“Hörmətli
yeriyən insanlar, bizi
barmaqla göstərib, təəccüblə
baxmayın!”
Əhməd Heydərovun yeriməsi qüsurludur.
O, “qüsursuz” insanlardan fərqli olaraq, yeyib-yatmaq, işləməmək
üçün bəhanələrin
yerinə normal həyatına
davam etməyin yollarını axtarır.
Əhmədin hər kəs kimi gündəlik
işə gedib-gəlmək
imkanı olmadığı
üçün o, ev şəraitində
işləyir. Əvvəllər Azərbaycan Alpinizm Federasiyasında tərcüməçi
və bir neçə tədris mərkəzində reklamçı
kimi fəaliyyət göstərib. Rus və
Azərbaycan dillərində
sənədlər tərcümə
edən Əhməd hazırda saytlardan birində “content managment”
(verilən bazanı idarə edən) vəzifəsində çalışır.
Əhmədin həyatında onu
çalışmaqdan, uğur
qazanmaqdan geri qoyan bəhanələrə
yer yoxdur. O, digər fiziki qüsurlu insanlardan fərqli olaraq, görənlərə pessimist, həyatdan küskün bir insan tablosu
sərgiləmir. O, üzündəki
təbəssümlə bütün
çətinliklərə meydan oxuyur. O, həyatı hər zaman pozitiv tərəfləri
ilə dəyərləndirir
və heç bir məhdudiyyəti maneə hesab etmir.
- Özünü
oxucularımıza necə
təqdim edərdin?
- Sadəcə, Əhməd.
- Yerimə qabiliyyətini necə oldu itirdin? Həmin günləri
necə xatırlayırsan?
- 2006-cı ilin yanvarın 28- i idi. Səhər durdum, paltarımı
geyindim, yeməyimi yedim və stoldan
durub divana yaxınlaşanda birdən
başımda bərk
ağrı tutdu, gözlərim qaraldı.
Elə “ay başım,
ay gözüm” dedim və sonrası yadımda deyil. Sonra nələr baş verdiyini evdəkilər danışıb mənə.
Başımı tutub yıxılmışam
yerə. Anam gəlib
baxanda görüb ki, hərəkətsiz uzanmışam. Nə qədər
çağırsa da,
cavab verməmişəm.
Tez təcili yardıma zəng ediblər və hər şey ondan sonra başlayıb. Vəziyyətim çox ağır
olduğu üçün
xəstəxanalar məni
qəbul etmirmiş.
Sonra birtəhər qəbul ediblər, amma sağ qalacağıma ümid olmayıb. 14 gün komada
yatandan sonra gözlərimi açmışam
və ilk sözüm
“su” olub. Yəqin çox susamışam (gülür).
- Sağlamlığında
heç bir problem olmadığı halda, birdən-birə belə oldun?
- Bəli, birdən birə.
Mən beyindaxili təzyiqlə doğulmuşam (uşaqların 80 faizdən çoxu bu cür doğulur). Beyindaxili təzyiqlə
doğulan uşaq 15
yaşına qədər müalicə olunmalıdır ki, bu problem
yeniyetməlik dövründə özünü
daha ağır formada
büruzə verməsin. Ümumiyyətlə, mən bir yerdə duran uşaq olmamışam. Çox
qaçırdım, futbol
oynayırdım. Soyuqda papaqsız gəzirdim,
qışda əl-üzümü qarla yuyurdum, bir sözlə, özümü qorumurdum. İsti, soyuq çox olduğuna görə,
təzyiqin sürəti artır və beyində damar buna tab
gətirə bilmədiyi üçün
partlayır. Məndə də eyni hal baş
verdi. Bu hadisə də
beyindaxili təzyiqin qalxması nəticəsində
baş verib. Hər iki beynim qan
içində olub. Mən komadan
ayıldıqdan sonra həkimlər deyiblər
ki, ya dəli olacaq, ya da
huşunu itirəcək. Komaya
girəndə qıc olmuşam, ona görə də ayıldıqdan sonra nə əllərim işlədi, nə də
ayaqlarım. Sonra idmanla
məşğul oldum və yavaş-yavaş əllərim
açıldı. İndi təkcə
ayaqlarım qalıb, onu da
çalışıram açım.
- Bu məşqlər
həkimin təyin etdiyi xüsusi
idman proqramlarıdır, yoxsa...
- Bəli. Bizdə həkimlər
ancaq müalicəvi idman
təyin edirlər. Amma təəssüflər
olsun ki, mən
müalicə mərkəzlərimizdə idmanla
kiminsə ayağa
qalxdığını görmədim.
- Buna səbəb
şəraitin olmamasıdır?
- Xeyr. Dövlət
buna yetərincə pul ayırır və avadanlıqlar da var. Lakin bizdə
fizioterapiya sahəsində
mütəxəssislər çox
azdır. Elə reabilitasiya
mərkəzləri var
ki, oraya xaricdən mütəxəssislər
gətirilir. Lakin bunlar
özəl bərpa mərkəzləridir və
qiymətlər baha olduğu üçün
maddi vəziyyəti yaxşı olmayanlar buradan faydalana bilmirlər.
- Bu hadisə həyatında nələri
dəyişdi?
- Bu
hadisə baş verəndə, ilk aylar özümü
çox pis hiss edirdim. Çünki
hər şey normal olduğu halda, birdən-birə
yerimə qabiliyyətindən məhrum olmaq
ağır bir şeydi.
Sonralar pessimistliyi
atdım bir kənara və başladım
idmanla məşğul olmağa.
Mənə hər zaman yaxşı insanlar köməklik ediblər, dəstək olublar. Həyatımda dəyişən şey çox olub. Birincisi odur ki, hələ gəzə bilmirəm. İkincisi, “yaxşı” və “pis”in nə olduğunu gördüm. Üçüncüsü,
yaxşı insanları tanıdım və onlarla
dost oldum.
- Əvvəlki Əhmədlə
indiki Əhmədin xarakteri,
düşüncələri arasında hansı fərqlər
var?
- Əvvəlki Əhməd
uşaq idi, indiki isə böyüyüb.
Hər yaş gəldikcə daha da ağıllanır
və gücü artır. İndiki Əhməd yalnız özünə,
yaxınlarına inanır və güvənir. İndiki Əhməd özünə əmindir.
Bir sözlə indiki
ilə əvvəlki arasında yerlə göy
qədər fərq var.
- Deyirlər, hər şərdə bir xeyir var. Sən başına gələn hadisələri necə dəyərləndirirsən?
- Çox
düz deyilib. Nə olursa hər şey
yaxşılığa doğru olur. Bu hadisə
olmasaydı yaxşı dostları, insanları
tanımazdım. Bu hadisə olmasaydı, siz də məni tanımazdınız və məndən
müsahibə ala bilməzdiniz.
- Bu gün bir çox
fiziki məhdudiyyəti olan
insanlar özlərinə qapanırlar, cəmiyyətdən
uzaqlaşırlar. Səncə,
burada cəmiyyətin rolu nə qədərdir?
- Bilirsiniz,
əslində hər şey cəmiyyətdən
asılıdır. Gəzməyən insana adam
yeyən kimi baxırlar. Ondan qaçırlar, yolda görəndə qulaqlarını çəkirlər.
Əksinə, çəkməklə qulaqlarını böyüdürlər
(gülür). Fiziki məhdudiyyətli
insanların bəziləri
çox həssas olurlar. Onların ürəyini qırmaq,
incitmək çox asan olur. Belə şeylər daha çox sevgi məsələlərində olur.
Çünki oğlanlar qızlara
tez bağlanırlar.
Lakin ailə oğlanın fiziki məhdudiyyətli olduğunu bildikdə bu münasibətə icazə vermirlər.
Ayrıldıqdan sonra da oğlan depressiyaya düşür və özünü cəmiyyətdən
təcrid edir. Belə hallar fiziki məhdudiyyətli
xanımların da başına gəlir.
Ona görə də bir az ehtiyatlı olmaq lazımdır. Mən belə məsələlərdə
daha diqqətli davranmağa çalışıram
ki, heç vaxt bu cür
vəziyyətlə qarşılaşmayım.
Yeriməyən də yeriyən
kimi bir insandır. Onun da ürəyi
var, hissləri var. Əksinə, çalışıb
onların yanında olmaq, onlara dəstək
olmaq lazımdır.
- Belə bir deyim var
ki, həyat mübarizə aparmağı
bacaranları sevir. Səncə,
insan mübarizə ruhunu necə qazana bilər?
- İnsan
ilk öncə özünü
sevməlidir. Gələcəyə baxmalı və
indiki ilə yaşamalıdır. Keçmişi
ilə yaşayan insan heç vaxt mübariz ola bilməz.
Çətinliklər hər zaman
və hər yerdə var. Bunlardan isə yalnız güclü insan yaxa qurtarmağı bacarar. Güclü insan özünü,
ailəsini sevən və hamıya hörmət edəndir.
Fikrimcə, mübarizə ruhu
bu cür yaranır.
- İnsanlarda
müşahidə etdiyin
mənfi xüsusiyyətlər
hansılardır?
- Qeybət, bir-birinə qarşı
kin, paxıllıq. Bunlardan
heç xoşum gəlmir...
- Fiziki məhdudiyyətli insanların
qarşılaşdığı problemlər hər kəsə məlumdur. Bunların arasında ən vacib olanlar hansılardır
və səncə, bu məsələlərdə
insanların üzərinə
hansı vəzifələr
düşür?
- Problemlər əslində çox yerdə var. İlk növbədə, nəqliyyatdır.
Avtobuslara araba ilə
minmək üçün
şərait olsa, çox yaxşı olar. Çünki ölkəmizdə çox sayda insanlar məhz bu səbəbdən evdə otururlar. Cəmiyyətdən təcrid olunmanın
səbəblərindən biri
də budur. Eyni zamanda yollarda, keçidlərdə pandusların
olmaması da problemlər arasındadır.
İnsan
gəzmək, cəmiyyətə
qarışmaq istəyir.
Lakin təkbaşına
çölə çıxmaq
olmur, yenə də kiminsə köməyinə möhtac
olur adam.
Düşünürəm ki, bu problemlər aradan qaldırılsa, fiziki məhdudiyyətli insanların
cəmiyyətə adaptasiya
prosesi bir qədər sürətlənər.
- Pozitiv olmaq insana nə
qazandırır?
- Əslində
çox faydası
var. Hər kəs kimi, mənim də problemlərim olur. Ancaq öhdəsindən gəlmək lazımdır.
Ən azından oturub qəmgin mahnıya qulaq asıb ağlamağın fayda verməyəcəyi məlum
məsələdir.
- Sənin üçün həyatda
önəmli olan üç şey nədir?
- İnsanlıq,
mehribanlıq və hər vəziyyətdə
gülümsəmək.
- Cəmiyyətin
məhdudiyyətli insanlara
qarşı münasibətində
nələr dəyişməlidir?
Səni ən çox nə narahat edir?
- İlk
öncə insanlıq
başa düşülməlidir. İnsanlar
“bunun xarici görünüşü yaxşıdır,
bununla ünsiyyət qurmaq olar, bu
isə yaraşıqlı deyil
bununla qurmayaq” düşüncəsindən uzaqlaşmalıdır.
Ürəyə qiymət verilməlidir,
görünüşə yox.
- Son olaraq oxuculara nə demək istəyərdin?
- Hörmətli gəzən
insanlarımız! Sizdən xahişim odur ki, arabada
insan görəndə onları barmaqla göstərməyin! Təəccüblü
baxışlarla baxmayın! Axı biz sizi barmaqla göstərmirik
və sizə təəccüblə baxmırıq!
Xəyalə
Sadıqova
Zaman. - 2014.-
23 sentyabr.- S. 7.