Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas atributudur

 

 

Vətəndaş hüquqlarının aliliyinə əsaslanan demokratik dövlət quruculuğunu strateji məqsədlərindən biri kimi bəyan etmiş Azərbaycan Respublikasında görüləsi əsas işlərdən biri də qeyri- hökumət təşkilatlarının (QHT) formalaşması və inkişafı üçün münbit siyasi və hüquqi şəraitin təmin olunmasıdır. QHT-lər yerli demokratiyanın inkişafında və ictimai xidmətlərin yüksək səviyyəyə çatdınlmasında mühüm rola malikdir. Azərbaycanda QHT-lərin yaradılması və fəaliyyətini tənzimləyən ilkin normativ akt- "İctimai birliklər haqqında" qanun hələ 1992-ci ildə qəbul edildi. İctimai birliklərin yenicə formalaşdığı həmin mərhələ üçün bu sənəd yetərliydi. Yəni dövlət- QHT münasibətləri tənzimlənirdi. Lakin ictimai münasibətlərin və proseslərin davamlı inkişafı qanunvericilikdə də islahatların aparılmasını labüd etdi. Belə ki, 13 iyun 2000-ci ildə yeni qanunvericilik aktı- "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanun qəbul olundu.

Ş.Bağırov yazır ki, hazırda Azərbaycanda III sektorun fəaliyyətini tənzimləyən kifayət qədər baza formalaşdırılıb. İctimai müzakirələr daim dəyişən dinamikaya söykəndiyindən qanunvericiliyin də daim islahatlarla müşahidə edəcəyi istisnasız bir prosesdir. Faktiki olaraq konstitusiyada təsbit olunan müvafiq əsas qanunla yanaşı, bu sahəni əlaqəli şəkildə tənzimləyən hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", Vergi Məcəlləsi, Mülki Məcəllə, "Sosial sığorta haqqında", "Qrant haqqında" və bir sıra digər hüquqi sənədlər də proseslərin sabit xarakterli inkişafında mühüm rol oynayır. Odur ki, ötən dövr ərzində qeyri-hökumət təşkilatlarının dairəsi də xeyli genişlənib. Belə ki, 2500-dən çox QHT-nin ölkədə fəaliyyət göstərdiyi vurğulanır. Onların yarıdan çoxu dövlət qeydiyyatına alınıb və hüquqi şəxs statusuna malikdir. Eləcə də onların fəaliyyətini əlaqələndirən bir çox birliklər də yaradılıb. Buna QHT Forumu, QHT Konqresi və QHT Konfederasiyasını misal göstərmək mümkündür. Bir sıra sahələr üzrə ixtisaslaşan QHT komissiyaları da fəaliyyət göstərir ki, bu da əsasən insan hüquqları və seçkilər sahəsini əhatə edir. Bu ittifaqlar vaxtaşırı yığıncaqlarını çağırır, QHT-lərin fəaliyyətini əngəlləyən problemlərin həlli istiqamətində birgə səy ortaya qoyur və eləcə də dövlət - QHT-lər münasibətlərinin tənzimlənməsi prosesində şəffaflığın hökm sürməsini təmin etməyə çalışır.

R.Quliyev göstərir ki, Azərbaycanda QHT-lərin dairəsinin genişlənməsində və onların fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsində beynəlxalq təşkilatlar böyük rol oynayır. Hərçənd ki, daha önəmli rol oynaya bilər. Azərbaycanda fəaliyyət göstərən əsas beynəlxalq QHT-lər ABŞ-a məxsusdur. Ötən dövr ərzində bu istiqamətdə olan işlərin ləngiməsində ABŞ-ın "Azadlığı müdafiə aktı"na "907-ci düzəliş"in son dərəcə mənfi rol oynadığı məlum olur. ABŞ hökumətinin "907-ci düzəliş"in müvəqqəti olaraq dayandırılması barədə çıxardığı qərar ölkədə QHT-lərin fəaliyyətinin genişlənməsinə stimul verdi. Hazırda Azərbaycan QHT-ləri və yerli özünüidarəetmə orqanları bir sıra beynəlxalq təşkilatların əsas hədəf qrupları sırasına daxil edilib, onların inkişaf etdrilməsinə yönəlmiş layihələr genişlənib. ASİ, İFES, Avrasiya Fondu, "Uşaqları xilas edin", İREX, "Dünyaya baxış" kimi Amerika təşkilatları, eləcə də bir sıra Avropa təşkilatları (GTZ) yerli özünüidarəetmə sisteminin inkişafına  yönəlmiş, həmçinin QHT-lərin yerli özünüidarəetmə sisteminin inkişafına  yönəlmiş layihələrini daha geniş şəkildə dəstəkləməyə başlayıblar.

Fəlsəfə üzrə fəlsəfə doktoru Z.Şabanovun fikrincə, sürətli inkişaf dövrünü yaşayan ölkələrdə formalaşan güclü vətəndaş cəmiyyəti həmin ölkələrin iqtisadi və siyasi inkişafını sürətləndirə bilər. Qadınların bu prosesdə iştirakının xarakteri və səviyyəsi isə inkişaf prosesinin uğurlu olması üçün vacib həyati əhəmiyyətə malikdir.

Hazırda cəmiyyətimizdə ictimai həyatın bütün sahələrində gender bölgüsünün piramidavari strukturu saxlanılır, yəni qadınlar bir qayda olaraq idarəetmə piramidasının aşağı hissəsində mövqe tuturlar. Ola bilsin ki, gender bölgüsündəki bu vəziyyət tikinti sahəsində əməyin mühafizə sisteminin zəif olması, nəqliyyat sahəsində yol hərəkətindəki yüksək təhlükə və eləcə də qüvvədə olan bir sıra sosial streotiplərdən irəli gəlir. Təhsil və səhiyyə sahələrində isə kişilərə nisbətən qadınların çoxluq təşkil etməsinin səbəbi də bu sahələrdə iş qrafikinin daha dinamik və iş gününün daha qısa olması ilə bağlıdır. Təbii ki, bura uşaqlara olan qayğı və tərbiyə sahəsindəkı məsulliyyəti qadının üzərinə qoyan stereotip də daxildir. Şübhəsiz ki, gender bölgüsünün belə vəziyyətinin digər bir səbəbi də qadınların əmək haqqının daha aşağı olduğu sahələrdə cəmləşməsidir. İqtisadiyyatın dövlət bölgüsündə çalışan qadınların sayının kişilərə nisbətən artması bu qəbildən olan proseslərdəndir.

Mənbələr göstərir ki, qadınların sülh proseslərinə qatılması imkanlarının dəstəklənməsi də Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf Fondunun (UNİFEM) ən əsas prioritetlərindən biridir. 2000-ci ildə məhz bu agentlik BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək istənilən münaqişənin müzakirəsində gender aspektinə arxalanmağa çağırmışdı. Bu çağırışın nəticəsi kimi, 2000-ci il oktyabrın 31-də Təhlükəsizlik Şurası tərəfindən 1325 saylı Qətnamə qəbul edildi, Bu tarixi Qətnamə qadınların münaqişələrin qarşısının alınması və həllində, eləcə də sülh quruculuğunda oynadıqları rolun etiraf edilməsi sahəsində atılmış mühüm bir addım oldu. Məhz Təhlükəsizlik Şurası 1325 saylı (2000) Qətnaməsi ilə üzv dövlətləri təkidlə münaqişələrin qarşısının alınması, nizamnaməsi və həlli üçün milli regional və beynəlxalq institutlar və mexanizmlər çərçivəsində qərar qəbuletmənin bütün səviyyələrində qadınların daha geniş təmsil olunmasını təmin etməyə çağırırdı. Bu qətnamə, eyni zamanda, sülh sazişlərilə bağlı aparılan danışıqlarda və sazişlərin həyata keçirilməsində iştirak edən bütün tərəfləri sülh və təhlükəsizliyin qorunmasına yönəlmiş səylərdə qadınların bərabərhüquqlu iştirakının vacibliyini vurğulayan genderi nəzərə almağa dəvət edirdi.

 Bir neçə il öncə UNİFEM-in dəstəyi və iki müstəqil ekspert - Elizabet Ren və Elen Conson Sirlefin səyi ilə qadınlar, sülh və müharibə məsələləri üzrə hesabat hazırlandı. Bu iki qadın bir il ərzində dünyanın 14 münaqişə ocağında (bu siyahıya Bosniya və Hersoqovina, Kamboca, Kolumbiya, Konqo Demokratik Respublikası, Şərqi Timur, Makedoniya (keçmiş Yuqoslav Respublikası), Yuqoslaviya Federal Respublikası - Kosovo daxil olmaq şərti ilə, İsrail, Qvineya, Liberiya, zəbt edilmiş Fələstin torpaqları. Ruanda, Syerra Leone və Somaili daxil idi) olmuş, bir çox qadınlarla görüşmüş və belə bir nəticəyə gəlmişlər ki, bütün bu ərazilərdə qadınlar münaqişələrdən ən çox zərər çəkmələrinə baxmayaraq sülhyaratma proseslərində onlar sözün əsl mənasında təmsil olunmamışlar.

Qeyd etmək lazımdır ki, respublikamızın ictimai-siyasi həyatında da qadın təşkilatlarının rolu getdikcə artmaqdadır. Ölkəmizdə 50-dən artıq qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir ki, onların bəziləri qadınların professional əlamətinə görə, digərləri milli xüsusiyyətə və s. görə birləşirlər.

Qadınların həm aktiv, həm də passiv seçkilərdə fəal iştirakı hazırda ən mühüm məsələlərdən biri kimi diqqət mərkəzindədir. İctimai həyatın müxtəlif sahələrində qadınların aktivləşməsi demək olar ki, ayrı-ayrı qadın QHT-lərin dərin maarifləndirici fəaliyyəti nəticəsində olmuşdur. Fəal qadınlar qadın QHT-də birləşərək ölkənin ictimai-siyasi həyatında öz nüfuzlarını göstərmək iqtidarındadırlar. Qadın təşkilatlarının bu fəaliyyəti ölkənin rəhbərliyi tərəfindən dəstəklənir, onların tədbirlərinin həyata keçirilməsində böyük köməklik olunur. Eyni zamanda qadınların aktivləşməsində beynəlxalq donor təşkilatların da əsaslı rolunun olması danılmaz faktdır. Qadın təşkilatları bu gün ölkədə qadın və uşaqların sosial müdafiəsinin, onların həllində əmələ gələn iqtisadi poblemlərin aradan qaldırılması sahəsində lazımı proqramlar hazırlayır və onların həyata keçirilməsini təmin edir. Azərbaycan qadınlarının ölkənin ictimai həyatında yaxından iştirakına, qadın sahibkarlığının inkişaf etdirilməsinə yardım göstərir. Bərabərlik, tərəqqi və sülh kimi nəcib amallar uğrunda səylərin birləşdirilməsinə çalışan bu təşkilatlar Pekin Fəaliyyət Proqramı üzrə konkret iş görməyə çalışır.

Qadın təşkilatları maariflənmə sahəsinə böyük önəm verir. Təhsil ocaqlarında rayon, bölmə, filial təşkilatlarında tematik mövzulara həsr olunmuş görüşlər və tədbirlər keçirilir. Qadınların və yeniyetmə qızların hüquqlarını qoruyan müasir proqramlar haqqında informasiya verilir, qadınların iqtisadi müstəqilliyi haqqında məruzələr oxunur və konfranslar təşkil olunur. Qadınların siyasi hüquqları, ortaya çıxan problemlər, hüquqlar üzrə qanunvericiliyin öyrənilməsi, onların tənzimlənməsi və təminatı üzrə təkliflərin hazırlanması, müzakirəsi və təsdiq edilməsi də qadın təşkilatlarının fəaliyyətinin əsas istiqamətlərindən biridir.

 Qadın QHT-ləri ölkəmizdə demokratik proseslərin gedişinə və vətəndaş cəmiyyətinin yaradılmasına kömək edir, qadın və kişilərin hüquq və imkanlarının bərabərliyinin təmin olunmasına yardım göstərir, qadınların siyasi arenada fəaliyyətini dəstəkləyir. Təşkilatlar qadınların cəmiyyətdəki mövqeyini və vəziyyətini möhkəmlətməyə çalışır, "sülh mədəniyyəti"ni təbliği ilə sülh prosesinə kömək edir. Hakimiyyət orqanlarında va qərarların qəbul edilməsində qadınlara kişilərlə bərabər imkanlar yaradılmasına, qadınların siyasi, iqtisadi və digər maraqlarının cəmiyyətdə gedən islahatlara inteqrasiya olunmasına çalışır. Azərbaycan qadınlarının maraqlarının BMT-nin, digər beynəlxalq və dövlətlərarası təşkilatların proqram və sənədlərinə inteqrasiya olunmasına "Qadın və cəmiyyət" mövzusunda fundamental elmi-tədqiqat işlərinin aparılmasına şərait yaradır.

Z.Şabanovun fikrincə, qadın təşkilatlarının əsas məqsədi zəngin irsdən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqramı və layihələr hazırlayıb həyata keçirmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə birgə layihələr həyata keçirmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, respublikaının və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək, elmi- tədqiqatların aparılmasına yardım göstərmək, ölkə ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməkdən ibarətdir. Bu fəaliyyətləri zamanı isə onların əksəriyyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə mühüm layihələr həyata keçirir, respublika və beynəlxalq səviyyəli tədbirlərə təşkilatçılıq edir.

Aktiv qadınların məqsədi Azərbaycan qadınlarının siyasi, sosial və ictimai fəallığını artırmaq, müstəqil Azərbaycan Respublikasının milli dirçəlişi va dünya xalqları arasında layiqli yer tutmasına yardım etməkdir. Onlar Azərbaycan qadınlarının vətəndaşlıq, siyasi, iqtisadi və milli-mədəni hüquqlarının qorunması və həyata keçirilməsi, onların dövlət, habelə ictimai işlərə cəlb olunması, dövlət-idarəetmə orqanlarında təmsil olunması istiqamətində fəaliyyət göstərirlər.

Sona Salamova yazır ki, 2000-ci ildə ictimai münasibətlərin müxtəlif sahələrini tənzimləyən yeni məcəllələr sisteminin qəbulunu, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Kütləvi informasiya vasitələri haqqında" yeni qanunların qəbul edilməsini göstərmək olar. Bununla yanaşı, ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının maneəsiz fəaliyyətinin təmin edilməsi üçün hüquqi şəxslərin dövlət qeydiyyatının sadələşdirilməsi istiqamətində ardıcıl iş aparılır. 17 avqust 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən imzalanmış Fərmanda bir daha həmin məsələ gündəmə gətirilmişdir. Belə ki, Fərmanın qəbul edilməsində əsas məqsədlərdən biri kimi məhz hüquqi şəxslərin dövlət qeydiyyatının müasir tələblər səviyyəsində qurulması və bu işin sadələşdirilməsi işi göstərilmişdir. Artıq uzun müddətdir ki, mətbuat orqanlarının fəaliyyətə başlaması üçün onların sadəcə müvafiq dövlət orqanını xəbərdar etməklə dərc olunması praktikası tədqiq edilir.

Qeyd etmək istərdim ki, təmsil etdiyim Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də sözügedən prosesdən kənar qalmamış, yeri gəldikcə öz qərarları və müəyyən etdiyi hüquqi mövqeləri ilə bu prosesə pozitiv təsir göstərmiş, vətəndaşların mülkiyyət hüquqlarının, hüquq və azadlıqlarının məhkəmə təminatının, birləşmək hüququnun, sərbəst toplaşmaq azadlığının və sair hüquq və azadlıqlarının səmərəli həyata keçirilməsi ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Misal olaraq, aşağıdakıları göstərmək olar. "Qrant haqqında"  Azarbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinin şərh edlilməsi haqqında" 26 oktyabr 1999-cu il tarixli Qərar həmin qərarla fiziki şəxslər qrantdan istifadə zamanı layihə və proqramların yerinə yetirilməsi ilə bağlı olaraq resipiyentdən aldıqları haqdan məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azad edilmiş və onların sosial təminat hüquqlarının həyata keçirilməsi qaydalarının qanunvericilikdə müəyyən olunması Azərbaycan Respublikası Milli Məciisinə tövsiyə edilmişdir; Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilmasinə dair 21 oktyabr 2005-ci il tarixli qərar - həmin qərarda sərbəst toplaşmaq azadlığının hayata keçirilməsi ilə bağlı məhkəmə təcrübəsində vahid yanaşmanın müəyyən edilməsi məqsədi ilə bağlı hüququn həyata keçirilməsi üzərinə hər hansı məhdudiyyətlərin qoyulmasının mümkünlüyünə aydınlıq gətirilmişdir. H.Ə.Nurinin şikayəti üzrə 21 oktyabr 2005- ci il tarixli qərar. Bu qərarda seçki hüquqlarının keçirilməsi, o cümlədən deputatlığa namizədlərin qeydə alınması ilə bağlı bir sıra zəruri məsələlər öz əksini tapmışdır.

S.Salamovanın fikrincə, xüsusilə qeyd olunmalıdır ki, ölkəmizin vətəndaş cəmiyyətinin qurulmasında qadınların da böyük rolu vardır. Bunun ən sadə təsdiqi bu gün üçüncü sektor adlanan qeyri-hökumət təşkilatlarında həm dövlət, həm də biznes sektorundan daha çox qadınların fəaliyyət göstərməsidir. Hazırda ölkəmizdə ailə və qadın problemləri ilə məşğul olan onlarla qeyri-hökumət təşkilatları mövcuddur. Bu təşkilatlar ölkəmizin ictimai həyatında fəal iştirak edir, ümummilli səviyyəli problemlərin həllinə öz töhfələrini verirlər. Nəhayət, yekun olaraq qeyd etmək istərdim ki, həqiqətən də ölkəmiz müstəqillik əldə etdiyi bu qısa müddət ərzində vətəndaş cəmiyyətinin quruculuğu istiqamətində əhəmiyyətli nailiyətlər əldə etmişdir.

   Artıq vətəndaş cəmiyyətinin tam təşəkkül tapmasına imkan verən normativ-hüquqi baza formalaşmışdır. Azərbaycanda bu gün mülki cəmiyyətin bütün institutları maneəsiz fəaliyyət göstərir, vətəndaş təşəbbüsləri dəstəklənir, qərarların qəbul edilməsi prosesində vətəndaşların və onların birliklərinin fəal iştirakı təmin olunur. Amma sözsüz ki, bu, hələ Azərbaycanda vətəndaş cəmıyyəti quruculuğu işinin başa çatması barədə nəticəyə gəlməyə əsas vermir. Bildiyimiz kimi bu, kifayət qədər uzun, daim inkişafda olan - dinamik bir prosesdir. İnanıram ki, ölkəmizin müstəqillik əldə etməsi ilə bir vaxtda başlanmış bu iş uğurla davam etdiriləcək, Azərbaycan dövləti və cəmiyyəti bundan sonra da bu istiqamətdə mühüm nailiyyətlər əldə edəcəkdir.

  

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 23 sentyabr.- S.15.