Hüquqi dövlətdə prezident idarə üsulu

 

Hazırda dünyada müxtəlif demokratik rejimlər mövcuddur. Müasir politologiyada demokratik rejimlərin üç səciyyəvi əlamətini ayırmaq qəbul olunmuşdur. Bunlar aşağıdakılardır:

 

- müntəzəm keçirilən vicdanlı, müxtəlif qrupların və fərdlərin azad surətdə bəhsləşdiyi seçkilər;

 

- hökumətin seçkilərdən doğması;

 

- ayrı-ayrı əhali qruplarının, yaxud azlıqların hüquqlarının müdafiəsi.

 

Demokratik rejimin geniş yayılmış iki əsas forması məlumdur: prezident idarə üsulu; parlament rejimi.

 

Almaniyada fəaliyyət göstərən Federal Siyasi Təhsil Komitəsinin sifarişi ilə hazırlanmış "Parlament demokratiyası" adlı kitabçaya əsaslanaraq, biz prezident idarə üsulu ilə parlamentli respublikanı aşağıdakı şəkildə bir-birindən fərqləndirə bilərik:

 

- Prezident idarə üsulu Amerika Birləşmiş Ştatlarında klassik formada inkişaf etmişdir. Burada prezident və Konqresin tərkibi ayrı-ayrı seçkilərdə seçilir. Parlament idarə formasında isə seçkilər eyni vaxtda həm parlamentin və həm də hökumətin təşkili məsələsini həll edir, habelə müxtəlif koalisiyalar üçün imkan yaradır.- Parlament idarə formasında hökuməti parlament təyin edir və onun tərəfindən də geri çağırıla bilir. Adi şəraitdə ABŞ Konqresinin bu cür hüququ yoxdur. Siyasi fikirlərin bir-birinə uyğun gəlməməsi, yaxud Konqresdə əksəriyyətin dəyişilməsi ucbatından o, prezidenti hakimiyyətdən kənar edə bilməz. Yalnız fövqəladə hallarda - Konstitusiyanı pozduğuna görə, cinayətdə ittiham olunduqda nümayəndəli orqan Senata ondan şikayət edir və Senat üçdə iki səs çoxluğu ilə onu hakimiyyətdən məhrum edə bilir (bu prosedura "impiçment" adlanır).- Və ya əksinə: ABŞ prezidentinin Konqresi "intizama dəvətedici" vasitələri yoxdur. O, Konqresi buraxa bilmir. Bunun əksi olaraq, məsələn, İngiltərənin baş naziri parlamenti buraxa və yeni seçkilər təyin edə bilir."Politologiya" kitabında qeyd edilir ki, bu və ya başqa bir ölkədə təşəkkül tapan dövlət idarəçiliyi forması onun tarixi, ənənələri, sosial-iqtisadi, siyasi və mənəvi vəziyyəti və i. a. ilə şərtlənir. Buradan çıxış etsək, onda respublikamızda dövlətçilik və demokratiya ənənələrinin nisbətən zəif olması, digər tərəfdən isə ictimai həyatın demək olar ki, bütün sahələrini əhatə edən dərin böhran xalqımızın məqsəd və məramına uyğun dövlət quruluşunu yaratmağı xeyli çətinləşdirir. Yüz altmış ildən artıq bir müddətdə tərkibində olduğumuz imperiyanın "hədsiz azadlığının" daim "hədsiz köləliklə, hədsiz sərsəriliklə, hədsiz durğunluqla nəticələndiyini" (ifadələr N.Berdyayevindir) nəzərə alsaq, onda imperiya əsarətinin beynimizdə möhkəmləndirdiyi "kapitalizmə qədərki ruhun" (M.Veber) demokratik həyat formalarına hansı səviyyədə hazır olduğunu aydınlaşdırmaq çox da çətin olmur. Məsələnin məhz bu cəhətini nəzərə alan Qərb alimləri, "inkişaf etmiş sosializmi təkmilləşdirdiyimiz" 80-ci illərin ortalarında sovet imperiyasını inkişaf etməkdə olan ölkələr sırasına aid edir və yazırdılar ki, inkişaf etmiş ölkələrdən fərqli olaraq, burada sosial və iqtisadi sahələrdə parçalanma və dağılma meyilləri daim təkrar istehsal olunur. Onların fikrincə, bu qəbildən olan ölkələrdə irəliyə doğru sıçrayış və geriyə doğru ildırım sürətli çəkilmə imkanlarının nisbəti bərabərdir, onlara ənənələrin və bir-birinə zidd olan baxışların və mənafelərin toqquşması xasdır.Təcrübə göstərir ki, "inkişaf etməkdə olan ölkələr sindromu" bir neçə əsas istiqamətdə inkişaf edə bilir: birincisi, tam və dağıdıcı özünüreallaşdırma ilə səciyyələnən inqilabi sarsıntı (1917-ci il Rusiyası, 1978-ci il İranı); ikincisi, həmin sindromun nisbətən yumşaldılması (Braziliya); üçüncüsü, onun tamamilə dəf edilməsi (İspaniya, Yaponiya).Respublikamızın hazırkı rəhbərliyi haqlı olaraq ümummilli miqyasda mülki konsensusa və vətəndaş həmrəyliyinə nail olmaq yolu ilə radikal islahatlar keçirtmək və nəticədə demokratik rejimi bərqərar etməyə çalışır. Hadisələrin təhlili göstərir ki, biz hazırda həmin prosesin artıq ikinci mərhələsindəyik və ölkə parlamenti bir-birinin ardınca lazım olan qərarları qəbul etməkdədir. Qeyd etdik ki, bu mərhələdə müvafiq dövlət quruluşunun, idarə formasının axtarılıb tapılması ilə nəticələnməlidir. Şübhə yoxdur ki, gələcək inkişafımız bir çox cəhətdən məhz bu işi necə görəcəyimizdən asılıdır.Artıq iki ildir ki, respublikamızda prezident idarə üsulu fəaliyyət göstərir. Buna baxmayaraq hələlik respublikamızı xalis prezident idarə formasına aid etmək tezdir. Dövlət quruluşumuz haqqında müxtəlif səviyyələrdə davam edən mübahisələr məhz bundan irəli gəlir və respublikamızın real gerçəkliyinə onun uyğun gəlməsinə şübhə yaradır.Təcrübə göstərir ki, prezident idarə forması yalnız ABŞ-da hərtərəfli şəkildə özünü doğrulda bilmişdir. Prezident idarə üsulunun bərqərar olduğu ölkələrin əksəriyyəti siyasi və iqtisadi həyatın qeyri-sabitliyi ilə səciyyələnir. Həmin ölkələrdə tez-tez baş verən dövlət çevrilişləri bunu bir daha sübut edir. Məlumdur ki, prezident idarə formasında prezident həm dövlətin və həm də hökumətin başçısı hesab olunur. Hətta ABŞ-ın özündə də bu hal (xüsusilə prezident ikinci müddətə seçildikdən sonra) bir çox arzuedilməz nəticələrə (Uotorgeyt əhvalatı, İrangeyt və s.) səbəb ola bilir. Parlamentli respublikada isə, hətta bir şəxs bir neçə müddətə hakimiyyətdə olsa belə, sadalanan hallar orada baş verə bilmir."Politologiya" kitabında göstərilir ki, parlamentli respublikada yalnız öz ömrünü siyasətə həsr etmiş peşəkarlar hakimiyyət başına gələ bilirlər. Prezidentli respublikada isə, əksinə, qeyri-peşəkarlar da hakimiyyət başına gələ bilir və bir çox hallarda bu, peşəkar olmayan hökumətin təşkil olunmasına gətirib çıxarır. Bir qayda olaraq, prezident seçilən şəxslər, müvafiq qanunvericilik məhdudiyyətləri olmadıqda, uzun müddət hakimiyyətdə qalırlar. Demokratik ənənələrin olmadığı bizim respublikada bu hal nəzarətsiz şəxsi hakimiyyətin qərarlaşmasına gətirib çıxara bilər. Nəhayət, çoxmillətli ölkə şəraitində prezident idarə üsulu müəyyən dərəcədə özünü doğrultmur. Çünki burada azlıqda qalan millətlərin nümayəndələrinin prezident seçilməsi ehtimalı azdır.Deyilənləri nəzərə alaraq, hazırda dünyanın bir sıra ölkələri (Cənubi Koreya, Braziliya və s.) parlamentli respublikaya keçməyə hazırlaşırlar. Respublikamızın tarixi inkişaf xüsusiyyətlərini və real gerçəkliyini nəzərə alaraq, biz belə hesab edirik ki, prezident idarə üsulu ölkəmiz üçün labüddür. Lakin bəzi ölkələrdə prezident idarə üsulu bir şəxsin əlində cəmləşmiş hakimiyyət forması kimi özünü göstərir. İran tədqiqatçısı S.Musavilari belə üsul-idarəni tənqid edərək yazır ki, milli idarə adı altında qanunlar tətbiq edilir. Lakin həqiqət budur ki, müasir cəmiyyətlərdə də həmin qanunlar bir qrup şəxsin iradəsilə müəyyənləşdirilib tətbiq edilir.İngilis yazıçısı Henri Ford dünyada demokratiyanın atası sayılan öz ölkəsinin vəziyyəti barədə belə deyir: "1926-cı ildə İngiltərədə baş verən ümummilli tətil və nümayişlər hələ də yadımdan çıxmır. Dövlət var qüvvəsilə bu kütləvi çıxışları yatırmağa çalışırdı. Varlı sinfi müdafiə edən qanun elan edildi ki, belə tətil və nümayişlər ölkəmizin xeyrinə deyil. Polis və ordu hissələri odlu silahlarla xalqın canına düşmüşdülər. Eyni zamanda, radio və qəzetlər təbliğat apararaq, dövləti fəhlələrin tərəfdarı kimi tanıtdırırdı. Sonra isə fəhlə sinfinin həmkarlar ittifaqını əmlaklarının müsadirə edilməsi və başçılarının zindana salınması ilə qorxudurdular".Sov. İKP-nın 22-ci qurultayındakı çıxışında Kommunist Partiyasının baş katibi Xruşşov belə deyirdi: "Şəxsiyyətə pərəstiş dövründə (Stalin dövrü) partiya və dövlət rəhbərliyində qanunsuzluq baş alıb gedirdi. Qanunları öz istəklərinə uyğun təyin edənlər özləri onları kobud şəkildə pozurdular. Qorxu hissi bütün cəmiyyəti bürümüşdü. Bu dövrdə çoxlu yaltaq, yalançı və fırıldaqçı adamlar ortaya çıxıb, ölkəni idarə edirdilər".Belə bir forma Qərb və bəzi Şərq hökumət sistemləri üçün adi bir haldır. Onlar xalq, parlament və demokratiya maskaları altında öz hiyləgər siyasətlərini yürüdürlər. Həmin quruluşlar Allahın bəndələr üçün təyin etdiyi qanunların ziddinə olduğu üçün, istər-istəməz bir qrup hakimlər tərəfindən şəxsi mənafe və meyillərə uyğun qanunlarla idarə olunurlar.Jan-Jak Russo belə deyirdi: "Millətin problemlərini həll edə biləcək ən yaxşı qanunları kəşf etmək üçün kamil bir ağıl lazımdır ki, o, insanın bütün istəklərini, həvəslərini, meyillərini görsün, amma bunlar ona heç bir təsir etməsin. Təbiəti kamil şəkildə tanısın, lakin təbiətdən asılı olmasın. Onun səadəti bizimlə bağlı olmasın, amma bizim xoşbəxtliyə çatmağımıza kömək etməyə hazır olsun".

 

 

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 11 aprel.- S.15