Avropa Oyunlarının ilk təşkilatçısı kimi Azərbaycanın adı tarixə
yazılıb
Nəriman Əliyev: "Azərbaycanın Avropa Oyunları kimi böyük bir tədbirə ev sahibliyi edəcəyi bir zamanda bəzi beynəlxalq təşkilatların qərəzli mövqelərinin arxasında erməni maraqları və qısqanclıq amili dayanır"
Millət vəkili Nəriman Əliyevin "SƏS" qəzetinə müsahibəsi
-Bildiyiniz kimi, ölkəmiz Avropa Oyunları kimi böyük bir tədbirə ev sahibliyi edəcək. Belə bir ərəfədə bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı tutduğu qərəzli mövqenin arxasında hansı maraqlar dayanır? Avropa Oyunlarını boykot etməyə çağırırlar. Ümumiyyətlə, onların qarayaxma kampaniyaları hər hansı bir nəticə verə bilərmi?
-Yadınızdadırsa, Çində oyunlar keçiriləndə bu ölkəyə qarşı o qədər təpkilər oldu ki, insanlar bu qənaətə gəlmişdilər ki, yəqin bu ölkədə bütün sahələr üzrə böyük iflas olacaq. Əslində Çinin əleyhinə edilən çıxışların mahiyyətində heç nə yox idi. Yazırdılar ki, guya Çinin hansısa küçəsi çirklidir, binalar yaraşıqlı deyil və nəhayət, bütün bunlara görə oyunlar boykot edilməlidir. Nəticə isə göz qabağında oldu. Qeyd edim ki, bu vaxta qədər də beynəlxalq əhəmiyyəti olan tədbirlər hansı ölkədə keçirilibsə, müxtəlif qüvvələr tərəfindən bu və ya digər formada həmin ölkəyə qarşı qərəzli, heç bir reallığı özündə əks etdirməyən mövqe nümayiş olunub. Ancaq istədiklərinə nail ola bilməyiblər, uduzan elə özləri olub. Burda çox maraqlı bir məqam var. Azərbaycanın iqtisadi-siyasi qüdrətini bütün dünya dövlətləri kimi, Avropa ölkələri də təqdir edir. Onlar bizimlə əməkdaşlıq etməkdə həmişə böyük maraq göstəriblər. Bəs necə ola bilər ki, "demokratiya", "insan hüquqları" adı altında gizlənən Avropada fəaliyyət göstərən bəzi təşkilatlar Azərbaycana qarşı qara piar kampaniyasını həyata keçirirlər? Elə bundan görünür ki, bu tip qüvvələri hər hansı bir bəşəri, milli maraqlar yox, şəxsi maraqlar daha çox düşündürür. Ermənipərəst qüvvələrdən, eləcə də Avropada fəaliyyət göstərən erməni lobbi təşkilatlarından alınan pullar hesabına ölkəmizə qarşı qərəzli hesabatlar yayır və mənasız çağırışlar edirlər. 2012-ci ildə ölkəmizdə Avroviziya musiqi yarışması keçirilən ərəfədə də bu qüvvələr Azərbaycana qarşı hücuma keçdilər, müxtəlif ölkələrə çağırışlar etdilər ki, bu musiqi yarışması boykot edilsin. Ancaq onlara əhəmiyyət verən olmadı və bu tədbir yüksək səviyyədə həyata keçirildi. Daha sonra müxtəlif beynəlxalq yarışlar, tədbirlər, idman oyunları ölkəmizdə keçirilib. Bütün bu yarışların hamısında Azərbaycanın dünyanın ən siyasi stabilliyə, demokratik mühitə malik dövlət olduğu sübut olunub. Bəs 2012-ci ildə Qərbdə və Avropada nələr baş verirdi? 2012-ci ilin 1 mayında Almaniyada nümayişlər zamanı polislə vətəndaşlar arasında ciddi toqquşmalar yaşanmış, dinc insanlara qarşı zorakılıq tətbiq olunmuşdu. Nümayişçilər hakimiyyətin yaratdığı böhrana etiraz əlaməti olaraq polislərə içərisinə yandırıcı maddələr doldurulmuş şüşə qablar, daş və başqa predmetlər atmışdılar. Yadınızdadırsa, Berlində keçirilən 1 may nümayişinə 100 mindən artıq insan toplaşmışdı. Mərasim başlayandan bir neçə saat sonra isə alman polisinin xüsusi təyinatlıları nümayişçilərə zor tətbiq edərək insanları fiziki işgəncələrə məruz qoydular. ABŞ-da Senatın fəaliyyətini tənqid etdiyinə görə bir neçə jurnalist həbs edildi, ailə təzyiqlərə məruz qaldı. İngiltərədə müəllimlər izdihamlı mitinqlər keçirərək hökumətin yarıtmaz siyasətini tənqid etdiyinə görə müəllim işdən azad olunmuşdular. Bir sözlə, Azərbaycanın Avropa Oyunları kimi böyük bir tədbirə ev sahibliyi edəcək bir zamanda Qərbin bəzi təşkilatları, QHT-lərinin qərəzli mövqelərinin arxasında yalnız erməni maraqları və qısqanclıq amili dayanır. Erməni iddialarının da dünyada iflasa uğradığı bir ərəfədə bu tip təşkilatların arzuladıqları nəticəni əldə etməkləri sadəcə xülyadır.
-"Amnesty İnternatonal", "Fredoom House" təşkilkatları I Avropa Oyunlarının keçiriləcəyi bir zamanda daha çox qərəz nümayiş etdirməyə başlayıblar....
-Təkcə bu təşkilatlar deyil, elə Avropa Siyasəti Araşdırmalar Mərkəzinin Avropa İttifaqını Azərbaycanda keçiriləcək Avropa Oyunlarının boykota çağırması göstərdi ki, Qərb Azərbaycana qarşı böyük qısqanclıqla yanaşır. Bir məsələni də qeyd edim ki, bu təşkilatın başında erməni əsilli şəxs dayanır. Ümumiyyətlə isə, "Fredoom House", "Human Rights Watch", "Manesty İnternational" təşkilatlarının maliyyələşməsində erməni pullarının böyük rolu var. Məhz buna görə də ermənilərin siafarişi əsasında mütəmadi olaraq ölkəmizə qarşı qeyri-obyektiv çağırışlar edilir, hesabatlar yayılır. Amma bunlar da müvəqqətidir. Onlar Azərbaycan üçün belə bir həssas məqamda mənfi imic yaratmağa çalışırlar. Azərbaycanın inkişafını kölgə altına salmaq üçün saxta məlumatlar yayırlar.
-Eləcə də daxilimizdə radikal qüvvələr var ki, onlar da bu təşkilatlarla eyni mövqedən çıxış edirlər. Bu, o demək deyilmi ki, hər ikisi də bir mənbədən qidalanırlar?
-Tamamilə düzdür. Bu təşkilatların ermənilərdən pul alaraq ölkəmizə qarşı çirkin kampaniya apardıqları faktdır. Əgər daxilmizdəki radikallar da bu təşkilatlarla eyni mövqedən çıxış edirlərsə, deməli, onlar da erməni bulağından su içirlər və bir nöqtəyə xidmət edirlər. Azərbaycanda böyük işlərin getdiyi bir ərəfədə lazımsız çağırışlar etmək, mahiyyəti bəlli olmayan mitinqlər keçirmək, sarı mətbuatda böhtanlar yazmaq, dezinformasiyalar yaymaq, xarici ölkələri ölkəmizə qarşı sanskiayalar tətbiq etməyə səsləmək elə ermənilərə xidmət etmək deməkdir. Necə ki, bu addımı radikal müxalifət partiyaları atırlar. Bu radikal müxalifət partiyalarının "donos"ları hesabına xarici təşkilatlar ölkəmiz haqqında qərəzli hesabatlar hazırlayırlar. Məncə, onlar bu tip əməllərinə görə gec-tez qanunla cəzalarını alacaqlar.
-Bizim üçün Avropa Oyunlarının əhəmiyyəti nə olacaq?
-2012-ci il dekabrin 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə Avropa Oyunlarının keçirilməsi və bu oyunların Bakıda təşkil olunması barədə qərar qəbul edildi. Bu tarixi qərarın ölkəmiz üçün xüsusi əhəmiyyəti var. Səsvermə nəticəsində Avropa Oyunlarına ev sahibliyi Bakıya həvalə edildi. Yaxın-uzaq qonşularımızdan, ən yaxın dostlarımızdan ən yaxın düşmənlərimizə qədər hər bir ölkə bu dünyanın ikinci möhtəşəm idman bayramına ev sahibliyi etmək, onun ilk təşkilatçısı kimi tarixdə qalmaq istəyərdi. Bu yarışın verdiyi imkanlar hesabına öz mədəniyyətini, tarixini, iqtisadi gücünü və siyasi görüşlərini dünyaya çatdırmaq arzu edərdi. Xüsusən də, Cənubi Qafqaz ölkələri. İstər Gürcüstan, istərsə də Ermənistan əgər gücləri yetsəydi, bu tarixi şansı qaçırmazdılar. Amma faktdır ki, Gürcüstan da, Azərbaycan torpaqlarını havadarları hesabına işğal edən Ermənistanda bu oyunlara ev sahibliyi etmək gücündə deyil. Çünki hər iki ölkədə nə iqtisadi resurslar, nə siyasi sabitlik buna imkan vermir. Çünki Olimpiya Oyunlarına çəkilən xərcləri qarşılamaq üçün dövlətin maddi və iqtisadi resursları olmalıdır. Regionun lider dövləti Azərbaycandan başqa hər hansı ölkənin bunu qarşılamaq gücü yox idi. Nə dostumuz Gürcüstanın, nə də düşmənimiz Ermənistanın. Tarixə yazılacaq və tarix olacaq bu idman yarışına ev sahibliyi etmək üçün həm də siyasi uzaqgörənlik əsas amil idi. Azərbaycan Prezidenti İlham Əliyev bunu düzgün qiymətləndirərək, zamanında müdrik qərar qəbul etdi. Qərarın alınmasında siyasi iradə nümayiş etdirildi. Bu da nəticə. Azərbaycan Avropa Oyunlarının ilk təşkilatçısı, ev sahibi kimi tarixə yazıldı. Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycanın artan nüfuzuna, dünyada daha yüksək tribunalar əldə etməsinə xidmət edəcək.
Samir
Səs.- 2015.- 15 aprel.- S.9.