Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası sayəsində Azərbaycan böyük uğurlara imza atmışdır

 

 

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun müsahibəsi

- Süleyman müəllim, ən böyük sənaye rayonlarından birinin rəhbəri kimi ölkəmizin bugünki iqtisadi durumunu necə dəyərləndirərdiniz?

- Sosial-iqtisadi göstəricilər ölkənin inkişafı barədə aydın təsəvvür yaradır. Təkcə cari ilin ötən dövrünə diqqət yetirsək, bu inkişafın hansı səviyyədə olduğunu görərik. İqtisadiyyat 2,1 faiz, qeyri-neft sektoru 7 faiz təşkil edir. Əhalinin pul gəlirləri 4,7 faiz artaraq inflyasiyanı 3 dəfə üstələyib. Kənd təsərrüfatı 6 faiz artıb.  Bu gün dünya miqyasında adambaşına düşən  valyuta ehtiyatlarına görə Azərbaycan ən qabaqcıl yerlərdədir.  Valyuta ehtiyatlarımız  54 milyard dollardan artıqdır.  Üçüncü regional inkişaf  proqramının icrası nəticəsində cari ilin altı ayında  65 min yeni iş yeri açılıb ki, onlardan 52 mini daimi iş yeridir.  2003-cü ildən bu günə qədər bir milyon 300 min yeni iş yeri açılıb. Bunun təqribən bir milyonu daimi iş yeridir.

Ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların davamlılığının təmin edilməsində  regionların  sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət proqramları mühüm rol oynayır.  Məhz ötən illərdə  aparılan məqsədyönlü və kompleks  dövlət siyasəti  nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı İlham Əliyev bu vacib amili xüsusi vurğulamışdır: «Ümumiyyətlə, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi.  Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir.» Əlbəttə, əldə edilmiş bu nailiyyətlər  statistik göstəricilərdə də əks olunur. Son on ildə iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb.  Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə enib. İşsizlik 5 faiz təşkil edir.  Sosial-iqtisadi göstəricilərə görə Azərbaycan inkişaf etmiş ölkələri qabaqlayır. Təbii ki, bu uğurlar  iqtisadi siyasətin  çox böyük dəqiqliklə, həssaslıqla aparılmasının nəticəsidir.

Dövlət başçısı İlham Əliyevin regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq məqsədilə bölgələrə səfərləri, səfərdən sonra həmin rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər barədə sərəncam imzalayaraq, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması bir daha bu gerçəkliyi təsdiqləyir ki, hərtərəfli inkişaf dövlət siyasətinin əsasını təşkil edir. Ölkə Prezidentinin hər bir bölgəyə səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda ölkə Prezidenti bu rəqəmi xüsusi qeyd etmişdir ki, son on ildə  bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak edib. «Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir. Yəni dövlət tərəfindən güzəştli şərtlərlə ayrılan  kreditlər sahibkarlığın inkişafına böyük təkan vermişdir və verir.»  Son on ildə ölkə iqtisadiyyatına 160 milyard dollardan çox investisiya qoyulub.  Daxili sərmayələr artıq xarici sərmayələri üstələyir: «Bu da ilk növbədə, ölkəmizdə hökm sürən sabitliyin hesabınadır və özəl sektorun Azərbaycanın gələcəyinə inamının təzahürüdür. Ona görə əminəm ki, gələcək illərdə investisiyanın həcmi, qoyulan sərmayə azalmayacaqdır Qeyd edək ki, sahibkarlığın inkişafı üçün  hər il dövlət büdcəsindən  təxminən 300 milyon manat güzəştli  şərtlərlə kreditlər verilir.

 «Bu gün Azərbaycan dünya miqyasında  seçilən ölkələrdəndir ki, burada inkişaf var, sabitlik hökm sürür, biz vətəndaş həmrəyliyi şəraitində  yaşayırıq. Bizim məqsədimiz də birdir- ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da  güclü Azərbaycan yaratmaq.  Biz bu məqsədə doğru  uğurla gedirik.  Əgər hər bir bölgədə və hər bir kənddə  bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır» söyləyən  ölkə Prezidentinin bu fikirləri qarşıdakı planlara işıq salmaqla yanaşı, uğurların davamlılığının təmin edilməsində  səylərin birləşdirilməsinin vacib amil olduğunu da  təsdiqləyir: «Əlbəttə ki, yerlərdə təşəbbüs də göstərilməlidir. Belə olan halda hər bir rayonda  güclü sənaye inkişaf edəcəkdir.  Bu, bizim siyasətimizdir, arzumuzdur, belə də olacaqdır. Çünki bizim bütün proqramlarımız yerinə yetirilir.  Bir dənə də olsun, proqram  yarımçıq qalmamışdır.»  Bu fikir də hər zaman önə çəkilir ki, sevindirici hal budur ki, görülən işlər ölkə ictimaiyyətində xoş əhval-ruhiyyə yaradır. Hazırda bütün bölgələr arasında sağlam rəqabət gedir.  Quruculuq, abadlıq işlərinin geniş vüsət alması uğurlu sosial-iqtisadi göstəricilərin nəticəsidir. Bu inkişafı şərtləndirən amillər sırasında uğurlu neft siyasəti xüsusi qeyd edilir. Bu gün fəxrlə qeyd etdiyimiz iqtisadiyyatın şaxələndirilməsi də uğurlu neft siyasətinin məntiqi davamıdır. «Qeyri-neft sektorunun inkişafı  bizim diqqətimizi daha çox cəlb edir... Qeyri-neft sektorumuz hər il  təxminən 10 faiz artır. Əgər bu, növbəti illərdə davam edərsə,- buna mən şübhə etmirəm, - o zaman iqtisadiyyatımızın şaxələndirilməsi  tam təmin ediləcəkdir.»

- Süleyman müəllim, qeyd etdiyiniz kimi, hərtərəfli inkişaf hər bir sahə üzrə konkret proqramların qəbuluna və uğurlu icrasına, eyni zamanda rayonlar arasında sağlam rəqabət mühitində görülən işlərə əsaslanır. Rəhbərlik etdiyiniz Qaradağ rayonunu hazırda inkişafın hansı səviyyəsində görürsünüz? Cari ilin 6 ayının yekunları ili necə başa vuracağınıza hansı əsası yaradır?

- 2014-cü ilin altı ayında Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksək templə davam etmişdir. Qazanılan hər bir nailiyyət dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub. Ölkə Prezidentinin bir başa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir neçə mühüm obyektlərin inşası uğurla başa çatdırılıb. Çox sayda səhiyyə və təhsil müəssisələri, yollar, parklar istifadəyə verilmişdir.

Ötən altı ayın yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 309 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,6 milyon manat olmuşdur. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 124,3 milyon manat investisiyadan istifadə edilmişdir. İstifadə olunmuş vəsaitin 65,8 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 304,9 min ton xam neft və 563,4 milyon kub metr təbii qaz hasil olunmuşdur.

Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,1 milyon manat təşkil etmişdir. Pərakəndə əmtəə dövriyyəsi 1,2 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 46,3 milyon manat olmuşdur. Ötən dövr ərzində rayonumuzda orta aylıq əmək haqqı 754 manat təşkil etmişdir.  974 ailəyə  orta hesabla 115 manat məbləğində ünvanlı sosial yardım verilmiş, əhalinin aztəminatlı təbəqələrinə müxtəlif təqaüdlər və müavinətlər ödənilmişdir.

Bildiyimiz kimi elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması işləri hökumət qarşısında mühüm bir vəzifədir. Hesabat dövründə bu işlər gündəlik diqqət mərkəzində olmuşdur. Əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində xeyli işlər görülmüşdür. Belə ki, ötən altı ayda rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 4 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, 104 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılmış, 57,4 min metr müxtəlif kabel və hava xətləri çəkilmişdir. Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarını təmin etmək məqsədi ilə müxtəlif diametrli qaz xətti yenisi ilə əvəz edilmişdir.

«2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən bu istiqamətdə olan işlər davam etdirilməkdədir. Ötən altı ayda əhali tərəfindən istehlak olunan elektrik enerjisinin dəyəri 103,3 faiz, təbii qazın dəyəri 101 faiz, su və kanalizasiya xidmətinin dəyəri isə 98.2 faiz ödənilmişdir. Hesabat dövründə əhalinin içməli su təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün bir sıra işlər görülmüşdür.

Ölkə Prezidenti İlham Əliyevin  təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir neçə mühüm obyektlərin inşası uğurla başa çatdırılıb. Xüsusilə qeyd edim ki, cənab Prezidentin  diqqət  qayğısı sayəsində son illərdə geniş  miqyaslı abadlıq-quruculuq işləri  rayonumuzda geniş vüsət  almışdır.

Belə ki, 2014-cü ilin birinci yarısında qəsəbələrdə nümunəvi həyətlərin salınması, xeyir-şər evlərinin tikintisi,  rayon əhalisinin asudə vaxtının səmərəli təşkili üçün parkların salınması işləri aparılmışdır.

«2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»”na əsasən əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Lökbatan, Korgöz, Qızıldaş, Ümid, Qobustan, Ələt qəsəbələrində və Korgöz qəsəbəsinin AZNS, Ümid qəsəbəsinin yeni yaşayış massivi və Sahil qəsəbəsinin Sement zavodu evləri ərazisində sel sularının qarşısının alınması məqsədi ilə kanalların çəkilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə baş verə biləcək fövqəladə halların qarşısının alınması zamanı operativ tədbirlərin həyata keçirilməsi məqsədi ilə Səngəçal qəsəbəsində yanğına qarşı yeni su hovuzunun tikintisi, Lökbatan, Sahil və Qobustan qəsəbələrinin ərazisində mövcud olan yanğına qarşı su hovuzunun təmiri, Qaradağ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölməsinin tikintisi də Tədbirlər Planına salınmışdır.

Qaradağ rayonu ərazisində ötən altı ay ərzində təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə də bir çox işlər görülmüşdür.Bununla yanaşı yeni təhsil müəssisələrinin tikintisinə və bəzi təhsil müəssisələrinin əsaslı və cari təmirə ehtiyacı vardır. Belə ki, rayon ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrində olan uşaq sıxlığını və əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq Lökbatan qəsəbəsində əlavə olaraq hər biri 120 yerlik olmaqla iki, Səngəçal, Sahil və Ələt qəsəbələrində hər biri 120 yerlik olmaqla bir körpələr evi-uşaq bağçasının tikintisi və ya mövcud körpələr evi-uşaq bağçalarının ərazisində əlavə tədris korpuslarının tikintisi günün vacib tələblərindəndir.

Hesabat dövründə rayonda səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün də müəyyən işlər görülmüşdür.Belə ki, rayon ərazisində sakinlərə pulsuz tibbi xidmətin təşkili bütövlükdə təmin edilmişdir. Səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması problemləri ardıcıllıqla öz həllini tapmaqdadır.

Respublika əhalisinin sağlamlığı məsələsini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən  Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidən qurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı aparılır.

«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nda Qaradağ rayonunun səhiyyə sahəsini əhatə edən 8 konkret tədbir nəzərdə tutulmuş və bunların 7-si  uğurla həyata keçirilmişdir. Eyni zamanda «2014-2016-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»”nda Səhiyyə Nazirliyi tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində uşaq poliklinikası üçün yeni binanın inşası nəzərdə tutulmuşdur. Bununla yanaşı Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası üçün yeni binanın inşası və Lökbatan qəsəbəsindəki 200 çarpayılıq müasir xəstəxana binasının inşası davam etdirilir.  Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün Lökbatan qəsəbəsindəki 39 nömrəli Uşaq Kardiorevmotoloji Sanatoriyasının, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının stasionar və poliklinika şöbəsinin, Puta qəsəbəsindəki 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının stasionar şöbəsində,  Müşfiqabad qəsəbəsində 13 nömrəli Şəhər Poliklinikasının əsaslı təmiri başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.

Hesabat dövründə sakinlərin asudə vaxtının təşkili istiqamətində də xeyli işlər görülmüşdür. Rayonun mədəni maarif müəssisələri tərəfindən müxtəlif maraqlı tədbirlər həyata keçirilmişdir. Rayonun musiqi məktəbləri və mədəniyyət işçilərinin, yaradıcı kollektivlərinin Novruz bayramı, Gül bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar rayon tədbirində Azərbaycan mədəniyyətini tərənnüm edən mahnı, rəqs və xalq oyunları ilə əhatə olunmuş geniş proqramla iştirakı təmin edilmişdir. Ötən müddət ərzində Nazirlər Kabineti tərəfindən 2001-ci ildən rayon ərazisində rəsmən qeydə alınan 15 tarixi abidənin, xüsusilə də dünya əhəmiyyətli Qobustan Milli Bədii-Tarixi Qoruğunun mühafizəsinin gücləndirilməsi üçün zəruri tədbirlər görülmüşdür.

Ötən dövr ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsi, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin fəaliyyətinin təbliği məqsədilə yaradılmış Qaradağ rayon təbliğat qrupunun üzvləri tərəfindən yerlərdə, idarə, müəssisə və təşkilatlarda 15-dən artıq görüşlər keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin andan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində müxtəlif yığıncaqlar və konfranslar keçirilmişdir. «Heydər Əliyev Azərbaycan dövlətinin və Azərbaycan xalqının xilaskarıdır»”, «Milli Qurtuluş günü eyni zamanda Azərbaycanda milli intibah dövrünün başlanğıcıdır»”, «Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır»”, «Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz»”, «Azərbaycanın neft sənayesi Heydər Əliyevin sayəsində təşəkkül tapmışdır»” və s kimi  mövzularda elmi-praktik konfranslar, rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında isə silsilə tədbirlər keçirilmişdir.

Təbii ki, cari ilin ötən dövründə görülən işlərin hamısını qeyd etmək qeyri-mümkündür. Uğurlar bir-birini əvəzlədikcə yeni hədəflər, məqsədlər qarşıya qoyulur. Dövlət başçısı İlham Əliyevin  rəhbərliyi ilə qəbul olunmuş müxtəlif Dövlət Proqramlarının icrası Azərbaycan xalqının maddi rifahının yüksəlməsi, ölkənin bütün şəhər və kəndlərinin simasının dəyişməsi və müasirləşməsi ilə  nəticələnir.  Sözsüz ki, bu proqram Qaradağ rayonun hərtərəfli tərəqqisinə güclü təkan vermiş və rayonun sosial-iqtisadi problemlərinin böyük əksəriyyəti öz həllini tapmışdır.  Bu əminliyi ifadə etmək istərdim ki, ölkə Prezidenti İlham Əliyevin rayonumuza səfərləri zamanı verdiyi tapşırıqlar, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcək və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.

- Azərbaycanın iqtisadi qüdrətinin artması,  beynəlxalq baxışın yüksək səviyyədə olması ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin miqyasından da aydın görünür...

- Təbii. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə də dövlətimizin uğurla həyata keçirdiyi şaxələndirmə siyasəti təqdir olunur.   Dövlət başçısı İlham Əliyevin 2011-ci ildə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən  «Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar» mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı  təbrik məktubunda söylədiyi fikirləri  bir daha yada salmaq istərdik.  Cənab İlham Əliyev bildirmişdir ki,  XXI əsrin ilk onilliyi insan cəmiyyətinin öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu ortaya çıxarmış oldu. Bəşəriyyətin  üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf  modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması  bugünkü çağırışlara düzgün cavabların tapılmasından  çox asılıdır. Həmin konfransda hazırkı dövrün əsas çağırışlarından birinin yoxsulluqla mübarizə olduğu önə çəkilərək Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar təqdir edilmişdir. Bu gün ölkəmizdə yoxsulluq həddinin  5,3 faizə enməsi Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir. Məlum olduğu kimi,  «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)»nın ardınca  «Azərbaycan Respublikasının Məşğulluq Strategiyası» (2006-2015-ci illər), «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı» icra olunur. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə bu fikir də hər zaman qeyd olunur ki,  yoxsul  yox, yaxşı idarə olunmayan ölkələr var. 2009-cu ildən başlanan iqtisadi və maliyyə böhranı da bu kimi reallıqlara işıq saldı. Yəni hər bir ölkənin hansı imkanlara malik olduğu bir daha nümayiş olundu. Qeyd edək ki,  böhran dövründə  Avropa ölkələrində baş verən iqtisadi çətinliklər  bu dövlətlərin ictimai-siyasi həyatında etiraz nümayişləri, mitinqlər dalğasının yaranmasına, radikal millətçi qüvvələrin baş qaldırmasına səbəb olmuşdur.  İnkişaf etmiş ölkələrdə  sosial ödəmələrin azaldığını, iş yerlərinin bağlandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki,   bunun əksi olaraq ölkəmizdə yeni iş yerləri yaradılır, əmək haqları və pensiyalar artırılır, sosial proqramlar uğurla  icra edilir: «Dünyada, Avropada yaşanan iqtisadi böhranlar, bəzi hallarda siyasi çəkişmələr bizə heç bir təsir etməmişdir, edə də bilməz. Çünki bizim siyasətimizin təməlində dövlət maraqları dayanır. Xalqla iqtidar arasındakı birlik bizim inkişafımızı şərtləndirən amillərdən biridir Azərbaycan düzgün qurulan siyasət nəticəsində beynəlxalq aləmdə özü-özünü təmin edən ölkə kimi tanınır və nüfuz qazanır.  Bu fikir Prezident İlham Əliyev tərəfindən hər zaman qeyd edilir ki, müasirləşmək, yeniləşmək dövlətimizin siyasətinin əsasını, inkişafa aparan yolun baş xəttini təşkil edir. Dövlət başçısı bildirir: «Ümumiyyətlə, bizim bütün işlərimiz konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə ona da əməl edirik.  İki proqramın icrası bunu bir daha təsdiq edir.  Bu illər ərzində Azərbaycan böyük uğurlara imza atmışdır

Düşünülmüş   planlı şəkildə aparılan  islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Ölkə Prezidenti bu reallığı da qeyd edir ki, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, bu gün respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır.  Bu gün ölkəmiz çox güclü iqtisadi əsaslarla inkişaf edən ölkədir. Hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.  Azərbaycan öz təbii sərvətlərinin, iqtisadi resurslarının və əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan bəhrələnib öz iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan vermişdir.  Bir sözlə, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaradıb.  Dünya İqtisadi Forumunun dərc etdiyi «Qlobal rəqabətqabiliyyətlilik hesabatı  (2014-2015-ci illər)»nda  Azərbaycan dünyanın 144 ölkə arasında 38-ci  yeri tutmaqla  MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. Azərbaycanın iqtisadi inkişaf  dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şəxələndirmənin nəticəsi olaraq  qeyri-neft sektoru  üstün artım tempinə malikdir.  Əldə olunan  uğurların möhkəmləndirilməsi və  ölkəmizin davamlı inkişafının təmin olunması məqsədilə dövlət başçısı İlham Əliyevin fərmanı ilə təsdiqlənən  «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında  nəzərdə tutulan hədəflər də hər sahə üzrə konkret proqramların qəbulunu zərurətə çevirir.

- YAP Qaradağ rayon təşkilatının İdarə Heyətinin üzvü kimi bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının uğurlarımıza verdiyi töhfələri necə şərh edərdiniz? Qarşıdan bələdiyyə seçkiləri gəlir. Təmsil olunduğunuz YAP Qaradağ rayon təşkilatının seçkilərə hazırlığı hansı səviyyədədir?

- 1992-ci ildə zamanın tələbindən yaranan Yeni Azərbaycan Partiyasının ötən 22 ilə yaxın dövr ərzində  keçdiyi yol, əldə etdiyi uğurlar biri-birindən əhəmiyyətli olmaqla yanaşı, gələcək barədə də aydın təsəvvür yaradır. Artıq Azərbaycan müstəqilliyinin 23 ilini arxada qoyur. Azərbaycanın müstəqillik tarixinin 22 ilinə bələdçilik edən partiya bu dövr ərzində çətin, eyni zamanda şərəfli yol keçib. Partiyanın 22 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfansını keçirən partiyanın bu gün sıralarında 600 mindən artıq üzvün birləşməsi də deyilənlərin təsdiqidir.  Dövlət başçısı İlham Əliyevin YAP Xaçmaz rayon təşkilatının fəalları ilə görüşündə söylədiyi bu fikirləri xatırlatmaq istərdim: «Bu gün və gələcəkdə  bizimlə rəqabət aparmaq  iqtidarında  olan qüvvə yoxdur. Amma bu o demək deyil ki,  biz arxayınlaşaq və fəaliyyətimizi  bir az zəiflədək.  Əksinə, bizim fəaliyyətimiz   siyasi mübarizədən daha çox  Azərbaycanın inkişafına  yönəlibdir.  Biz siyasi mübarizə  məsələlərini  çoxdan həll etmişik. Bu baxımdan  mən gələcəkdə  heç bir problem görmürəm.  Bizim fəaliyyətimiz, fəal olmağımız, bütövlükdə, Azərbaycanın inkişafına yönəlibdir. Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir. Əlbəttə, insanlar daha da tələbkar olmalıdır, daha da səmərəli işləməli və bu yüksək adı çox şərəflə daşımalıdırlar Bu fikir də xüsusi qeyd edilmişdir ki, nəinki Azərbaycanda,  qonşu ölkələrdə də  Yeni Azərbaycan Partiyası kimi  güclü, mütəşəkkil qüvvə yoxdur.

23 illik  müstəqillik tarixinə malik olan Azərbaycanın uğurları bir-birini əvəzlədikcə gələcəyə inam daha da artır. Bu gün Azərbaycanın dünyanın ən nüfuzlu təşkilatlarında yüksək səviyyədə təmsil olunması, həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün tribunalar əldə etməsi, müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin təşkili üçün ideal məkan kimi dəyərləndirilməsi, ən əsası iqtisadi möcüzələr ölkəsi kimi tanınması və nüfuz qazanması düzgün təmələ əsaslanan  siyasətin  nəticəsidir. Sözsüz ki, bu uğurlarda Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Partiyanın keçdiyi 22 illik şərəfli yol ən əsası  xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq  Prezident seçilən cənab İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi  üçün Heydər Əliyev  siyasətinin  davam etdirilməsinin vacibliyini bəyan etmişdir.  2003-2008-ci illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlət başçısı İlham Əliyevin 2008-ci il prezident seçkilərində, 2008-2013-cü illərdə gördüyü işlər isə 2013-cü il prezident seçkilərində  qələbəsini təmin etdi. Hər bir vədini  əməli işi ilə təsdiqləyən dövlət başçısı İlham Əliyev  Azərbaycanın hərtərəfli inkişafını həyata keçirilən siyasətin önündə saxlayır. Uğurların davamlılığını təmin etmək üçün atılan biri-birindən əhəmiyyətli addımlar da bunun təsdiqidir.

Ölkəmiz bələdiyyə seçkiləri ərəfəsindədir. Hər bir seçki prosesində olduğu kimi, bu seçkilərə də Yeni Azərbaycan Partiyası ciddi şəkildə hazırlaşır. Partiyanın təkmil seçki texnologiyası mövcuddur. Keçilən yol, əldə olunan uğurlar bu reallığın təsdiqidir ki, YAP qələbələr partiyasıdır. YAP Qaradağ rayon təşkilatı da bələdiyyə seçkilərinə konkret tədbirlər proqramı əsasında hazırlaşır. Partiyamızın bu seçkilərdə də qələbəsi şəksizdir.  Dövlət başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayında bu fikri xüsusi qeyd etmişdir: «Mən çox şadam ki, son 10 il ərzində çalışmışam ki, bu böyük məsuliyyəti  öz çiynimdə aparım. Çalışmışam ki, Ulu Öndərin  siyasətinə layiq olum. Çalışmışam ki, onun siyasi xəttini sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi ilə yaşadım. Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional  amilə çevrilibdir.» Məhz bu uğurlar Yeni Azərbaycan Partiyasının  ölkədə keçirilən bütün seçki proseslərində qələbə qazanmasına əsas yaradır.

 

yap.org.az

Səs.- 2014.- 30 sentyabr.- S.8-9.