Novruz Məmmədov: “Azərbaycan öz torpaqlarının işğal
altında qalmasına razı olmayacaq”
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədovun SƏS TV-yə
müsahibəsi:
- Novruz müəllim, Azərbaycan Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda bir sıra iki tərəfli görüşlər keçirdi. Forumun yekunu ilə bağlı hansı fikirləri söyləmək olar? Ümumiyyətlə, bu forum özündə nəyi əks etdirir?
- Dünya İqtisadi Forumu bu gün beynəlxalq aləmdə mövcud olan ən mötəbər, mühüm bir toplantı və görüşdür. Bu Forum hər ilin əvvəlində, yəni yanvar ayında Davos şəhərində həm dünya dövlətlərinin başçılarını, həm müxtəlif ölkələrin hökumət rəhbərlərini, eyni zamanda dünyanın ən böyük şirkətlərinin rəhbərlərini, nümayəndə heyətlərini bir araya gətirir. Beləcə, beynəlxalq aləmi il ərzində qarşıda hansı proseslər gözləyir, hansı istiqamətdə prosesləri aparmaq daha sərfəlidir və hansı istiqamət yaxşı deyil və s. məsələlər ətrafında fikir mübadiləsi aparılır. Baxmayaraq ki, bu, Dünya İqtisadi Forumu adlanır, amma burada siyasi, iqtisadi proseslərlə yanaşı, təhlükəsizlik, eləcə də müxtəlif münaqişələrlə, sivilizasiyalararası dilaoq və s. ətrafında məsələlər müzakirə olunur. Yəni bu gün dünyada baş verən bütün məsələlər orada müxtəlif panellərdə müzakirə olunur və gələcək prespektivin müəyyənləşdirilməsi üçün cəhdlər göstərilir. Bu nöqteyi-nəzərdən qeyd etmək lazımdır ki, Davos İqtisadi Forumu artıq beynəlxalq aləmdə çox mühüm bir nömrəli brendə çevrilib. Hələlik bu Foruma bərabər ola biləcək ikinci bir Forum yoxdur.
Azərbaycan üçün də bu Forumun çox böyük əhəmiyyəti var. Çünki ölkəmiz bu Forumla çox sıx əməkdaşlıq edir. Ümumiyyətlə, bu Forumda iştirak etmək ölkənin dünyada gedən proseslərə (iqtisadi, siyasi və s.) daha çox inteqrasiya olunması deməkdir. Azərbaycan burada bütün istiqamətlər üzrə çox fəal iştirak edir. Davos İqtisadi Forumu da məhz buna görə Azərbaycana böyük əhəmiyyət verir. Beləcə onlar ölkə başçısı cənab İlham Əliyevi hər il Davosa dəvət edirlər. Amma bu dəvətnamə Davos İqtisadi Forumunun prezidenti tərəfindən heç də bütün ölkələrin rəhbərlərinə göndərilmir. Azərbaycan Prezidenti bu Forum çərçivəsində çox mühüm görüşlər keçirdi. Düşünürəm ki, həmin Forum ölkəmizin beynəlxalq aləmdəki yerinin daha da möhkəmlənməsi, güclənməsi üçün böyük əhəmiyyət daşıyır. Dövlət başçısı bu Forumda iki paneldə aparıcı kimi çıxış edən rəhbər idi. Birincisi, İlham Əliyevin “Avrasiya - gələcək perspektivlər” (qlobal baxımından) mövzusunda olan paneldə geniş çıxışı oldu. İkincisi, isə ölkə rəhbəri Cənubi Qafqaz və Orta Asiya (dünya iqtisadiyyatına inteqrasiya yolunda) mövzusunda təşkil olunmuş ümumi panel iclasında çıxış etdi. Bunların hər birində İlham Əliyevin geniş, ətraflı, dərindən əsaslandırılmış nəzəri və praktiki mahiyyət daşıyan çıxışı çox böyük maraqla qarşılandı. Sonra isə burada cənab Prezidentə müəyyən suallar ünvanlandı. Təbii ki, ölkə rəhbəri tərəfindən də bu suallara ətraflı cavab verildi. Bütün bunlar bir daha onu göstərdi ki, həqiqətən ölkəmiz bu gün Avrasiyada gedən proseslərdə fəal rol oynayır. Bu kimi forumların digər bir əhəmiyyəti ondan ibarətdir ki, bura dünyanın müxtəlif ölkələrinin rəhbərləri, hökumət başçıları, nazirləri və dünyanın aparıcı şirkətlərinin rəhbərləri toplanır. Təbii ki, onların da bir-biri ilə görüşməsi üçün çox böyük və məhsuldar imkan yaranır.
Azərbaycan Prezidenti burada üç ölkənin dövlət başçısı, iki baş nazir, Fransanın xarici işlər naziri və dünyanın 20-yə yaxın aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirdi. Bu görüşlərin hamısı qarşı tərəfin arzu, istəyi və xahişi ilə olub. Burada İsveçrə Konfederasiyasının prezidenti ilə görüş keçirildi. Bu görüş zamanı münasibətlərin indiki səviyyəsindən məmnunluq bildirildi.
Eyni xarakterli görüş həmçinin İsrail dövlətinin rəhbərləri ilə oldu. Burada da yeni sahələr ətrafında və yeni sahələrdə əməkdaşlığımızla, müasir, modern cəmiyyət quruculuğunda İsrail tərəfinin Azərbaycanla əlaqələrində verəcəyi töhfə ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Düşünürəm ki bu istiqamətdə də əməkdaşlığımız daha da genişlənib, dərinləşə bilər. Eyni zamanda mən burada İran İslam Respublikasının (İİR) prezidenti ilə keçirilən görüşə çox böyük əhəmiyyət verirəm. Bu görüş həm Azərbaycan Prezidentinin 2013-cü ilin 9 oktyabrında yenidən prezident seçilməsindən, eyni zamanda İİR-nin yeni prezidentinin seçilməsindən sonra baş verib. İİR ilə Azərbaycan dövləti həm yaxın qonşu, həm də yaxın dost ölkələrdir. Məhz buna görə də həmin görüşün mühüm əhəmiyyəti var idi. Həmin görüşlə bağlı onu qeyd etmək istərdim ki, iki dost, qonşu dövlət arasında əməkdaşlıq bu günə qədər yaxşı inkişaf edib. Orada hər iki tərəfin iradəsi bu idi ki, münasibətlərin daha da genişlənməsi, dərinləşməsi, sıx olması üçün artıq yeni bir səhifə açmaq lazımdır.
Bundan sonra isə Azərbaycan Prezidenti dünyanın 20-ə yaxın ən aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirdi. Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan olunması baxımından bu görüşlərin çox böyük əhəmiyyəti var. Çünki bu şirkətlərin hər biri çox yüksək texnologiyalara, sənayenin ən inkişaf etmiş nailiyyətlərini özündə cəmləşdirən şirkətlər olduğu üçün bu əməkdaşlıq Azərbaycanın müasir bir dövlətə, yüksək texnologiyalara sahib ölkəyə çevrilməsində öz rolunu qabarıq sürətdə ortaya qoyacaq.
- Son günlər cəbhə xəttində erməni təxribatları artıb, vəziyyət kəskin hal alıb. Necə düşünürsünüz, ermənilər tərəfindən bu cür təxribatlar və dünya ictimaiyyətinə yayılan dezinformasiyalar başlıca olaraq nəyə hesablanıb?
- Bildiyiniz kimi Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdə işğalçı ölkə daim özünü qeyri-konstruktiv göstərir. İki ildən artıq bir müddətdir ki, prezidentlər arasında görüş baş tutmurdu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar demək olar ki, dayanmışdı. Bəs, gəlin görək bu, beynəlxalq ictimaiyyətdə, aləmdə hansı fikri formalaşdıra bilər? Bu, o fikri formalaşdırır ki, Ermənistan tərəfi danışıqlar prosesində konstruktiv mövqe tutmur və münaqişəsnin ədalətli həll olunması üçün addımlar atmır. Təbii ki, işğalçı ölkə də bunu görürdü, bilirdi və başa düşürdü. Uzun müddətdən sonra bu görüşün keçirilməsi ilə bağlı razılığa gəlindi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salsanız görərsiniz ki, işğalçı ölkə bu kimi addımları tez-tez atır və bundan bir qədər sonra digər addımını atır. Ermənistan tərəfi daimi olaraq müəyyən dövrdən sonra dünya ictimaiyyətində danışıqlar prosesində özünün xoşməramlı olmasını nümayiş etdirməyə çalışır. Yəni, onlar bununla beynəlxalq ictimaiyyəti arxayınlaşdırmağa çalışırlar. Beynəlxalq ictimaiyyət isə bir məlumatı alan kimi işğalçı ölkəni başqa cür tanımağa başlayır. 20 ildən artıq bir müddət ərzində Ermənistanın tutduğu bu mövqe baxın görün, işğalçı ölkəni hansı vəziyyətə düçar edib. Bundan sonra münaqişə nə qədər tez həll olunarsa, bu, Ermənistanın bir dövlət kimi dünyada gedən proseslərə qovuşmasına yaxşı şərait yaradar. Əks təqdirdə qarşı tərəf hər zaman təcrid olunmuş vəziyyətdə qalacaq. Ermənistanın ən böyük səhvləri ondan ibarətdir ki, onlar bunu başa düşə-düşə konkret addımı atmaq istəmirlər. Dünya da, beynəlxalq ictimaiyyət də bilməlidir ki, Azərbaycan münaqişənin ədalətlə, beynəlxalq hüquq çərçivəsində həlli üçün hər bir şeyi etməyə hazırdır və səmimidir. Sadəcə olaraq beynəlxalq ictimaiyyət də, maraqlı tərəflər də bu məqamı görüb işğalçı ölkəyə təzyiq göstərməlidirlər. Təbii ki, bununla bağlı Ermənistan tərəfi ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri çox ciddi danışıqlar aparmalıdırlar. Məhz bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev Fransanın xarici işlər nazirini qəbul etdiyi zaman geniş fikir mübadiləsi aparıldı. Beləcə, ölkəmizin münaqişənin həlli ilə bağlı konkret mövqeyi Fransanın xarici işlər nazirinin diqqətinə çatdırıldı. Bir sözlə, bu, Ermənistan tərəfindən çox işlədilən fəndlərdən biridir.
- Novruz müəllim, necə düşünürsünüz yenidən müharibə başlana bilərmi?
- Nəzəri cəhətdən hər bir şey mümkündür. Çünki ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq çətçivəsində həll edilməsi üçün bütün səylərini ortaya qoymağa söz verib. Amma bu o demək deyil ki, Azərbaycan öz torpaqlarının bu kimi provokasiya xarakterli addımlarla işğal altında qalmasına razı olacaq. Təbii ki, bu heç bir vaxt olmayacaq. Məhz buna görə də nəzəri cəhətdən Azərbaycanın öz ərazilərini azad etməsi üçün bütün addımları atması imkanı və hüququ da var.
- Bildiyiniz kimi son günlər Ukraynada baş verən proseslər daha kəskin hal almağa başlayıb. Bu hadisələrin ölkəmizə təsir imkanları nə dərəcədədir?
- Ukraynada baş verən hadisələrin Azərbaycana təsirini sıfıra bərabər hesab edirəm. Bu gün Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik var və bu sabitlik əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində mümkün olub. Bu gün Azərbaycan xalqının ən böyük sərvəti ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasıdır. Bunu bilmək, anlamaq və başa düşmək lazımdır. Bir fikir verin, dünyada nələr baş verir. Bu gün dünyada onlarla ölkə var ki, orada yaşananlar həmin ölkələrin özləri üçün də, xalqları üçün də, hökumətləri üçün də böyük fəlakətdir. Onlara bu vəziyyətdən çıxmaq üçün ən azı onilliklər lazım gələcək. Ancaq bu gün Azərbaycan dövləti özünün elə inkişaf mərhələsindədir ki, orada hansısa xoşgəlməz hadisələrin baş verməsi qeyri-mümkündür. Heydər Əliyev siyasətinin də ən böyük uğuru ondadır ki, bu gün hamımız belə bir rahat vəziyyətdə yaşayırıq. Onu da qeyd etmək istəyirəm ki, vaxtilə Azərbaycanda da Ukraynada baş verən narıncı inqilabı təkrarlamaq üçün cəhdlər edildi. O vaxt olduğu kimi, indi də bu cəhdlər heç bir nəticə verməyəcək. Hətta, ərəb dünyasında baş verən “ərəb baharı”nı da Azərbaycana köçürmək istəyənlər oldu. Gördüyünüz kimi bu cəhdlər də alınmadı. Çünki Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik mühiti var. Mən demirəm ki, Azərbaycanda hansısa problem yoxdur. Ancaq əsas odur ki, bu nöqsanları, problemləri aradan qaldırmaq üçün siyasi qərar ortadadır və hər il də bu istiqamətdə uğurlu addımlar atılır. Ukraynada baş verən hadisələr həmin dövlətin və xalqın daxili işidir. Ukrayna xalqı özü müdrik qərar qəbul edərək bu vəziyyətdən çıxış yolunu tapa biləcək.
- Artıq Rusiya politoloqları vurğulayırlar ki, Azərbaycanın xarici siyasəti onun dövlətçiliyinin qorunmasında çox böyük amildir. Hətta bu yaxınlarda rusiyalı politoloq bildirib ki, İlham Əliyev zərgər dəqiqliyi ilə Avropa, Rusiya, ABŞ-la öz xarici siyasətini qurub. Yəni, bu siyasət bundan sonra da davam olunacaqmı?
- 2013-cü il 9 oktyabr prezident seçkilərində Azərbaycan xalqı üçüncü müddətə cənab İlham Əliyevi yenidən ölkə rəhbəri seçdi. Bununla ölkə xalqı sübut etdi ki, Azərbaycanı inkişafa, irəliyə, tərəqqiyə, gələcəyə ancaq İlham Əliyev aparacaq. Bundan sonra heç şübhəsiz ki, bu proses davam edəcək. Sözün həqiqi mənasında bu belədir. Biz xarici siyasətimizdə heç vaxt ikiüzlü, riyakar addımlar atıb, kimisə aldatmaqla işimiz yoxdur. Biz hər bir işimizi, mövqeyimizi açıq deyirik.
- “Freedom House” və “Human Rights Watch” təşkilatları bu günlərdə Azərbaycanla bağlı növbəti hesabatlarını dərc edib. Hər dəfə olduğu kimi bu dəfə də həmin hesabatlar öz qərəzliliyi ilə seçilir. Siz bu hesabatı necə şərh edərdiniz?
- Düşünürəm ki, Azərbaycan dövləti, cəmiyyəti elə bir inkişaf səviyyəsinə gəlib çatıb ki, bu cür hesabatlara, yazılara, mövqelərə müəyyən mənada fikir verməmək lazımdır. Ona o cür həssaslıq göstərməməyin vaxtı gəlib çatıb. Çünki o cür yazılar, mövqelər, mənfi rəylər Avropa, Qərb dövlətləri üçün bizə olandan on qat artıq olur. Amma bunların heç birinə mövqe bildirilmir.
Ceyhun Rasimoğlu
Səs.- 2014.- 29 yanvar.- S.4.