Hüquqi dövlət quruculuğu
şəraitində vətəndaş həmrəyliyinin təmin edilməsində YAP-ın
rolu
Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının II qurultayındakı çıxışında demokratiya məsələsinə, siyasi fəaliyyət və sivil iqtidar-müxalifət münasibətlərinə bir daha toxundu. Qeyd olunmalıdır ki, Ulu Öndərin göstərilən məsələlərə münasibətinə müxalifətin özü tərəfindən heç bir irad göstərilmədi. Ulu Öndər deyirdi: "Azərbaycanda biz hakimiyyətə gələndən insanlar üçün tam azadlıq, sərbəstlik, o cümlədən, söz azadlığı, mətbuat azadlığı Konstitusiya ilə təmin olunubdur. Biz də bunu əməli surətdə yerinə yetiririk. Azərbaycan cəmiyyətində müxtəlif qüvvələr vardır. Bizim partiyaya, bizim iqtidara müxalifətdə olan partiyalar, yaxud qüvvələr var. Buna da təəccüb etmək lazım deyildir. Demokratik dövlətdə hamı bir cür ola bilməz. Hamı eyni fikirdə ola bilməz."
Ulu Öndər Heydər Əliyev demokratiyanın inkişafını yüksək qiymətləndirərək gələcəkdə də ölkəmizdə bu sahədə böyük uğurların qazanılacağını bəyan edir: "Əsas vəzifəmiz isə Azərbaycanın dövlət quruculuğudur. Azərbaycanda keçirilən islahatlardır - siyasi, iqtisadi, sosial və başqa islahatlardır. Yəni Azərbaycanın tutduğu yol ilə, demokratiya yolu ilə, bazar iqtisadiyyatı yolu ilə ardıcıl surətdə inkişaf etdirməkdən ibarətdir. Biz burada da çox şeyə nail olmuşuq.
Biz bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartlarına yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır".
Azərbaycan xalqının, milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Kərimdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm və mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət- ənənələrimizdir. Bu, bizim milli-əxlaqi mentalitetimizdir. Bu bizim bütün başqa mənəvi dəyərlərimizdir.
...Nəhayət, bizim milli ideologiyamızın bir şaxəsi, bir qolu da ümumbəşəri dəyərlərdir. Ümumbəşəri dəyərlər Azərbaycan xalqı tərəfindən artıq çox onillərdir, əsrlərdir ki, qavranıbdır, qəbul olunubdur. Ümumbəşəri dəyərlər birinci növbədə bizim yaratdığımız Konstitusiyada əsas məqsəddir. Biz huquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax, bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz əksini tapıbdır. Eyni zamanda, ümumbəşəri dəyərlərlə bərabər, Azərbaycanın milli-mənəvi dəyərlərinin vəhdəti öz əksini tapıbdır. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir".
Ulu Öndər qarşıda duran əsas vəzifələri sadalayaraq göstərirdi: "...İdeya-təbliğat işinin gücləndirilməsi, partiyanın məramının və məqsədlərinin insanlar arasında daha da geniş yayılmasına nail olunması;
... Yeni Azərbaycan Partiyası kimi kütləvi, çoxsaylı partiyanın səmərəli və çoxsaylı fəaliyyətinin vacib şərti kimi partiya mütəşəkkilliyinin artırılması yönümündə səylərin gücləndirilməsi;
...Partiya işinin forma və metodlarının daim təkmilləşdirilməsi, ideya-təbliğat və təşviqat işinin yeni, müasir formalarının axtarılıb tapılması və tətbiq edilməsi;
...Partiyanın iş əmsalının və nüfuzetmə imkanlarının, həyat qabiliyyətinin mühüm təminatı kimi onun maddi bazasının möhkəmləndirilməsi".
Demokratik dövlətdə idarəetməyə konstitusion-dövlət idarəetməsi kimi baxılsa daha dəqiq olar ki, bunun da mahiyyəti cəmiyyətin bütün tənzimləyici sisteminin bazası olan Əsas Qanuna - Konstitusiyaya söykənilməsindən ibarətdir. İnsanın konstitusion hüquq və azadlıqları şəxsiyyətin fərdi fəallıq potensialını əks etdirir və bu fəallığın nizamlanmasının ölçüsü kimi çıxış edir.
Tədqiqatçıların fikrincə, demokratik dövlətdə vətəndaşların konstitusion hüquq və azadlıqlarının müdafiəsi mexanizmləri arasında məhkəmə. müdafiəsi ən səmərəli vasitə kimi çıxış edir. Bu baxımdan, Avropa Konvensiyasının 6-cı maddəsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ədalətli məhkəmə mühakiməsi haqqında hüququ təsbit edən bu maddə Avropa Konvensiyasında mərkəzi yerlərdən birini və hüququn aliliyinin əsas prinsipini müəyyən edir. Ədalətli mühakimə hüququnun mühüm tərkib hissələrindən birini də hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ təşkil edir. Bu hüquq yenə Avropa Konvensiyasının 6-cı maddəsində sadalanan fərdin mülki hüquq və vəzifələri müəyyən edilərkən, yaxud elan olunmuş hər hansı cinayət ittihamına baxılarkən onun hüquqlarına təminat verən əsas müdafiə mexanizmlərindən biridir. Müasir demokratik cəmiyyətdə və hüquqi dövlətdə X.Məmmədovun fikrincə, hüquq və azadlıqların məhkəmədə müdafiəsi hüququnun, əsasən üç ünsürün vəhdətini ehtiva etdiyini söyləmək mümkündür:
- qanun əsasında yaradılmış, müstəqillik və qərəzsizlik şərtlərinə cavab verən məhkəmənin mövcudluğu;
- mübahisənin və ya ittihamın bütün aspektlərinə dair qərar qəbul edə bilən kifayət qədər geniş səlahiyyətlərə malik məhkəmənin mövcudluğu;
- hər kəsin müraciət etmək hüququnun təmin edildiyi məhkəmənin mövcudluğu. Vətəndaşların məhkəmə şikayətinin obyektini dövlət orqanlarının (hakimiyyətin hər üç qolunun), siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (yaxud hərəkətsizliyi) təşkil edir. Ümumiyyətlə isə, qeyd olunan subyektlərin aşağıdakı xarakterli qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) məhkəməyə şikayət edilə bilər:
- vətəndaşın hüquq və azadlıqları pozulduqda;
- hüquq və azadlıqların həyata keçirilməsinə maneələr yaradıldıqda;
- vətəndaşın üzərinə hər hansı qeyri-qanuni vəzifə qoyulduqda;
- vətəndaş qeyri-qanuni olaraq hər hansı növ məsuliyyətə cəlb edildikdə.
Hər kəsin hüquq və azadlıqlarını müdafiə məqsədilə məhkəməyə müraciət etmək hüququnu tanıyan dövlət bununla öz üzərinə həm neqativ, həm də pozitiv öhdəlik götürür. Neqativ öhdəlik onunla ifadə olunur ki, dövlət vətəndaşların məhkəməyə müraciət etmək hüquqlarını müxtəlif qərar və hərəkətləri ilə əngəlləyərək çətinləşdirməməlidir. Pozitiv öhdəlik isə dövlət tərəfindən vətəndaşların məhkəməyə müraciət hüququnun səmərəli şəkildə reallaşdırılması üçün kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur (məsələn, ödənişsiz hüquqi yardımın göstərilməsi, məhkəmə xərclərinin bir qismindən azad edilməsi və s.)
Demokratik cəmiyyətdə hüquq və azadlıqların məhkəmədə müdafiəsi hüququnun əsas prinsiplərindən birini hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi təşkil edir. Bu hüquq həm qanunvericilik müddəalarının ayrı-seçkiliyə yer verməməsini, həm də hakimlərin və məmurların qanunları tətbiq edərkən ayrı-seçkiliyə rəvac verən şəkildə davranmalarını müəyyən edir. Qanun qarşısında bərabərlik hamıya münasibətdə qanunun bərabər müdafiəyə təminatın verilməsinin ifadəsidir. Buna görə də, dövlət orqanları tərəfindən nizamlanan və fəaliyyət göstərən bütün hüquqi və praktiki sahələrdə hər hansı ayrı-seçkiliyə yol verilməsi qadağandır. K.V.Talıbova göstərir ki, dünya təcrübəsində hüquq və azadlıqların müdafiəsi funksiyası konstitusiya yurisdiksiyalı orqanlar tərəfindən onların fəaliyyətinin üç əsas formasından istifadə edilməsi yolu ilə həyata keçirilir: qanunların və digər normativ aktların, eləcə də, məhkəmə qərarlarının və inzibati qərarların Konstitusiyaya və onda təsbit olunmuş insan, vətəndaş hüquqları və azadlıqlarına uyğun olmasına abstrakt, konkret və fərdi nəzarət formasında.
Abstrakt nəzarət qəbul olunan qanunların və digər normativ aktların tətbiqindən asılı olmayaraq konstitusiyaya uyğun olmasına dair Konstitusiya Məhkəməsinə sorğu verilməsini nəzərdə tutur. Belə nəzarət fərdin insan hüquq və azadlıqlarının subyekti, habelə müxtəlif vətərıdaş birliklərinin, hüquqi şəxslərin insan hüquqları və azadlıqlarının qanunlar, normativ aktlar, məhkəmə qərarlarında pozulmasına dair Konstitusiya Məhkəməsinə şikayət verməsini nəzərdə tutur. Konstitusion şikayət fərdin dövlət orqanlarının özbaşınalıqlarından müdafiəsinin mühüm hüquqi vasitəsi kimi çıxış edir. Demokratik cəmiyyətdə insan hüquqlarının ali təminatçısı qismində Konstitusiya Məhkəməsi fəaliyyət göstərir və onların daim inkişaf etdirilməsi, zənginləşdirilməsi və məzmununun dərinləşdirilməsində böyük rol oynayır.
Ulu Öndər Heydər Əliyev YAP-ın qurultaylararası fəaliyyətini deyil, ümumilikdə yarandığı vaxtdan bu günəqədərki fəaliyyətini təhlil edərək deyir: Yeni Azərbaycan Partiyası ötən doqquz il ərzində sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus aparıcı yol tutmuş bir partiyadır.
...Bu gün tam cəsarətlə və böyük iftixar hissi ilə demək olar ki, səkkiz il iqtidar partiyası adı daşıyaraq partiyamız Azərbaycan xalqına hədsiz xidmətlər göstərmiş və xalqımızı, millətimizi, ölkəmizi o ağır günlərdən çıxarıb bugünkü vəziyyətə gətirib çatdırmışdır."
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2015.- 9 aprel.- S.15.