“Səs” qəzetinin redaksiyasında
"Əsrin müqaviləsi" ilə bağlı tədbir
keçirilib
Bu gün “Səs” qəzetində "Əsrin müqaviləsi"nin 20 ilik yubileyi münasibətilə dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, iqtisadçı-ekspertlər, gənclər və media nümayəndələri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib ki, məqsədimiz "Əsrin müqaviləsi"nin 20 ilik yubileyi münasibəti ilə dəyirmi masa keçirməklə dövrlə gedən prosesləri hökumət və dövlət nümayəndələrinin, millət vəkillərinin, iqtisadçı ekspertlərin iştirakı ilə bir daha müzakirə edib cəmiyyətə çatdırmaqdır: “1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin nüfuzlu neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi" adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu”.Baş redaktor vurğulayıb ki, bu müqavilə Azərbaycanın həm siyasi, həm də iqtisadi həyatında mühüm rol oynayıb: “Bu müqavilənin Azərbaycan tarixində istər iqtisadi, istərsə də siyasi aspektdə əhəmiyyəti olduqca böyükdür. Məhz, bu müqavilənin imzalanması ilə Azərbaycan qısa zaman kəsiyində iqtisadi inkişaf yoluna qədəm qoydu, ölkəmizə xarici investisiyalar cəlb edildi, beynəlxalq arenada ölkəmizin nüfuzu artdı”.“Əsrin müqaviləsi”nin imzalanmasını tarixi bir hadisə kimi qiymətləndirən millət vəkili, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov deyib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bütün nailiyyətlərimizin əsasını təşkil edir və Prezident İlham Əliyevin bu strategiyanı uğurla davam etdirməsi nəticəsində müstəqil dövlətimiz daha da güclənib: “1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndə Müsavat-AXC tandemi neft layihələri ilə bağlı müxtəlif müqavilələr imzalamışdı. Ancaq bu müqavilələlərdən əldə olan gəlirlər ayrı-ayrı adamların cibinə işləyirdi. Yəni bu müqavilələr Azərbaycan xalqına heç bir xeyir vermirdi. 1993-cü ildən 1994-cü ilin 20 sentyabrnadək Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti İlham Əliyev və şirkətin prezidenti Natiq Əliyevlə birlikdə dəfələrlə bir sıra xarici dövlətlərin və şirkətlərin rəhbərləri ilə görüşdülər. Nəticədə bağlanan kontraktların bəziləri ləğv olundu, digərləri isə korrektə olundu. Nəhayət “Əsrin Müqaviləsi” imzalandı və bu hadisədən keçən 20 il ərzində Azərbaycan böyük inkişaf yolu keçir”.Millət vəkili Vahid Əhmədov bildirib ki, 18 oktyabr 1991-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq müqavilələr imzalayıb, amma “Əsrin müqaviləsi”nin imzalanması məhz Azərbaycan iqtisadiyyatını irəliyə doğru aparan amillərdən biri oldu: “Azərbaycan iqtisadiyyatının dirçəldilməsində bu kontraktın böyük əhəmiyyəti var. Eyni zamanda, bu kontraktın imzalanmasından sonra ölkəmizin iqtisadi-siyasi mövqeyi və beynəlxalq aləmdə daha da güclənməsi təmin edildi. Bir amili də nəzərə almaq lazımdır ki, “Əsrin müqaviləsi” ölkənin tək iqtisadi perspektivini həll etmədi. Eyni zamanda, siyasi arenada da Azərbaycanın iqtisadi əsaslara söykənən bir dövlət kimi, mövqeyini sübuta yetirdi”.Dəyirmi masada çıxış edən Aydın Mirzəzadə isə bildirib ki, bu sazişin imzalanması hər şeydən əvvəl Azərbaycan neft sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı olub: “Dünyada təbbi sərvətlərlə zəngin olan və onu dünya bazarına çıxaran dövlətlər çoxdur. Ancaq onlardan heç də hamısı uğur qazanmayıb. Bu müqaviləni fərqləndirən bir sıra xüsusiyyətlər var. Müqavilənin imzalanmasında məqsəd yalnız neftimizi xarici bazara çıxarmaqdan ibarət deyildi. Uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyev “Əsrin Müqaviləsi”ni imzalamaqla yalnız Azərbaycan üçün deyil, region və Avropa üçün bir sıra problemləri həll etmiş oldu”.İqtisadçı ekspert Vüqar Bayramov isə deyib ki, “Əsrin müqaviləsi”inin imzalanması həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm hadisə idi: ““Əsrin müqaviləsi” bugünkü inkişaf üçün təməl rolunu oynadı. Azərbaycan sonrakı dövrdə karbohidrogen ehtiyyatları ilə bağlı 30-dan artıq müqavilə imzaladı. “Əsrin müqaviləsi” yalnız neft-qaz sektorunun işlənməsi üçün imzalanan müqavilə kimi xarakterizə oluna bilməz. Digər tərəfədən, “Əsrin müqaviləsi” neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafını təmin edən impulsa çevrildi”.YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov isə çıxışında vurğulayıb ki, uğurla inkişaf etdirilən neft strategiyası, neftlə bağlı əldə olunan nailiyyətlər bilavasitə Ulu Öndər Heydər Əliyev qətiyyətinin nəticəsidir: “Bu gün Azərbaycanın təbii sərvəti olan karbohidrogen ehtiyatları xalqın sosial təminatının, rifahının yüksəlişinə xidmət edir. Neft gəlirləri sosial layihələrə, əsas infrastruktrurların yenilənməsi işlərinə yönəldilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz neft kapitalını insan kapitalına çevirir. Qəbul olunan müvafiq Dövlət Proqramına uyğun olaraq, xaricdə təhsil alan tələbələrin təhsil haqları ADNF-in hesabına ödənilir. Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin ən başlıca uğurlarından biri də əldə olunan neft gəlirlərinin idarə olunması mexanizminin çox düzgün şəkildə həyata keçirilməsidir”.
Daha sonra çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakultəsinin dekanı Mənsur Bərxudarov, ARDNŞ-ın Baş ofisinin şöbə rəisi, YAP ərazi ilk partiya təşkilatının sədri Aydın Bədəlov, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev, AEN-nin şöbə müdiri Eldar Şiriyev çıxış edərək vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış “Əsrin Müqaviləsi” Azərbaycanın neft strategiyasında yeni dövrün əsasını qoyub.
Səs.- 2014.- 18 sentyabr.- S.8-9.