XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan-Gürcüstan pedaqoji, mətbuat və ədəbi əlaqələri

 

 

 

XIX əsrdə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin dinamik inkişaf sistemində iki xalqın pedaqoji əlaqələrinin gücləndirilməsi faktı da əhəmiyyətli dərəcədə təsir göstərdi. Xüsusilə, 1879-cu ildə Qoridəki müəllimlər seminariyasında Azərbaycan şöbəsinin açılması Azərbaycan-gürcü ziyalıları arasında pedoqoji əlaqələrin güclənməsinə başlıca səbəb oldu. 1918-ci ildə seminariyanın Azərbaycan şöbəsi Qazağa köçürlən zaman şöbənin inspektoru F.Köçərli "Qruziya" qəzetinin müxbirinə verdiyi müsahibədə demişdir: "Azərbaycanlı seminaristlər Qoridə özlərinin gənclik illərini keçirmişlər. Onlar Gürcüstan və gürcülər haqqında ən yaxşı təəssüratlarla gedirlər. Gürcüstan Azərbaycanın bir çox mədəniyyət xadimlərinin mənəvi Vətəni olmuşdur. Belə vətəni unutmaq olarmı? Mən GürcüstanaQori şəhərinin sakinlərinə səmimi münasibətlər üçün dərin minnətdarlığımı bildirirəm".

Y.Eyvazovanın fikrincə, Tbilisidən dünyaya səs salmış "Molla Nəsrəddin" jurnalının ətrafında birləşən azərbaycanlı ədiblər M.Ə.Sabir, Ə.Qəmküsar, Ö.F.Nemanzadənin yaradıcılığı da Tbilisinin mənəvi mühiti ilə sıx bağlı olmuşdur. Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin intensiv dövrü XX əsrə təsadüf edir. Əsrin əvvəllərində Tbilisinin Zaqafqaziyada mərkəz rolunu oynaması azərbaycanlı ziyalı və sənətkarların bura ilə mədəni əlaqələrinin davam etdirilməsinə əhəmiyətli şəkildə kömək etdi. Bu baxımdan, böyük demokrat yazıçı və dramaturq, satirik jurnalist Cəlil Məmmədquluzadənin Tbilisidəki mədəni fəaliyyətinin çox böyük əhəmiyəti vardır. Dramaturqun Tbilisidə Azərbaycan dilində nəşr olunan "Şərqi-Rus" qəzeti ilə əməkdaşlığın, burada "Qeyrət" adlı mətbəə, nəhayət, 1906-cı il aprelin 7(20)-də nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalındakı redaktorluğu iki xalq arasında tarixi dostluq ənənələrinin mədəni ünsiyyət kontekstindən davam etdirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Lakin mədəni əlaqələr ədəbi mübadilələrlə məhdudlaşmırdı. XX əsrin əvvəllərində Azərbaycanda formalaşmış teatrlar artıq Gürcüstan səhnələridə qastrol tamaşalarını verir, gürcü-Azərbaycan aktyor və rejissorların arasında da mədəni münasibətlər qurulmuşdur.

Faktlardan göründüyü kimi, Azərbaycanla Gürcüstanın qarşılıqlı mədəni əlaqələri çox qədim olub, tarix boyu inkişaf edərək zənginləşmişdir. Mədəni əlaqələrin forma və vasitələri də rəngarəng səciyyə kəsb edirdi. Mütəqabil təsirlərdən, oxşar və müştərək motivlərdən, bədii tərcümələrdən, ədəbi məclislər ayrı-ayrı görkəmli şəxsiyyətlər arasında fikir mübadiləsindən və əməkdaşlıqdan yazıçıların şəxsi tanışlıq və dostluğuna qədər mövcud olan bütün əlaqə formaları gələcəkdə mədəni mübadilənin tərəqqisi üçün əsaslı baza rolu oynamışdır.

Filologiya elmləri doktoru Dilarə Əliyeva göstərir ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan və gürcü ədəbiyyatı tarixində proletar hərəkatı ilə bağlı olan yeni bir dövr başlanır. Bu dövrdə inqilabi hərəkat xalqları daha da yaxınlaşdırır, beynəlmiləlçilik ənənələrini genişləndirirdi. Yaranmaqda olan keyfiyyətcə yeni proletar beynəlmiləlçiliyi xalqlar dostluğunun inkişafında yeni mərhələ təşkil edirdi. Bu dövr Azərbaycan-gürcü ədəbi və mədəni əlaqələri tarixində də yeni yüksəliş dövrü idi. Ədəbi-mədəni əlaqələr, həm də siyasi-ictimai hadisələr zəminində qüvvətlənmiş, daha mütərəqqi mahiyyət almış, müəyyən dərəcədə inqilabi keyfiyyət də qazanmışdı. Azərbaycan və gürcü xalqlarının S.Ə.ŞirvaniA.Sereteli, İ.Çavçavadze və N.Vəzirov, M.Ə.Sabirİ.Yevdoşvili, Ə.HaqverdiyevM.Cavaxişvili, onlarca digər Azərbaycan və gürcü yazıçısı öz əsərlərində Zaqafqaziya xalqlarının dostluğunu yüksəklərə qaldırır, çarizmin və əksinqilabçı partiyaların qızışdırdıqları millətçiliyi ifşa edir, burjua üsul-idarəsinin üzünü açır, xalqların xoşbəxt gələcəyi uğrunda mübarizə aparırdılar.

Zaqafqaziyada xalqlar arasında dostluq əlaqələrini daha da möhkəmləndirmək işində demokratik mətbuat başlıca rol oynayırdı. İnqilabi fırtınaların qarşısını almaq üçün çarizmin xalqlar arasında nifaq salmaq cəhdləri həmin mətbuatın səhifələrində ifşa edilir, qonşu xalqların ədəbiyyat və mədəniyyətinə dair məqalələr, bədii tərcümələr verilirdi... XIX əsrin sonu, XX əsrin əvvəllərində Gürcüstanda bolşevik mətbuatı ilə yanaşı bir sıra demokratik ruhlu, mütərəqqi ədəbi jurnal və qəzetlər nəşr olunurdu. Həmin dövrdə fəaliyyətə başlayan "Droeba" ("Zəmanə"), "Saxalxo" ("Xalq qəzeti"), "Sinatle" ("İşıq") və digər qəzet və jurnalların səhifələrində Azərbaycan ədəbiyyatı və teatrına dair bir sıra məqalələrə təsadüf etdik ki, bunlar bir tərəfdən, gürcü ictimaiyyətinin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə olan münasibətini göstərirsə, digər tərəfdən, ədəbiyyat və mədəniyyətimizin bəzi əlamətdar hadisələrini aydınlaşdırmaqda bizə kömək edir.

Mütərəqqi gürcü yazıçısı və publisisti Georgi Seretelinin nəşr etdiyi "Droeba" qəzetinin 1909-cu il 63-cü nömrəsində "Azərbaycan mədəniyyəti haqqında" adlı bir məqalə verilmişdir. Məqalədə Azərbaycan xalqının qədim tarixinə, incəsənətinə nəzər salınır və onun son illərdə mədəniyyət sahəsində qazandığı müvəffəqiyyətlərdən bəhs olunur. "Qonşumuz azərbaycanlıların mədəniyyət yolunda irəliləməsi hamımızı sevindirir. Onların mədəniyyət sahəsində qazandığı hər qələbə ittifaqımızın möhkəmlənməsi üçün yeni zəmin yaradır".

Həmin dövr gürcü mətbuatı səhifələrində Azərbaycan mədəniyyətinin gələcəyinə böyük inam ifadə olunmuşdu. "İsari" qəzetində (1907-ci il ¹ 123) oxuyuruq: "Son illərdə Azərbaycan zəhmətkeşlərinin ictimai həyatına, onların yeni təşkil olunmuş məktəblərinə, mədəni cəmiyyətlərinə, yeni jurnal və qəzetlərinə, teatr işinə nəzər yetirən hər kəs aydın başa düşür ki, bu istedadlı və namuslu xalqın böyük gələcəyi vardır!" Bu fikir təsadüfi deyildir. Gürcüstanın qabaqcıl yazıçıları, publisistləri və teatr xadimləri xalqımızın xarakterindən, həyat və məişətindən söhbət açarkən onun mənəvi zənginliyini, bacarıq və istedadını həmişə nəzərə çarpdırmışlar. Hələ 1887-ci ildə böyük gürcü ədibi İlya Çavçavadze "İveriya" qəzeti səhifələrində xalqımızı belə səciyyələndirirdi: "Azərbaycanlılar... ürəyi açıq, sakit, təmkinli və vüqarlıdırlar. Azərbaycanlı bir adama hörmət edib inanırsa, heç vaxt ona xəyanət etməz. Azərbaycanlılar yalnız ağıllı və mərd adama hörmət edirlər".

Haqqında danışdığımız dövrdə Azərbaycan mədəniyyətinin maraq doğuran sahələrindən biriteatr idi. Bu illərdə səhnə sənətimiz öz təsir dairəsini xeyli genişləndirmişdi. Səyyar aktyor dəstələri Zaqafqaziyada, Orta Asiyada, Şimali Qafqazda, İran şəhərində tamaşalar verirdi. Xüsusən, H.Ərəblinskinin Tbilisidə verdiyi tamaşalar böyük müvəffəqiyyətlə keçirdi.

Professor M.Çobanov yazır ki, Azərbaycan və gürcü xalqlarının coğrafi baxımdan bir-birinə yaxın məkanda məskunlaşmaları da onların qonşuluq və əmin-amanlıq şəraitində yaşamasına imkan vermişdir... Bunu Azərbaycan xalqının müdrik klassiklərinin yaradıcılığında da aydın şəkildə görmək olar. XI-XII əsrlərdən üzü bəri Azərbaycan şairlərinin, demək olar ki, əksəriyyətinin yaradıcılığında gürcü xalqı ilə dostluqmehriban qonşuluq mövzusu daim gündəmdə olmuşdur. Azərbaycan şairlərinin yaradıcılığında geniş halda yayılmış xalqlar dostluğu mövzusunu ümumiləşdirərək belə qənatə gəlmək olur ki, qədim Tbilisi şəhəri və onun ədəbi və mədəni mühiti tarixən yaxın qonşuluq şəraitində yaşayan Azərbaycan və gürcü xalqlarının mədəniyyət və incəsənət ustalarının və yazıçıların mənəvi baxımdan, dostluq, həmrəylik və əməkdaşlıq şəhəri olmuşdur...

Onu da qeyd etmək lazımdır ki, hələ XVI əsrdən gürcü hökmdarı I Teymurazonun xələfləri olan tanınmış gürcü yazıçıları və şairlərindən İ.Çavçavadze (1837-1907), A.Sereteli (1840-1914), G.Eristavi (1811-1864), A.Çavçavadze (1786-1846), N.Barataşvili (1817-1845) və başqaları yaşayıb yaratdıqları dövrdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti, folkloru, atalar sözləri və hikmətli kəlamlar ilə yaxından tanış olmuşlar və onları öz ana dillərinə tərcümə etmişlər. Beləliklə də, Azərbaycan ədəbiyyatının ayrı-ayrı nümunələrinin geniş şəkildə gürcü dilinə tərcümə edilməsi ənənələrinin özülünü qoymuşlar. Bir məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycanın görkəmli filosofu, ədibi, şairinasiri M.F.Axundovun əsərlərinin gürcü dilinə ilk tərcümələri və komediyalarının ilk dəfə gürcü dilində səhnəyə qoyulmasının ilk təşəbbüskarları da gürcü yazıçıları olmuşdur...

O cümlədən, Aleksandr Çavçavadze (1786-1846) Azərbaycan dilini öyrənmiş və Azərbaycan xalq mahnıları motivində bir sıra şeirlər yazmış, həmçinin, Azərbaycan yazıçılarının əsərlərindən ayrı-ayrı nümunələri gürcü dilinə tərcümə etmişdir. XVIII-XIX əsrlərin astanasında yaşayıb yaratmış A.Çavçavadze, XIX əsrdə yaşamış görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin "Hikmətli sözlər"indən müəyyən parçaları gürcü dilinə tərcümə edərək, o dövrdə olunan "İveriya" qəzetində çap etdirmişdir.

Uzun müddət Tbilisidə yaşamış A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh gürcü yazıçıları və gürcü mədəniyyəti ilə yaxından tanış olmuşlar və hətta gürcü dilini öyrənmişlər və gürcü ziyalıları və dostları ilə, o cümlədən, böyük gürcü yazıçısı Akaki Sereteli və başqaları ilə gürcü dilində danışmışlar... Gürcü şairi Akaki Sereteli Azərbaycan ədəbiyyatına, incəsənətinə və mədəniyyətinə böyük maraq göstərmişdir, hətta bir neçə dəfə Bakıda da olmuşdur. Yeri gəlmişkən, onu da qeyd edək ki, A.Sereteli Azərbaycanın dünyamiqyaslı mütəfəkkir filosofu, yazıçısı-dramaturqu M.F.Axundovun komediyalarını da gürcü dilinə tərcümə etmişdir... M.F.Axundov şüurlu həyatının bütün dövrünü Tbilisidə yaşamış və orada da dünyasını dəyişmişdir. Hazırda M.F.Axundovun qəbri və tunc heykəli Tbilisidədir. Tbilisidə M.F.Axundovun ev muzeyi fəaliyyət göstərir, adına küçə vardır...

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 29 yanvar.- S.13.