bağlı olan bir çox hadisələr mənəvi-əxlaqi məzmun daşıyır. Elmin, ədəbiyyatın, incəsənətin, dinin və hətta siyasi-hüquqi fəaliyyətin əxlaqi-mənəvi aspektləri vardır. Mənəvi mədəniyyət məhz bu iki böyük həcmli anlayışın kəsişmə sahəsini əhatə edir.
Digər Azərbaycan tədqiqatçısı Emin Mustafayev əxlaqi-mənəvi mədəniyyəti fikir hesab edir və islamda əxlaqi-mənəvi mədəniyyət probleminə toxunaraq yazır ki, isanların buna mənəvi ehtiyacı vardır. Bunlar əzəldən insan təbiətinə qoyulmuşdur. Lakin onlar bir növ mənəvi instinktlər, hələ açılmamış, aydınlaşmamış mənəvi anlayışlar hesab olunur. Zaman keçdikcə belə mənəvi anlayışlar insanda onun şəxsiyyəti, daxili aləmi, individual seçiminə uyğun olaraq tam formalaşır. Formalaşmış mənəviyyat insanın daxili mənəvi nizamlayıcısının Allah-Taalanın təyin etdiyi mənəviyyat qanunları ilə uyğunluğuna səbəb olur. Lakin əgər insanın daxili aləmi öz fitri mənəvi ehtiyaclarına rəğmən, gerçəkləşdiyi zaman ilahi mənəviyyat qanunları ilə ziddiyyət təşkil edərsə, onda belə bir insanın qəlbində mənəviyyatsızlıq hökm sürəcəkdir. Mənəviyyatsızlıqdan doğan əməl və hərəkətlər isə günah adlanır. Günahın təhlükəsi qeyri-ixtiyari olaraq insanın daxili, ruhani aləmini və bununla da, onun şəxsiyyətini bütünlüklə özünə tabe edir. Mənəviyyatsızlığın toxumları hesab olunan günahlar öz müəllifləri tərəfindən tam şüurlu şəkildə həyata keçirilir.
İslam aydın və qəti olaraq bəyan edir ki, insanın yaradılışından məqsəd İlahi mənəviyyat qanunlarına salmaqla, Allaha yetişərək əbədi səadətə - dünya və axirət səadətinə qovuşmaqdır. Bu din bizə insanın dünya həyatının sınaq, fədakarlıq dövrü, gələcək əbədi həyata hazırlıq dönəmi olduğunu öyrədir. Deməli, bu dünyadakı həyatımızın əsas məqsədi qarşıdakı əbədiliyə lazımi şəkildə hazırlaşmaqdan ibarətdir. Dünya həyatı qısa və təkraredilməzdir, çünki insan yer üzündə yalnız bir dəfə yaşayır. Ona görə də, öz həyatımızı məhv etmək istəmiriksə, bu dünyada yaxşılıqlar etməli, saleh əməl sahibi olmalıyıq, çünki məhz bu əməl və xeyirxahlıqdan Allah-Taala əbədilik qapısında bizdən tələb edəcək.
Hər bir müsəlman Allahın köməkliyi ilə həyatını saleh əməllərə yönəltməsi baxımından öz dünya həyatının müəllifidir. Lakin xeyirxah bir insan olmaq üçün o, nöqsan və qüsurları ilə mübarizə apararaq, öz üzərində işləməli və özündə xeyirxah və İlahi keyfiyyətləri inkişaf etdirməlidir. Bu mübarizə və cəhdlər, dünya həyatının bu fədakarlığı hər bir müsəlman üçün zəruridir. Uca Tanrı buyurur: "Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır)". (74;38). Hər bir insanın həyatındakı bu fədakarlığı nəticəsində onun mənəvi siması hasil olur. O, bütün dünya həyatı boyu özünü islah etməyə, öz daxili aləmini saflaşdırmağa və mənəvi kamilliyə yetişməyə cəhd etməlidir. İslam nöqteyi-nəzərindən həyat cəhd, mübarizə, fədakarlıqdır, daima xeyirxahlıq və kamilliyə can atmaq yoludur. Bu yolda dayanmaq isə mümkün deyil. Öz üzərində işləməyi dayandıran insan olduğu kimi qalmayacaq, mütləq daha pis olacaq - yuxarı atılan və yüksəlməyi dayandıran daş kimi havada asılı qalmayacaq, mütləq aşağı düşəcək... İslam əbədi səadətə qovuşmağın aydın yolunu göstərir. O səadətə ki, həm dünya, həm də axirət həyatımızı əhatə edir. Dünya həyatının səadəti Allahın bəxş etdiyi qəlb rahatlığı, ruhun şad olmasıdır, bunu isə yalnız mənəviyyat qanunları ilə yaşamaqla əldə etmək olar. Günahlar isə bizi mənəviyyat qanunlarına uyğun olaraq yaşamaq imkanından və deməli, qəlb rahatlığından məhrum edir, bunu da başqa heç nə ilə əvəz etmək mümkün deyil! Beləliklə, günahlar bizim xoşbəxtliyimizin düşmənləridir. Hər bir günah, istisnasız olaraq, səadətin əsas düşməni və maneəsi olduğu üçün, aydın məsələdir ki, səadətə can atan insan hər cür günahdan qaçmaq və Tanrıdan bütün günahlarla mübarizə etmək üçün mərhəmət və kömək diləməlidir...
Bir sözlə, xalqın aparıcı hissəsi etnik birliyin yaratdığı əxlaq mənəvi mədəniyyəti inkişaf etdirərək onu yaşadır. Milli-mənəvi dəyərlər insan həyatına daxil olaraq fərdi mənsub olduğu xalqın ideallarına qovuşdurur. Milli-mənəvi dəyərləri xalq, cəmiyyət yaradır, şəxsiyyət isə onu mənimsəyərək formalaşır. Milli-mənəvi dəyərləri mənimsəyən insan onu özününküləşdirir.
Əxlaqi-mənəvi mədəniyyət və onun tərkibinə daxil olan ənənələri, mentaliteti sıxışdırmaq və milli şüuru kosmopolitləşdirməklə qloballaşma millətin özünüqoruma instiktlərini zəiflədə bilər. Ona görə də S.Xəlilov çox düzgün olaraq qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizi təhlükədən uzaqlaşdırmaq üçün milli-fəlsəfi fikrə istinad etməyi, milli ideologiya və milli-sosial özünüqoruma şüuru formalaşdırmağı tövsiyə edir, çıxış yolunu milli-mənəvi dəyərləri əxz edərək real proseslərə formal əlavə etməkdə deyil, milli və ümumbəşəri dəyərlərin müasirliyin məzmunu müstəvisində vəhdətinə nail olmaqda görür. Bu mövqeyi Y.Rüstəmov da müdafiə edərək yazır: "Azərbaycanın Avropaya inteqrasiya olunması, onun müasir Qərb sivilizasiyasının dəyərlərini qəbul etməsi heç də Azərbaycanın öz milli və dini varlığından imtina etməsi deyil".
Əxlaqi-mənəvi mədəniyyət praktik mənəviyyatı şərtləndirir. Mənəvi mədəniyyət cəmiyyətin, hər hansı sosial qrupun qazandığı mənəvi inkişaf ölçüsüdür. Bu ölçü mənimsənilmiş və insan fəaliyyətində realizə olunan mənəvi sərvətlərlə xarakterizə olunur. Mənəviyyat kimi mənəvi mədəniyyət də mənəvi şüuru, əxlaqi münasibətləri və mənəvi fəaliyyəti əhatə edir. Əxlaqi-mənəvi mədəniyyət bütün mənəvi təsəvvürlər və normalar sistemini deyil, cəmiyyətin insanlar tərəfindən mənimsədiyi mənəvi təcrübənin bir hissəsini, əxlaqi-etik biliklərin yalnız praktik olaraq həyata keçirilən həcmini əhatə edir. Əxlaqi-mənəvi mədəniyyətin bütöv bir sistem kimi struktur elementləri bunlardır:
1. Etik təfəkkür mədəniyyəti (etik bilikdən istifadə etmək bu və ya digər həyat tərzi xüsusiyyətlərinə mənəvi normaları tətbiq etmək bacarığı və s.).
2. Hiss mədəniyyəti.
3. Davranış mədəniyyəti dərk edilmiş mənəviyyat prinsip və normalarına uyğun olaraq davranmaq, hərəkət etmək bacarığı.
4. Davranış formasını və manerasını reqlamentləndirən etiket. Əxlaqi-mənəvi mədəniyyət subyekti, ictimai praktikanın (xalqın, sinfin, sosial qrupun, kollektivin, şəxsiyyətin) mənəvi sərvətlər sisteminin tarixi konkret fəaliyyətini əks etdirir.
Cəmiyyətin əxlaqi-mənəvi mədəniyyəti məzmun baxımından təsbit olunmuş mənəvi sərvətlər və oriyentasiyalar sistemini şəxsiyyətin mənəvi mədəniyyətinə nisbətən daha dolğun və geniş əhatə edir. Şəxsiyyətin mənəvi mədəniyyətində bu sistemin komponentləri özünü təkrarolunmaz fərdi spesifika ilə göstərir. Şəxsiyyət cəmiyyətin mənəvi mədəniyyətinin nailiyyətlərini öz şüurunda və davranışında bu və ya digər dərəcədə və fərdi yeniliklərilə cəmləyir. Bu isə ona tez-tez təkrarlanan hallarda mənəvi cəhətdən düzgün hərəkət etmək imkanı yaradır, onun mənəvi şüurunun yaradıcı elementlərini fəallaşdırır, qeyri-standart vəziyyətlərdə düzgün mənəvi qərar verməsinə imkan yaradır.
Əxlaqi-mənəvi mədəniyyətin bu iki səviyyəsi qarşılıqlı şəkildə əlaqədardır. Cəmiyyətin mənəvi inkişaf səviyyəsi bir çox hallarda şəxsiyyətin mənəvi mədəniyyətinin kamilliyi ilə müəyyən edilir. Digər tərəfdən vətəndaş cəmiyyətinin mənəvi mədəniyyət nə qədər zəngin olsa, fərdin mənəvi mədəniyyətinin kamilləşməsi üçün bir qədər çox imkan yaranır. Qloballaşmanı mədəniyyət və əxlaq nöqteyi-nəzərindən Qərbləşmə kimi qəbul edənlər də var. Azərbaycanda qloballaşma əleyhinə çıxanlara daha çox təsadüf olunur. İ.Məmmədzadə bunu Azərbaycanda şüurlarda ənənəvi şüur ehkamlarının hakim olması ilə izah edir.
Yad və yeni dəyərlərə şübhə ilə yanaşılır. Qloballaşma siyasi şüurda zəruri hesab edilsə də, siyasi şüur və "ziyalı" şüuru arasında ziddiyyət baş verir. Siyasi şüur qloballaşmanı, demokratikləşməni, bazar iqtisadiyyatını islahatlar və modernləşmənin mənası kimi qəbul etdiyi halda cəmiyyətin "ziyalılaşmış" şüuru ona şübhə ilə Azərbaycan mədəniyyətinin və milli-mənəvi dəyərlərinin özünəməxsusluğuna təhlükə kimi yanaşır. İ.Məmmədzadə maraqlı bir məsələyə toxunur. O, ənənəvi mədəniyyətin, o cümlədən, əxlaqi-mənəvi mədəniyyətə qədər yalnız öz inkişafı sayəsində, heç bir təsir olmadan gəlib çıxdığına şübhə ilə yanaşır. Hər bir milli-mədəniyyət, milli-mənəvi dəyər həm də qlobal mədəniyyətin, ümumbəşəri dəyərlərin bir hissəsi kimi çıxış edir.
Heydər Əliyev mənəvi tərbiyədə, yüksək mənəviyyat tərbiyəsində ümumbəşəri dəyərlərlə yanaşı, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin mənimsənilməsinə birinci dərəcəli yer verirdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalı, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Vətənə sadiq olmaq, vətəni sevmək torpağa bağlı olmaq: budur vətənpərvərlik" . Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlər və vətənpərvərlik hissinin qarşılıqlı əlaqəsinə böyük əhəmiyyət verirdi.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 10 sentyabr.- S.15.