Azərbaycan-Gürcüstan mədəni
inteqrasiyası: Nizami əsərləri gürcü dilində
Klassik irsin tərcüməsi xalqlar arasında mədəni inteqrasiyasını gücləndirən amillərdəndir. Klassik irsin tərcüməsi orijinal müəllifinin dünyagörüşünü, yazı üslubu və sənətkarlıq xüsusiyyətlərini, yaşadığı dövrü və ədəbi mühiti öyrənməlidir. Aydındır ki, klassik şairlərin həyatı, dünyagörüşü, bu və ya başqa tarixi hadisələrə münasibəti haqqında məlumatı onların əsərlərindən alırıq. Bəzən bir misranın yeri dəyişilirsə, beytin məzmunu dəyişir. Misrada bir söz düzgün başa düşülmədikdə, tərcümədə verilən fikir təhrif olunur. Nəticədə böyük bir şairin dünyagörüşünün düzgün öyrənilməsində dolaşıqlıq yaranır. Odur ki, klassik irsin tərcüməsində dəqiqlik böyük əhəmiyyət kəsb edir.Filologiya elmləri doktoru Dilarə xanım Əliyeva göstərir ki, A.Çelidze "Xosrov və Şirin"i orijinaldan, daha doğrusu, Vəhid Dəstgirdinin nəşrindən bütünlükdə gürcü dilinə çevirmiş, hətta Dəstgirdinin Nizaminin hesab etmədiyi parçaları belə ixtisara salmamışdır. A.Çelidzenin bu xidməti də təqdirəlayişdir, çünki sonrakı tədqiqat həmin beytlərin də Nizaminin olduğunu təsdiq etdi.
Tərcüməni orijinalla tutuşdurduqda cəsarətlə demək olar ki, tərcümə orijinala son dərəcə yaxın, dəqiq və bədii cəhətdən yüksək səviyyədədir.Gürcü ədəbiyyatının farsdilli əsərlərin tərcüməsi sahəsində qədim və zəngin ənənələri vardır. Gürcü tərcümə ədəbiyyatının klassik nümunələri olan "Vis və Ramin" (XII əsr), "Şahnamə" (XVI), "Kəlilə və Dimnə" (XVIII), bunun ən yaxşı təzahürləridir. Bu ənənəyə sadiq qalaraq A.Çelidze "Xosrov və Şirin"i forma və məzmunca tamamilə orijinala yaxın tərcümə etmiş, tam mənası ilə poemanın ruhunu verə bilmişdir.Klassik irsi tərcümə edərkən, janr və vəzni saxlamaq xüsusi bacarıq tələb edir. Bu mənada, Nizami ədəbi irsini tərcümə etmək, onun həm məzmununu, həm bədii keyfiyyətini saxlamaq asan deyildir. Akademik M.Rif hələ 1940-cı ildə Nizami əsərlərinin tərcüməsi ilə məşğul olan sənətkarların qarşısına çıxan çətinliklərdən bəhs edərkən tərcümədə Nizami şeir formasını saxlamağın da əsas şərtlərdən biri olduğunu göstərirdi.A.Çelidze Nizami şeirinin məsnəvi janrını çox ustalıqla saxlamış və şairin poeziyasına xas olan yüksək bədii qüvvəni verməyə nail olmuşdur. Gürcü klassik şeirində bu forma geniş yayılmasa da, onun nümunələrinə (xüsusən, XVIII əsrdə) təsadüf etmək mümkündür.A.Çelidze orijinalın dilini mükəmməl bildiyindən Nizami ruhunu, şeiriyyətini duymuşdur. O, şairin hər sözünə, hər ifadəsinə qayğı ilə yanaşmış, artıq söz işlətməkdən çəkinmiş, orijinaldakı fikri birbaşa verməyə cəhd etmişdir. Mütərcim Nizami şeirindəki dərin fəlsəfi fikirləri, hikməti öz oxucusuna çatdırmaq üçün xeyli əmək sərf etmişdir.Dilarə xanım Əliyeva göstərir ki, A.Çelidzenin tərcüməsi səlisdir, yığcamdır. Oxucu çətinlik çəkmədən Nizami dühasının poetik fikrini, dünyəvi fəlsəfəni başa düşə bilir. Tərcüməçinin Şərq əfsanələrini, rəvayətlərini, mifoloji adları düzgün verə bilməsi onun Şərq ədəbiyyatına mükəmməl bələd olduğunu göstərir.Müəllif tərcümə zamanı qarşıya çıxan ayrı-ayrı ifadələr, tarixi hadisə və şəxsiyyətlər haqqında izahat verməklə oxucunu çətinlikdən qurtarmışdır. Məlumdur ki, Nizaminin əsərləri aforizmlərlə, idiomatik ifadələrlə zəngindir. Mütərcim orijinaldakı bu cəhətləri saxlamaq üçün gürcü dilində olan idioma və xalq ifadələrini yerli-yerində və məqsədəuyğun bir şəkildə işlətmişdir ki, bu da tərcümənin dolğun və canlı çıxmasına səbəb olmuşdur. A.Çelidzenin tərcüməsini çapa hazırlayan M.Todua kitaba geniş müqəddimə və şərh yazmış, ona lüğət əlavə etmişdir. Yeri gəlmişkən, kitabın müqəddiməsi haqqında danışmağı lazım bilirik.Yaxın Şərq ədəbiyyatı və İran-gürcü ədəbi əlaqələrinin öyrənilməsi ilə uzun illərdən bəri məşğul olan professor M.Toduanın müqəddiməsi Nizami yaradıcılığı haqqında ayrıca tədqiqat sayıla bilər. Müqəddimənin məziyyətlərini və qüsurlarını göstərməyi, həm də onu görə lazım bilirik ki, M.Todua özü də Nizaminin gürcü dilinə tərcüməçilərindən biridir.Müqəddimədə Nizami yaradıcılığını geniş təhlil edilir, poemanı yazarkən şairin istifadə etdiyi mənbələr araşdırılır. M.Todua Firdovsinin "Şahnamə", F.Qorqaninin "Vis və Ramin" əsərləri ilə "Xosrov və Şirin" arasında ümumi cəhətlər tapır, Nizaminin istifadə etdiyi ədəbi mənbələr sırasında "Kəlilə və Dimnə"nin adını çəkir. Azərbaycan-gürcü ədəbi əlaqələri tarixində Nizami yaradıcılığının xüsusi mövqe tutduğunu bildirən M.Todua onun gürcü ədəbiyyatına təsirini ayrıca qeyd edir, orta əsrlər gürcü ədəbiyatında klassik Şərq ədəbiyyatına məxsus mövzu və motivlərin, bədii ifadə tərzi və surətlərin olmasını böyük Azərbaycan şairinin təsirilə əlaqələndirir."Xosrov və Şirin" poemasını təhlil edərkən, M.Todua əsərə yüksək qiymət verir, Şirin surətini düzgün səciyyələndirir və onun mənəvi yüksəkliyini nəzərə çarpdırır. Lakin bununla belə, tədqiqatçı bir sıra yanlış mülahizələr də irəli sürmüşdür ki, onları qeyd etməmək mümkün deyil. M.Toduanın ən ciddi səhv və yanlış müddəalarından biri onun Nizamini sufi şair kimi qiymətləndirməsidir. Hər şeydən əvvəl qeyd etməliyik ki, müasir nizamişünaslıq tərəfindən tamamilə rədd edilmiş bu səhv müddəa gürcü ədəbiyyatşünaslığında illərdən bəri davam edir və şairə həsr edilmiş həmin tədqiqatda da təkrarlanmışdır. M.Todua göstərir ki, guya Nizami elə əvvəldən sufi əhvali-ruhiyyəli şair olmuş və bu, onun "Sirlər xəzinəsi" əsərində ifadə edilmişdir, ikinci poeması "Xosrov və Şirin"də isə şair sufiliyi artıq bir surətin - Fərhadın şəxsində təsvir etmişdir.Nizamini sufi şair kimi qələmə vermək cəhdi şairin yaradıcılığı ilə daban-dabana ziddir. Sufiliyin təlqin etdiyi əsas amal - bu həyatla əlaqəni kəsmək, öz mənliyini unutmaq, bir guşəyə çəkilib Allaha qovuşmaq çağırışından ibarətdir. Nizami dünyagörüşünə isə bədbinlik, məyusluq, dünyadan küskünlük həmişə yad olmuşdur. Böyük humanist şair insanın qüdrətinə, xeyrin, ədalətin qələbə çalağacağına inanır. Asketlərin əksinə olaraq, o, insanları taleyə boyun əyməyə, həyata inanmağa çağırırdı. Nizamini passivlikdə, həyatdan küskünlükdə təqsirləndirərkən gürcü müəlliflərin ən çox istinad etdikləri "Leyli və Məcnun" poemasında belə şairin həyata bağlılığı, insanı həyatdan zövq almağa səsləməsi şübhə doğurmur.Nizaminin ilk poeması olan "Sirlər xəzinəsi"ndə tərəqqipərvər sufi baxışların müəyyən dərəcədə təsirini müşahidə etmək mümkündür. Bu əsərdə böyük şair feodal zülmünü, ədalətsizliyi, şöhrətpərəstliyi, soyğunçuluğu, qəsbkarlığı, acgözlüyü və tamahkarlığı tənqid edir, əməyi, zəhmət adamlarını, sadəliyi, təvazökarlığı alqışlayır. Bu görüşlər müəyyən dərəcədə sufizm ideyaları ilə bağlı olmaqla bərabər, yenə də Nizaminin tərki-dünyalıqdan, asketizmdən, mistik ruhdan uzaq olduğunu göstərir. "Sirlər xəzinəsi"ndəki əxlaqi-fəlsəfi qənaətlər şairin həyata geniş humanist baxışının tərkib hissəsidir.Sufilər müxtəlif şüarlarla insanları xoşbəxt həyat uğrunda mübarizədən saqındırır, hər cür zülm və məhrumiyyətlərə dözmək fikri aşılayırdılar. Nizami yaradıcılığında isə zülmə boyun əyməmək əzmi, zorakılıq və istibdada qarşı qətiyyətlə mübarizə aparmaq ruhu vardır. Nizami dünyagörüşünə bu səhv baxış Azərbaycan nizamişünasları H.Araslı, M.Quluzadə, M.Əlizadə, Ə.Ağayev, Q.Beqdeli, R.Azadə tərəfindən kəskin tənqid edilmişdir.Nizamini sufi adlandıran müəlliflərə cavab verərkən görkəmli sovet şərqşünası Y.E.Bertels "Nizami və Füzuli" əsərində yazmışdır: "İnsanlardan üz döndərmiş, öz şəxsi iztirablarına qapılmış quru asket surətindən bir dəfəlik əl çəkmək lazımdır. İnsan təbiəti haqqında fövqəladə biliyini Nizami öz subyektiv aləmindən əxz etməmiş, onu insanlarla daim ünsiyyətdə, daha doğrusu, insana böyük məhəbbət və qayğı ilə yanaşmaq nəticəsində əldə etmişdir.Bundan başqa, M.Todua Fərhadı poemanın əsas qəhrəmanlarından hesab etmir, onu epizodik surət sayır və Xosrova nisbətən bədii cəhətdən kamil olmadığını göstərir. Müqəddimə müəllifi, həmçinin, şairin Fərhada olan aşkar və dərin rəğbətini bir növ görmür və Nizaminin ən çox sevdiyi surətin ancaq Xosrov olduğunu iddia edir. Lakin əsərdən tamamilə aydındır ki, Nizami feodal sarayında tərbiyə olunmuş şahzadə Xosrova tənqidi münasibət bəsləyir. Bu hökmdar qüvvətli, gözəl, cangəvər olmaqla bərabər, eyş-işrətə aludədir, qadına əyləncə kimi baxır, nəcib, ülvi məhəbbəti dərk etmir. Məlumdur ki, sonralar Xosrov Şirinin təsiri ilə dəyişir, təkmilləşir. Poemadan yəqin etmək olur ki, Nizami ülvi, nəcib mənəvi keyfiyyətləri Xosrovda deyil, Şirində və Fərhadda görmüşdür. Böyük şair Şirini də, Fərhadı da pərəstişə layiq insanlar dərəcəsinə ucaltmışdır. Fərhad poemada xüsusi rəğbətlə təsvir edilmiş çox orijinal və maraqlı bir surətdir. O, müqəddimə müəllifinin dediyi kimi, oxucunun gözü qarşısından "ildırım kimi çaxıb keçmir", əksinə, əsəri oxuyan hər kəsə dərin təsir bağışlayır. Həcm etibarilə Fərhad əsərdə az yer tutsa da, bu obraz poemanın ideya məzmununda çox mühüm rol oynayır. Həmin surət üzərində böyük diqqət və məharətlə işləyən Nizami, onu özünün ölməz qəhrəmanları səviyyəsinə qaldırmışdır.Akademik Həmid Araslının qeyd etdiyi kimi, Fərhad "poemanın mərkəzi surətlərindən biridir. O Şirinin qəlbində hörmətli yer tutduğu kimi, oxucuların qəlbində də həmişəlik qalır".M.Todua Fərhadı Nizami yaradıcılığı üçün orijinal surət hesab etmir. Müəllif belə bir əsassız müddəaya istinad edir ki, Fərhadın adı Nizaminin sələfləri olan Sənai, Məsud Səd Səlmani, Xaqani və başqaları tərəfindən çəkilmişdir. Doğrudur, Nizamidən əvvəlki şairlərin əsərlərində Fərhadın adı xatırlanmışdır. Lakin Fərhad Nizaminin ədəbi kəşfidir. Onun simasında şair zəngin mənəvi aləmə malik olan zəhmət adamlarının dolğun, əzəmətli, bədii surətini yaratmışdır. Nizami davamçılarının bir çoxu, əməkçi insanlar içərisindən çıxmış həmin surəti öz əsərlərinin əsas qəhrəmanına çevirmiş, "Fərhadnamə" və "Fərhad və Şirin"lər yaratmışlar.Nəhayət, M.Toduanın Fərhadı sufi kimi səciyyələndirməsi fikri ilə də razılaşmaq olmaz. Müəllif poemada iki növ məhəbbətin - Xosrovun şəxsində real, həyati, Fərhadın şəxsində isə əflatuni məhəbbətin himni verildiyini qeyd edir, Fərhadın Şirinə olan məhəbbətini "əflatuni eşq" adlandırır və belə nəticəyə gəlir ki, guya Fərhad surəti ilahi, əflatuni eşqin təcəssümü olan Məcnun surəti üçün ədəbi hazırlıqdır, onun eskizidir. "Fərhadın eşqinin əflatuni olması onun Xosrovla mübahisəsindən də görünür: - öləndən sonra ona (Şirinə) qovuşaram, - deyə Fərhad Xosrova cavab verir".
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 22 yanvar.- S.13.