Hüquqi dövlət, KİV və insan hüquqlarının qorunması
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer mətbuatla hakimiyyət arasında rəqabətin reallığını prinsipcə qəbul edir. Bununla belə, o, hesab edir ki, rəqabətin də sərhədləri var. 1976-cı ildə ABŞ qəzet redaktorları cəmiyyətinin qurultayında çıxış edən Kissincer KİV-i siyasi qərarların qəbul edilməsinin mürəkkəbləyini başa düşməyə, siyasətçilərin fəaliyyətini işıqlandırarkən neqativizmdən qaçmağa çağırırdı.
Həmin qurultayda Kissincer demişdi: "Mən qeyd etmək istərdim ki, mənim fikrimcə, bizim ölkəmiz çox çətin və ağrılı bir onillik yaşamışdır. Hakimiyyətlə mətbuat arasında münasibətlər hərdən mənə keçmiş döyüşləri təkrar-təkrar uduzan sərkərdələrin biri-birləri ilə daxili münaqişəsini xatırladır. Mən hakimiyyətlə KİV arasında sağlam rəqabətin nə dərəcədə mühüm olduğunu yaxşı anlayıram, lakin biz amerikalılar bir ümumi işin iştirakçılarıyıq. Yaddan çıxarmaq lazım deyil ki, dünyada sülhün və tərəqqinin taleyi son nəticədə Amerikanın uzaqgörənliyindən inadkarlığından asılıdır".
Ə.Həsənovun fikrincə, KİV-lə hakimiyyət arasındaki nisbi rəqabət bütövlükdə sistem üçün faydalı olub cəmiyyəti təhlükəli siyasi alyanslardan qorumağa xidmət edir, cəmiyyəti parçalanma yarada biləcək fikir və ideyalardan qoruyur və sonunda ümummilli fikir birliyi formalaşdırır. Söylədiklərimizə rəğmən, "cəmiyyətin informasiya almaq hüququ vardır" şüarını tətbiq etmiş olsaq, onda deyə bilərik ki, geniş oxucu və dinləyici kütləsinin hakimiyyətin fəaliyyəti barədə ətraflı məlumat almaq hüququ vardır. Bu halda KİV qarşısında duran əsas vəzifə, cəmiyyət qarşısındaki məsuliyyətini dərk etməkdən, vətəndaşların informasiya almaq hüququna hörmətlə yanaşmaqdan, vicdanlılıq, qərəzsizlik və dəqiqlik standartlarına riaəyət etməkdən ibarətdir.
Obyektivlik tərəfsizlik və qərəzsizlik KİV-in başlıca idealıdır. Qərəzsizlik amili jurnalistlərin şüuruna faktların şərhi zamanı obyektivlik prinsipinin qorunması tələbinə uzun illər əməl olunması nəticəsində daxil olub. Bir vaxtlar informasiya sahəsində çalışan rəhbər işçilərin əksəriyyəti obyektivliyi çox dar mənada başa düşürdü: "Məşhur şəxslərin nə dediyi, nə etdiyi haqda, sadəcə olaraq, xalqa dəqiq məlumat vermək lazımdır. Onların hərəkətlərinə heç bir izah verilməməli, davranışlarının motivləri barədə sual qoyulmamalıdır. Bütün bunlar auditoriyanın öz işidir".
Digər tərəfdən isə jurnalistikada obyektivlik tələbini tənqid edənlər bu fikirdədirlər ki, hadisələrin işıqlandırılmasına belə yanaşma tərzi həddən artıq yumşaqlığa, materialların primitivliyinə səbəb olur. Bütün faktlara və baxışlara eyni diqqət yetirilməsi, onlara eyni əhəmiyyət verilməsi nəticəsində hadisələr oxuculara təhrif olunmuş şəkildə çatdırılır. Buna qarşı çıxanlar tamamilə əmindirlər ki, müasir dünyamızın mürəkkəb reallıqları heç də neytral müşahidəçilər tələb etmir. Əksinə, indi cəmiyyətə bilikli və səriştəli, təsvir etdiyi hadisədən və ya faktdan baş çıxaran, onların izahını verə bilən jurnalistlər lazımdır. Amerikalı jurnalist Robert Şirin təbirincə söyləmiş olsaq, mənim üçün başlıca məsələ jurnalistin neytrallığında deyil, onun öz işini nə dərəcədə vicdanlı görməsində, obyektiv olmasındadır.
S.Xəlilov qeyd edir ki, cəmiyyətdə baş verən hadisələrin işıqlandırılmasında qərərsizlik və obyektivlik mövqeyi tutan KİV, həmçinin, heç də həmişə nəzərə çarpmayan aşağıdakı funksiyaları da yerinə yetirməli olur:
- reportyorluq - hakimiyyətin işi haqqında əhaliyə dəqiq və ətraflı informasiya verir;
- nəzarətçirəsmi şəxslərin vəzifəsindən sui-istifadə etməsi hallarını, səhvlərini, səriştəsizliyini üzə çıxarır;
- tənqidçi müxtəlif müəssisələrin və rəsmi şəxslərin fəaliyyətinə müstəqil qiymət verir;
- Kommunikativ cəmiyyəti maraqlandıran məsələlər üzrə müxtəlif rəyləri yayır, diskussiyalar təşkil edir;
- müdafiəçi (ombudsmen funksiyası) vətəndaşların rəylərini hakimiyyətin diqqətinə çatdırmağa kömək edir;
- KİV qamçı vuran rolunda çıxış edir, vətəndaşları ictimai rifahın yüksəldilməsinə xidmət edən bu və ya digər məqsədi həyata keçirməyə sövq edir.
"Qamçı vuran" ifadəsi heç də həm işə birmənalı qarşılanmadığından, bu sözü "ictimai təşkilatçı" və ya "məsul vətəndaş" terminləri ilə əvəz etməyi məsləhət bilirlər. Amma necə adlandırılmasından asılı olmayaraq, məsələnin mahiyyəti dəyişməz qalır: KİV cəmiyyətlə həmrəylik nümayiş etdirir, onun çiçəklənməsinə çalışır, çünki KİV-in özünün gələcəyi cəmiyyətin tərəqqisindən asılıdır.
Cəmiyyətin tərəqqisinə xidmət etməli olan KİV ictimaiyyətlə hakimiyyət arasında problemlərin həllinə rolunu oynamaqla ictimai rəyin formalaşmasında iştirak edir. KİV bu sahədəki fəallığının, hakimiyyət orqanlarına seçkilər zamanı, xüsusi olaraq nümayiş etdirir.
R.Mehdiyev göstərir ki, KİV nümayəndələri seçkilər zamanı hakimiyyətlə daha sıx əməkdaşlıq edir, onların nəticələri barədə əhaliyə mümkün qədər operativ və obyektiv məlumat verməyə çalışırlar. Çox vaxt mass-medianı tələskənlikdə, hələ səsvermə başa çatmamış onun nəticələrini dərc etməkdə günahlandırırlar. Bu tənqid daha çox seçicilər arasında ekspress-sorğular keçirməklə səsvermənin nə ilə bitəcəyini proqnozlaşdırmağı xoşlayan televiziyaya ünvanlanır. Siyasətçilərin bir çoxunun fikrincə, belə proqnozlar seçkinin nəticələrinə təsir göstərir, buna görə də elektorata təzyiq üsulu kimi qiymətləndirmək lazımdır. Məsələn, namizədin əsas rəqibini xeyli qabaqladığını, yaxud ondan qat-qat geri qaldığını eşidən seçici, artıq öz səsindən heç nə asılı olmadığını düşünüb, səsvermə məntəqəsinə getmək fikrindən daşına bilər. Bununla əlaqədar ABŞ-ın bir çox ştatlarında yenicə səs vermiş seçicilərdən seçki məntəqələrinin qarşısında müsahibə götürmək reportyorlara qadağan edilib. Lakin belə müsahibələri jurnalist etikasının pozulması kimi qiymətləndirmək, yəqin ki, düzgün olmazdı. Axı bu yolla jurnalist seçicilərin mövqelərinin necə bölüşdüyünü müəyyən etmək üçün mühüm əhəmiyyət kəsb edən informasiya toplayır. Seçkilərin yekunları elan olunana qədər keçirilən ekspress-sorğuların nəticələrinin televiziya ilə yayımlanmasına qarşı isə xüsusi tədbirlər keçirmək məqsədyönümlü olardı.
Seçkilər dövründə, ictimai rəyin formalaşmasına daha çox təsir göstərən KİV, tətbiq etdikləri informasiya texnologiyalarına görə də məsuliyyət daşımalıdırlar. Rusiya Federasiyasında keçirilmiş son parlament seçkilərinə nəzarət edən Avropa Kütləvi İnformasiya Vasitələri İnstitutunun fikrincə, cari texnologiyaları ən çirkin texnologiyalar olmuşdur. "Təmiz seçkilər" devizinə sadiq qalan Altay vilayəti elektron və yazılı KİV sahibkarları, jurnalistlər, redaktorlar özlərinin Xartiyasını imzalayırlar. Bu Xartiyanın şərtlərinə əsasən KİV nümayəndələri təmiz və vicdanlı seçki kampaniyasının keçirilməsinə söz verir, çirkin, qərəzli seçkiqabağı materialları çap etməməyə qərarlı olduqlarını bəyan edirlər. Jurnalistlər heç bir maddi- mükafatlandırma, pul müqabilində bunu etməməyə söz verirlər. Altaylı KİV nümayəndələri verdikləri vədi yerinə yetirdikləri halda, onların moskvalı, peterburqlu və digər regionlardakı həmkarları bu tələblərin heç birinə riayət etmədilər. Sözsüz ki, müvafiq şəraitdə KİV ictimai tərəqqiyə yox, cəmiyyətdə pozitiv ictimai rəyin formalaşmasına deyil, ayrı-ayrı dövlət məmurlarının maraqlarına xidmət etmişdir. Bu isə bütövlükdə insanların seçki hüquqlarının özünü ifadə hüquqlarının pozulması deməkdir.
Ə.Həsənov yazır: "Cəmiyyətin informasiya almaq hüququnu təmin edən KİV və onun nümayəndələrinin əsas işi əhalini hakimiyyətin işi ilə tanış etməkdən ibarətdir. Peşə vəzifəsini yerinə yetirənən mətbuat işçisi, bir çox tanınmış və nüfuzlu adamlarla görüşür. Elə jurnalist tapmaq olmaz ki, belə adamların diqqətindən və mehriban rəftarından xoş hal olmasın? Hər addımbaşı KİV əməkdaşlarına qarşı belə diqqətin şahidi oluruq. Çox zaman müxbir vəsiqəsinə də ehtiyac qalmır, çünki rəsmi şəxslər mətbuatın təsir gücünü çox yaxşı bilirlər. Məmurlarla dostluq münasibətlərinə girən KİV nümayəndələri heç zaman peşəkarlığını unutmamalıdırlar. Yüksək vəzifəli şəxslərlə və məmurlarla əlaqə yaradan mətbuat işçiləri heç bir zaman unutmamalıdırlar ki, vətəndaşlar onlardan doğru-dürüst informasiyalar gözləyirlər. Münasibətlərini "mehriban düşmən" prinsipi üzərində quran KİV işçiləri məmurlarla əlaqədə olan zaman onlardan daha çox yararlı informasiya toplamağa çalışmalıdırlar. Jurnalistlər məmurları mətbuat üçün nəzərdə tutulmamış məlumatları verməyə "məcbur" etməlidirlər. Məmurlar bu məlumatları müxtəlif səbəblər üzündən verə bilərlər. Bu səbəblər arasından amerikalı tədqiqatçı Stiven Qess aşağıdakıları qeyd edir:
Birincisi, informasiya çatdıran məmurların şöhrətpərəstliyi;
İkincisi, onların müxbirlərlə yaxşı münasibətlər yaratmaq istəyi;
Üçüncüsü, inzibati-bürokratik oyunda üstünlük qazanmaq arzusu; Dördüncüsü, kiminsə işlərini korlamaq cəhdi;
Beşincisi, havaya "sınaq şarları" buraxmaqla, ictimai rəyin hər hansı məsələyə reaksiyasını aydınlaşdırmaq məqsədi;
Altıncısı, səhv, yaxud ziyanlı siyasətin dəyişilməsinə nail olmaq.
Hakimiyyət məmurları və KİV işçilərinin münasibətləri əksər hallarda "mehriban düşmən" prinsipindən uzaqlaşıb, gizli düşmənçiliyə və açıq müharibəyə də çevrilə bilər. Bu halda əsas zərərçəkən tərəf kimi ictimaiyyət çıxış edir. Siyasətçi əhalidə hökumətə qarşı müsbət münasibət formalaşdırmağa çalışmalıdır. Jurnalistin vəzifəsi isə hökumətin işi haqqında dəqiq və obyektiv informasiya verməkdir. Bəzən bu məqsədlər o dərəcədə kəskin ziddiyyətə girirlər ki, siyasətçi mikrofona cumub jurnalisti "köpək oğlu" adlandırır. Beləliklə, jurnalistlərlə hakimiyyət nümayəndələri arasında daim gərgin "döyüşlər" gedir. Bu döyüşlərin sonu isə bir qayda olaraq heç-heçə ilə nəticələnir.
Söz və informasiya azadlığının gerçəkləşdirilməsində əlahiddə rol oynayan KİV cəmiyyət qarşısında vəzifələrini dərk etməklə, toplum üzvlərinin problem və çətinliklərinin işıqlandırılmasında mühüm rol oynadığını anlamalıdır. Məhz bu məsuliyyətdən çıxış edərək, rus jurnalisti İvan Zasurski özünün mətbuatın məsuliyyətinin 4 nəzəriyyəsi kitabında yazır: "Öz təbiətinə görə insan sonsuz azadlıqdan ağılla istifadə etmək qabiliyyətinə malik deyildir. Elə məhz buna görə də bəziləri söz azadlığı hüququ, digərləri isə azadlıqdan qorunmaq, müdafiə olunmaq hüququ əldə edirlər. Bunun nəticəsində etik normalar və kodekslər yaranır... KİV qarşısında duran əsas vəzifə mövcud hüquqi qaydaları pozmadan etik normalara riayət etməklə, insanların söz azadlığını təmin etməkdir". Bu azadlığın təmin edilməsində KİV yalan, iftira, böhtan kimi nadürüst metodlardan və qeyri-etik formalardan istifadə etməməlidir.
İnsan hüquqları üzrə Avropa Məhkəməsinin fikrincə, "mətbuat azadlığı, cəmiyyətə siyasi liderlərin davranışları və ideyaları haqqında fikir formalaşdırmaq üçün ən əlverişli və faydalı şərait yaradır. Siyasi debatlar azadlığı, demokratik cəmiyyət konsepsiyasının əsasını təşkil edir. "Siyasətçilər amansız tənqidə qarşı səbirli olmalıdırlar. Mümkün tənqidin çərçivəsi o halda geniş olur ki, onun obyektiv özəl - şəxs deyil, siyasətçi olur".
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2015.- 17 aprel.- S15.