XIII-XVIII əsrlərdə Azərbaycan-Gürcüstan mədəni-mənəvi inteqrasiyası

 

Azərbaycan və Gürcüstan dövlətləri həm ikitərəfli həm də ayrı-ayrı dövlətlərlə çoxtərəfli siyasi, iqtisadi, mədəni və s. sahələrdə yaxından əlaqələr yaratdılar. Əlbəttə, bu əlaqələr xalqlarımız arasında mədəni və ədəbiyyat əlaqələrinin güclənməsinə yeni təkan verdi... Beləcə də, həm Azərbaycan, həm də gürcü ədəbiyyatı tarixinin inkişafında yeni bir mərhələnin yaranmasına geniş imkanlar yaratmış oldu... Bu da, hər şeydən əvvəl, Azərbaycan və gürcü ədəbiyyatının və ya mədəniyyətlərinin həm rus ədəbiyyatı və mədəniyyəti, həm sabiq SSRİ tərkibində birləşdirilmiş digər xalqların ədəbiyyat və mədəniyyətləri, həm də istənilən xarici ölkələrin ədəbiyyatı və mədəniyyətləri ilə yaxından əlaqə saxlamağa geniş imkanlar verdi...

Professor Mədəd Çobanov yazır: "Başqa sözlə desək, Azərbaycan və gürcü mədəniyyət və incəsənət xadimlərinin və yazıçıların başqa ölkələrin mədəniyyət və incəsənət xadimləri ilə tez-tez görüşməyə, əlaqələrin müxtəlif formalarını təşkil etməyə, həmçinin, geniş dairədə fikir mübadiləsi aparmaq üçün geniş şərait yarandı. Bir sözlə, ayrı-ayrı xalqlar arasında mədəni, mənəvi və məfkurəvi yaxınlıq daha da gücləndi, ədəbi inkişafın yeni istiqamətə meyillənməsi, müştərəklik və oxşar cəhətlərin çoxalması, qarşılıqlı ədəbi zənginləşməsi prosesi get-gedə daha da sürətləndi. Bir sözlə, hər bir xalqın mənafeyinə uyğun olan azad ədəbiyyat və mədəniyyət yarandı. Başqa sözlə desək, Azərbaycanda azərbaycançılıq ideyası və məfkurəsi, Gürcüstanda isə, gürcüçülük ideyası və məfkurəsi yarandı. Bu ideyalar hər iki ölkədə ümumxalq tərəfindən rəğbətlə və sevinclə qarşılandı. Çünki xalqlar dostluğu ideyasının təbliğ edilməsində keçmişmüasir milli ədəbiyyatlar və mədəniyyətlər başlıca rol oynayır. Bu mənada, Azərbaycan və gürcü xalqlarının ədəbiyyatlarında mehriban qonşuluq-dostluq-qardaşlıq ideyaları həmişə qüvvətli olmuşdur. Bu, heç də təsadüfi deyil. Çünki hər bir xalqın avanqard dəstəsi olan ziyalılar çox yaxşı bilirlər ki, xalqının mənafeyi qonşularla mehribançılıq və səmimilik şəraitində yaşamağı tələb edir. Bunu Azərbaycan və gürcü xalqlarının qədim dövrlərdən üzü bəri ədəbiyyat və incəsənət ustadlarından tutmuş onların bugünkü xələflərinə qədər bütün dövrlərin tanınmış və məşhurlaşmış ədəbiyyat və incəsənət xadimləri dərindən duymuş, odur ki, mehriban qonşuluq, dostluq və qardaşlıq idealını daim canla-başla yerinə yetirmişbu günə qədər tərənnüm edə-edə qoruyub saxlamışlar... Bu baxımdan, istər Azərbaycan, istərsə də gürcü xalqlarının ədəbiyyatlarının çox zəngin və bitib-tükənməyən ədəbi-bədii inciləri vardır".

Professor Mədəd Çobanovun fikrincə, bizim mülahizəmizə görə, bunları beş mərhələyə bölmək olar:

1. Azərbaycan-gürcü əlaqələrinin birinci mərhələsi qədim dövrlərdən XVIII əsrin sonlarına qədər.

2. Azərbaycan-gürcü əlaqələrinin ikinci mərhələsi - XIX əsr və 1918-ci illər.

3. Azərbaycan-gürcü əlaqələrinin müvəqqəti müstəqillik dövrü - 1918-1920-ci illər.

4. Azərbaycan-gürcü əlaqələrinin sovet dövrü - 1920-1991-ci illər.

5. Azərbaycan-gürcü əlaqələrinin ən yeni dövrü - 1991 - XXI əsrin ilk onillikləri.

Azərbaycan-gürcü əlaqələrinin tarixilikmüasirlik baxımdan tam halda hərtərəfli nəzərdən keçirmək mümkün olsa, onda qalaq-qalaq kitablar yazmaq olar...

İndi də Azərbaycan və gürcü xalqlarının əlaqələrinin birinci mərhələsinə nəzər salaq. Yalnız XI-XII əsrlərdə yaşamış dünya şöhrətli Nizami Gəncəvinin və Ş.Rustavelinin, Leontiya Mrovelinin, XaqaniÇaxruxadzenin bədii irsinin qarşılıqlı surətdə dərindən və hərtərəfli araşdırılması davam etdirilərsə, qədim tarixə malik olan Azərbaycan türklərinin və gürcülərin qonşuluqdostluq münasibətlərinə dair cildlərlə kitablar yazmaq olar. Əlbəttə, bu fikir və mülahizələr təsadüfi deyil. Bu sahədə Azərbaycan alimi akademik M.Arifingürcü akademik-şairi İ.Qrişaşvilinin, akademik H.Araslının, professor M.Seyidovun, filologiya elmləri namizədi D.Əliyevanın, dosent Q.Şaqulaşvilinin, Ə.Yerevanlının və başqalarının yüksək səviyyəli araşdırmaları çox böyük elmi əhəmiyyətə malikdir.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan və gürcü əlaqələri yalnız tarixi sənədlərdə və bədii ədəbiyyatda yox, eyni zamanda Azərbaycan xalqının ümumi təfəkkürünün məhsulu olan folklorunda, xüsusilə, şifahi xaiq ədəbiyyatında - ayrı-ayrı dastanlarda, nağıllarda, mahnılarda özünə geniş yer tapmış və xalq arasında geniş şəkildə yayılaraq əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək indi də yaşamaqdadır. O cümlədən, "Aşıq Qərib", "Məhəmməd və gürcü qızı", "Koroğlu", "Qaçaq Nəbi", "AnaqaGülnaz" dastanlarında qonşu xalqların bir-birinə olan sevgi və məhəbbət hisslərinin, həmçinin, qohumluq əlaqələrinin yaranması dərin tarixə malik olmasının tarixi təzahürüdür...

Tədqiqatçı Y.Eyvazovanın fikrincə, Gürcüstana, gürcü xalqına məhəbbət və səmimiyyəti dahi Nizami Gəncəvinin yaradıcılığında da müşahidə etmək mümkündür. O, şeirlərinin birində bu diyarın gözəlliyini, Tiflis şəhərinin heyranediciliyini öz misralarında vəsf etmişdir. Görkəmli gürcü şairi Şota Rustaveli fars dilini bildiyi üçün Nizaminin əsərlərini bu dildə oxumuşdur. Bundan əlavə Rustavelinin əsərlərində Nizami yaradıcılığının təsiri aydın hiss olunur.

İki qonşu xalq arasında ədəbi-mədəni əlaqələrin formalaşaraq inkişafına təsir göstərən əsas amillərdən biriGürcüstanla Şirvanşahlar arasında dostluq münasibətlərinin mövcud olması faktıdır. Yüz il ərzində davam edən bu dostluq münasibətləri, hətta qohumluq əlaqələrinin yaranması ilə nəticələnmişdi. Şirvanşah hökmdarı II Məniçöhrün gürcü çarı II Davidin qızı ilə evlənməsi nəinki ədəbi-mədəni əlaqələrin, eləcə də digər münasibətlərin də inkişafına güclü təsir göstərdi.

Azərbaycanlı ədiblər kimi gürcü sənətkarları da Azərbaycan mədəniyyətinə böyük maraq və diqqət göstərirdilər. Təsadüfi deyil ki, gürcü ziyalıları XVI-XVII əsrlərdən Azərbaycan poeziyasını həm öz ana dillərinə tərcümə edir, həm də öz əlifbaları ilə yazıya köçürərək ondan istifadə edirdilər. Bu qəbildən olan yazılar indiCanasiya adına Gürcüstan Dövlət Muzeyində saxlanılmaqdadır. Xüsusilə, gürcü xalqının böyük Azərbaycan sənətkarı Məhəmməd Füzuli yaradıcılığına marağı daim üstünlük təşkil etmişdir. Tədqiqatçı alim M.Çobanovun əldə etdiyi məlumatlara əsasən, XVI-XVII əsrlərdə yaşamış gürcü xalq xanəndələrinin repertuarlarında Füzulinin "Leyli Məcnun" poemasından çoxlu miqdarda qəzəllər mövcud idi.

Azərbaycanın digər məşhur şairi Fədainin də bədii poetik yaradıcılığı XVII əsrdən başlayaraq gürcü ədib və sənətkarlarının diqqətinə səbəb olmuşdur. Belə ki, Fədainin "Bəxtiyarnamə" poeması üzərində tədqiqat aparmış gürcü alimi A.İ.Kabidze bu əsərin gürcü dilində iki tərcüməsini əldə edə bilmişdir. Bunlardan biri fars nağılları sırasına keçmiş "Bəxtiyarnamə"nin XVII əsrin sonu və XVIII əsrin əvvələrində gürcü dilinə tərcümələridir. Bu faktın özü gürcülərin Azərbaycan şeirlərinə olan marağının sübutudur.

Filologiya elmləri doktoru Dilarə xanım Əliyevanın fikrincə, Zaqafqaziya xalqlarının ədəbi əlaqələri tarixində Vaqif yaradıcılığı parlaq səhifələrdən birini təşkil edir. Vaqif hələ öz dövründə həm insan gözəlliyini yüksək zövqlə tərənnüm edən nikbin ruhlu bir şair kimi, həm də qonşu ölkələrlə dostluq əlaqəsi yaratmaq istəyən bir dövlət xadimi kimi Zaqafqaziyada böyük şöhrət qazanmışdı. Tarixdən məlumdur ki, XVIII əsrdə Zaqafqaziya xalqları İran hökmdarı Ağa Məhəmməd şah Qacarın hücumuna məruz qalmışdı. Vaqif Qarabağ xanlığının vəziri kimi İran qəsbkarlarına qarşı qonşu ölkələrlə ittifaq bağlamaqda böyük rol oynamışdı. Bu münasibətlə o, İrəvan xanlığında, Gürcüstanda olmuş, Gürcüstan hökmdarı İrakli ilə bağlanan ittifaqda şəxsən iştirak etmişdi.

XVII-XVIII əsrlər Azərbaycan aşıq şeirinin, xalq yaradıcılığının geniş inkişaf etdiyi bir dövrdür. Bu zaman Azərbaycanda vüsət tapmış aşıq şeiri qonşu xalqlara da öz təsirini göstərmişdi. Aşıqlarımızın zəhmətkeş insanın arzu və istəklərini tərənnüm edən, ürəkaçan mahnıları Qafqazın hər guşəsində hörmətlə qarşılanırdı. Vaqifin həyat və yaradıcılığı da məhz Azərbaycanda aşıq şeirinin  belə geniş yayıldığı bir dövrə təsadüf edir. Vaqifin əsərləri şifahi xalq ədəbiyyatına, aşıq şeirinə çox qüvvətli təsir göstərmişdir. Onun əsərləri, cazibədar qoşmaları hələ öz zamanından başlayaraq aşıqlar və xanəndələr tərəfindən məclislərdə, yığıncaqlarda ifa edilmiş, oxuna-oxuna bütün Zaqafqaziyaya geniş yayılmışdı.

Məşhur gürcü şairi Aleksandr Çavçavadze də Azərbaycan mahnılarına şeirlər yazmışdır. Bəzi şeirlərinə şair özü "Kərəm mahnısına", "Mənsur mahnısına" oxunmalıdır kimi başlıqlar yazmışdır. Görkəmli sənətkarların bu qəbildən olan digər şeirlərini isə David Rektor izah etmişdir. Məsələn, "Msurda oxrva" şeiri "Aqam sənsən" mahnısına, "Kenebit vxmovaneb" şeiri isə "Getməsəm, öldürər o yara məni" mahnısına yazılmışdır. Zənnimizcə, A.Çavçavadzenin xalq mahnılarına Araz Dadaşzadə Vaqif haqqında monoqrafiyasında gürcü sənətkarlarının onun yaradıcılığı ilə tanış ola bilməsi ehtimalını irəli sürməkdə heç də səhv etməmişdir.

XIX əsrdə gürcü ədəbi ictimaiyyətnin Vaqif şeirinə olan marağını təsdiq edən başqa dəlillər də mövcuddur. Azərbaycan aşıq yaradıcılığı və musiqisinin pərəstişkarlarından olan, gürcü dilində, həm də müxəmməs və bayatılar müəllifi kimi tanınan Qriqol Orbeliani Qarabağda olarkən Mirzə Yusif Nersesovla tanış olmuş, onun Vaqifin şeirlərini çapa hazırladığını öyrənmiş və bunu Tiflisə yazdığı məktublarının birində öz dostuna sevinclə xəbər vermişdir? "Bu günlərdə sənə Mirzə Yusifin burada çap etdirdiyi Vaqifin şeirlərini göndərəcəyəm".

Vaqif yaradıcılığında da Gürcüstanagürcü xalqına eyni səmimi münasibət bəsləndiyini görürük. Vaqif Gürcüstanla qonşuluqda olan Qazax mahalında anadan olmuş, ömrünün 42 (1717-1759) ilini burada yaşamışdır. Çox ola bilsin ki, şair elə bu vaxtlar Tiflisə səfər etmişdir. Tarixdən isə məlumdur ki, Vaqif Qarabağa köçdükdən sonra İran istilaçılarının hücumuna qarşı ittifaq bağlamaq üçün Tiflisə gəlmiş, İrakli sarayında qonaq olmuşdur. Tiflisdə o, gürcü xalqını, onun adət-ənənələrini yaxından müşahidə etmiş, Gürcüstanın gözəl təbiətinə  məftun olmuşdur. Vaqifin Tiflis haqqında bir neçə şeir yazdığı məlumdur.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 24 yanvar.- S.15.