Azərbaycan siyasi fikir tarixində hüquqi dövlət, siyasət və siyasi münasibətlərə yanaşma

 

 

 

Siyasət və siyasi münasibətlər haqqında fikirlər Azərbaycan ərazisində qədim zamanlarda meydana gəlmiş və çox böyük təkamül yolu keçmişdir. Dünyanın bir çox başqa xalqlarında olduğu kimi, burada da siyasi fikir erkən dövrlərdə mifoloji dünyagörüşünün tərkib hissəsi kimi çıxış etmiş, miflərdə, əsatirlərdə, nağıllarda və dastanlarda öz əksini tapmışdır.

"Politologiya" kitabında göstərilir ki, Azərbaycan xalqının siyasi fikrinin sistemli şəkildə şərh olunduğu ilk böyük yazılı abidə "Avesta"dır. Bu abidə öz dövrünün (onun e.ə. V, bəzi mülahizələrə görə isə e.ə. VIII-VII əsrlərdə yazıldığı güman edilir) əxlaqi, sosil, siyasi, dinis. biliklərin ensiklopediyasıdır.

 "Avesta" zərdüştlüyün müqəddəs kitablarının külliyyatıdır. Zərdüştlük dünyanı iki başlıca qüvvənin-xeyir və şərin mübarizəsi kimi nəzərdən keçirir. Xeyir və şərin mübarizəsi, doğruluğun, ədalətin tərənnümü Zərdüşt etikasının əsasını təşkil etməklə, Məzda qanunları üçün başlanğıc kimi çıxış edir. Burada ən yüksək əxlaqi prinsip müqəddəs qanuna, ədalətli qaydaya tabe olmaqdır.

 "Avesta"da dövlət insanların birgə ünsiyyət forması, bütün cəmiyyətin mühafizəsinin mühüm atributu hesab olunur, dövlət hakimiyyətinin möhkəmliyinin isə vətəndaşlarda mənəvi borcun tərbiyə edilməsi səviyyəsindən asılı olduğu göstərilir. Burada diqqəti cəlb edən daha bir cəhət ondan ibarətdir ki, Zərdüşt "cəmiyyət" və "dövlət" anlayışlarının eyni məna daşıdığını, öz növbəsində, dövlətin göylər səltənətinin yerdəki təcəssümü olduğunu bildirir. Tədqiqatçılar belə hesab edirlər ki, dövlət anlayışı burada hər hansı bir xarici nəzarətdən daxili müstəqillik, suverenlik, ayrıca götürülən bir ərazi və zərdüştlük dininin ardıcılları üzərində şəriksiz hökmranlıq imkanı kimi nəzərdən keçirilir.

 "Avesta" güclü dövlət hakimiyyətini təbliğ edir. Burada göstərilir ki, dövlətə xeyirxah hökmdar başçılıq etməlidir. Dövlət başçısı eyni zamanda ali dini başçı, xalqın fikirlərini və arzularını istiqamətləndirən ideoloq olmalı, xalq arasında zərdüştlüyü yaymaqla məşğul olmalıdır.

"Politologiya" kitabında yazılır: "Orta əsrlərdə Azərbaycan fəlsəfi fikrinin görkəmli nümayəndəsi olan filosof Bəhmənyarın əsərlərində cəmiyyətin inkişafı ilə bağlı bir çox məsələlər şərh olunmuşdur. Feodalların ideoloqu olan filosof hakim ictimai quruluşu təbii hesab edir, onu xeyirxah və gözəl quruluş kimi qiymətləndirirdi, o, istismarçı quruluş tərifləyir və yoxsulluğa dözməyə çağırırdı. Bəhmənyar xüsusi mülkiyyəti müdafiə edir, əsl səadətə çatmaq yolunu təhsildə və mənəvi təkmilləşmədə görürdü.

N.Gəncəvi feodal cəmiyyətinin əsas bəlasını, nöqsanların başlıca səbəbini ədalətsizliyə, zorakılığa və qarətə əsaslanan dövlətin xarakterində görürdü. Onun siyasi idealı ilk əvvəllər maarifçi monarx, sonralar isə xalq hakimiyyəti idi. Özünün bütün yaradıcılığı boyu şair ideal siyasi quruluş axtarmış və nəticədə hakimlərin və məhkumların olmadığı, bütün adamların zülmdən və zorakılıqdan azad olduğu xalq hakimiyyəti obrazını yaratmışdır. Nizaminin utopik fikirləri Azərbaycanda və bütün Şərqdə mütərəqqi ictimai fikrin inkişafında mühüm rol oynamışdır.

Marağalı Əhvədi öz əsərlərində müdrikelmli hökmdarın başçılıq etdiyi feodal dövlətini arzulayırdı. Hər bir fərdin əxlaqi-mənəvi kamilliyini, bunun vasitəsi ilə də bütün cəmiyyətin təkmilləşməsini o öz idealına çatmaqda yeganə yol hesab edirdi.

Azərbaycan xalqının və ümumiyyətlə Yaxın və Orta Şərqin siyasi fikrinin ən görkəmli nümayəndəsi Xacə Nəsirəddin Tusi olmuşdur. Onun astropomiya, riyaziyyats. kimi dəqiq elmlərlə yanaşı, fəlsəfə, məntiq, etikaestetikaya dair yazdığı əsərləri dünya elminə qiymətli töhfədir. Şərqin Fərabi, İbn Sina, Biruni Qərbin Platon Aristotels. kimi korifeylərinin təlimlərinə əsaslanaraq, Tusi artıq XIII əsrdə insanlığı indinin özündə də düşündürən bir çox məsələlərə çox düzgün və sərras cavab vermişdir. O, "dövlət" və "qanun" kimi anlayışları işləyib hazırlamış, dövlət və cəmiyyət, dövlət və şəxsiyyət, din və siyasət, dövlət və iqtisadiyyat, hüquq və əxlaq, sosial ədalət, dövlətlərarası münasibətlər, müharibə və sülh, dövlət aparatı, hökmdarın yerirolu, hökmdaronun köməkçiləri, məmurları və s. məsələləri nəzərdən keçirmişdir. Tusi xalqımızın siyasi fikir tarixinə mütərəqqi və humanist bir mütəfəkkir kimi daxil olmuşdur".

Tusinin siyasi görüşlərində "dövlət" anlayışı mühüm yer tutur. Təsadüfi deyildir ki, o, görkəmli dövlətşünas və dövlət nəzəriyyəçisi hesab olunur. Tusinin fikrincə, dövlət insanların birliyi, cəmiyyətin təbii vəziyyətidir. O belə hesab edirdi ki, insanlar öz mənafeləri əsasında könüllü surətdə birləşmək arzusunda olduqları zaman dövlət əmələ gəlir. Həm də dövlət insanların tələbatını ödmək məqsədilə yaranır və onlara xidmət edir.

Tusi "dövlət" və "cəmiyyət" anlayışlarını təqribən eyni mənada işlədir, dövlət cəmiyyətin strukturunu təsvir edir. Onun mühüm ünsürləri ailə, məhəllə (rayon, yaxud qrup), şəhər icması, böyük xalqlar icması və ümumdünya icmasıdır.

   Tusi belə hesab edirdi ki, insanların həyatı dövlətdən kənarda mümkün deyildir. İnsan dövlətin yardımına, dövlət isə insanın aktiv fəaliyyətinə ehtiyac hiss edir. Bu mənada Tusinin təlimində dövlət və insan bir-birinin qarşısında məsuliyyət daşıyır. Böyük mütəfəkkir yazırdı: "Dünya əhalinin ictimai quruluşu bir sistem təşkil etdiyindən, kim sistemdən kənara çıxıb tək yaşamaq, inzivayə çəkilmək xəyalına düşsə, bu baxımdan fəzilətlərdən əli çıxar, öz növünün köməklərindən imtina etdiyi üçün tənhalıq dəhşəti içərisində, əzab, əziyyət və məhrumiyyətlər cəngində məhv olar.

Tusinin fikrincə, dövlət ancaq ədalət əsasında yaşaya bilər. Ədalətin şərtləri isə dövləti təşkil edən dörd sinif - "qələm əhli" (ziyalılar), "qılınc əhli" (hərbçilər), "müamilə əhli" (tacirlər, sövdagərlər, sənətkarlar, vergiyığanlar) və "ziraət əhli" (əkinçilər, biçinçilər, bağbanlar, maldarlıqla məşğul olanlar) arasında uyğunluğun yaradılması ("İnsanın sağlamlığı dörd ünsür arasındakı tənasublukdə olduğu kimi, cəmiyyət arasındakı uyğunluq da dörd sinif qarşılıqlı müqabilində olar). İnsanlar istedadına görə vəzifəyə təyin edilməsi, payına düşənin ona verilməsindən ibarətdir. O, fikrini davam etdirərək, yazır ki, "bu dörd dəstə birgə, əlbir, ahəngdar fəaliyyət göstərdikdə mədəniyyət fəaliyyət və səadət sistemi əmələ gələr".

Dövlətin idarə olunmasında hökmdarın şəxsiyyətinə böyük qiymət verən Tusi göstərir ki, ölkə sahibi olmaq istəyimin yeddi xisləti olmalıdır: atalıq, alicənablıq, mətinlik, tam əzm, səbrli olmaq, var-dövlət, sadiq və əməlisaleh köməkçilər. "Həqiqətdə hökmdarlıq o adama yaraşar ki, dünya xəstələndikdə onu müalicə edə bilsin, sağlam olduqda səhhətini qoruya bilsin, çünki hökmdar dünyanın həkimi yerində olar. Xəstəlik isə iki şeydən törəyər: biri ölkədə qəddar şahlıq olanda, digəri ölkə özbaşına buraxılanda".

Hürufilik ideologiyası ədalətsizliyin səbəbini adamların sərvətə, varlanmağa və hakimiyyətə can atmasında görürdü. Onun banisi Fəzlullah Nəimi istismardan və zülmdən qurtarmaq yolunu xalq üsyanında görürdü. Onun varisi İmadəddin Nəsimi isə müdrik və ədalətli şaha inam bəsləyirdi.

Məhəmməd Füzuli silki bölgüyə əsaslanan, hüquq bərabərliyinin olmadığı feodalizm cəmiyyətini tənqid edir, maarifpərvər monarxa ümid bəsləyirdi. Onun fikrincə, cəmiyyətdə ədalətli qanunlar olmalı və hamı onlara tabe olmalıdır. Füzuli təbii hüquq nəzəriyyəsinə tərəfdar çıxaraq, bərabərlik, azadlıq və adamların yer üzündə xoşbəxtliyi ideyalarını elan edirdi. O, adamlar arasında qeyri-bərabərliyi, insan hüquqlarının tapdalanmasını pisləyirdi. Füzuli sülh uğrunda çıxış edir, xalqlara saysız-hesabsız fəlakətlər və iztirablar gətirən soyğunçuviranedici müharibələri pisləyirdi. O, yeni torpaqlar tutmaq, milyonlarla adamın məhvi hesabına varlanmaq məqsədilə müharibələr törədən hökmdarları qəzəblə ifşa edirdi.

   M.P.Vaqif yaradıcılığının ilkin dövrlərində cəmiyyətdə mövcud olan nöqsanların və ədalətsizliklərin müdrikxeyirxah hökmdar tərəfindən aradan qaldırılacağına ümid edirdi. O, güman edirdi ki, hökmdarın hərəkətlərini ağıllı və ədalətli məcraya yönəltmək olar. Lakin həyatının sonuna yaxın o, nəinki zalım hökmdarlara qarşı müqavimət göstərməyin mümkünlüyünü qəbul edir, hətta birbaşa mustəbidləri məhv etməyə çağırırdı.

XIX əsrin I yarısında Azərbaycan maarifçiliyinin yaşlı nəslinə mənsub olan şair Q.B.Zakir demokratik fikirləri üstündə təqiblərə məruz qalırdı.  Onun fikrincə, mövcud qanunsuzluqlar qayda-qanunu pozan  hakimiyyətdə baş verir. O yazır ki, hakimiyyət qüvvətli olsaydı, onda heç kim adamları qarət etməyə cürət etməzdi.

A.A.Bakıxanov etika ("Təhzibi-əxlaq", "Kitabi-nəsihət"), tarix ("Gülüstan-İrəm") və elm sahələrində tanınmış mütəfəkkir olmuşdur. Onun fikincə, cəmiyyət adamların öz tələbatını ödəmək üçün lazım olan birgəyaşayışdır. O yazırdı ki, ehtiyacdan irəli gələn bu əlaqə məişət tərzi adlanır.

Axundov sosial tərəqqi məsələlərinə xeyli diqqət yetirərək, onu insan cəmiyyəti üçün səciyyəvi olan təbii, qanunauyğun proses hesab edirdi. Onun fikrincə, tərəqqi cəmiyyətin elə vəziyyətidir ki, "xalq hər xüsusda-ülumda və sənayedə və əqayiddə anən-fəanən talibi-tərəqqi olub cəhalətdən və bəriyyətdən nicat tapmağa nail olalar". Tərəqqi daimi və həm də irəliyə doğru inkişaf demək olub, son nəticədə sənayedə, elmdə, mədəniyyətdə əsaslı irəliləyişlərlə səciyyələnən daha yüksək pilləyə-sivilizasiyaya gətirib çıxarmalıdır. O yazırdı ki, "sivilizasyon ki, ibarətdir haləti-cahiliyyətdən və bərbəriyyətdən qurtarıb ümuri-məişətdə mərifəti-lazimə hasil edib ülumda və sənayedə və təhzibi-əxlaqda bəqədri- imkan dərəcəyi-kəmalə çatmaqdan və adabi-təməddündə məharət yetirməkdir".

Buradan çıxış edən Axundov ictimai inkişafın mərhələli olması fikrinə gəlir və onun köklərini açmağa cəhd edir. Axundov adamların əmlak fərqini əsas götürərək, cəmiyyəti "yuxarı silkə" və "yoxsul sinif" adlandırdığı "aşağı silkə" bölürdü. "Hacı Qara" əsərində o, üç "silkin"-zadəganların, burjuaziyanın və əməkçi kəndlilərin mövqeyininrolunun təhlilini vermişdir. Onun bu siniflərə verdiyi qiymət Azərbaycanda feodal cəmiyyətinin dağılmasının və burjua münasibətlərinin meydana gəlməsinin mürəkkəb prosesini özündə əks etdirir.

Dövlət, onun mahiyyəti və əhəmiyyəti haqqında məsələ Axundovun diqqət mərkəzində olmuşdur. O, dövlət və onun idarə olunması məsələlərinə siyasət adlandırdığı xüsusi elm sahəsinə aid edirdi. Onun dövlət formaları haqqındakı fikirləri bu baxımdan diqqəti cəlb edir.

Yaradıcılığının ilkin mərhələsində o, maarifçi monarxiya dövlət formasının tərəfdarı kimi çıxış edirdi. O, güman edirdi ki, ağıllı monarx xalqın mənafeyini, onun rifahını təmin edə bilər, xalqın mənafeyi naminə islahatlar yolu ilə bir sıra sosial dəyişikliklər edə bilər. "Vəziri-xani-Lənkəran", "Mürafiə vəkilləri", "Aldanmış kəvakib" əsərləri məhz belə ideyalarla zəngindir. O, müstəbidin və ağıllı monarxın hakimiyyətini müqayisə edir, onları bir-birinə qarşı qoyur vo sonuncuya öz xüsusi rəğbətini bildirir.

"Kəmalüddövlə məktubları"nda Axundov İngiltərənin nümunəsində konstitusiyalı monarxiya tərəfdarı kimi çıxış edir. Bununla əlaqədar olaraq, o, islahatlar yolu ilə cəmiyyəti dəyişdirmək ideyasından əl çəkir və xalqı inqilaba çağırır.

Axundov monarxın hakimiyyətinin parlamentlə, xalqın qanunvericilik fəaliyyətində iştirak etməsi yolu ilə məhdudlaşdırılmasını, iki palatadan ibarət parlament təşkil olunmasını təklif edir. Bunlardan biri təbəqələrdən, digəri isə əyanlardan ibarət olmalı idi. Dövlətin bütün qanunları birinci palatada tərtib olunur, sonra ikinci palatanın müzakirəsinə və nəhayət, imzalanmaq üçün hökmdara verilir. Hökmdarın hakimiyyəti qanunla məhdudlaşdırılmışdır, əslində o, "bu qanuna zidd olan heç nə edə bilməzdi".

Beləliklə, xalqı təmsil edən palata qanunvericilik funksiyasını yerinə yetirir, monarxın yalnız qəbul olunmuş qanunları təsdiq etmək hüququ vardır. Monarx "millətin vəkili" olmalı, "xalqın özünün iştirakı ilə" qəbul olunmuş qanunlara riayət etməli, "əhalinin himayədarı və ölkənin mühafizəçisi" olmalı, onun övladları hesab edilməli və onlara qayğı göstərməlidir. Xalq konstitusiyalı monarxiya zamanında xoşbəxt yaşayır, o, savadlıdır, mədənidir. Burada hakimiyyətlə xalq arasında heç bir nifaq, xalq tərəfindən monarxa qarşı heç bir çıxış yoxdur.

70-ci illərin əvvəllərindən etibarəi Axundov xalq hakimiyyətinin tərəfdarı kimi çıxış edir. 1875-ci ildə yazdığı "Yek kəlmə" haqqında" adlı məqaləsində o, respublika tərəfdarı olduğunu bildirir. O, belə bir fikir irəli sürür ki, konstitusiyanın yaradıcısı xalq olmalıdır. Cəmiyyəti isə xalq özü qəbul etdiyi konstitusiya əsasında, həm də heç bir monarx olmadan idarə etməlidi.

Xalq "zalıma müraciət edərək deməlidir: səltənət və hökumət büsatından əl çək!.." Ondan sonra özü zamanın vəziyyətinə uyğun olaraq qalacaq.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2015.- 15 aprel.- S15.