Qloballaşma, mədəni-mənəvi inteqrasiya və idman amili
Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda dövlət quruculuğu, ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı bir proses başlandı. Təbii ki, dövlətçiliyin möhkəmləndirilməsinə, Azərbaycanın beynəlxalq siyasi, iqtisadi və humanitar proseslərə qatılmasına, neft strategiyasının işlənib hazırlanmasına, milli ideologiyanın formalaşmasına böyük önəm verən Prezident Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk illərdə ictimai həyatın nisbətən arxa planda qalan və nisbətən ikinci dərəcəli görünən sahələrinə də eyni dərəcədə diqqət verə bilməzdi. Nəticədə 90-cı illərin birinci yarısında Azərbaycanda idman başqa sahələrə nisbətən hələ də geri qalırdı. Ancaq 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinə Sədr təyin olunduqdan sonra ölkəmizdə idman da böyük vüsətlə inkişaf etməyə başladı. Ümumiyyətlə, idmanın nəinki sadəcə fiziki sağlamlıq və ya istirahət vasitəsi kimi, həm də beynəlxalq münasibətlərin mühüm amillərindən biri kimi böyük əhəmiyyəti də bu vaxtdan sonra özünü daha aydın tərzdə büruzə verdi.
Lakin İlham Əliyevin Azərbaycanda idmanın inkişafına, milli olimpiya hərəkatına böyük önəm verməsi və bu sahəyə rəhbərliyi öz üzərinə götürməsi heç də bəzilərinin düşündüyü kimi, sadəcə olaraq, onun gəncliyindən irəli gəlmir. İdmana xüsusi münasibət, ilk növbədə, beynəlxalq münasibətlər sahəsində mütəxəssis olan İlham Əliyevin bir siyasi lider kimi formalaşmasında ənənəvi üsullarla yanaşı, müasir humanitar təfəkkürün xüsusiyyətlərini də nəzərə almasından, dövlətçiliyə kompleks münasibətdən və beynəlxalq əlaqələrin bütün imkanlarından və aspektlərindən maksimum bəhrələnmək istəyindən doğur. Çıxışlarından birində İlham Əliyev bu məsələyə öz münasibətini belə bildirir: "Müasir dünyada idmançıların olimpiya oyunlarındakı nəticələri, olimpiya hərəkatında fəal iştrakı hər hansı ölkənin təkcə idman sahəsindəki gücü kimi qəhul olunmur, eyni zamanda, həmin dövlətin dünya birliyində yeri, mədəni inkişaf səviyyəsi kimi də qiymətləndirilir. Bu göstərici ölkənin beynəlxalq nüfuzuna təsir göstərir, onun tanınmasında rol oynayır".
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov yazır ki, dövlətçiliyin əsas şərtlərindən biri insanlarda milli özünüdərk səviyyəsi yüksək olmalıdır. Lakin özünüdərk məqamı hələ yetişməmiş olsa belə, milli iftixar hissinin, dövlətçilik duyğusunun formalaşması, öz dövlətinin uğurlarına görə sevinmək və qürrələnmək qabiliyyəti bu məqamın yaxınlaşmasına xidmət edir. İnsanları çətin idrak yollarından keçirənədək vətən sevgisini, milli iftixar hissini birbaşa onların qəlbinə hopturmağın öz yolları var. Hər bir vətəndaşın hələ uşaqlıqdan dövlət rəmzlərinə hörmət, öz dövlətinin, xalqının, millətinin və ya onu təmsil edən hər hansı bir qurumun nailiyyətlərinə görə qürur hissi keçirmək ruhunda tərbiyə olunması vətəndaş yetişdirilməsinin mühüm şərtləridir.
Dövlətlər arasında həm siyasi müstəvidə, həm iqtisadiyyatda, həm də milli mədəniyyət sahəsində virtual bir yarış keçirilməkdədir. Bu yarışın şərtləri və konturları aşkarlanmadığından, burada qaliblər elan olunmur. Bir növ qeyri-aşkarlıq şəraitində, uzun bir müddət ərzində və siyasi donla pərdələnmiş halda həyata keçən bu proseslər çox vaxt onların iştirakçıları üçün də aydın deyil. Yalnız bu strateji proseslərin yönümünü müəyyən edən və milli maraqların toqquşduğu virtual səhnədə incə manevrlər edən şəxslər, ilk növbədə, dövlət başçıları bu uğurları və məğlubiyyətləri bilavasitə duyur və onların sevincini və kədərini yaşayır. Millət belə mürəkkəb və dumanlı prosesləri ancaq statistik yekunların və əyani nəticələrin müqayisəsi sayəsində az-çox qavraya bilir... Bu qavrayışların hissiyyata çevrilməsi və emosional yaşantısı isə heç də hamıya müyəssər olmur.
İdmanda kiçik miqyaslı bir təlim məşq prosesinin uğurlu təşkili qısa bir zamanda böyük nəticələr verə bilir və bir komandanın, hətta bir şəxsin əzmkarlığı dövlətçilik duyğusunun yüksək konsentrasiyası ilə müşayiət olunur. İdman yarışlarında qələbə çalarkən komandanın yox, dövlətin bayrağı qaldırılır və onun himni eşidilir. İdman təkcə bilavasitə idmançıların deyil, minlərlə, milyonlarla insanların - azarkeşlərin xüsusi diqqət mərkəzindədir. Burada irqi və ya etnik-milli ayrıseçkilik yoxdur və hamı üçün bərabər imkanlar yaradılmış olur. Əgər kiminsə fiziki və ya intellektual kamillik dərəcəsi yüksəkdirsə, əgər kimsə mətin iradə nümayiş etdirməklə, yüksək göstəricilər əldə edə bilibsə, o, hansı ölkədən olmasından asılı olmayaraq, ümumiyyətlə, bəşər övladının nəyə qadir olduğunu nümayiş etdirməklə bütün insanların rəğbətini qazanmış olur. Burada hər kəsin öz ölkəsindən olan idmançıya və onun çıxışlarına idmanın həmin növünə olan maraqla, vətən təəssübü və milli qürur hissi bütün hissiyyatı səfərbər edən azarkeşlik missiyası ilə çulğalaşır. Nəticədə məhz öz milli komandasına, öz həmvətəni olan idmançıya, onun nailiyyətlərinə olan xüsusi münasibətlə yanaşı, ümumiyyətlə, idmanın həmin növündə bəşər övladının qazandığı uğurlara görə sevinc hissi də keçirilir. Bütün ölkələrdən olan azarkeşlərin qələbə çalan idmançıya və ya komandaya rəğbəti onun təmsil etdiyi ölkəyə və millətə də müəyyən münasibət formalaşdırır. Təsəvvür etmək çətin deyil ki, Sidneydə Namiq Abdullayevin qələbəsi, onun nümayiş etdirdiyi böyük ustalıq bütün güləş həvəskarlarının sevincinə səbəb olmaqla bərabər, diqqəti, həm də onun təmsil etdiyi ölkəyə, onun şərəfinə səslənən Azərbaycan himninə və bu münasibətlə ucaldılan Azərbaycan bayrağına yönəldir. Burada bir azərbaycanlının keçirdiyi qürur hissi, əlbəttə, bir ingilisin və ya yaponun keçirdiyi hissdən fərqlidir. Lakin burada hətta həsəd hissi də Azərbaycanın xeyrinədir. Əsas məsələ onun tanınması və məhz qələbəyə görə, qüdrətli bir nümayəndəsinin hesabına tanınmasıdır. Sidney bu istiqamətdə irəliyə doğru böyük bir addım oldu. Zemfira Meftəhəddinova və Namiq Abdullayevin qazandığı qızılların effektini yüz dəfə, min dəfə ağır olan qızıl külçəsi yarada bilməzdi. Keçmiş SSRİ imperiyası Qərb dünyasında ideoloji düşmən qiymətləndirilsə də, ötən əsrin 50-ci illərindən başlayaraq bu ölkənin idman yarışlarında böyük uğurlar qazanması bütövlükdə sosializm sisteminə münasibətin xeyli dəyişməsi və SSRİ-nin beynəlxalq miqyasda nüfuzunun artmasında mühüm amillərdən biri idi. Əlbəttə, SSRİ üçün ilk özünütəsdiq məqamı II Dünya müharibəsində alman faşizmi üzərindəki qələbə oldu. Lakin onun özünü sadəcə bir güc mərkəzi, hərbi makina kimi deyil, həm də incəsənətin, idmanın böyük vüsət aldığı bir ölkə kimi göstərə bilməsi humanitar müstəvidə də özünütəsdiq imkanı yaratdı. Sovetlər İttifaqı idmanın bir çox sahələrində, o cümlədən, olimpiya oyunlarında misilsiz qələbələr qazandı. Bu nailiyyət SSRİ-nin beynəlxalq ictimaiyyətin gözündə yalnız qara rəngdə deyil, həm də mavi, çəhrayi rəngdə işıqlı obrazının yaranmasına kömək etdi.
İdman Azərbaycan haqqında düşmənlərimiz tərəfindən beynəlxalq ictimaiyyətdə yaradılmış yanlış təsəvvürün dəyişdirilməsində də önəmli rol oynayır. Azərbaycanın zəngin təbii sərvətlərə, neft yataqlarına malik olmasına baxmayaraq, antihumanist mövqe tutan, yazıq erməniləri blokadada saxlayan, mürtəce bir ölkə kimi qələmə verilməsi cəhdlərinin alt-üst edilməsində və onun dünyaya humanitar yönümlü inkişaf kursu seçmiş bir ölkə kimi təqdim olunmasında da idmanın böyük imkanları vardır.
Bəzən hərbi güclə həyata keçirilməsi mümkün olmayan və ya pis qarşılanan, hətta siyasi müstəvidə böyük əngəllərlə üzləşən çətin məsələlərin həlli xalqların, millətlərin humanitar müstəvidəki ünsiyyətində, beynəlxalq ictimaiyyətin münasibətinin dəyişdirilməsi ilə öz həllini daha tez tapır. Əsas məsələ ictimai amillərdən, humanitar vasitələrdən bəzi qüvvələrin bizə təlqin etmək istədiyi kimi, Ermənistanla münasibətdə deyil, beynəlxalq miqyasda istifadə etməkdən, tanınmış ölkələr və onların ictimaiyyəti ilə daha sıx əlaqələr qurmaq, humanitar yönümlü siyasət aparmaq, daha geniş iqtisadi əlaqələrə girmək və xalq diplomatiyasından məhz bu böyük məkanda daha məharətlə istifadə etməkdən ibarət olmalıdır.
S.Xəlilov yazır: "İncəsənət və idman başqa sahələrə, məsələn, elmə nisbətən daha çevik olduğundan bu sahələrdə əlaqələr qurulması və milli özünütəsdiqə nail olmaq üçün addımlar atılması da operativ olmalıdır. Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın Rusiya ilə qırılmış əlaqələrini bərpa etmək üçün sənət xadimləri ilə əlaqələrə xüsusi fikir verir. Çünki yeri gələndə incəsənət də siyasətin daşıyıcısına çevrilir. Son kino festivallarında Moskvada və Uralda kinorejissor Vaqif Mustafayevin Heydər Əliyevə həsr etdiyi filmlərin qələbəsi, həm də siyasi qələbələr idi. Söhbət təkcə Vaqif Mustafayevin bir rejissor kimi başqa ölkə təmsilçilərindən üstün olmasından yox, həm də Heydər Əliyevin M.S.Qorbaçova nisbətən üstünlüyündən gedir. Belə hadisələr ictimai fikrə təkcə aşkar şəkildə deyil, həm də şüuraltı səviyyədə təsir edir. İctimaiyyətin mövqeyi ona görə önəmlidir ki, demokratik ölkələrdə siyasi liderlər öz şəxsi simpatiyalarını deyil, geniş ictimaiyyətin simpatiyalarını bir amil kimi nəzərə almaq məcburiyyətindədirlər. İdman da məhz ictimai şüura və hətta ictimai psixologiyaya təsir etmək baxımından önəmlidir.
Türkiyə ilə İtaliya və Yunanıstan arasında sıcaq münasibətlər olmadığı dövrlərdə həmin ölkələrin ictimaiyyəti Türkiyəyə məhz bir futbol ölkəsi olaraq yaxınlıq göstərməyə başladı. Türkiyədən iş axtarmaq üçün, ucuz işçi qüvvəsi olaraq Avropaya gedən minlərlə adamın yaratdığı xoşagəlməz obraz Fateh Terimin, Hakan Şükürün, "Qalatasaray" klubunun timsalında öz simasını dəyişməyə başladı. Futbol üzrə axırıncı dünya çempionatından sonra isə uzaq Seulda məhz Avropanı yüksək səviyyədə təmsil etdiyinə görə Şenol Günəş, Hasan Şaş, İlhan Mansız və sairin timsalında türklərə yaranan simpatiya milyonlarla Avropa azarkeşlərinin türklər haqqındakı "istilaçı", "vəhşi" təsəvvürlərinin dəyişməsində rol oynadı. Ola bilsin ki, bu hadisə bundan sonra Avropa ölkələrində "erməni soyqırımı" əhvalatının parlamentlərə çıxarılmasının da qarşısını ala biləcək dərəcədə önəmli amilə çevrilmişdir. Bu günlərdə İspaniyada iki yerli futbol klubu arasındakı görüş ANS-də canlı yayımla verilirdi və bütün stadion "Nihad!" deyə qışqırırkən, heç ola bilməzdi ki, bunun İspaniyada türklərə olan ənənəvi münasibətə təsiri olmasın.
Təsadüfi deyildir ki, futbol üzrə növbəti Avropa çempionatının İstanbulda və Afinada birgə təşkilati iş şəraitində keçirilməsi ideyası bütün Avropada, o cümlədən, UEFA-da bu hadisənin Türkiyə və Yunanıstan arasındakı ənənəvi soyuq münasibətə göstərə biləcəyi müsbət təsir prizmasından da nəzərdən keçirilir.
Futbol idman növləri içərisində həqiqətən ən böyük təsir gücünə malikdir. Lakin təəssüf ki, bizim ölkədə idmanın bu populyar sahəsinə milli dövlətçilik duyğuları ilə yanaşılmadığından, milli heysiyyatla yüksək təşkilati işin vəhdəti təmin edilmədiyindən burada hələ heç bir uğur əldə etmək mümkün olmamışdır. Biz ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan futbolu inkişaf edəcək və onun böyük imkanlarından Azərbaycanın milli maraqları üçün istifadə etmək mümkün olacaqdır.
İlham Əliyev təkcə MOK-un Sədri deyil. Əgər belə olsaydı, ölkəmizdə idmanın indiki inkişaf sürətini təmin etmək, yəqin ki, mümkün olmazdı. Çünki təkcə idmanın öz dairəsində əldə edilmiş uğurlarla qazanılan nüfuz idmana marağın artmasını və onun yüksək templi inkişafını təmin etmək üçün kifayət edə bilməz. İlham Əliyevin Azərbaycanda iqtisadiyyatın inkişafında, onun beynəlxalq iqtisadi proseslərə daha fəal surətdə qatılmasında, beynəlxalq siyasi təşkilatlarda uğurla təmsil olunmasında, əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının ardıcıl surətdə həyata keçirilməsində fəal iştirakı, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi uğurlu çıxışları ona böyük nüfuz qazandırmışdır. Məhz nüfuz və təşkilatçılıq qabiliyyəti ölkəmizdə Onun rəhbərliyi ilə həyata keçirilən olimpiya hərəkatının və bütövlükdə idmanın da diqqət mərkəzinə çəkilməsinə imkan yaradır.
S.Xəlilovun qeyd etdiyi kimi, siyasətdə qazanılan uğurların nəticəsi özünü bəzən xeyli gec büruzə verir. İqtisadiyyatdakı uğurlar da çox qısa müddətə əldə oluna bilməz. Bununla belə, onun konkret nəticələri siyasətə nisbətən daha əyanidir. Lakin bu sahədə qurulan münasibətlər böyük dövlətlərin maraqları ilə sıx surətdə bağlıdır və onlara qarşı dayanmaqla beynəlxalq miqyasda uğur əldə etmək mümkün deyil. Siyasətdə ölkənin maraqları, milli mənafe bilavasitə deyil, bilavasitə, başqa maraqlar kontekstində nəzərə alınır. Burada ehtiraslar və cari qərarlar yox, intellekt və uzaqgörənlik əsasdır. Milli hissiyyatın toparlanması və real gücə çevrilməsi yolu mürəkkəb labirintlərdən keçir. Nə siyasətdə, nə də iqtisadiyyatda kiçik ölkələr böyük dövlətlərin qarşısına çıxaraq mənəmlik edə bilməz. Burada milli hissin, milli dövlətçilik duyğularının pafoslu ifadəsi və aşkar təzahürü üçün meydan yoxdur. Və yaxşı ki, belə bir meydan yoxdur və böyük dövlətlərin dolayı təzyiqləri aşkar qarşıdurma şəraitində üzə çıxmır. Bu qarşıdurmanın əsas forması olan müharibə indi hamı tərəfindən pislənir və bütün mübahisəli məsələlərin stol arxasında, müzakirələr vasitəsilə həll olunması məsləhət bilinir. Lakin bir meydan var ki, burada kiçik və ya böyük olmasından asılı olmayaraq, iqtisadi gücündən və ya siyasi nüfuzundan asılı olmayaraq hər bir ölkə öz milli varlığını ayrı-ayrı şəxslərin və ya komandaların timsalında nümayiş etdirir və aşkar qarşıdurma şəraitində kimsə məğlub olur, kimsə qalib gəlir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 8 yanvar.- S.15