Azərbaycan-Gürcüstan mədəni-mənəvi
inteqrasiyasında Azərbaycan dastanlarının rolu
Qədim və zəngin tarixə malik olan xalqımızın tarixi keçmişinə və dünya mədəniyyəti xəzinəsinin incisi sayılan "Kitabi-Dədə Qorqud" dastanlarının mətnlərinin verdiyi məlumatlara görə, bu dastanlar bəşəriyyətin Daş dövrünün sonlarından yaranmağa başlanmış və sonrakı Mis və Tunc dövrlərində isə, bədiyi sənətin ən yaxşı nümunələrindən biri kimi təkmilləşmiş halda orta əsrlərin ilk mərhələsində yazıya alınmışdır. Professor Mədəd Çobanovun fikrincə, bu mülahizəni "Kitabi-Dədə Qorqud" dastanlarının qəhrəmanlarının istifadə etdiyi silahlar (Daş dövrünə aid olan toppuz, sapand, ox; Mis və Tunc dövrünə aid olan qılınc, nizə və s.) və dastanların yayındığı məkanın Güney Qafqaz - tarixi Azərbaycan ərazisinin olması da təsdiq edir. Məhz buna görə də, "Kitabi-Dədə Qorqud" dastanlarında cərəyan edən hadisələrin Borçalı ilə bağlılığına heç bir şübhə ola bilməz... Dastanlarda qeyd olunan Ağ qaya, Ağlağan, Ağcaqala, Aladağ, Başıaçıq (Gürcüstanın Kutaisi bölgəsi), Qazlıq (Qafqaz, Qanlı Abxaz, Qaradağ, Qaradərə, Doqquz tümən Gürcüstan, Düzmürd qalası, Göycə, Günortac, Sünnəli, Tumanın (Başkeçid) və s.) toponimlər birbaşa Borçalı və onun ətraf bölgələri ilə ilgilidir.
Azərbaycan şifahi xalq ədəbiyyatında dastan yaradıcılığı həm janr, həm də ümumi mənəvi-əxlaqi cəhətdən xüsusi yer tutur... Dastanlarımızın müəyyən hissəsi öz məzmununa, mahiyyətinə, yaranma məkanına və yayılma arealına görə, ya bilavasitə, ya da dolayısı ilə Borçalı-Tiflis-Qarayazı və onların ətraf bölgələri ilə yaxından ilgilidir...
O cümlədən, Azərbaycan xalq qəhrəmanlıq dastanlarında olan "Koroğlu" dastanının yaranması məkanı da, yayılma arealları da, hətta Koroğlunun doğulduğu məkan da, dəlilərinin əksəriyyəti də, Aşıq Cunun da Borçalı-Başkeçid-Tiflis ətrafı kəndlərdən olduğu kimi, Koroğlu dəlilərinin məkanı olduğu yerlər də Borçalı, Başkeçid, Dəliklidaş, Bolulus, Tiflis, Qocor yaylağı, Kaxet və digər bölgələr olmuşdur. Hətta Koroğlunun dəlləri arasında qonşu gürcü xalqının nümayəndəsi Gürcüoğlu adlı dəli olmuşdur... Məhz bunlar da, M.Çobanovun qeyd edir ki, "Koroğlu" dastanlarının qonşu gürcü xalqı arasında geniş yayılmasına və şöhrət tapmasına səbəb olmuşdur. Odur ki, gürcü şifahi xalq ədəbiyyatında "Koroğlu"nun gürcü variantları da yaradılmış, həmçinin, gürcü yazıçıları və şairləri "Koroğlu" mövzusunda povestlər, dram əsərləri, şeirlər yazmışlar. O cümlədən, İ.Yevlaxovun (Evlaxişvilinin) "Şamlıbel dərəsi" povestində Koroğlunun Eyvazla birlikdə Qocor qalasında yaşamasından bəhs olur... Həmçinin, gürcü dramaturqu Zurab Antonovun Koroğlunun qocalığı hissəsində onun dayaq nöqtəsinin Qocor olduğu təsvir olunmuşdur. Onlardan fərqli olaraq, gürcü yazıçı-publisisti Zaxari Mtatsmindeli-Çiçinadzenin hekayət-fraqmentlərində Koroğlunun qocalığı ilə bağlı olan hadisələr Borçalıda-Bolulus meşəsində təsvir edilir. Koroğlunun ova çıxarkən meşədə əlində tüfəng olan naxırçıya rast gəlməsi və naxırçının tüfəngin tətiyini çəkməsi ilə camışın yıxılıb ölməsi, Koroğlunun qocalığı təsvir olunmuşdur...
Görkəmli gürcü şairi Rafael Eristavi "Koroğlu" dastanını dərindən öyrənmiş və xalq rəvayəti əsasında "Koroğlu" adlı şeir yazmışdır. Onu da qeyd edək ki, "Aşıq Qərib", "Gürcü qızınnan Qaçaq Kərəm", "Məhəmməd və gücrü qızı", "Mirqasım və gürcü qızı", "Pərixanım və gürcüstanlı", "Tahir-Zöhrə" və digər dastanlarımızın da yarandığı məkan Borçalı-Tiflis və onun ətraf mühiti olmuşdur. Burada bir məqamı da qeyd etmək yerinə düşərdi. Yuxarıda qeyd olunan dastanlarda həm dastançılıq sənətinin mövzusunun geniş olması, həm də Azərbaycan və gürcü xalqlarının tarixi talelərinin bir-birinə yaxınlığı, həmin xalqlar arasında tarixin ailəvi qohumluğun mövcudluğu və onun bədii əsərlərdə, xüsusi ilə dastanlarda xalqlar dostluğu ideyasının yayılması daim diqqət mərkəzində olmuşdur.
M.Çobanovun fikrincə, Azərbaycanın şifahi xalq ədəbiyyatında, hələ orta əsrlər dövründən qardaş gürcü xalqının nəzər-diqqətini özünə cəlb edən müxtəlif janrlarda şitahi halda yaradılmış nağıllar, lətifələr, müdrik kəlamlar, dastanlar və s. olmuşdur... Odur ki, XVI əsrdən Azərbaycan aşıqlarının əsərlərini, xalq qoşmalarını və bayatılarını, atalar sözlərini gürcü ziyalıları gürcü və erməni əlifbası ilə yazıya köçürmüş, gürcü və erməni xanəndələri tərəfindən isə həmin qoşma və mahnılar məclislərdə oxunmağa başlanmışdır. Həmin əlyazmaları indi də Gürcüstan Dövlət Muzeyində saxlanmaqdadır.
Orta əsrlərdə kasıb kəndliləri müdafiə edən və istismarçılara qarşı qəhrəmancasına mübarizə aparan Koroğlunu qardaş gürcü və digər xalqlar da öz qəhrəmanları kimi sevmişlər. Bu da, hər şeydən əvvəl, onunla əlaqədardır ki, "Koroğlu" dastanındakı hadisələrin müəyyən hissəsi indiki Gürcüstanda azərbaycanlıların yaşadığı ərazilərdə cərəyan edir. Koroğlunun Gürcüstana - Kaxetə, Qocori yaylağına, Batumi və Trialeti səfərləri, Gürcüstandakı "Koroğlu" qalaları, orada yaşayan azərbaycanlılar arasında yayılmış və dastana salınmış qolları da vardır. Bundan başqa, "Koroğlu" dastanının gürcü variantlarında göstərilir ki, hal-hazırda Trialeti dağlarında (Şərqi Gürcüstan) ondan çox Koroğlu qalasının qalıqları vardır.
XX əsr aşıq sənətinin tanınmış ustadlarından biri də Aşıq Hüseyn Saraclı olmuşdur. 1970-ci illərin sonlarında böyük bir toy məclisində Aşıq Hüseyn çalıb-oxuyurdu. Məclisin qızğın çağında kimsə, "aşıq, bəlkə bir kəlmə də "Koroğlu"dan oxuyasınız" deyə sifariş etdi... Aşıq Hüseyn Saraclı özünəməxsus ədəb-ərkanla, elə həmin andaca, sazını "Koroğlu" havası üstündə köklədi... Ustad özünəməxsus əda ilə, sanki döyüş meydanına atıldı... Onu da qeyd etmək yerinə düşər ki, aşıq sanki Koroğlu kimi döyüş meydanına bəmini bəm, zilini zil üstündə köklənmiş sazını "Cəngi" sədaları ilə oxumağa başladı.
"Koroğlu" eposunun gözəl məziyyətlərindən biri də onun beynəlmiləl xarakterə malik olmasıdır. Buna görə də, onu bütün xalqlar kimi qardaş gürcü xalqı da məhəbbətlə sevirlər. Hələ 1857-ci ildə "Qafqaz" qəzetinin nömrələrindən birində yazılmışdır: "Xalq (gürcü xalqı - M.Ç.) arasında Koroğlunun həyatına dair gözəl əfsanə və hekayələr gəzir. Onun igidliyi səyyar gürcü aşıqlarının ən sevimli mahnı və rəvayətlərini təşkil edir". Odur ki, "Koroğlu" dastanından bir çox parçalar gürcü əlifbası ilə yazıya köçürülmüş və indi də Dövlət Muzeyində saxlanmaqdadır. Heç təsadüfi deyil ki, XIX əsrin axırları və XX əsrin əvvəllərində "Koroğlu" dastanının gürcü dilinə tərcümə edilməsinə maraq artmışdır. Məhz bu marağın nəticəsidir ki, 1911-ci ildə gürcü aşıqlarından Zulalasaqen və Camalasaqen "Koroğlu" dastanının nəsr hissəsini, David Qibisişvili isə şeir hissəsini gürcü dilinə tərcümə edib və üçüncü hissəsini həmin il Tiflisdə "Nadejda" mətbəəsində nəşr etdirirlər.
Qeyd. "Dəlikli daş" toponimi (yer adı) Bolulus (indiki Bolnisi) rayonu ilə Başkeçid (indiki Dmanisi) rayonu arasında olan aşırımın adıdır. Həmin aşırıma Başkeçid aşrımı da deyirlər. Tarixən "Dəlikli daş" və "Başkeçid" toponimləri paralel işlədilib və indi də işlənməkdədir. XX əsrin sonlarında isə, tanınmış gürcü alimi və tərcüməçisi Zezva Medulaşvili "Koroğlu" dastanını gürcü dilinə mükəmməl tərcümə etmişdir. Buradan görünür ki, dastanın birinci və ikinci hissəsi əvvəldən gürcü dilinə tərcümə olunubdur. Lakin bu barədə, hələlik, əldə məlumat yoxdur. Şübhəsiz ki, folklorşünaslar bu tərcümələri tapacaqlar..."
Filologiya elmləri doktoru mərhum Dilarə xanım Əliyeva yazır ki, Azərbaycan folklorunun şah əsəri olan "Koroğlu" dastanı bir çox xalqların, o cümlədən, qonşu gürcü xalqının da sevə-sevə dinlədiyi, məhəbbətlə qoruyub-saxladığı xalq yaradıcılığı nümunələrindəndir. Dastanın qəhrəmanı Koroğlu, sözün əsil mənasında, xalq qəhrəmanıdır. Koroğlu cəngavərlik xatirinə qəhrəmanlıqlar göstərmir. O, milliyyətindən asılı olmayaraq bütün yoxsulların, əzilən kütlələrin dostu, varlıların, sultanların, paşaların, xalqın hesabına yaşayanların düşmənidir. Dastan boyu düşmənə qəzəb, nifrət hissi qırmızı xətlə keçir.
D.Əliyeva qeyd edir ki, gürcü ədəbiyyatının XVIII-XIX əsrlərə aid şifahi və yazılı mənbələrində Koroğlu qoşmalarına tez-tez rast gəlmək mümkündür. Gürcüstan SSR Elmlər Akademiyası K.Kekelidze adına Əlyazmaları İnstitutunun fondlarında saxlanılan gürcü xalq şairlərinin, xalq müğənnilərinin repertuarından ibarət dəftərlərdə çoxlu "Koroğlu" qoşmaları saxlanmışdır. Bu da hələ o dövrlərdə dastanın gürcü xalqı arasında geniş yayıldığını göstərir. Bu qoşmaların bir qismi vaxtında məşhur koroğluşünaslara təqdim edilmiş və dastanın müxtəlif çaplarının əlavə hissəsində nəşr edilmişdir. Bizim 1958-ci ildə nəşr etdirdiyimiz "Azərbaycan - gürcü ədəbi əlaqələri" adlı monoqrafiyada da bu qoşmalardan nümunələr verilmişdir. Apardığımız son axtarışlar göstərdi ki, gürcülər "Koroğlu" dastanını sevə-sevə dinlədikləri kimi, onun özlərinə məxsus versiyalarını, variantlarını da yaratmışdır.
D.Əliyeva yazır ki, "Koroğlu"nun Gürcüstanda geniş yayılmağı və onun gürcü versiyalarının yaradılması, zənnimcə, dastanın Azərbaycan versiyası və bunun tərcümələrinin XIX əsr Tiflis mətbuatında tez-tez dərc edilməsi ilə də izah oluna bilər. "Koroğlu"nun gürcü dilində iyirmiyə qədər versiyası məlumdur. Bunlardan on ikisi bu yaxınlarda ayrıca kitab şəklində çap edilmişdir. Bunlar Gürcüstanın Acara, Mesxeti, Kaxeti və başqa yerlərində toplanmışdır. Gürcü folklorçularının fikrincə, bu versiyalar, əsasən, Gürcüstanın Azərbaycanla yaxın qonşuluqda yerləşən rayonlarında yaranmışdır. Versiyaların əksəri qısa olub, dastanın müəyyən bir fraqmentini, hadisəsini nağıl edir və ancaq nəsr hissəsindən ibarətdir.
D.Əliyevanın fikrincə, Qafqaz xalqlarının mədəni-ədəbi əlaqələri problemi N.Marrın elmi fəaliyyətində həmişə əsas yer tutmuşdur. Onun bu mövzuya həsr etdiyi bir çox maraqlı tədqiqatı ("Qafqaz xalqlarının ədəbiyyatı", "Qafqaz mədəni aləmi" və s.) vardır. Onun əsərlərində belə bir fikir əsas yer tutur ki, Qafqaz xalqları ayrı-ayrı dillərdə danışsalar da, bir-birindən təcrid olunmamış, əksinə, daim sıx əlaqə saxlamış, birlikdə xarici düşmənlərə qarşı mübarizə aparmış və hər biri ayrılıqda özünə xas milli mədəniyyətini yaradarkən, ümumi Qafqaz mədəniyyətinə xidmət etmişlər. Zənnimcə, bu qoşmaların bir qismi variant fərqi, bir qismi isə yeni qoşmalar kimi "Koroğlu" tədqiqatçılarını maraqlandıra bilər.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 25 yanvar.- S.15.