Hüquqi dövlətdə və vətəndaş cəmiyyətində sistemlilik və siyasi sistem

 

 

    

Uzun müddət "sistem" anlayışına konkret tərif vermək sahəsində müxtəlif səpkidə mübahisələr və müzakirələr getmişdir. İndiki vaxtda "sistem" anlayışına yüzlərlə tərif verilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, sistem nəzəriyyəsi ilə bağlı ciddi elmi araşdırma aparanların hər biri çalışır ki, öz yeni tərifini versin. Amma bu, o demək deyildir ki, bu sahədə hansısa bir xaos mövcuddur. Əslinə qalsa bütün bu tədqiqatçılar eyni bir şey barəsində danışırlar. Amma müxtəlif şəkildə danışırlar. Ontoloji aspektdən bir cür, qnesoloji aspektdən başqa cür, metodoloji aspektənsə tamamilə başqa cür təriflər verilir. Eyni zamanda,     əslində, dünyanın mahiyyətini dərk etmək üçün ən mühüm prinsip olan sistemlilik anlayışının özü daha əhatəli şəkildə araşdırıcılar tərəfindən addım-addım dərk olunmaqdadır. Hər araşdırıcı sanki bu prinsipin bir tərəfini daha aydın görüb, öz hiss etdiyini daha qabarıq verməyə çalışır. Ümumilikdə isə, bütün bu axtarışlar ildən - ilə sistemlilik prinsipi barədə daha müfəssəl məlumat almağa kömək edir, "sistem" anlayışının tərifi daha çox  dəqiqləşməyə başlayır.

Ə.Qəşəmoğlu yazır: "sistem" anlayışının dərkisahəsindəki bütün bu yanaşmaları adətən üç qrupa bölürlər:

 ... Sistemlilik dünyanın mahiyyəti kimi; sistemlilik prinsipinə ontoloji münasibət;

 * Sistemlilik prinsipi bir idrak prosesi kimi; qnesoloji münasibət;

 ... Sistemli təfəkkürün bir metodoloji tərəfi; metodoloji münasibət;

Ontoloji yanaşmanın tərəfdarları da əsasən iki yerə bölünür. Sistemə myəyyən varlıqların küllisi kimi baxanlar və müəyyən xususiyyətlərin küllisi kimi baxanlar. Ontoloji baxış "sistem" anlayışını "şey" anlayışı ilə bağlayır. Sistem "şeylərə parçalanmış şey", "şeylərdən ibarət şey", yaxud "xüsusiyyətləri əks etdirən xüsusiyyət" və s. kimi qəbul olunur. Sistemə ontoloji mənada yanaşma onun mahiyyətini elmi olaraq dərk etməyə lazımi imkan vermir. Eyni zamanda, sistem prinsipindən metodoloji olaraq da istifadə etmək üçün lazımi mexanizm yaratmaq imkanı da az olur.

"Sistem" sözü yunan sözüdür və tərcümə etdikdə, "təşkil olunmuş" komponentləri arasında münasibətləri nizamlanmış  müəyyən bir bütöv mənasını verir. Müxtəlif mənbələrdə bu terminin aşağıdakı kimi tərifləri vardır: "Sistem - müəyyən müxtəlifliklərin bir tam halında birləşən və aydın şəkildə hissələrə bölünmüş elə bütövlüyüdür ki, hissələrin hər biri bütövə və digər hissələrə münasibətdə özünə məxsus bir yer tutur"; Yaxud, "Sistem  - obyektin (obyektlərin) elementlərənin və onlar arasındakı əlaqələrin bütöv birliyidir".

     Cəmiyyətin siyasi sistemi onun siyasi həyatının tarixi təkmülünün qanunauyğun nəticəsi kimi meydana gəlmiş və inkişaf etmişdir. Cəmiyyətin sosial-siyasi təbiətinin, ondakı siyasi münasibətləri, təsisatları, normaları və hakimiyyətin təşkili prinsiplərini hərtərəfli açıqlamağa imkan verən siyasi sistem bütövlükdə ictimai sistemin bir ünsürü, onun yarımsistemidir. Bu, o deməkdir ki, ictimai sistem siyasi sistemin mövcudluğu üçün əsas yaradır, habelə, onun yarımsistemidir. Bu, o deməkdir ki, ictimai sistem siyasi sistemin mövcudluğu üçün əsas yaradır, habelə, onun formalaşması və fəaliyyət göstərməsi üsulunu müəyyən edir. İctimai sistem siyasi sistemdən əvvəl meydana gəlir və ictimai həyatın başlıca problemlərinin həlli imkanlarını şərtləndirir. Siyasi sistemə ictimai sistemin elə ünsürləri daxil olur ki, onlar bir tərəfdən cəmiyyətdə siyasi idarəetmənin və sosial qrupların yanaşı mövcudluğunu təmin edir, digər tərəfdən isə öz tələbatını və mənafeyini reallaşdırmaq, ictimai iradəsini təsisatlanlırmaq, ictimai həyatda öz iştirakını genişləndirmək üçün sosial qruplara şərait yaradırlar. İctimai inkişafın gedişində ictimai münasibətlərin və təsisatların müvafiq tiplərinin meydana gəlməsi və möhkəmlənməsi, öz növbəsində, siyasi sistemdə dəyişikliklərə, onun yeni strukturlarının, mexanizmilərinin və qaydalarının meydana gəlməsinə səbəb olur. Nəticədə siyasi sistemin təsisatları və digər elementləri iqtisadiyyata, mədəniyyətə və ideologiyaya getdikcə daha çox təsir edir, bütövlükdə, ictimai sistemin normal fəaliyyət göstərməsini təmin edirlər.

Cmiyyətin siyasi sistemi dövlət təsisatlarının, siyasi partiyaların və ictimai təşkilatların mürəkkəb kompleksidir, onun çərçivəsində cəmiyyətin siyasi həyatı baş verir, ictimai  dövlət hakimiyyəti həyata keçirilir.

"Politologiya" kitabında göstərilir ki,  siyasi sistemin strukturu komponentləri haqqında ədəbiyyatda mövcud olan fikirləri ümumiləşdirmək əsasında onun tərkibinə aşağıdakı elementlərin daxil olduğunu söyləyə bilərik: təsisatlı (təşkilatlar, müəssisələr); tənzimləyici (normalar); funksional (funksiyalar, sistemdəki siyasi proses, siyasi rejim); ideoloji (nəzəriyyələr, baxışlar); kommunikativ (birləşdirici əlaqələr). Buradan belə bir qənaətə gəlmək olur ki, siyasi sistem hakimiyyətin sosial məzmununun səciyyəsini onun daşıyıcısını, iqtisadi quruluşla qarşılıqlı əlaqələrini birləşdirir; hakimiyyətin həyata keçirildiyi və siyasi münasibətlərin tənzim edildiyi təsisatlar və təşkilatlar sistemini göstərir; siyasi hakimiyyət təsisatlarının fəaliyyət prinsiplərini, normalarını, bu fəaliyyətin yönümünü müəyyən edir.

Siyasi sistemin əsası cəmiyyətin siyasi təşkilatıdır. Hakimiyyətin təsisatlı quruluşu prinsipi onda öz əksini tapır. Cəmiyytədə qərarlaşan siyasi qüvvələrin nisbətini səciyyələndirərək, o, həm hakim qüvvələr, həm də müxalifət qüvvələri tərəfindən yaradılan dövlət və qeyri-dövlət təşkilatları və müəssisələrinin məcmusudur. Bəzi politoloqların fikrincə, cəmiyyətin siyasi təşkilinin ilkin tipləri sivilizasiyadan çox-çox əvvəllər  mövcud olmuşdur. (Siyasi sistemdə hakim yer dövlətindir. O, bütün cəmiyyətin təşkilati çərçivələrini müəyyən edir, hüquq normalarının köməyi ilə öz vətəndaşlarının davranışını formalaşdırır, mülki təşkilatların fəallıq formalarını müəyyən edir. İctima-siyasi təşkilatlar (partiyalar və i.a.) mənafeyinin ifadəçisi olduqları qruplarla dövlət arasında vasitəçi rolunu oynayırlar).

Siyasi sistemə daxil olan təşkilatların fəaliyyəti və qarşılıqlı əlaqələri ictimai təşkilatların, siyasi partiyaların, sosial-siyasi hərəkatların müvafiq aktlarında öz əksini tapan sosial-siyasi normalarla, hüquq normaları ilə tənzim olunur. İctimai münasibətlərin başlıca normativ tənzimləyicisi olan hüquq burada əsas rol oynayır. Normativ dövlət sistemi normativ siyasi sistemlə birgə çıxış edir.

Lakin davranış ancaq normativ yolla tənzim olunmur. Siyasi proses iştirakçılarının davranışını ənənələr, əxlaq, siyasi həyat etikası, habelə, qeyri-formal normativ sistem, məsələn, ictimai diskussiyaları və parlament diskussiyalarını keçirməyin qəbul olunmuş qaydaları və s. də tənzim edir. Siyasi sistemin mühüm təsisatlarından biri adətən dördüncü hakimiyyət hesab edilən kütləvi informasiya vasitələridir. Onlar həm dövlət müəssisələri, həm də partiyaların və təşkilatların orqanları kimi çıxış edirlər. Siyasi sistem cəmiyyətin siyasi şüurunun təsiri altında fəaliyyət göstərir və müvafiq siyasi mədəniyyəti özündə birləşdirir. Nəhayət, siyasi münasibətlər siyasi sistemin ayrı-ayrı elementlərini birləşdirir və böyük insan qruplarının kütəlvi hakimiyyətə münasibətini müəyyən edirlər. Siyasi sistem öz dinamikliyi ilə seçilir və daim inkişaf edir. Müvafiq cəmiyyətin inkişaf səviyyəsi orada qərarlaşmış siyasi sistemin dəyişikliklərə olan reaksiyası, onlara uyğun surətdə dəyişilməsi ilə müəyyən olunur.

Müasir siyasi sistemlər ancaq dövlət hakimiyyəti altında olan cəmiyyətlərə xasdır. Cəmiyyətin siyasi sistemi altında olan müəyyən mənada müstəqilliyyə (muxtariyyətə) malikdir. İlk baxışda belə görünə bilər ki, onun bu müstəqilliyi (muxtariyyəti) mütləqdir, guya onun fəaliyyəti ancaq öz daxili məntiqindən irəli gəlir.

"Politologiya" kitabında qeyd edilir ki,  siyasi sistemin müstəqilləşməsi tədricən baş verən bir prosesdir. Bu, onun  getdikcə artmaqda olan rolunun, siyasi vasitələrlə həll olunan problemlərin sayının çoxalması, müasir cəmiyyətlərin (dövlətlərin) həyatını mərkəzləşdirən və əlaqələndirən orqanizmilərin özünəməxsus bütövlüyünün obyektiv ifadəsidir. Onun ifrat müstəqilliyi isə ictimai orqanizmin mövcudluğu üçün təhlükəyə çevrilə bilir. Buna görə də cəmiyyətdə siyasi sistemin muxtariyyatı üçün müəyyən məhdudiyyətlər fəaliyyət göstərir.

Siyasi sistemin muxtariyyatını məhdudlaşdıran ilk vasitə iqtisadiyyatdır. Belə ki, siyasi sistemin ayrı-ayrı təsisatları ictimai ehtiyatları, məhsuldar qüvvələrin imkanlarını daim nəzərə almalı olurlar. Bu işdə səhlənkarlıq ictimai ehtiyatların ya hədsiz israf olunmasına, ya da təsərrüfat əlaqələrinin pozulmasına gətirib çıxara bilir. Eyni sözləri ictimai həyatın başqa sferaları haqqında da desək olar. Məhz buna görə də cəmiyyətdə iqtisadiyyat, siyasət və mənəvi həyat vəhdətdə olur.

Sadaladığımız xarici vasitələrdən əlavə, siyasi sistem öz daxili elementləri tərəfindən də məhdudlaşdırılır. Bunlardan biri ayrı-ayrı siyasi təsisatların fəaliyyət istiqamətləri, müxtəlif ictimai qrupların siyasət sahəsindəki səyləri arasındakı ziddiyyətlərdir. Bu baxımdan,   siyasi sistemi öz tələbat və mənafeləri ilə fərqlənən sosial qrupların mübarizə səhnəsi kimi nəzərdən keçirmək olar.

Siyasi sistemin başlıca funksiyası cəmiyyəti səmərəli idarə etməkdir. İdarəetmə müvafiq dövlət orqanları tərəfindən qərarların qəbul edilməsi və yerinə yetirilməsi prosesidir. Qərarların məzmununa və onların reallaşması üsullarına öz xüsusi təşkilatları vasitəsi ilə müxtəlif sosial qruplar təsir edirlər. İdarəetmə ilə xüsusi adamlardan ibarət rəhbər qrup məşğul olur. Bura siyasi partiyaların və mənafe qruplarının nümayəndələri daxil olur. İdarəetmə ilə məşğul olan bu qrupun əsas ictimai funksiyası hüquqi normaların, inandırmanın və manipulyasiyanın köməyi ilə ilə dövlətə daxil olan fərdlərin və qrupların yanaşı mövcudluğunu təşkil və tənzim etməkdən ibarətdir.

Siyasi sistemlərin klassik təsnifatı ilk dəfə 1956-cı ildə Q.A.Almond tərəfindən irəli sürülmüşdür. O, siyasi sistemləri dörd əsas kateqoriyaya bölür: ingilis-amerikan siyasi sistemləri, kontinental Avropa siyasi sistemləri; sənaeyəqədərki siyasi sistemlər; totalitar siyasi sistemlər. Onun fikrincə, ilk iki tip demokratik siyasi sistemlərdir.

Bəzi müəlliflər siyasi sistemləri onlarda mövcud olan siyasi partiyaların sayına (miqdarına) əsasən tiplərə ayırmağı təklif edirlər. Ümumiyyətlə, mövcud ədəbiyatda siyasi sistemlərin çoxlu təsnifatına rast gəlmək olur. Politoloqlar yalnız inkişaf etməkdə olan ölkələrdə onlarla siyasi sistemin olduğunu qeyd edirlər. Bəzi Amerika və ingilis alimləri hətta hər şəhərin, firmanın, həmkarlar ittifaqının, klubun fikrincə, hazırda dünyada dövlət quruluşuna əsaslanan yüzlərlə siyasi sistem vardır.

Bəzi politoloqlar siyasi sistemlərin tarixi təsnifatını verməyi məqsədəuyğun hesab edir və bu zaman dövlət quruluşuna əsaslanan cəmiyytələrldə tarixən aşağıdakı siyasi sistemlərin olduğunu göstərirlər: imperiya, müasir milli dövlət və konfederasiya.

   

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2015.- 14 aprel.- S15.