Hüquqi dövlətdə parlament idarə-üsulu və demokratiya

 

 

 

Klassik parlament ölkəsi olan Böyük Britaniyada baş nazir İcma Palatasına daxil olduğu halda, ABŞ Konstitusiyası hökumət vəzifələri ilə parlament mandatının bir əldə cəmləşməsinə yol vermir. Burada prezidentonun hökumət üzvləri Konqresə seçilə bilməzlər (hərçənd vitse-prezident eyni zamanda Senata sədrlik edir).

- Parlament idarə formasında icraedici hakimiyyət bölünmüş halda fəaliyyət göstərir. Burada təmsilçi dövlət vəzifələri  prezidentə, yaxud monarxa həvalə olunmuşdur, həqiqi hökumət hakimiyyəti isə hökumətin başçısına- baş nazirə, yaxud kanslerə məxsusdur. ABŞ-da isə, əksinə, prezident öz simasında həm dövlətin, həm də hökumətin başçısı funksiyalarını cəmləşdirir.

- ABŞ prezidentinə (konstitusiya gerçəkliyində deyil) qanunvericilik təşəbbüsü imkanı formal surətdə icazə verilmir (palatalara hazır qanun layihəsi təqdim edə bilməz). Onun ancaq Konqresin qanunvericilik qərarlarına veto qoymaq hüququ vardır (prezidentin vetosu üçdə iki səs çoxluğu ilə ləğv edilə bilər).

"Politologiya" kitabında göstərilir ki, parlament idarə sistemində hökumət qanunvericilik təşəbbüsü imkanına malikdir  həm də parlamentə münasibətdə qərar qəbul etmək hüquqi hökumətə məxsus deyildir. Burada hökumət vəzifələrini tutan şəxsin deputat olmasına icazə verilmir. Hökumət kollegial orqan yaradır, habelə, prezident sistemindən fərqli olaraq, formal qanunvericilik təşəbbüsünə malikdir.

Parlamentli idarə formasının bu ayrı-ayrı modellərindəki prinsipial fərqlərə baxmayaraq, parlament hər yerdə aşağıdakı oxşar funksiyaları yerinə yetirir:

- büdcənin razılaşdırılması da daxil olmaqla, qanunvericilik;

- hökumət üzərində nəzarət;

- təmsilçilik və ictimai mənafelərin uçotu;

- qəbul olunmuş qərarlara aid dəlilləri açıq izah etmək yolu ilə əhaliyə fəal təsir göstərmək.

Parlaentlər arasındakı əsas fərqlər isə seçki sisteminin tipindən və buna uyğun olaraq, hökuməti geri çağırmaq qaydalarından asılıdır. Hər hansı bir ölkədə buya başqa bir rejimin bərqərar olması həmin xalqın tarixindən, onun dövlətçilik və demokratiya ənənələrindən, siyasi şüur və mədəniyyət səviyyəsindən, oradakı mövcud qüvvələr nisbətindən və s. asılıdır. Şübhəsiz, bütün bu amillər müvafiq ölkədə təşəkkül tapmış vətəndaş cəmiyyətinin inkişaf səviyyəsini əks etdirir.

XX yüzilin ikinci yarısı bəşər sivilzasiyasının inkişafında tamamilə yeni bir proseslə-dünyanın ayrı-ayrı regionlarında mövcud olan antidemokratik siyasi rejimlərin bir-birinin ardınca demokratik rejimə transformasiya edilməsi ilə səciyyələnir.

"Politologiya" kitabında qeyd edilir ki,  modernləşdirmə prosesi ilk dəfə M.Veberin ictimai münasibətlərin rasionlaşdırılması adlanan nəzəriyyəsində öz tam şərhini tapmış və sonradan politoloqlar tərəfindən üç əsas səpgidə nəzərdən keçirilmişdir: qabaqcıl ölkələrə çatmaq məqsədini güdən inkişaf; radikal islahatlar; üçüncü ölkə, habelə Cənub-Şərqi Avropa ölkələrində mövcud olan Avropa nümunələrinə əsasən hərəkət etmək, buradan çıxış edən D.Rostou demokratiyaya keçid nəzəriyyəsini işləyib hazırlamış və burada həmin prosesin aşağıdakı əsas mərəhələrdən ibarət olduğunu əsaslandırmışdır: hazırlıq mərhələsi; qərarların qəbul edilməsi mərhələsi; adaptasiya mərhələsi. (Bu zaman belə bir cəhəti nəzərə almaq lazımdır ki, sivilzasiyanın hazırkı inkişaf səviyyəsi antidemokratik rejimlərin transformasiyası zamanı keçmiş cəmiyyətin inqilabi yolla inkar edilməsi yolunu qəbul etmir və belə bir fikri əsas tutur ki, (Portuqaliyada 1974-cü il aprel inqilabi istisna edilməklə) inqilablar bir qayda olaraq, demokratizmə  gətirib çıxarmır və əksər hallarda antidemokratik rejimlərin qurulması ilə nəticələnir. Bir sıra ölkələrin, o cümlədən, Yunanıstan, İspaniya, Braziliya, Argentina, Uruqvay, Çili və Boliviyanın təcrübəsi sübut edir ki, yalnız tədricən inkişaf, ictimai münasibətlərin tədricən dəyişdirilməsi əsl demokratiyanın bərqərar olunmasını təmin edə bilir.

Adları çəkilən dövlətlərin təcrübəsindən məlum olur ki, demokratik rejimə keçid əsas etibarilə bir neçə formada həyata keçirilə bilir. Bunlardan birincisi "yuxarıdan" həyata keçirilən islahatlar yoludur. Özü-özlüyündə mütərəqqi olan bu yol, təəssüf ki, təcrübədə həmişə uğurlu olmur. Bunun başlıca səbəbi islahatları keçirən rəhbərin öz hərəkətlərindən ardıcıl olmamasıdır. Belə ki, çox zaman dövlət başçısı rejimin demokratik olmasını istəyir və ona doğru can atır, lakin o zaman özü hakimiyyətdən getmək istəmir. Bu isə əksər hallarda mümkün olmur (Bununla əlaqədar olaraq, N.S.XruşşovuM.S.Qorbaçovu müqayisə edin).

İkinci yol abdikasiya adlanır. Bu, o zaman mümkün olur ki, hakimiyyətdə olan qeyri-demokratik rejim müəyyən əməlləri ilə özünü kütlənin qarşısında gözdən salır və nəticədə hakimiyyəti demokratik qüvvələrə verməyə məcbur olur (respublikamızda 1992-ci ilin may ayında demokratik qüvvələrin hakimiyyət başına gəlməsi təqribən abdikasiya formasında baş verdi).

Üçüncü yol iqtidarla müxalifət arasında əldə edilmiş razılaşmaya əsasən həyata keçirilən tədrici islahatlar yoludur. Bunun ən gözəl nümunəsi general Frankonun vəfatından sonrakı İspaniyadır. İspaniyanın baş naziri A.Suareş və müxalifət arasında 1977-ci ilin oktyabrında Monkloa sarayında imzalanmış "Monkloa sazişləri" tarixən qısa bir müddət ərzində burada avtoriar rejimin dağılması və demokratik rejimin bərqərar olmasını təmin etdi.

Təəssüf ki, bu yol da təcrübədə həmişə mümkün olmur,  onun rastlaşdığı bir sıra maneələr çox vaxt ölkənin demokratikləşdirilməsi prosesinin qarşısını alırlar. Politoloqların fikrincə, həmin yolun mümkünlüyü üçün hər  şeydən əvvəl müxalifət iqtidarla işləməyə razılıq verməlidir. Bəzən hətta belə bir razılıq olduqda da, tərəflər ötən illərin  ağrısı və acısını unuda bilmirlər. Digər tərəfdən, bir çox hallarda müvafiq tərəflərin arxasında duran qüvvələr buna razı olmurlar. Nəhayət, bütün tərəflərin razılığı əldə edildikdən sonra özlərini demokratik adlandıranların əsl siması üzə çıxır. Müxalifətdə olarkən özlərini demokratik adlandıranların əksəriyyəti müəyyən hökumət vəzifələrinə sahib olduqdan sonra özlərinin bir sıra mövqelərindən geri çəkilirlər. Bu münasibətlə Orteqa-i-Qasset yazırdı: "İnsanların özlərini inqilabçı, yaxud irticaçı adlandırmaqlarının heç bir fərqi yoxdur; hər şey görməyə gəlib çatanda onlar öz vəzifələrini qətiyyətlə inkar edirheç bir əsas olmadan  özlərini qeyri-məhdud hüquqların sahibi hesab edirlər. Nədən ilham aldıqlarından, hansı işin qulpundan yapışdıqlarından asılı olmayaraq, nəticə eynidir: onlar hər hansı vəchlə tabe olmaqdan imtina edirlər. İrticaçı rolunu oynayan şəxs təsdiq edir ki, dövlətin və millətin xilası onu hər cür normalardan və qadağılardan azad edirona öz yaxın adamlarını, xüsusilə, görkəmli şəxsiyyətləri  məhv etmək hüququ verir. "İnqilabçı" da özünü məhz bu cür aparır."

Bütün bunlar göstərir ki, keçmiş rejimin hakimiyyətdən getməsi demokratikləşdirmə prosesinin ancaq başlanğıcıdır: əsas çətinlik isə məhz sonradan başlanır. Ölkənin iqtisadi vəziyyəti, çoxmillətlilik, milli konfliktlərin olub-olmaması, müxalifətin fəaliyyətinin xarakteri, siyasi liderlərin fəaliyyəti, ölkə ərazisində müharibənin getməsi, onun beynəlxalq aləmdəki mövqeyi, dünya birliyi ölkələrinin ona münasibəti və i. a. həmin prosesin gedişinə öz təsirini göstərir.  Bütün bunlardan əlavə, belə bir cəhət mütləq nəzərə alınmalıdır ki, demokratik rejimə keçid çox çətin  heç də hamıya nəsib olmayan bir işdir. Onun reallaşması üçün dünya təcrübəsindən bacarıqla istifadə etmək əsasında qarşıya çıxan problemləri ancaqancaq demokratik metodların köməyi ilə həll etmək olar.

"Politologiya" kitabında göstərilir ki, ABŞ Konstitusiyasının müəllifləri dövlət həyatının mühüm məsələlərində prezidentə hədsiz səlahiyyətlər nəzərdə tuturonun təyin etdiyi nazirlərin parlament qarşısında faktiki olaraq məsuliyyət daşımalarına üstünlük verirdilər. Bunu nəzərə alaraq, Konqres tərəfindən hökumət üçün arzuolunmaz qanunların qəbul edilməsinin qarşısını almaq məqsədilə parlamentin ikinci bir palatası olan Senatın yaradılması məqsədəuyğun hesab edilirdi. Konstitusiyanın müəllifləri çox düzgün olaraq fikirləşirdilər ki, hakimiyyətin özününəzarət qabiliyyətinə bel bağlamaq olmaz. Buna görə də Konstitusiya "hakimiyyətin bölünməsi" prinsipini elan edir.

ABŞ-ın ilk prezidenti C.Vaşinqton iki dəfə dalbadal prezident seçildikdən sonra, üçüncü dəfə öz namizədliyini irəli sürməkdən imtina etdi. Bununla da, iki dəfədən artıq prezident seçilməyi qadağan edən ənənə yarandı və sonradan o, qanunvericilik yolu ilə təsbit olundu.

Prezident respublikasından fərqli olaraq, parlamentli respublikada prezident dövlətin başçısı hesab olunsa da, əsas etibarilə,  nominal hüquqlara malik olur. O, dövlətin yaxud millətin vəhdətinin simvolik təcəssümü, xaricdə dövlətin ali təmsilçisi kimi çıxış edir.

    Parlament idarə siteminin üç əsas tipi mövcuddur:

1. Parlamentdə birpartiyalı çoxluq formasında mövcud olan rejim. Bu çoxluq o qədər güclü olur ki, həmişə hökumət təşkil edir. Məsələn, Böyük Britaniyada, tutaq ki, baş nazir dəyişilə bilir, lakin hökumət yenə də parlamentdə çoxluq təşkil edən partiya tərəfindən təşkil olunur. Məsələn, M.Tetçer öz partiyasının etimadını itirdiyinə görə istefa verdi. Lakin mühafizəkarlar partiyası parlamentdə çoxluq təşkil etdiyindən, onun partiya yoldaşı C.Mecer baş nazir seçildi.

2. Koalisiya sisteminin bərqərar olduğu ölkələrdə seçkilər nəticəsində parlamentdə çoxluq əldə etmiş bir neçə partiya koalsiya təşkil edir, çünki onların heç biri ayrılıqda mütləq əksəriyyət qazana bilmir. Koalisiya sistemi İtaliyada mövcuddur. Bu rejim etnik, yaxud dini çoxluğa əsaslanır. Qeyd olunan "xalis" prezident və parlament respublikalarından əlavə, demokratik rejimin "qarışıq formaları" da mövcuddur.

M.Veberin ədəbiyyata gətirdiyi "ideal tip" anlayışından istifadə  edərək bu və ya başqa əsas əlamətinə görə siyasi rejimləri bir-birindən fərqləndirmək olar;

1. Hakimiyyətin sosial bazasına görə;

-  demokratiya-xalqın əksəriyyətinin hakimiyyəti;

-  aristokratiya-nəcib mənşəyə malik adamlar qrupunun, başqa sözlə desək, elitanın hakimiyyəti;

- plutokratiya- varlı yuxarı təbəqələrin hakimiyyəti;

- oliqarxiya-maliyyəçi və sənayeçi qrupların hakimiyyəti;

- teokratiya-dini xadimlərinin hakimiyyəti, yaxud onların ideoloji cəhətdən müstəqil (seçilmiş) təşkilatının hakimiyyəti;

- oxlokratiya-kütlənin hakimiyyəti (keçid dövlərində və inqilabi sarsıntılar zamanı təsadüf olunur).

2. Siyasi fəaliyyət metodlarına görə;

- demokratiya- parlamentli, prezident;

- totalitarlıq;

- avtoritarlıq;

3. Sosial tərəqqiyə münasibətinə görə;

- inqilabi;

- mütərəqqi;

- liberal;

- mühafizəkar;

- irticaçı.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üz rə fəlsəfə doktoru

Səs.- 2015.- 7 aprel.- S.15.