2013-cü ildə Heydər Əliyev Fondu möhtəşəm uğurlara
imza atıb
Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində tarixin çətin və taleyüklü sınaqlarından çıxaraq dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilən Azərbaycan dövləti günü-gündən daha da güclənərək, iqtisadi qüdrəti, dinamik inkişafı ilə seçilən dövlətlər sırasındadır. Azərbaycanda baş verən sıçrayışlardan, onun simasının gündən-günə dəyişməsindən, dünyanın nüfuzlu dövlətləri sırasında layiq yer qazanmasından danışarkən Heydər Əliyev Fondunun da fəaliyyətini vurğulamaq vacib məqamlardandır. Yarandığı zamandan Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrini reallaşdırır.
Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək, respublikanın və xarici ölkələrin fondları ilə əməkdaşlığı genişləndirir. Qısa bir zamanda xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətini genişləndirdi. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaratmağı, eləcə də bu ölkələrdə fəaliyyət göstərən analoji qeyri-hökumət qurumları ilə əməkdaşlıq əlaqələri qurmağı məqsədyönlü hesab edərək Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklərini yaratdı. Fondun bu nümayəndəlikləri Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. 2013-cü ildə də tarixə həkk ediləcək uğurlu layihələrini gerçəkləşdirdi. Ötən bir il ərzində sayı hesaba gəlməyən layihələr Azərbaycanın sosial, mədəni, ictimai həyatında əhəmiyyətli dərəcədə rol oynadı.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi, mədəni həyatında gördüyü işlərin bir illik məsafəsinə diqqət yetirsək nə qədər möhtəşəm hadisələrin reallaşdığının bir daha şahidinə çevrilərik. Belə ki, 2013-cü ildə Azərbaycanda baş verən sıçrayışlarda, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasında Mehriban xanım Əliyevanın fəaliyyəti, genişmiqyaslı layihələrinin müstəsna yeri və əhəmiyyəti var. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyıb. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edib. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində fondun böyük mahiyyət daşıyan addımları Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir.
“YENİLƏŞƏN AZƏRBAYCANA YENİ MƏKTƏB”LƏR
Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın qısa bir zamanda Azərbaycan üçün gördüyü işlər bir əsrin tarixi qədər möhtəşəm və alidir. Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu.
Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı əsasında ötən illərdə olduğu kimi, 2013-cü ildə də təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində müasir standartlara cavab verən məktəb binaları inşa olunaraq yenidən quruldu. “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində Xaçmaz rayonunun Palıdlı kəndində, Şabran rayonunun Gilavar kəndində, Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində, Zaqatalada Ələddin Cavadov adına Bəhmətli kəndində və digər yerlərdə yeni məktəb binaları inşa edilib. Heydər Əliyev Fondunun 10 ildir həyata keçirdiyi “Təhsilə dəstək” layihəsi çərçivəsində 2013-2014-cü dərs ili ərəfəsində respublikanın müxtəlif bölgələrində ilk dəfə məktəbə gedəcək qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə 15 minə yaxın çanta və dərs ləvazimatı paylanılıb.
Azərbaycandan kənarda belə, bu humanizm prinsiplərinə əsaslanan layihələr reallaşdırılır. Belə ki, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda yeni uşaq bağçasının təməli qoyulub. Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz istifadəyə verilib. ABŞ-ın Merilend ştatının Montqomeri dairəsində yerləşən ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə xeyriyyə yardımı göstərilib. Bu yardım əsasında məktəblər üçün kompyuterləşdirilmiş interaktiv lövhələr və əlil uşaqlar üçün müvafiq avadanlıq alınıb. Heydər Əliyev Fondu Fransanın Aşağı Normandiya regionun Orn departamentindəki Lüql musiqi məktəbinin bir zalının təmirinə yardım edib.
Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin tərkib hissəsinə daxil olmasında atdığı addımlar da çox əhəmiyyətli hadisədir. YUNESKO-nun elə bir tədbiri yoxdur ki, orada Azərbaycanın milli-mənəvi dəyərlərindən, mədəniyyətindən söz açılmasın. O, tarixi həqiqətləri, tarixi faktları, dünyanın nüfuzlu təşkilatlarının iştirakı olan tədbirlərdə qonaqlara çatdıraraq, maraqlı faktlar əsasında çıxışı ilə ölkə həyatında baş verən hadisələrin təbliğinə nail olub. Ötən il “Bakıya uçuş. Müasir Azərbaycan İncəsənəti” sərgisi uğura səbəb oldu. Azərbaycanda, Vyanada keçirilən sərgilər müasir Azərbaycan sənətinin nümayişində əhəmiyyətli addım idi. “Muğam televiziya müsabiqəsi-2013”, azərbaycanlı mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq Simpozium, Üzeyir Hacıbəyli V Beynəlxalq Musiqi Festivalı, IV Muğam Televiziya Müsabiqəsi, Qəbələ V Beynəlxalq Musiqi Festivalı 2013-cü il Azərbaycan mədəniyyətində mühüm hadisəyə çevrildi. Heydər Əliyev Fondunun mədəniyyət diplomatiyası öz tənətənəsini yaşayır.
Heydər Əliyev Fondunun təşkilatçılığı dünya ölkələrində keçirilən tədbirlər də maraq doğurub. Fransanın Miluz şəhərində müsəlman intibahının parlaq nümayəndəsi, ilk Azərbaycan şairəsi və qadın şahmatçısı Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilib. Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan - tolerantlıq məkanı” adlı foto-sərgisi açılıb. Kölndə “Azərbaycan gecəsi” keçirilib. Strasburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş sərgi açılıb. Bütün bunlar Azərbaycan milli mədəniyyətinin, tarixi ənələrinin nümayişidir.
Mehriban xanım Əliyeva humanizm prinsiplərinə əsaslanaraq, köməyə ehtiyacı olan şəxslərə yardım edərək onların müalicəsinin təmin olunmasına da xüsusi diqqət ayırıb. Belə ki, kimsəsiz və dəstəyə ehtiyacı olan insanlara ehtiramla yanaşaraq, neçə-neçə kimsəsiz və imkansız şəxslərə, ailələrə kömək əlini uzatmışdır. Valideyn himayəsindən məhrum olan uşaqların maddi-texniki bazasının yenidən qurulmasında gördüyü işləri xüsusi qeyd etməliyik. Həmin müəssisələr Avropa standartlarına uyğun bir şəkildə təşkil olunub. Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nizami rayonunda inşa olunmuş yaşayış binasının istifadəyə verilməsi humanizmin ən yüksək nümunəsi olaraq qiymətləndirilir.
Mehriban Əliyeva bir qadın, ana olaraq, cəmiyyətin sosial qayğılarına daim diqqət yetirir, həyata keçirdiyi layihələrlə əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasına nail olur. O, uşaq evləri və internatlardakı uşaq və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərir. “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirməklə Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq qayğı göstərilir, dərman pereparatları ilə təmin edilirlər.
Bu gün Qarabağ probleminin tanıdılmasında təşkil etdiyi konfranslar, eləcə də, apardığı təbliğatlar nəticəsini verməkdədir. Bir məqamı da xüsusilə qeyd etməliyik. Mehriban xanımın uzaqgörənliyinin nəticəsidir ki, mədəniyyətlə, incəsənətlə Qarabağ problemlərinin tanıdılmasına nail olur. “Qarabağ həqiqətləri” bukletlər toplusu fars dilində çap etdirilib. Beş hissədən ibarət topluda Azərbaycanın ayrılmaz parçası olan Qarabağın tarixi, maddi və mədəni irsi, arxeoloji qazıntıları, ermənilərin bu bölgəyə köçürülməsi barədə sənədlər və faktlar yer alıb. Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar Helsinki Mərkəzi Kitabxanasına təqdim edilib. Bir il ərizində görülən işlər, reallaşan layihələrin kökündə Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması dayanır.
Hər bir azərbaycanlı üçün fərəhlidir ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə diqqətdədir. Onun gördüyü işlər cavabsız qalmamış, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara, mükafatlara layiq görülmüşdür. Onun hər bir uğuru Azərbaycanın nailiyyəti, yüksəlişidir. Mehriban Əliyeva qarşıya qoyduğu məqsədə daim addımlayır. Özünü, Özünün kimliyini gördüyü işlərlə təsdiqləyir.
NƏZAKƏT
ƏLƏDDİNQIZI
Səs.-2014.- 10 yanvar.- S.5.