Regionların
inkişafı əhalinin rifahının yüksəlməsinə
əhəmiyyətli təsir göstərir
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova
- Sevinc xanım, həyata keçirilən dövlət proqramlarının regionlarımızın sosial-iqtisadi inkişafı prosesində əhəmiyyəti nədən ibarətdir?
- Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik şəkildə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf bütün sahələri əhatə edir. Bu mənada Azərbaycanın regionlarının inkişafı da xüsusi vurğulanmalıdır. 2004-cü ildən həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çox uğurlu nəticələr verməkdədir. Bu proqramların nəticəsində bölgələrimizin siması tamamilə dəyişib, yeni infrastrukturlar yaradılır, iş yerləri açılır, yeni yollar çəkilir, kəndlər qazlaşdırılır və s. Bir sözlə, görülən işlər əhalinin rifahının daha da yüksəlməsinə xidmət edir. Əminliklə demək olar ki, dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ” elmi-iqtisadi-nəzəri mahiyyətinə görə, fundamental strateji inkişaf konsepsiyası sayılmaqla, bölgələrin tarazlı və yüksək inkişafını təmin edən, ölkəmizin iqtisadi-siyasi doktrinasının başlıca məzmununu təşkil edir.
Qeyd etmək yerinə düşər ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.
- Regionlarda yeni sənaye, emal müəssisələri yaradılır ki, bu da qeyri-neft sektorunun inkişafına xidmət edir. Bu amil əhalinin rifahının yüksəlməsində n ədərəcədə rol oynayır?
- Təbii ki, bölgələrdə sənaye müəəsisələrinin yaradılması çox əhəmiyyətlidir. Son illər ölkə üzrə yaradılan müəssisələrin böyük hissəsi regionların payına düşür. Bu bölgə əhalisinin işlə təminatı baxımdan ciddi fakt olmaqla yanaşı bütövlükdə qeyri-neft sektorunun inkişafında mühüm amildir.
Son illərdə Prezident İlham Əliyevin ciddi səyləri sayəsində ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi Azərbaycan iqtisadiyyatının qlobal risklərə, o cümlədən də, neftin qiymətinin aşağı düşməsinə yüksək dayanıqlılıq göstərməsini şərtləndirən amillər sırasında mühüm yer tutur.
Ümumiyyətlə, ölkəmizdə qeyri-neft sektorunun daha da inkişafı üçün böyük potensial mövcuddur. Bilirsiniz ki, bölgələrdə sənaye məhəllələri yaradılacaq ki, sənaye sahəsinin inkşafına ciddi təkan verəcək. Eyni zamanda, kənd təsərrüfatının, turizmin inkişafı üçün ardıcıl olaraq tədbirlər həyata keçirilir. Bütün bunlar nəticə etibarilə qeyr-neft sektorunun ÜDM-də payının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
Ümumiyyətlə, regionların inkişafı bütün istiqamətlərdə özünü göstərir. Millət vəkili seçildiyim Gədəbəy rayonunda da abadlıq və quruculuq işləri uğurla davam edir. Bütövlükdə isə, açılan yeni işləri, yaradılan infrastrukturlar əhalinin rifanın yüksəlməsinə də müsbət mənada ciddi təsir edir.
- Bu inkişaf fonunda gənclərin məşğulluğunun təmin olunması haqqında nə deyə bilərsiniz?
- Bilirsiniz ki, Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin əsas məqsədi Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb, insan potensialının inkişafına görə “orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olub. Bu, əhalinin müxtəlif təbəqələri, o cümlədən, gənclər üçün iqtisadi imkanların yeni səviyyədə yaradılması, hüquqların genişləndirilməsi və maddi təminatın möhkəmləndirilməsi deməkdir. Ötən dövrdə sosial müdafiə sistemi təkmilləşdirilib, aktiv məşğulluq siyasətinə əsaslanan əmək bazarı formalaşdırılıb, yoxsulluğa qarşı mübarizə uğurla davam etdirilib. Bunlarla yanaşı, mədəni irsin qorunması, gənclərlə iş və idman siyasətinin çevikliyinin artırılması, demoqrafiya və miqrasiya məsələlərinin effektiv tənzimlənməsi kimi vacib tədbirlər yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalının inkişafını təmin edib. Təbii ki, gənclərin məşğulluğunun təmin olunması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Bu məsələ hökumətin daim diqqət mərkəzindədir.
- Sevinc xanım, sizcə, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" hansı perspektivlər vəd edir?
- Sevindirici haldır ki, gənclərin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir. Strategiyada da qeyd edilir ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edib. Eyni zamanda, minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlib. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olublar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınıb, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılıb.
Sənəddə də qeyd olunduğu kimi, hazırda paytaxt və bölgələrdə 250-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Müstəqilliyin ilk illərində gənclərin əsasən beynəlxalq qurumlar tərəfindən dəstəklənən təşəbbüsləri, son illərdə dövlət büdcəsindən maliyyələşən fondlar və digər təsisatlar vasitəsilə dəstəklənməyə başlayıb. Gənclərin qeyri-hökumət təşkilatlarına yönləndirilmiş maliyyə vəsaitinin həcmi ilbəil artaraq gənclər arasında könüllülüyün dəstəklənməsini, onların liderlik bacarıqlarının artırılmasını və müəyyən mənada həm də məşğulluğunu təmin edib.
Diqqətəlayiq haldır ki, strategiyada gənc ailələrin soial müdafiəsi, gənclərin intellektual, mənəvi və fiziki inkişafına dair mühüm müddəalar əksini tapıb. Hesab edirəm ki, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" gənc nəslin gələcəyə hazırlanması baxımından müstəsna əhəmiyyət kəsb edir. Çünki gələcək gənclərindir və gənclərin yüksək səviyyədə formalaşdırılması cəmiyyətimizin intellektual potensialının gücləndirilməsində xüsusi rol oynayır.
Səs.- 2015.- 15 aprel.- S.10.