Azərbaycan-Gürcüstan mədəni
inteqrasiyası: Nizami
yaradıcılığına Gürcüstanda
maraq
Nizami yaradıcılığına maraq Gürcüstanda sonrakı əsrlərdə də davam etmişdir. Dilarə xanım Əliyeva yazır ki, əgər XVI əsrə qədər gürcü ədəbiyyatında Nizami əsərləri və qəhrəmanlarının adına, Nizami yaradıcılığı ilə səsləşən əsərlərə rast gəliriksə, XVI-XVIII əsrlərdə bilavasitə Nizami mövzularında yazılmış əsərlərə, Nizamiyə nəzirə və iqtibaslara təsadüf edirik. Bunlardan "Leyli və Məcnuniani", "Baramquriani", "Xosrovşiriniani" (iki versiya), "Fərhadşiriniani", "Şamparvariani", "Vardbulbuliani" və s. əsərləri göstərə bilərik.
Nizaminin başqa müaqibləri kimi, gürcü şairləri də onu iki yolla izləmişlər. Bunlardan bir qismi şairin mövzularını alıb yeni əsər yaratmağa ("Leyliməcnuniani", "Baramquriani", "Xosrovşiriniani", "Fərhadşiriniani"), digərləri isə öz əsərlərini bədii quruluşca Nizamiyə bənzətməyə, Nizami üslubunda yazmağa çalışmışlar ("Şamparvariani", "Baramquriani", "Baraqulicaniani", "Vardbulbuliani"). Bütün bunlar gürcü xalqı arasında Nizami mövzularının nə dərəcədə geniş yayıldığını göstərən inkaredilməz dəlillərdir.
XVI-XVII əsrlər gürcü ədəbiyyatında ikinci intibah dövrü kimi qiymətləndirilir. Bu dövr orijinal əsərlərlə yanaşı, fars dilindən tərcümə, iqtibas və təbdil edilmiş əsərlərlə zəngindir. Məlumdur ki, tərcümə əsərləri bu və ya digər ədəbiyyatda təsadüfi və səbəbsiz yaranmır, onlar həmin əsərə xalq içərisində olan mənəvi ehtiyac və mədəni tələbat nəticəsində meydana gəlir. Başqa sözlə, elə əsərlər tərcümə olunur ki, xalqda o əsərə ciddi maraq vardır. Nəzirə, təbdil, iqtibas, tərcümə də ədəbi əlaqələrin təzahürləridir. Ədəbi əlaqələrin nəzəriyyəçilərindən olan akademik N.İ.Konrad "Qərb və Şərq" əsərində "Bir yazıçının yaradıcılığında başqa bir xalqa mənbus digər yazıçısının əsərinin mövzu və motivlərinin yenidən canlandırılmasını" yayılmış ədəbi əlaqə formalarından biri kimi göstərir. Bu baxımdan gürcü ədəbiyyatının ikinci intibah dövründə yaranmış əsərlər diqqətəlayiq olub, Azərbaycan-gürcü ədəbi əlaqələrinin yeni bariz təzahürü kimi qiymətləndirilməlidir. XVI-XVII əsrlərin gürcü şairləri yenə də Nizami mövzularına müraciət edirlər. Bunu professor David Kobidze "Rustaveli və İran ədəbiyyatı" əsərində belə izah edir: "Gürcü şairləri Nizami yaradıcılığı ilə həmişə maraqlanmışlar. Nizami surətlərinin adı Rustavelidən başqa klassik dövrün digər əsərlərində də çəkilir. O ki qaldı yeni intibah dövrü (XVI-XVIII əsrlər) şairlərinə, onlar Nizamini tanıyır, onu orijinalda oxuyur, yaradıcılığından təsirlənirlər".
Nizaminin yalnız aşiqinə-romantik dastanları deyil, fəlsəfi-didaktik səciyyəli "Sirlər xəzinəsi" poeması da gürcü ədiblərinin diqqətini cəlb etmişdir. Bu baxımdan XVIII əsr gürcü yazıçısı, təmsil ustası Sulxan-Saba Orbelianinin "Uydurmanın hikməti" adlı əsəri nəzəri cəlb edir. Burada "Ədalətsiz Şirvanşah", "Hind şahı və dəllək" təmsillərinin məzmunu eynilə Nizami poemasındakı "Ənuşirəvan və bayquşların söhbəti", "Harunərrəşid və dəlləyin dastanı" hekayələrini xatırladır.
S.S.Orbeliani Nizaminin hekayələrindəki əsas məsələni, məzmunu götürmüş və onu yığcam şəkildə vermiş, fikir və ideyanı eynilə saxlamışdır. Nizami əsərlərindəki zülm və istibdada qarşı mübarizə ruhu, saxtakarlığın, pis əməllərin, ədalətsizliyin ifşası ideyası gürcü yazçısının da ruhuna, yaradıcılığına uyğundur. S.S.Orbeliani bütün yaradıcılığı boyu ictimai ədalətsizliyə qarşı çıxmış, dövrünün qəddar hakimlərini, xalqa zülm edən şahları qamçılamışdır.
S.S.Orbelianinin Nizami ədəbi irsi ilə əlaqəsi haqqında indiyə qədər heç bir tədqiqat aparılmamışdır. Gürcü yazıçısının təmsillərinin köklərindən bəhs edən tədqiqatçılar (K.Kekemidze "Qədim gürcü ədəbiyyatı tarixi, A.Baramidze "Gürcü ədəbiyyatı oçerkləri" əsərlərində) onun əsərlərinin bəzilərinin orijinal olduğunu, bəzilərinin xalq içərisində yayılmış təmsillərin yenidən işlənməsi yolu ilə yarandığını, bir hissəsinin isə başqa dillərdən iqtibas edildiyini göstərirlər. İqtibas edilən əsərlər sırasına Nizaminin "Sirlər xəzinəsi"ni də əlavə etmək, bizcə, düzgün olardı. S.S.Orbelianinin yuxarıda adını çəkdiyimiz əsəri ilə "Sirlər xəzinəsi"ndəki oxşarlıqlardan başqa, gürcü şairinin təmsillərinin Nizaminin həmin poemasının digər hekayələri ilə də ideya və fikir yaxınlığı vardır. Onu da qeyd etmək lazımdır ki, Nizami əsərlərinin Azərbaycanda el variantları yarandığı kimi, onlar gürcü xalqı içərisində də yayılmış, şifahiləşmişdir. Ola bilsin ki, S.S.Orbeliani və Nizami əsərlərinin xalq içərisində yayılmış variantından istifadə edərək öz təmsillərini yazmışdır. Gürcü xalqı içərisində Nizami əsərlərinin el variantlarının yaranmasını gürcü folklorunda "Fərhad və Şirin" adlı dastanın olması da sübut edir...
D.Əliyeva yazır: "Bu qısa icmala yekun vuraraq deyə bilərik ki, böyük bir yol - çox faydalı qarşılıqlı ədəbi təsir və zənginləşmə yolu keçmiş Azərbaycan-gürcü ədəbi əlaqələrinin qaynaqları Nizami dövründən başlamış, Nizami irsindən bəhrələnmə ilə bugünkü inkişaf səviyyəsinə gəlib çatmışdır".
XII-XIII əsrlər gürcü ədəbi və tarixi abidələrindən dövrümüzə gəlib çatmış nümunələrdə Nizami poemalarının adının çəkilməsi və abidə müəlilflərinin həmin poemaların qəhrəmanlarına müraciət etmələri şairin əsərlərinin hələ uzaq keçmişlərdə gürcü dilinə tərcümə edildiyini güman etməyə imkan verir. A.Baramidze "Nizami və gürcü ədəbiyyatı" əsərində yazır ki, "Nizaminin hələ öz yaşadığı dövrdə iki aşiqanə romantik poeması" - "Leyli və Məcnun", "Xosrov və Şirin" gürcü dilinə tərcümə edilmişdir.
Məşhur şərqşünas N.Marr "Fars ədəbiyyatının gürcü ədəbiyyatına təsiri məsələsinə dair" və "Qədim gürcü dünyəvi ədəbiyyatının meydana gəlməsi və çiçəklənməsi" əsərlərində yazır ki, adı dövrümüzə qədər gəlib çatmış Çaxruxadze, Sarqis Tmoqveli, Şavteli, Mose Xoneli, nəhayət, Şota Rustavelidən başqa, XII əsrdə Tamara sarayında digər gürcü şairləri də yaşamışlar ki, "Leyli və Məcnun", "Xosrov və Şirin", "Şahnamə", "Vaqim və Əzra" və s. əsərləri gürcü dilinə məhz onlar tərcümə etmişlər.
XVI-XVIII əsrlərdə Gürcüstanda Nizami mövzularına və ədəbi irsinə maraq daha güclü olmuşdur. Gürcü ədəbiyyatının intibahı adlanan həmin dövrdə, ümumiyyətlə, farsdilli ədəbiyyatın təsiri böyükdür. Akademik N.Marrın təbirincə desək, "Bu dövr əsərlərinin mühüm hissəsi ya fars dilindən tərcümədir, ya da fars əsərləri mövzularının yenidən işlənməsidir". XVII əsrin şairləri I Teymurazın "Leyliməcnuniani", N.Tsisişvilinin "Baramquriani", ("Yeddi səyyarə"), P.Qorqicanidzenin "Xosrovşiriniani", XVIII əsr adı bəlli olmaya müəlliflərin "Xosrovşiriniani", "Fərhadşiriani" poemaları N.Marrın yuxarıdakı fikrini təsdiq edir. Bu əsərlərin bir qismi nəzmlə, bir qismi isə nəsrlə yazılmışdır. Uzun müddət bu əsərlər Nizamidən tərcümə hesab edilmişdir. Lakin sonrakı tədqiqatlar göstərmişdir ki, bunların bir qismi tərcümə olmayıb, Nizamidən iqtibasdır. Eyniadlı poemalarda bəzən əhvalat qısaldılmış, onlara yeni epizodlar, hadisələr, yeni surətlər əlavə edilmişdir. Ancaq bütün bu əsərlərin müəllifləri Nizamini tanımış, ondan istifadə etmiş, yeri düşdükcə onun yaradıcılığına yüksək qiymət vermişlər. Bu əsərlər içərisində P.Qorqicanidzenin "Xosrovşiriniani" əsəri Nizami poemasının nəsrlə tərcüməsi hesab edilə bilər. Yalnız bir epizod - Şirinin nişanlısı olması əlavə edilmişdir, qalan bütün hadisələr Nizamidə olduğu kimidir.
XVII əsr şairi N.Tsisişvili isə Nizaminin "Yeddi gözəl"indən üç hekayəni tərcümə edərək cüzi dəyişikliklərlə öz "Baramquriani" əsərinə əlavə etmişdir (I hekayə - "Qara şəhər", IV hekayə - "Rus şahzadəsi", VI hekayə - "Xeyr və şər"). Nizaminin "Sirlər xəzinəsi" də gürcü ədiblərinin diqqətini cəlb etmişdir. Bu cəhətdən, birinci məqalədə qeyd etdiyimiz kimi, XVIII əsr gürcü şairi və ictimai xadimi Sulxan-Saba Orbelianinin "Uydurmanın hikməti" adlı əsərində iki novella nəzəri cəlb edir: "Ədalətsiz Şirvanşah", "Hind şahı və dəllək". "Ədalətsiz Şirvanşah" eynilə "Ənuşirəvan və bayquşların söhbəti", "Hind şahı və dəllək" isə "Harunərrəşid və dəllək" dastanının nəsrlə tərcüməsindən ibarətdir. Bundan başqa, S.S.Orbeliani gürcü dilində "Kəlilə və Dimnə"ni (XI Vaxtanqın tərcüməsi) redaktə edərkən Vayez Kaşefinin "Ənvare-Süheyla"da Nizamidən verdiyi beytləri də şeirlə gürcü dilinə tərcümə etmişdir. Bu beytlər "Xosrov və Şirin", "Leyli və Məcnun" poemalarından götürülmüşdür.
Nizami irsinin
gürcü dilinə geniş
şəkildə tərcümə işi
sovet hakimiyyəti illərində,
xüsusən, şairin 1941-ci ildə 800 illik yubileyinə ölkəmizdə
hazırlıqla əlaqədar başlamışdır.
Yubileylə əlaqədar olaraq Gürcüstanda Nizami ədəbi
irsinin, onun zəngin və
çoxcəhətli yaradıcılığının tədqiqi
sahəsində olduğu kimi,
şairin əsərlərinin tərcüməsi
sahəsində də az iş
görülməmişdi. Yubileyə hazırlıq 1938-ci ildən
başlamışdı. Tərcümə işinə, ilk növbədə, orijinalın dilini bilən şairlər cəlb edilmişdi. Bunlardan biri də fars
dilini mükəmməl
bilən şair Ambako Çelidze idi. Bu istedadlı tərcüməçi Nizaminin
üç poemasını
- "Xosrov və Şirin", "Leyli və Məcnun", "Sirlər xəzinəsi"ni gürcü dilinə çevirmişdir.
1940-cı ilin axırında şair vəfat etdiyindən onun tərcümələri
çap edilməmişdi.
Şairin arxivi əldə
edilərkən mütəxəssislər
bu tərcümələrə
əhəmiyyət vermiş
və onlardan birincisini ("Xosrov və Şirin" poemasının tərcüməsini)
1965-ci ildə nəşr
etmişlər. Nizaminin gürcü
dilinə tərcüməçilərindən
alim və şair M.Todua əsəri çapa hazırlamaqla A.Çelidzenin
böyük zəhmətini
başa çatdırmışdır.
A.Çelidzenin arxivində saxlanılan sənədlər göstərir
ki, o öz tərcüməsini vaxtaşırı
Tbilisi Dövlət Universitetinin
şərqşünaslarından İ.Abuladze, K.Kekelidze, D.Kobidzedən ibarət komissiya üçün oxumuş və onlardan məsləhətlər
almışdır. Komissiya tərcümənin
keyfiyyətini bəyənmiş,
orijinala yaxınlığını
xüsusi qeyd edərək çap olunmasını məsləhət
bilmişdir. Lakin mütərcimin
vəfatı, Böyük
Vətən müharibəsinin
başlanması ilə
əlaqədar olaraq yubileyin təxirə salınması tərcümələrin
də çap işini dayandırmışdır.
Dilarə xanım Əliyevanın fikrincə, Nizaminin "Xosrov və Şirin" poeması romantik bir məhəbbət
dastanı kimi dünya ədəbiyyatında
böyük şöhrət
qazanmışdır. Bu əsər dünya xalqlarının bir çox dillərinə ya bütöv, ya da xülasə
ilə tərcümə
edilmişdir. A.Çelidzenin bu poemanı hələ müharibədən
əvvəl bütövlükdə
gürcü dilinə
tərcümə etməsi
gözəl təşəbbüs
olub, Azərbaycan-gürcü
ədəbi əlaqələri
tarixində qiymətli
səhifələrdən birini
təşkil edir.
Məlumdur ki, bədii tərcümə hələ
qədim zamanlardan millətlər arasında
mənəvi ünsiyyət
yaradan, xalqları bir-birinə yaxınlaşdıran
amillərdən biri olmuşdur. çünki
tərcümə vasitəsilə
bir xalq digər bir xalqın milli adət və ənənələri, bədii
təfəkkürü, mənəvi
aləmi, həyat və düşüncə
tərzi, nəhayət,
mədəniyyəti ilə
tanış olur.
Tərcüməçilik işinin sovet hakimiyyəti illərində
böyük vüsət
tapıb hərtərəfli
inkişaf etməsi təsadüfi deyildir. Buna keçmişin görkəmli
sənətkarlarının - Nizami, Rustaveli, Nəvai, Şevçenko,
Lermontov, Puşkin, Cami,
Füzuli və başqalarının yubileylərinin
ümumittifaq miqyasında
qeyd edilməsi də gözəl şərait və zəmin yaratdı. Tərcümə vasitəsilə bir
xalqın ədəbiyyatının
ən yaxşı nümunələri digər
xalqa çatır, onun mənəviyyatını
zənginləşdirir. M.Qorkinin sözləri ilə desək, bədii tərcümə "qarşılıqlı
anlaşma prosesini sürətləndirir". Bu baxımdan da
"Xosrov və Şirin" poemasının
gürcü dilinə
tərcüməsi mühüm
əhəmiyyət kəsb
edir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2014.- 17 yanvar.- S.12.