Azərbaycanda təhsil sahəsində
aparılan islahatlar davamlı xarakter daşıyır
Azərbaycan
Texniki Universtitetinin rektoru, professor Havar Məmmədov
- Havar
müəllim, bu gün Azərbaycan özünün yüksək
inkişaf mərhələsini yaşayır, bütün sahələrdə
uğurlar qazanılır. Təhsil sahəsinin
inkişafı Azərbaycan dövləti üçün
prioritet istiqamətlərdən biridir. Siz
bir təhsil işçisi kimi dövlətin təhsil sahəsində
həyata keçirdiyi islahatları necə qiymətləndirirsiniz?
- Təbii
ki, təhsil sahəsində həyata keçirilən
islahatlar yüksək qiymətləndirilməlidir. Çünki təhsil hər bir ölkə
üçün strateji bir sahədir. Ulu öndərimiz
Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir.
Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin
inkişafının əsasını təşkil edir.
Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində
həyata keçirilən islahatlar, o cümlədən təhsil
sistemində müasir infrastrukturun yaradılması, məktəb
tikintisinin geniş vüsət alması isə xüsusilə
diqqətəlayiqdir. Hazırda bütün dünyada
xalqların, dövlətlərin inkişafı ilə
bağlı müasir çağırışlar ilk növbədə
məhz təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi
ilə bağlıdır. Təsadüfi
deyil ki, Birləşmiş Millətlər Təşkilatı
XXI əsri “Təhsil əsri” elan edib.
Bu mənada məmnunluq hissi ilə deyə bilərik ki,
müstəqil Azərbaycan təhsil sahəsində müasir
dövrün hədəflərinə doğru inamla irəliləyir. Ölkəmizdə
təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət
və qayğısı sayəsində dövlət siyasətinin
prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin ölkəmizdə təhsilin
ən yüksək səviyyədə inkişaf etdirilməsi
ilə bağlı dövlətin, cəmiyyətin
qarşısına qoyduğu hədəflər
reallığa əsaslanır. İlk
növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycan
cəmiyyətinin, ələlxüsus da gənc nəslin təhsilə,
innovasiyalara böyük marağı var. Ölkəmiz zəngin
təhsil ənənələrinə, güclü intellektual
və kadr potensialına malikdir. Uzun illər
boyu yaranmış ənənələr yeni dövrün tələbləri
nəzərə alınmaqla daha da inkişaf etdirilməlidir.
Azərbaycanda təhsilin inkişafı, bu sahədə
geniş məzmunlu islahatların həyata keçirilməsi,
müasir infrastruktur bazasının yaradılması həm də
ölkənin güclü iqtisadi potensialı ilə şərtlənir. Hazırda Azərbaycan
iqtisadiyyatının dinamik inkişaf səviyyəsi
respublikada iri sosial layihələri reallaşdırmağa, o
cümlədən də təhsil infrastrukturunu yeniləşdirməyə
imkan verir. Ölkəmizin,
xalqımızın xoşbəxtliyi ondadır ki, Prezident
İlham Əliyevin təşəbbüsü ilə respublikanın
iqtisadi kapitalının, maddi resurslarının insan
kapitalına çevrilməsi istiqamətində
ardıcıl tədbirlər həyata keçirilir.
Ölkəmizdə təhsil sahəsinə investisiyalar
yönəldilməsi dünyanın inkişaf etmiş ölkələri
sırasında yer tutmağı qarşısına məqsəd
qoyan Azərbaycanın gələcəyinə yönəldilən
sərmayələr kimi qiymətləndirilir.
Ölkədə
təhsilin keyfiyyət göstəricilərinin
yaxşılaşmasını şərtləndirən ən
mühüm amillərdən biri isə heç şübhəsiz
ki, təhsil prosesinin inkişaf etdirilməsi, təhsil şəbəkəsinin
müasir infrastrukturla təmin edilməsi, maddi-texniki
bazanın təkmilləşdirilməsi, müasir standartlara
cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil
ocaqlarında kontingent sıxlığının aradan
qaldırılmasına, tədris mühitinin
optimallaşdırılmasına nail olmaqdan ibarətdir. Bu mənada son 10 ildə Prezident İlham Əliyevin
diqqət və qayğısı sayəsində ölkəmizdə
təhsil müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, respublikanın
hər yerində məktəb tikintisinin geniş vüsət
alması təqdirəlayiqdir. Belə ki, son
10 ildə dövlət başçısının Azərbaycanın
müasirləşdirilməsi siyasətinin tərkib hissəsi
olaraq təhsil sahəsində də ciddi islahatlar həyata
keçirilib. Respublikanın dövlət
büdcəsində təhsil sahəsinə ayrılan xərclər
ilbəil artır. Təsadüfi deyil ki,
dövlət büdcəsində müdafiə xərclərindən
sonra ən çox vəsait ayrılan sahə məhz təhsildir.
Son 10 ildə ölkəmizin təhsil sistemində əldə
olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb
tikintisi ilə bağlıdır. Son 10 ildə 2000-dən
çox məktəb binası tikilib istifadəyə verilib və
ya əsaslı təmir olunub.
Eyni
zamanda, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım
Əliyeva müntəzəm olaraq təhsil sahəsində
inkişafı dəstəkləyən yeni-yeni layihələrlə
çıxış edir. Fond 2005-ci ildən təhsil
sahəsində daha bir təşəbbüslə
çıxış edərək “Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsini həyata keçirməyə
başlayıb. Layihənin əsas məqsədi təhsil
sahəsində mövcud olan problemlərin həllinə
kömək etməkdən, ölkə miqyasında müasir
standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin
səviyyəsinə bilavasitə təsir edən problemləri
aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin,
yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların
bu sahədə birgə əməkdaşlıq
imkanlarını müəyyənləşdirərək
ümumi işin xeyrinə yönəltməkdən ibarətdir.
Onu da xüsusi
vurğulamaq istəyirəm ki, təhsil sahəsində həyata
keçirilən islahatlar davamlı xarakter daşıyır.
Bu mənada “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi nəticəsində
bu sahədə yeni-yeni nailiyyətlər əldə ediləcək.
- Azərbaycan
təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası prosesi
hansı səviyyədədir? Bu sahədə əldə
olunan nəticələri necə dəyərləndirirsiniz?
- Əlbəttə
ki, aparılan
islahatların başlıca məqsədlərindən biri
ölkəmizin təhslini, dünya, o cümlədən Avropa
təhsil sisteminə uyğunlaşdırmaq, inteqrasiya etməkdir.
Şübhəsiz, bu istiamətdə də
ciddi nəticələr əldə olunur. 2006-cı ildən
Azərbaycan Respublikasının ali məktəbləri
Boloniya prosesinə qoşulmuşlar.
Bilirsiniz ki, vahid təhsil məkanı
formalaşdırılır, təhsil xidmətlərinin
mobilliyi təmin olunur, yeni təhsil standartları və təhsilin
təşkilini reqlamentləşdirən normativ sənədlər
işlənib hazırlanır. Ali təhsil sisteminin
Bolonya prosesi kontekstində modernləşdirilməsinin, təhsilin
keyfiyyətinin yüksəldilməsinin və nəticələrinin
tanınmasının əsas istiqamətlərindən biri də
tədris prosesində və idarəetmə strukturlarında
müasir informasiya texnologiyalarının tətbiqidir. Təhsildə informasiya texnologiyalarının tətbiqi
ilə əlaqədar həll olunmalı məsələlərin
dairəsi genişdir. Təhsildə yeni tədris
texnologiyaları açıq və distant təhsil
üçün informasiya tədris vasitələrinin
yaradılmasını, asinxron tədris texnologiyalarının
tətbiqini, elektron dərsliklərin, təhsil
portallarının yaradılmasını və multiagentli
texnologiyalardan istifadə tələb edir. Bu
mənada ölkə təhsilinin Avropa təhsil sisteminə
inteqrasiyası prosesində ciddi nəticələr əldə
olunmaqdadır və bu yöndə işlər uğurla davam
etdirilməkdədir.
- Havar
müəllim, Azərbaycanda həyata keçirilən gənclər
siyasəti haqqında nə deyə bilərsiniz?
-
Bildiyiniz kimi, gənclər hər bir ölkənin
ictimai-siyasi, sosial-mədəni həyatında mühüm
rola malik bir qüvvədir. Gənclərə
verilən dəstək həm də ölkənin
güclü və firavan gələcəyinə edilən
yatırımdır. Təsadüfi deyil
ki, bu gün həyata keçirilən dövlət siyasətin
önəmli tərkib hissəsini məhz gənclər siyasəti
təşkil edir. Ümumiyyətlə, Azərbaycanda
gənclər dövlətin diqqət və
qayğısını hər zaman öz üzərində
hiss edib. Əsası Ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan gənclər siyasətinin
başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji
cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin
üzə çıxarılması və onların ölkənin
gələcəyinə töhfə verməsini təmin etməkdir.
Bu gün də Azərbaycanda gənclər siyasəti
uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin məqsədyönlü siyasətinin
nəticəsidir ki, bu gün Azərbaycanda yüksək
intellektual səviyyəyə, vətənpərvərlik
hissinə, milli düşüncəyə, malik gənclər
formalaşır. Azərbaycan gəncləri
gündən-günə ölkənin ictimai-siyasi həyatında
daha böyük rol oynayır. Hazırda
respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və
gənclər təşkilatlarının aktiv fəaliyyəti
dövlətin yaratdığı şərait sayəsində
mümkün olub. Məhz dövlətin gənclərə
dəstək və diqqət göstərməsinin nəticəsində
Azərbaycan gəncliyində özünə, öz
gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq
olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə
ölkəmizin şərəfini ucaldıblar.
Təbii ki, dövlətin bu istiqamətdə
gördüyü tədbirlər bundan sonra da davam etdiriləcək. Belə ki, gəncliyin
inkişafı ilə bağlı dövlət proqramları həyata
keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin
inkişafına böyük töhfələr verir.
Mən dövlət gənclər siyasətinin əhəmiyyətini
faktlara əsasən vurğulamaq istəyirəm. İlk olaraq,
1994-cü ildə Gənclər və İdman Nazirliyi
yaradıldı. Qeyd edim ki, Azərbaycan
dövlətinin gənclər siyasətinin
formalaşmasında və gənc nəslin geniş fəaliyyət
meydanına çıxarılmasında Ulu öndər Heydər
Əliyevin təşəbbüsü və iştirakı ilə
keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu.
1996-cı il fevralın 2-də keçirilən
bu forum Ümummilli lider Heydər Əliyevin gəncliklə
bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi.
1997-ci ildə Ümummilli lider Heydər
Əliyevin Sərəncamı əsasında I Forumun
keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər
Günü kimi elan edildi. Milli Məclis tərəfindən
isə «Dövlət gənclər siyasəti haqqında» qanun
qəbul olundu.
Qeyd
etdiyim kimi Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu dövlət gənclər siyasəti bu gün Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Dövlət başçısı gəncləri
aparıcı qüvvəyə çevirmək və
onların sosial iqtisadi problemlərinin həllini təmin etmək
məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan
gəncliyi” Dövlət Proqramını təsdiq edilərək
həyata keçirildi. Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan
edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”
haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə
diqqət və qayğının davamlı bir siyasət
olduğunu bir daha təsdiqlədi.
Xüsusilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin
yerinə yetirilməsi gənclər siyasətini daha da
inkişaf etdirməyə, gənc mütəxəssislərin
işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin
təmin edilməsinə xidmət edir. Sərəncamda da bu
reallıq öz əksini tapıb ki, qloballaşmanın
vüsət aldığı və informasiya cəmiyyətinin
sürətlə formalaşdığı hazırkı mərhələ
Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və
digər sahələrdə gənclərin daha fəal
iştirakını təmin etmək istiqamətində
aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini
tələb edir. Yəni, qəbul olunan proqramda
gənclərlə bağlı bütün həlli vacib məsələlər
öz əksini tapıb.
Eyni
zamanda, ölkə Prezidentinin 19 dekabr 2011-ci il
tarixli Fərmanı əsasında Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
yanında Gənclər Fondunun yaradılması, 2 iyul
2013-cü il tarixli Fərmanı ilə “Gənclər
üçün Prezident Mükafatı”nın təsis edilməsi
də əhəmiyyətli addımlardandır. Məqsəd
gənclərin hərtərəfli inkişafını, cəmiyyətin
həyatında fəal iştirakını təmin etməkdir.
Hesab edirəm ki, gənclər öz fəaliyyəti
ilə dövlətin göstərdiyi etimadı
doğrultmalıdırlar.
- Sizcə,
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” perspektiv üçün nələr vəd edir?
- Azərbaycanda
təhsil sahəsində həyata keçirilən islahatlar təhsilin
keyfiyyətinin yaxşılaşması və peşəkarlıq
səviyyəsinin yüksəlməsinə töhfə verir. Digər tərəfdən, azərbaycanlı gənclərin
dövlət hesabına xarici ölkələrdə təhsilini
nəzərdə tutan dövlət proqramının icrası
da uğurla davam edir. Hazırda xaricdə təhsil alan azərbaycanlı tələbələrin
sayı 10 mindən artıqdır. Təhsilini
başa vuran gənclərimiz isə ölkəyə
qayıdaraq müxtəlif sahələrdə peşəkar fəaliyyətlərilə
respublikanın inkişafına töhfələrini verir.
Bu mənada qeyd etdiyiniz Dövlət proqramı
xüsusilə əhəmiyyət kəsb edir. Hesab edirəm
ki, bu proqram böyük insan kapitalının yetişməsi
baxımından çox mühümdür. Təbii ki, xaricdə
təhsil alıb yüksək biliklərə yiyələnən
gənclərimiz təhsilini başa vurandan sonra qayıdıb
dövlətimizə xidmət göstərməlidirlər.
Diqqət çəkən məqamlardan biri odur ki, proqram əsasında
təhsil alan gənclərin ən
çox seçdiyi ixtisaslardan biri mühəndislikdir. İqtisadiyyatı sürətlə
inkişaf edən ölkənin mühəndislərə
böyük ehtiyacı var. Biz də universitet olaraq proqram
üzrə təhsil alan gəncləri
işə dəvət edirik.
- Havar
müəlim, bu gün Bilik günüdür, ölkəmizdə
yeni tədris ili başlayır. Rəhbərlik etdiyiniz Azərbaycan Texniki Universiteti
yeni tədris ilinə necə hazırlaşıb?
- Bilik günü Azərbaycanda böyük bayram kimi qeyd olunur. Bu, bir ənənəyə çevrilib. Bilik günü hər il olduğu kimi bu ildə bizim universitetdə də qeyd edilib. Biz ötən dövr ərzində ali məktəbin maddi-texniki bazasınını gücləndirilməsinə xüsusi önəm vermişik. Çünki maddi-texniki bazası zəif olan, labortoriyaları olmayan ali məktəblərdə yüksək ixtisaslı kadr hazırlığından söhbət gedə bilməz. Bilirisiniz ki, dövlətimiz ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinin artırılmasına, eləcə də universitetlərinin binalarının əsaslı təmirinə xüsusi diqqət yetirir. Bu diqqətin nəticəsi olaraq universitetimiz də ciddi nəticələr əldə etməkdədir.
- Havar müəlim, sonda universitetin beynəlxalq əlaqələri ilə bağlı məlumat verməyinizi xahiş edirik...
- Beynəlxalq əlaqələrimizə gəlincə, bu istiqamətdə də geniş fəaliyyət həyata keçiririk. Azərbaycan təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması prosesi artıq dönməz xarakter alıb və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu prosesin önündə gedən universitetlərdən biri kimi Azərbaycan Texniki Universitetində də mühüm işlər yerinə yetirilir. Universitetimiz beynəlxalq əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bütün təklifləri dəyərləndirir və bir çox hallarda münasibətlərin formalaşdırılmasında aparıcı rol oynayır.
Universitetimiz müxtəlif beynəlxalq layihələrdə
iştirak (tədris, elm, mübadilə və s.) edir. AzTU-da son illərdə bir neçə
tədris layihələri (TEMPUS) yerinə yetirilib.
Hal-hazırda AzTU-da ondan artıq tədris layihəsi yerinə
yetirilir ki, bunlardan «TEMPUS»,
«KOİCA», «NRF», «Paris-Tech», «DAAD», «ATF» (DGF), «İskratel», ETAP-
General Electric (GE)-AzTU və s. kimi layihələri xüsusi
qeyd etmək istərdim. Bu layihələrə
uyğun olaraq biz geniş beynəlxalq əməkdaşlıq
edirik, tədrisin müasir texnologiyaların tətbiqi ilə
qurulmasına çalışırıq. Məsələn, Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyinin (KOİCA) Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlığı
sayəsində bizim universitet “AzTU-da elektron təhsil sisteminin
yaradılması layihəsini uğurla başa
çatdırdı. Bu tədris ilindən
“kağızsız texnologiyalara” əsaslanan yeni sistemin tətbiqinə
başlayacağıq. Universitetimizdə təhsilin
elektronlaşması ilə yanaşı, elektron sənəd
dövriyyəsi, distant təhsil və s. kimi yeniliklərin də
tətbiqinə çalışacağıq.
Universitetimizdə ikitərəfli və çoxtərəfli
əlaqələrin qurulmasına da xüsusi diqqət
yetirilir. Universitetimizin dünyanın 100 –dən artıq
universitetləri ilə əməkdaşlıq müqavilələri
var. Bu müqavilələr çərçivəsində
birgə layihələr yerinə yetirilir, tələbə-müəllim
mübadilələri həyata keçirilir, birgə
konfranslar və işçi görüşlər təşkil
olunur. Bununla yanaşı universitetimiz bir
sıra beynəlxalq assosiasiyaların da üzvüdür (Xəzəryanı
Dövlət universitetləri assosiasiyası, Qara dəniz
hövzəsi universitetləri assosiasiyası, MDB Texniki
Universitetlər assosiasiyası və s.).
Universitetimizdə bir neçə “ERASMUS MUNDUS” və
“MEVLANƏ” mübadilə layihələri həyata
keçirilir.
2014/15 tədris ilində universitetimizin 20-yə yaxın tələbəsi
bu layihələrdən yararlanaraq təhsillərini bir və
ya iki semestr müddətində Avropanın aparıcı ali məktəblərində davam etdirmək
hüququ qazanmışlar. Bu istiqamətdə
işimizi daha intensiv şəkildə davam etdirmək əzmindəyik.
Bütün bunlarla yanaşı xarici ölkələrin
vətəndaşlarının universitetimizdə təhsil
almalarına diqqətlə yanaşırıq. Onlara
lazımi şəraitin yaradılmasına
çalışırıq. Hal-hazırda
universitetimizdə 250-dən artıq əcnəbi tələbələr
təhsil alır, lakin xarici tələbələrin
sayının artırılması istiqamətində səylərimizi
artırmalı, universitetimizin potensialından daha geniş
istifadə etməliyik.
Beynəlxalq əlaqələrimizin əsas istiqamətlərindən
biri də professor-müəllim heyətinin mübadiləsidir. Müxtəlif
layihələrdən yararlanaraq bu istiqamətdə də
işlərimizi davam etdiririk, belə ki, Türkiyədən, Almaniyadan,
İsveçdən, Polşadan və Bolqarıstandan olan
yüksək ixtisaslı mütəxəssisləri AzTU-da tədrisə
cəlb edirik. Bizim universitetin müəllimlərinin
də adı çəkilən universitetlərdə
mühazirələr oxumasına, elmi tədqiqat işləri
yerinə yetirməsinə şərait yaradırıq.
Səs.-
2014.- 16 sentyabr.- S.7.