Azərbaycanın qarşısında yeni-yeni imkanlar mövcuddur

 

 

Bu günlərdə öz işini başa çatdıran ənənəvi Davos İqtisadi Forumu iştirakçı ölkələrin malik olduğu imkanların dünyaya təqdimatında bir daha əhəmiyyətli rol oynadı. «Dünyanın yenidən qurulması: cəmiyyət, siyasət və biznes üçün nəticələr» devizi altında keçirilən 44-cü Davos İqtisadi Forumu ölkəmiz üçün mühüm addımlarla yadda qaldı. Bir gerçəklik bir daha özünü təsdiqlədi ki, ölkəmizin Dünya İqtisadi Forumu üçün önəmi böyükdür. Bu önəmi Forumun tarixinə nəzər salmaqla daha aydın görmək olur. Məlum olduğu kimi, Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrü əhatə edir. Belə ki, ümummilli liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan biri-birindən əhəmiyyətli iqtisadi uğurlara imza ataraq, dünya iqtisadiyyatının bir parçasına çevrilmişdir. 1995-ci ilin 27-31 yanvar tarixlərində ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün Davos şəhərində işgüzar səfərdə olmuşdur. Azərbaycanın Forumda ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində ölkəmizə həsr olunan görüş çərçivəsində ulu öndər Heydər Əliyev Azərbaycan haqqında, əldə olunan iqtisadi göstəricilər barədə tədbir iştirakçılarını məlumatlandıraraq, Azərbaycan reallıqlarının təqdimatında bu kimi tədbirlərin böyük rola malik olduğunu diqqətə çatdırmışdır. Zəngin təbii resurslara və əlverişli coğrafi məkana malik olan Azərbaycan hər zaman dünyanın diqqətində olub. Lakin müstəqilliyimizin ilk illərində ölkədə xaosun, anarxiyanın baş alıb getməsi xarici investorların tərəddüdlərinə səbəb olmuşdur. 1993-cü ildən bu yana digər istiqamətlərdə olduğu kimi, bu sahədə də böyük dönüş yarandı. Bu gün böyük fəxrlə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyarın həcmi 140 milyard dollardan artıqdır. Bu, 1994-cü ildən ölkədə yaradılan sabitliyin, normal biznes mühitinin təsdiqidir. «Açıq qapı» siyasəti həyata keçirən Azərbaycan dövləti qapılarını bura xoş niyyətlə gələn xarici investorların üzünə açdı. Ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatına qoyulan investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini ən yüksək tribunalardan bəyan etməklə, Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artması ilə yanaşı, bu istəyi gerçəkləşdirən ölkələrin miqyasının da genişlənməsinə stimul verdi. Ulu öndər Heydər Əliyev Azərbaycanın ilk dəfə təmsil olunduğu Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirmişdir: «Zəngin neftqaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır.» Keçirilən forumlar üçün seçilən mövzular hər bir ölkənin malik olduğu imkanları ortaya qoymaqla yanaşı, yaşadığı problemlərin də birgə müzakirəsinə yol açır.

Son on ildə Azərbaycanın Davos İqtisadi Foumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Prezident İlham Əliyev ilk dəfə 2007-ci ilin yanvarında «Güclərin qlobal balansının yerdəyişməsi» devizi altında «Neft geosiyasətinin artan əhəmiyyəti» mövzusunda keçirilən Forumda iştirak etmişdir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu inam ifadə olunmuşdur ki, BTC və BTƏ neft-qaz kəmərlərinin stimul verdiyi digər layihələr qarşıdakı illərdə ölkəmizin bu rolunu daha da artıracaq.

Bütünlükdə dünyada, Avropada hələ də sıxıntısı duyulan iqtisadi böhrandan xilas olmağın yollarını arayan dövlət başçılarının fərdi görüşlərində aparılan danışıqlar bir daha göstərir ki, böhranlı vəziyyətdən çıxmağın yeganə yolu qlobal əməkdaşlığı genişləndirmək, qarşılıqlı etimadinama güvənməkdir. Ənənəvi Davos Forumunu keçirməkdə məqsəd budur ki, bütün diqqətlər belə bir fakta yönəlsin ki, dünyada ən qlobal problemlərin həlli, sülhsiyasi sabitliyə nail olmağın yeganə yolu regional və beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Keçirilən hər bir Forumda ötən il müzakirə olunan məsələlərin nəticələrinə əsasən yeni prioritetlər müəyyənləşdirilir.

Bu ilki Forumda keçirilən «Avrasiya- yeni sərhədlər» və «Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol» mövzularında iclaslarda qlobal enerji layihələrinin şaxələndirilməsinin bölgədə və dünya birliyində əməkdaşlığın genişləndirilməsində nə kimi rola malik olduğunun müzakirəsi xüsusilə diqqət çəkdi. İqtisadi inkişaf üçün başlıca amil olan karbohidrogen ehtiyatlarından səmərəli, birgə və məqsədyönlü istifadə məsələsinə aydınlıq gətirildi, beynəlxalq miqyasda həyata keçirilən qlobal enerji layihələrinin reallaşmasında, Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyində əvəzedilməz rolu olan, tranzit ölkə kimi mühüm əhəmiyyət daşıyan Azərbaycanın mövqeyi yüksək dəyərləndirildi. Enerji daşıyıcıları müxtəlif neft-qaz kəmərləri vasitəsilə nəql edilən, malik olduğu təbii qaz ehtiyatlarını alternativ layihələr vasitəsilə, şaxələndirilmiş yeni kəmərlərlə ixracında maraqlı olan Azərbaycan hər il keçirilən Foruma qazandığı böyük uğurlarla qatılır. Neftdən daha çox mavi yanacağa ehtiyac duyulduğu müasir dövrümüzdə Azərbaycan qazına tələbatın artması dünya birliyini maraqlandıran əsas prioritet kimi aktuallığını qoruyur. Dünya bazarında karbohidrogen nəqlinin şaxələndirilmiş, alternativ layihələrlə çatdırılmasında həmişə olduğu kimi təşəbbüskarlığını bu gün də diqqətə çatdıran Prezident İlham Əliyev regionda sabitliyin yaranmasına, siyasi, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edən bütün təkliflərə tərəfdar olduğunu bütün enerji sammitlərində, iqtisadi forumlarda bəyan edir. Davos İqtisadi Forumu çərçivəsində keçirilən «Cənubi Qafqaz və Mərkəzi Asiya: qlobal iqtisadiyyata yol» mövzusunda iclasda çıxışı zamanı dövlət başçısı İlham Əliyevin söylədiyi «Həqiqətən, regionumuz dinamik inkişaf edirburada iqtisadi əməkdaşlıq üçün böyük potensialı vardır. Azərbaycan öz növbəsində əməkdaşlığın gücləndirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiyanın inteqrasiyası üçün vacib rol oynayır. Deyə bilirəm ki, ölkələrimizi bir araya gətirmək istiqamətində ilk təşəbbüsü Azərbaycan göstərib. Bu da enerji siyasətimizin başlanğıcı ilə bağlıdır» fikirlər ölkəmizin regional, eyni zamanda dünya miqyasında roluna açıqlama gətirir. AI dövlətləri üçün xüsusi əhəmiyət kəsb edən «Cənub qaz dəhlizi» kimi layihələri dəstəkləyən ölkəmiz bir daha zəngin enerji ehtiyatlarının əməkdaşlıqda mühüm əhəmiyyətə malik olmasından qürur duyduğunu bildirməklə Xəzərin Azərbaycan sektorundakı resursların tükənməzliyini də diqqətə çatdırır.

Təbii ki, fəaliyyəti dövründə ən çox enerji təhlükəsizliyi məsələlərinin həllinə yönəlmiş Forumun bölmə iclaslarında, ayrı-ayrı dövlət və şirkət başçıları arasında aparılan fərdi görüşlərdə danışıqların əsas mövzusu iqtisadi və maliyyə böhranının aradan qaldırılmasında başlıca amil olan enerji təhlükəsizliyi məsələlərinin müzakirəsidir. Azərbaycanın bu istiqamətdə artan rolu göz qabağındadır. Azərbaycanın şaxələndirmə siyasətini yüksək səviyyədə həyata keçirməsi, neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini öndə saxlayaraq mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirməsi maliyyə imkanlarının genişlənməsində əhmiyyətli rol oynayır ki, bu da beynəlxalq əhəmiyyətli layihələrin reallığa çevrilməsində ölkəmizin rolunun artmasına stimul verir. Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələr ölklər, xalqlar arasında dostluq, qardaşlıq körpüsü kimi dəyərləndirilir. Bu baxımdan ötən ilin sonunda imzalanan, XXI əsrin müqaviləsi, dayanıqlı çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilən «Şahdəniz-2» layihəsinin əhəmiyyəti Davos İqtisadi Forumunda bir daha qeyd olundu. Artıq üçüncü ildir ki, Forum çərçivəsində ölkəmizin iqtisadiyyatına mühüm töhfələr verən Azərbaycan Dövlət Neft Şirkətinin imkanlarının təqdimatında əhəmiyyətli rol oynayan tədbir keçirilir. Bu ilki forum çərçivəsində keçirilən «SOCAR-Azərbaycanın enerjisi» adlı tədbirdə «Azərbaycan- gələcəyin ölkəsi» videoçarxının nümayişi həm ölkəmizin, həm də ARDNŞ-in bu günü və gələcəyi barədə aydın təsəvvür yaratdı. Həyata keçirdiyi biri-birindən əhəmiyyətli investisiya layihələri ilə beynəlxalq aləmdə nüfuzunu artıran ARDNŞ-i hər zaman beynəlxalq tədbirlərdə xüsusi qeyd olunur. Keçirilən tədbirdə ARDNŞ-in prezidenti R.Abdullayev bir daha qeyd etdi ki, Davos Forumunun strateji tərəfdaşı olan SOCAR artıq dünya şirkətinə çevrilib. Şaxələndirilmiş neft-qaz kəmərləri sisteminə malik olan Azərbaycan hazırda 30-dan çox ölkəyə neft-qaz məhsulları ixrac edir və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. «Şahdəniz-2» layihəsi üzəri yekun investisiya qərarının imzalanması bunun bir daha təsdiqidir.

Reallıq budur ki, Azərbaycanın qarşısında yeni-yeni imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyev Forum çərçivəsində keçirilən sessiyalarda, görüşlərdə də ölkəmizin malik olduğu iqtisadi və maliyyə imkanlarından geniş bəhs edərək uğurlarımızın gələcək illər barədə aydın təsəvvür yarandığını diqqətə çatdırdı. Dünya İqtisadi Forumunun ötən ilin aprelində Bakıda keçirilməsi də ölkəmizin malik olduğu imkanlara, uğurlara verilən dəyərin təzahürüdür. Daim beynəlxalq səviyyədə qeyd edildiyi kimi, Azərbaycan yeni iqtisadisosial çağırışların müzakirəsi üçün əsas məkana çevrilib. Dövlət başçısı İlham Əliyevin söylədiyi «Ölkə inkişaf edir. Biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusilə də Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş şəkildə təqdim etmək istəyirik. Biz qapılarımızı geniş şəkildə açmışıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik. Əlbəttə, Dünya İqtisadi Forumu bu baxımdan ən əlverişli məkandır. Yəni, burada beynəlxalq biznessiyasi dairələrin elitası toplaşır. Beləliklə, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və nümayəndələri buraya gəlirlər. Ona görə də bura ölkənin təqdimatını keçirmək üçün ən yaxşı məkandır» fikirləri Ümumdünya İqtisadi Forumunun əhəmiyyətini açıqlamaqla yanaşı, hər bir ölkənin özünun təqdimatını aparması üçün əsas məkan olduğunu təsdiqləyir. Keçirilən görüşlərdə bu fikir xüsusi qeyd edildi ki, çoxmilyardlı iri sərmayələrin neftqaz sektoruna cəlb edilməsi iqtisadiyyatın şaxələndirilməsinə kömək edir. Bu onu göstərir ki, Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir və bu, yalnız neftqazla bağlı deyil. Azərbaycan dövlətinin apardığı şaxələndirmə siyasətinin bəhrələrindən biri kimi Davos İqtisadi Forumunun reytinqinə əsasən ölkəmiz iqtisadiyyatın rəqabətdavamlılığına görə 39-cu yerdədir. «İndi biz qarşımızda yeni məqsəd qoymuşuq. Məqsəd artıq üç dəfə artmış ümumi daxili məhsulu yenidən ikiqat artırmaqdır. Lakin iqtisadiyyatı əsasən qeyri-enerji sektorunun inkişaf etdirilməsi hesabına ikiqat artırmaq istəyirik» söyləyən dövlət başçısı İlham Əliyev neft-qaz gəlirlərinin iqtisadiyyatın real sektorlarına- informasiya texnologiyaları, təhsil sahələrinə yönəldilməsini qarşıya qoyulan məqsədə çatmaq istiqamətində atılan addımlardan biri kimi qeyd edir. Keçirilən görüşlərdə də bu məsələlər xüsusi müzakirə olundu.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın əsas iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin ölkələr arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkşafına böyük töhfə olduğunu bildirərək qeyd edir ki, dünyada neftqaz sahəsində tanınmış mütəxəssislərin iştirak etdiyi Forumlarda bu mövzu ətrafında geniş müzakirələrin aparılması imkanların ortaya qoyulması ilə yanaşı, eyni zamanda yeni təkliflərin, ideyaların gündəmə gətirilməsinə də öz müsbət təsirini göstərir. Azərbaycanın iqtisadienerji siyasətinin siyasi çəkisinə transformasiya olunduğunu xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev iqtisadi uğurların Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərdiyini də diqqətə çatırır. Təşəbbüsləri gerçəkliyə çevirən Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu günbəgün artır. Dövlət başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq. Eyni zamanda bu da bildirilir ki, imzalanan sazişlər öz növbəsində ölkəmizə hələ 1994-cü ildə bağlanan ilk enerji layihələrindən daha çox fayda gətirəcək. Çünki o zaman bu qədər genişmiqyaslı fəaliyyəti yerinə yetirə biləcək şirkətlər yox idi. Nəticə etibarilə Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır.

Bu gün XXI əsrin Bakı-Tbilisi-Ceyhanı adlandırılan, Türkiyə və Avropa istehlakçılarının Azərbaycan qazı ilə təchiz olunması məqsədi daşıyan TANAP layihəsinin əhəmiyyətindən də geniş bəhs olunmaqdadır. 2017-ci ildə Azərbaycanın «Şahdəniz-2» yatağından nəql olunacaq təbii qazın 6 milyard kubmetri Türkiyənin, 10 milyard kubmetri isə Avropa dövlətlərinin tələbatının ödənilməsi üçün nəzərdə tutulur.

Bütün bunlar onu deməyə əsas verir ki, zəngin təbii ehtiyatlara malik olan, əlverişli coğrafi-siyasi məkanda yerləşən Azərbaycanın beynəlxalq aləmdə əməkdaşlığa töhfələri davamlıdır və yüksək dəyərləndirilir.

 

Xatirə Əliyeva,

YAP Mətbuat Xidmətinin əməkdaşı

 Səs.- 2014.- 29 yanvar.- S.7.