Azərbaycanın davamlı
inkişafını təmin edən düşünülmüş
siyasət məhz Heydər Əliyev ideyalarına əsaslanır
Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov
- Bəxtiyar müəllim, Azərbaycanda təxminən bir ay sonra birinci Avropa Oyunları, iki il sonra isə İslam Həmrəylik Oyunları keçiriləcək. Sizcə, bu cür beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək Azərbaycana əlavə hansı dividentlər verəcək?
- Dövlət müstəqilliyini bərpa etdiyi ötən 24 il ərzində Azərbaycan çox sürətlə inkişaf edib. Bu gün ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev cəmiyyətimizin inkişafına, insanların sağlamlığına xidmət edən hər bir məsələni daim diqqət mərkəzində saxlayır. Bunun biri də idmanın inkişafıdır. Çünki idman həm yeni nəslin sağlam böyüməsi, həm də gənclərin pis vərdişlərdən uzaq olması deməkdir. Eyni zamanda, idman dövlətin imicidir. Tarix göstərir ki, o dövlətin ki imkanı və iqtisadi gücü var, o dövlət ki vətəndaşına qayğı göstərir, həmin ölkələrdə idman inkişaf edir. Fərəhlə qeyd etməliyik ki, Azərbaycanı sürətli inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan idmanı neçə-neçə onilliklərə bərabər inkişaf yolu keçib.
Bununla yanaşı qeyd etməliyik ki, cənab İlham Əliyev hələ ölkəmizə prezident seçilməzdən əvvəl Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişafı üçün müasir dövrdə mövcud olan imkanlardan səmərəli istifadə nümunəsini ortaya qoyub. Azərbaycan idmançılarının ötən əsrin 90-cı illərinin əvvəllərində - Azərbaycanın dövlət müstəqilliyi qazandığı ilk dövrlərdə beynəlxalq yarışlarda, Avropa və dünya birinciliklərində iştirak edə bilmədiklərini yaxşı xatırlayırıq. Çünki dövlətin vəsaiti olmurdu ki, komandanı, məşqçini və idmançını yarışlarda iştirak etmək üçün göndərsin, onların orada yaşayışın təmin edəcək qədər vəsait ayırsın. Amma bu gün Azərbaycan idmançıları ilboyu dünya və Avropa çempionatlarında, müxtəlif beynəlxalq yarışlarda, komanda birinciliklərində, turnirlərdə iştirak edir və daim qələbə qazanırlar. Biz fəxr edirik ki, bu gün Azərbaycan idmançıları nəinki dünyanın hər yerində keçirilən idman yarışlarında iştirak edərək bayrağımızı qaldırır, himnimizi səsləndirir, üstəlik, Azərbaycan beynəlxalq yarışların və turnirlərin keçirildiyi bir məkana çevrilib. Çünki bunun üçün həm kifayət qədər güclü maddi-texniki baza – stadionlar, idman kompleksləri və digər idman qurğuları var, həm də Azərbaycan hər bir yarışı yüksək səviyyədə təşkil etməyi bacarır.
Qısa müddət ərzində Azərbaycan idman sahəsində elə bir uğurlar qazandı və özünü elə təsdiq etdi ki, birinci Avropa Oyunlarının keçirilməsi ölkəmizə etibar olundu. Bu, Azərbaycana göstərilən böyük etimaddır! Bu, eyni zamanda, bir idman dövləti kimi Azərbaycanın imicinin Avropa tərəfindən təsdiqidir. Bax, bir vətəndaş kimi, mən bütün bunlardan qürur duyuram! Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədrinin müavini Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Komitə öz işini peşəkarlıqla quraraq ötən iki il ərzində hazırlıq işlərini yüksək keyfiyyətlə həyata keçirib. Əsas hazırlıq işləri başa çatıb. Artıq Mehriban Əliyeva müxtəlif dövlətlərdə birinci Avropa Oyunlarının təqdimatını keçirir.
İnsanda elə təsəvvür yaranır ki, sanki biz ilk dəfə deyil, neçənci dəfədir ki, bu cür möhtəşəm idman yarışmasına ev sahibliyi edirik. Yəni, Azərbaycanın hər məsələyə böyük məsuliyyətlə, diqqətlə, peşəkarcasına yanaşması, dünya təcrübəsindən istifadə etməsi, eyni zamanda hər dəfə özündən nəyi isə əlavə etməsi bu tədbirlərin uğurunu təmin edir. Hələ 3 il əvvəl “Eurovision” mahnı müsabiqəsi də bunu təsdiq etdi. İnanıram ki, I Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək. Azərbaycan idmançıları bu Oyunlarda yüksək peşəkarlıq nümunəsi göstərəcək, çoxsaylı medallar qazanacaq. Ən əsası, Azərbaycan Avropa Oyunlarına öz möhürünü vuracaq, bu idman yarışmasının standartlarını müəyyənləşdirəcək. Bütün dünya və Avropa həm Azərbaycan idmanının inkişafını, peşəkarlığını, həm dövlətimizin məsuliyyətini, yüksək səviyyəli idman tədbiri təşkil etmək bacarığını, eyni zamanda xalqımızın qonaqpərvərliyini, tolerantlığını bir daha görüb, şahidi olacaq.
- Azərbaycanda keçiriləcək istənilən beynəlxalq tədbir ərəfəsində antiazərbaycançı şəbəkə də fəallaşır. Bu dəfə də istisna olmadı...
- Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən dövr gənc dövlətin qəddini düzəltməsi, özünü təsdiq etməsi üçün qısa müddətdir. Amma Azərbaycan bu müddətdə çox böyük uğurlara imza atdı. 155 dövlətin dəstəyi ilə biz BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. İqtisadiyyatda keçid dövrünü başa çatdırmışıq, üstəlik, bu gün bütün dünyanın böyük maraqla qarşıladığı və öyrəndiyi “İnkişafın Azərbaycan modeli”ni yaratmışıq. Yuxarıda qeyd edildiyi kimi, “Eurovision” mahnı müsabiqəsində qalib gələrək Bakıda onun keçirilməsini yüksək səviyyədə təşkil etmişik. İdman sahəsində son Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıblar. Bu gün Azərbaycanın iki peyki orbitdədir. Ötən 10 ildə yeni beynəlxalq transmilli layihələri reallaşdırmışıq. Hələ neçə qlobal miqyaslı layihə də həyata keçirilir.
Lakin müəyyən dövlətlər var ki, onlar Azərbaycan kimi ölkələrin inkişafını, onlarla eyni sırada dayanmasını, onlara qoşulmasını asanlıqla qəbul etmək istəmirlər. Bunu Avropa İttifaqının üzvü olan, eləcə də “Böyük yeddiliyə” daxil olan bəzi ölkələr barədə demək olar. Amma Azərbaycan Prezidenti İlham Əliyev o qədər məharətlə, diplomatik peşəkarlıqla və ustalıqla düşünülmüş siyasət yürüdür ki, Azərbaycan dünyaya uğurla inteqrasiya olunur, beynəlxalq birlikdə öz yerini möhkəmləndirir. Əlbəttə, dünyanın əksər dövlətləri, liderləri Azərbaycanın uğurlarını qəbul edir, onun Prezidentinin müdrikliyini, uzaqgörənliyini, Avropaya və dünyaya töhfəsini yüksək dəyərləndirir. Bütün bunları müşahidə etmək bizim üçün də çox xoş və qürurvericidir.
Lakin Azərbaycanın bu uğurlarına qısqanclıqla yanaşan dövlətlər, qüvvələr
də var, ölkəmizin
inkişafını istəməyən antiazərbaycançı
şəbəkə mövcuddur. Nailiyyətlərimizə
həmişə kölgə salmaq istəyən,
erməni lobbisi tərəfindən maliyyələşdirilən
beynəlxalq qurumlar, təşkilatlar var. Bunlar daim
çalışırlar ki, Azərbaycanın
uğurlarına qara yaxsınlar. Hər dəfə
beynəlxalq tədbirlər ərəfəsində həmin təşkilatlar
“fəallıqlarını” artırırlar. “Amnesty İnternational”, “Freedom House”,
“Human Rights Watch” kimi təşkilatlar uzun illərdir ki, Azərbaycan
haqqında ancaq mənfi rəylər söyləyirlər. Məhz ermənilərin və bütövlükdə
antiazərbaycançı şəbəkənin
maraqlarına xidmət etdiklərindən onlar Azərbaycanın
qazandığı saysız-hesabsız qələbələrə,
reallaşdırdığımız transmilli layihələrə,
sürətli inkişafına, peykini orbitə göndərməsinə
qısqanclıqla yanaşırlar. Bir
vaxtlar həsəd aparırdıq ki, “əcnəbi göydə
balonlarla gəzir, biz hələ avtolara minməyiriz”. Lakin biz indi iki peyki olan dövlətik. Bütün bunları görməzliyə vuran həmin
təşkilatlar hər dəfə beynəlxalq tədbirlər
və ölkəmizin beynəlxalq uğuru ərəfəsində
çeynənmiş, köhnəlmiş hesabatlarını
yenidən dövriyyəyə buraxır, heç bir fakta
söykənmədən, hakimiyyət orqanları ilə əməkdaşlıq
etmədən Azərbaycanda insan haqlarının
tapdalandığını iddia edirlər.
Bəli, Azərbaycanda elə vətəndaşlar var ki,
onların hüquqları bütün dünyanın
gözü qarşısında kobud şəkildə tapdalanıb. Onlar sayı
bir milyondan artıq olan azərbaycanlı qaçqın və
məcburi köçkünlərdir. Tarixi
Azərbaycan torpaqlarında yaradılan Ermənistanın yerli
azərbaycanlı əhaliyə qarşı
soyqırımı, deportasiya siyasəti və
torpaqlarımıza hərbi təcavüzü nəticəsində
bütün yaş qrupundan olan bu insanların doğma yurdda
yaşamaq hüququ əllərindən alınıb. Bu insanların mülkiyyət hüququ pozulub.
Bəli, Azərbaycanda hüququ pozulan jurnalistlər var: məcburi
köçkün jurnalistlər var ki, yurd-yuvalarından didərgin
düşüblər və indiyə qədər onlar sevimli
peşələri ilə məşğul ola
bilmirlər. Niyə həmin o qurumlar bir dəfə
də olsun bu məsələni qaldırmayıblar? Niyə onlar BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsinin yerinə yetirilməsini
tələb etmirlər? Niyə Azərbaycanda
bir milyondan çox insanın pozulmuş hüquqlarının
bərpasından söz açmırlar? Həmin
jurnalistlər ki var, onlar məcburi köçkün
olduqlarından vaxt var idi çadır düşərgələrində
yaşayırdılar. Orada qəzet
çıxır? Orada yerli radio verilişləri və
ya mətbəə var?! Niyə həmin təşkilatların
təmsilçiləri bunları dillərinə gətirmirlər?!
Gətirmək də istəmirlər!
Lakin Azərbaycan öz yolu ilə inamla addımlayır. Qaçqın
və məcburi köçkünlər üçün 80-dən
artıq müasir tipli qəsəbə və şəhərcik
salınıb. Çadır düşərgələri
isə cənab Prezidentin uğurlu fəaliyyəti sayəsində
qısa müddətdə ləğv olunub. Azərbaycanda söz azadlığa da var, mətbuat
azadlığı da. Ölkə əhalisinin
75 faizi internetdən istifadə edir. İnternet
olan yerdə isə mətbuat və söz
azadlığının boğulmasından danışmaq mənasızdır.
Azərbaycanda çoxsaylı çap və
elektron informasiya vasitələri fəaliyyət göstərir.
İnformasiyanın əldə edilməsi və
yayılmasında heç bir maneə yoxdur. İndi
hüquqi prosedur baxımından qəzet təsis etməkdən
asan iş yoxdur! Amma onlar bunu görmək istəmirlər! Hər dəfə çalışırlar ki, nədənsə
“problem” düzəltsinlər. Amma bu
mümkün olmadığı üçün qərəzli
olduqları aydın görünür. Və
heç vaxt onların obyektiv hesabatlarını görməmişik.
Həmişə qərəzli olublar və həmişə də
bilərəkdən faktları təhrif ediblər! Ona görə də birinci Avropa Oyunları ərəfəsində
belə qurumların fəallığının
artmasını təəccüblü hesab etmirik.
“Eurovision” müsabiqəsində bunlar necə haray-həşir
qopardılar, hansı “oyunlar”dan çıxdılar və nəticəsi
nə oldusa, indi də həmin nəticə olacaq!
Azərbaycan
xalqının gözəl bir misalı var
və karvan də öz yolu ilə gedəcək. Biz birinci Avropa Oyunlarını ən yüksək səviyyədə
keçirəcəyik, antiazərbaycançı şəbəkənin
çığır-bağırı da özünə
qalacaq.
- Bu ərəfədə
həm də dünya erməniliyi qondarma “soyqırımı”nın yüz illiyini qeyd etməyə
hazırlaşır. Saxta “soyqırımı”nın
beynəlxalq ifşası, azərbaycanlıların
soyqırımı və bütövlükdə əsl həqiqətlərin
dünyaya çatdırılması üçün
müasir dövrdə üzərimizə hansı vəzifələr
düşür?
- Ermənistan
və bütövlükdə dünya erməniliyi qondarma erməni
soyqırımının yüz illiyinə çoxdan
hazırlaşır. Onlar belə hesab edirlər ki, erməni
diasporunun, erməniləri müdafiə edən müxtəlif
qurum və təşkilatların, erməni milyonçu və
milyarderlərinin vəsaiti hesabına tarixdə olmayan bu hadisəni,
özlərinin “zavallı” və “məzlum” millət
olduqlarını yenidən təsdiq etdirə biləcəklər.
Amma bu, boş və mənasız cəhdlərdir! Əvvəla, həmişə ermənilərə
söz verilir ki, 1915-ci ildə baş verən hadisələrə
bu dəfə deyəcəyik ki, “soyqırımı”dır.
Amma heç vaxt demirlər! Müxtəlif liderlər
söz verməyə, ermənilər də aldanmağa
alışıblar. Yenə də elə olacaq!
Avropa Parlamentinin son qətnaməsi də bu qurumun əslində
antitürk, antiazərbaycançı qüvvələrin əlində
oyuncaq olduğunu bir daha göstərdi. Tarixi faktlara əhəmiyyət
vermədən saxta və böhtançı arqumentləri əsas
götürən bu qurum təəssüf ki, növbəti məkrli
fəaliyyətə imza atdı. Azərbaycan
ictimaiyyəti birmənalı şəkildə bu siyasi
avantüranı pisləyir və Avropa Parlamentini ikili
standartlardan çəkinməyə çağırır.
Türkiyənin rəhbərləri və bu gün də
Prezident R.T.Ərdoğan bəyan edir ki, arxivlərimizi
açaq, birgə komissiya yaradaq və bu məsələyə
birdəfəlik son qoyaq. Amma ermənilər bilirlər ki, o arxivlərdə
əsl həqiqət var. Ona görə ermənilər
heç vaxt arxivlərə yaxın getməyəcəklər.
Onlar hesab edirlər ki, “soyqırımı”
Türkiyə ərazisində törədilib və
bütün sənədlər də oradadır,
araşdırma da orada aparılmalıdır. Amma sənədlərin ermənilərin xeyrinə
olmadığını da çox dəqiq bilirlər. Öz arxivlərində isə istədikləri qədər
saxtakarlıq ediblər. Amma bilirlər ki, tək öz
arxivləri ilə iş bitməyəcək. Çünki
Türkiyə arxivlərində olan tarixi sənədlər də
ortaya çıxarılıb tutuşdurulacaq. O zaman nə
qədər şivən qoparsalar da, nə qədər
çalışsalar da, yalanları bütün dünyada
ifşa olunacaq.
Tarixi bilməyən, ermənilərin təsiri
altında olan, bəzən ermənilərin maliyyə təsirlərindən
bəhrələnən kimlərsə öz
çıxışlarında “soyqırımı” ifadəsi
işlədə bilər. Amma belələrinin dediyi tarixi həqiqət
deyil və ola da bilməz! Azərbaycan xalqı
və dövləti də ermənilərin saxta
soyqırımının təsdiqi ilə bağlı
keçirdikləri tədbirlərin ifşasına əvvəldən
hazırlaşır, müxtəlif tədbirlər
görülür. Ən əsası, dövlət
başçısı cənab İlham Əliyev bir neçə
il bundan öncə Azərbaycan
diplomatları və jurnalistləri qarşısında
hücum taktikası konsepsiyasını qoydu. O cümlədən,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın təşəbbüsü və rəhbərliyi
ilə həyata keçirilən “Xocalıya ədalət!”
kampaniyası ildən-ilə genişlənir, ona
qoşulanların sayı artır. Artıq bir
neçə ölkənin parlamentində və ABŞ-ın
bəzi ştatlarında Xocalıda soyqırımı törədildiyini
təsdiq edən sənədlər qəbul olunub. Xocalı soyqırımını təsdiq etmək
üçün əlimizdə kifayət qədər
videoçəkilişlər, fotosənədlər var. Ən
əsası, hadisənin canlı şahidləri var. Ona
görə də bu hadisə daha tez sübut olunandır və
olunur, nəinki saxta erməni “soyqırımı”.
Türkiyə-Azərbaycan birgə əməkdaşlığı
isə son illər ermənilərin məkrli niyyətlərinə
qarşı çox təsirli bir mübarizədir. Ona görə
ermənilər Türkiyə-Azərbaycan dostluğuna, əməkdaşlığına
kölgə salmaq üçün müxtəlif cəhdlər
göstərir. Xüsusən sərhədlərin
açılması ilə bağlı məsələlərin
ortaya atılması əslində həmin o antiazərbaycançı
şəbəkənin riyakar planıdır.
Rəsmi
dövlət qəzeti olaraq “Azərbaycan” qəzeti də daim
ermənilərin saxta soyqırımı iddialarının
ifşası istiqamətində materiallar dərc edir. Azərbaycanlı
və türkiyəli alimlərin xarici dövlətlərin
arxivlərindən çıxardıqları materiallar, onlara
istinad edən faktlar əsasında yazılmış məqalələr
ilk dəfə olaraq qəzetimizdə dərc olunur. Bu ilin əvvəlindən “Tarix olduğu kimi”
rubrikası altında yeni layihəyə
başlamışıq. Bu layihə
çərçivəsində qəzetimizin səhifələrində
indiyədək əsl həqiqətin necə olduğunu tarixi
faktlar əsasında göstərən onlarla yazı dərc
olunub. Aprelin 24-də Çanaqqala zəfərinin
qeyd ediləcəyi günə qədər layihəmiz davam edəcək,
yenə də müxtəlif arxivlərdə aşkara
çıxarılan faktların olduğu məqalələr
işıq üzü görəcək.
Ümumiyyətlə, dünya erməniliyinə
qarşı mübarizədə biz Türkiyə xalqı ilə,
türk ziyalıları ilə bir yerdə olmalıyıq. İndiyədək
bu istiqamətdə apardığımız işlərin də
təsiri get-gedə artır və təsadüfi deyil ki,
aprelin 24-də Ermənistanda keçiriləcək qondarma matəm
tədbirində sanballı dövlət
başçılarının iştirak edəcəyi də
görünmür. Çünki
ağıllı dövlət rəhbərləri, tarixdən,
dünyada gedən proseslərdən baş çıxaran
liderlərin hamısı bilir ki, tarixdə belə bir şey
olmayıb. Ona görə də o qondarma tədbirə
qatılmaqla özlərinin nüfuzlarını
aşağı sala bilərlər.
- Son
aylarda neftin qiymətinin düşməsi bir çox ölkələrdə
sosial-iqtisadi çətinliklərə yol açdı. Lakin Nazirlər Kabinetinin son iclasında cənab
Prezidentin qeyd etdiyi kimi, neftin ucuzlaşması Azərbaycanın
dinamik inkişafına təsir etməyib. Sizcə,
ölkəmizdəki inkişafın davamlığını
təmin edən amillər nədən ibarətdir?
- Neft Azərbaycan xalqının milli sərvətidir. 1992-ci ildə
dövlət büdcəsini təsdiq etmədən fəaliyyət
göstərən o dövrkü iqtidar xarici şirkətlərlə
milli maraqlarla uzlaşmayan neft müqaviləsi imzalamaq istəyirdi.
Lakin xalqın arzu və tələbi ilə ulu
öndər Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıtması bunun qarşısını aldı. Ulu öndər öz siyasi uzaqgörənliyi sayəsində
neft amilindən məharətlə istifadə edərək
qısa müddətdə Azərbaycan iqtisadiyyatını
dirçəltmək üçün müdrik addımlar
atdı. Tezliklə xalqın və dövlətin milli
maraqlarını rəhbər tutan və “Əsrin müqaviləsi”
adı alan yeni neft müqaviləsi
hazırlanaraq imzalandı. Bu, o zaman gənc Azərbaycan
dövlətinin möhtəşəm uğuru idi. Qısa müddətdə ilkin neft dünya
bazarlarına ənənəvi olmayan kəmərlər vasitəsilə
çıxarıldı. Həmin dövrdə
Azərbaycanda iqtisadi geriləmənin qarşısının
almaq, eyni zamanda Azərbaycanın dünyaya
inteqrasiyasını təmin etmək üçün neftdən
məharətlə istifadə etmək çox vacib idi və
Azərbaycan iqtidarı buna nail oldu.
Prezident
İlham Əliyev “Əsrin müqaviləsi”nin
hazırlanmasında və imzalanmasında çox fəal
iştirak edən insanlardan biri olub. Azərbaycan Prezidenti
seçildiyi ilk günlərdən “Neft məqsəd deyil,
vasitədir”, “Azərbaycan xalqı xoşbəxt
yaşamağa layiqdir və yaşayacaqdır” tezisini irəli
sürən Prezident İlham Əliyev neftdən istifadə ilə
yanaşı, qeyri-neft sektorunun inkişafı ilə
bağlı ardıcıl, məqsədyönlü,
uzaqgörən tədbirlər həyata keçirməyə
başladı.
Bu gün çoxları etiraf edir ki, heç bir siyasətçi
də, iqtisadçı da neftin qiymətinin birdən-birə
bu qədər kəskin şəkildə aşağı
düşəcəyini və bunun uzun müddət davam edəcəyini
gözləmirdi. Lakin bu oldu və nə vaxta qədər
davam edəcəyini söyləmək mümkün deyil.
Amma görülmüş qabaqlayıcı tədbirlər
nəticəsində Azərbaycan dövləti neftin qiymətinin
düşməsindən sonra yarana biləcək çətinliyə
hazır idi. Belə bir məqamda həm
bizim valyuta ehtiyatlarımızın olması, həm də
qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatına mənfi
təsirlərin qarşısını aldı.
Nazirlər
Kabinetinin aprelin 10-da keçirilmiş iclasında cənab
Prezident bu məsələlərlə bağlı geniş
açıqlamalar verdi, maraqlı fikirlər
irəli sürdü və həqiqi vəziyyətin mənzərəsini
yaratdı. Azərbaycan dövləti bu
böhranın təsirini zəiflətmək
üçün əvvəldən çox mühüm
addımlar atıb. Bunların biri, qeyd
etdiyim kimi, qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektorunun inkişafı neftdən gələn
gəlirlərlə müasir infrastrukturun yaradılması nəticəsində
ötən 10 ildə daha da vüsət alıb. Bu mənada əminliklə deyə bilərik ki, indiyə
qədər Azərbaycanda xüsusilə iki mühüm məsələ
öz uğurlu həllini tapıb. Bunlar
müasir yol-nəqliyyat və enerji infrastrukturunun
yaradılmasıdır. Yol infrastrukturu və
fasiləsiz elektrik enerjisi ilə təminat olmadan qeyri-neft
sektorunun ayrı-ayrı sahələrini inkişaf etdirmək
qeyri-mümkündür. Qeyri-neft sektorunun
inkişafında əsas amillərdən biri də azad
sahibkarlıq mühitinin formalaşdırılmasıdır.
Ötən illərdə sahibkarlığın
inkişafı istiqamətində çox mühüm məsələlər
həllini tapıb. Bu gün sahibkarlığın
inkişafına dövlət tərəfindən böyük
dəstək verilir. Dövlət başçısı
il ərzində mütəmadi olaraq Azərbaycanın
regionlarına gedir, sahibkarlarla görüşür, onları
dinləyir, ortaya çıxan problemlərin həlli
üçün müvafiq addımlar atır. Digər
tərəfdən, Sahibkarlığa Kömək Milli Fondu
vasitəsi ilə dövlət tərəfindən sahibkarlara
güzəştli kreditlər ayrılır. Həmin kreditlər qaytarıldıqdan sonra yenidən
sahibkarların istifadəsinə verilir.
Ötən illərdə Azərbaycanın ərzaq təhlükəsizliyinin
təmin olunması sahəsində əsaslı işlər
görülüb. Bu il isə ölkədə “Kənd təsərrüfatı
ili” elan olunub və
bu dövrdə görüləcək işlər
uğurların davamlı olacağından xəbər verir. Necə ki biz indiyə kimi yanacaq və nəqliyyat təhlükəsizliyimizi
təmin etmişik, ərzaq təhlükəsizliyimizi də
mükəmməl bir formada təmin edirik. Bu sahədə ən mühüm məsələlərdən
biri də kənd təsərrüfatının suvarma suyu ilə
təminatıdır. Son illər 2,5
milyard manat vəsait xərclənərək Taxtakörpü
və Şəmkirçay su anbarları yaradılıb. Bu da on minlərlə hektar yeni torpaqların əkin
dövriyyəsinə qatılmasına, minlərlə hektar
torpaq sahəsinin suvarılmasının
yaxşılaşdırılmasına yol açıb. Həmçinin bu anbarlar üzərində su
elektrik stansiyaları qurulur.
Artıq neçə illərdir ki, dövlət tərəfindən
kəndli-fermer təsərrüfatlarına hər sahədə
kömək göstərilir. Məsələn,
mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması üçün vəsait
ayrılır, xaricdən cins mal-qara gətirilir, süni
mayalanma işi təşkil olunur. Əkinçilikdə
yüksək məhsul götürmək üçün
keyfiyyətli və məhsuldar toxumun olması çox vacibdir.
Bu yaxınlarda cənab İlham Əliyev
Dövlət Toxum Fondunun yaradılması ilə bağlı
sərəncam imzaladı. Bu da onu göstərir
ki, dövlət artıq toxumçuluq sahəsində fermerlərə,
sahibkarlara yaxından kömək etməyi öz üzərinə
götürüb. Fermerlərə kömək
üçün “Aqrolizinq” xidməti yaradılıb. Çünki fermer təsərrüfatlarının
heç də hamısının texnika almaq imkanı yoxdur.
“Aqrolizinq”dən isə əlverişli qiymətə
texnikanı icarəyə götürmək
mümkündür. Fermer təsərrüfatlarına
güzəştli qiymətlərlə gübrələr,
yanacaq və sürtkü yağları satılır,
subsidiyalar verilir. Regionlarda soyuducular,
anbarlar yaradılıb ki, bu da fermerlərə istehsal etdiyi məhsulu
uzun müddətə saxlamağa, müəyyən vaxt
keçdikdən sonra onu daha əlverişli qiymətə
satmağa imkan verir.
Nazirlər
Kabinetinin son iclasında dövlət başçısı
çox vacib olan bir məsələyə yenidən diqqət
çəkdi. Bu da bazar məsələsidir.
Bazar iqtisadiyyatı şəraitində ən
mühüm məsələ istehsal olunmuş məhsulun
reallaşdırılmasıdır. Ölkə
daxilində bununla bağlı artıq “yaşıl market”lər
şəbəkəsi yaradılır, müxtəlif tədbirlər
görülür. Eyni zamanda, Prezident
İlham Əliyev xarici bazarlara çıxış vəzifəsini
qoyub. Rusiya bazarlarına məhsulumuzun rahat
getməsi, itkisiz çatması üçün müxtəlif
tədbirlər görülür, hətta dövlət səviyyəsində
addımlar atılır. Qazaxıstanın
Aktau şəhərində yeni lagistik baza yaradılır.
Orada iştirakımızla bağlı
danışıqlar gedir və uğurla başa
çatacağına əminik. Bütün
bunlar dövlətimizin qeyri-neft sektorunun, kənd təsərrüfatının
inkişafına olan dəstəyidir. Yəni, dövlət
bu sahənin inkişafı üçün vəsait
ayırır, iş adamlarına yollar göstərir,
istehsalın artımına xidmət edən konkret addımlar
atır. Bütün bunların hamısı
öz real və yüksək nəticəsini verəcək.
Hesab edirəm ki, 2015-ci il qeyri-neft sektorunun
inkişafında yüksək nəticələr
qazanılacaq bir dövr olacaq.
- May
ayında xalqımızın dahi oğlu, ulu öndər Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümü ölkəmizin
hər yerində, həmişə olduğu kimi, böyük
sevgi ilə qeyd ediləcək. Bugünkü
uğurlarımıza Heydər Əliyev ideyalarının
gerçəkləşməsi nə qədər təsir
göstərir?
- Azərbaycan
xalqı hər il may ayının 10-da ulu
öndər Heydər Əliyevin ad gününü
böyük sevinc hissi ilə qeyd edirlər. Bu,
Heydər Əliyev siyasi kursunun həmişəyaşarlılığının
və Azərbaycan xalqına verdiyi böyük faydaların
minnətdarlıqla anıldığı bir tarixdir. Bəli, ulu öndər Heydər Əliyev müasir
və müstəqil Azərbaycan dövlətinin banisidir.
Ulu öndər yenidən hakimiyyətə qayıtmasaydı,
Azərbaycana uzanan caynaqları, məkrli niyyətləri zərərsizləşdirməsəydi,
iqtisadi böhrandan tezliklə yaxa qurtarmaq üçün
müdrik addımlar atmasaydı, Azərbaycanın dünyaya
inteqrasiyasını təmin edən tədbirlər görməsəydi,
eyni zamanda dünyanın aparıcı dövlətlərinin
maraqlarını Azərbaycanda cəmləyə bilməsəydi,
şübhəsiz ki, bugünkü uğurlarımızdan
danışa bilməzdik. Ötən əsrin
90-cı illərinin əvvəllərində Azərbaycanın
müstəqilliyi çox böyük təhlükə və
təhdid qarşısında qalmışdı. Hətta biz onu real şəkildə itirə bilərdik.
Məhz Heydər Əliyevin sayəsində biz
müstəqil olmağı bacardıq, dünya birliyinin
tamhüquqlu üzvünə çevrildik.
“Azərbaycan” qəzetində artıq neçə illərdir
ki, “Azərbaycanın özü qədər əbədi”
rubrikası açılıb. Respublikamızın
tanınmış ziyalıları, ulu öndərin
silahdaşları, YAP-ın yaradıcıları və fəalları,
hətta müstəqil siyasi baxışlı insanlar bu
rubrikada böyük məmnuniyyətlə
çıxış edir, yazıları ilə Heydər
Əliyevin əziz xatirəsini anır, onun gördüyü
işləri bir daha xatırladıb diqqətə çəkirlər.
Bundan başqa, “Azərbaycan” qəzetində “Heydər
Əliyev mənim həyatımda” adlı daimi rubrika fəaliyyət
göstərir. Ulu öndərin fəaliyyəti boyu
çoxlu sayda ziyalılar, sadə əmək insanları, kənd
təsərrüfatı işçiləri, mədəniyyət
və incəsənət xadimləri, idmançılar onunla
görüşmək, xeyir-duasını almaq imkanı əldə
ediblər. Bu məqamlar onların həyatında
unudulmaz an kimi xoş xatirəyə
çevrilib. İnsanlar bunu yaddan
çıxarmırlar və qəzetimizə müraciət edərək
“Heydər Əliyev mənim həyatımda” rubrikasında minnətdarlıq
hissi ilə yada salırlar. Bütün
bunlar Heydər Əliyevin ideyalarının bu gün də Azərbaycan
xalqına böyük fayda gətirməsinin, insanların onu
daim minnətdarlıq hissi ilə anmasının
sübutlarıdır. Nə qədər ki Azərbaycan
var, Heydər Əliyevin xatirəsi də əziz tutulacaq, onun
gördüyü işlər böyük minnətdarlıq
hissi ilə anılacaq!
Ulu öndər Heydər Əliyevin ən böyük
xidmətlərindən biri də onun özünün layiqli
siyasi varisini yetişdirməsi oldu. Azərbaycan xalqı
özünün müdrik Prezidenti ilə fəxr edir, ona
güvənir və inanır! Biz əminik ki, Prezident İlham
Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə
Azərbaycanın yeganə problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi
bütövlüyü çərçivəsində
uğurlu həllini tapacaq. Bu əminliyi bizdə
yaradan cənab Prezidentin indiyə qədər dünya
miqyasında həyata keçirdiyi uğurlu siyasi-diplomatik fəaliyyətdir.
Bu əminliyi bizdə yaradan Azərbaycanın
güclü və modern ordusudur. Ali Baş
Komandanımız daim bu sahədə inkişafa, yeni və
müasir silahların alınmasına böyük diqqət
yetirir.
Forpost vəziyyətində olan Ermənistan isə
çox acınacaqlı durumdadır. Görün,
iş nə yerə çatıb ki, erməni əsgəri
işğal etdikləri torpağı müdafiə etmək
istəmir. Bilir ki, bu torpaq onun deyil və ağ
bayraq götürüb Azərbaycan tərəfinə
keçir, digərlərini də bu addımı atmağa
çağırır! Bu gün Azərbaycan tərəfinə
keçib təxribat törətmək istəyən erməni
kəşfiyyatçısı tutulur və o da məhkəmədə
Azərbaycan gerçəkliyini etiraf edir. Özününkülərə
üzünü tutaraq deyir ki, “nə vaxta qədər
başqalarının torpaqlarını işğal altında
saxlayacaqsınız?” Artıq təkcə
dünyanın ağıllı insanları yox, ermənilərin
özlərinin sırasında reallığı görənlər
də bu mənasız problemin onların xeyrinə
olmadığını dərk etməkdədirlər. Bütün bunlar Azərbaycan diplomatiyasının
münaqişənin həlli istiqamətində
apardığı mübarizənin məntiqi yekunu, Ali Baş
Komandanının, Prezidentinin atdığı çox
müdrik addımların, uzaqgörən siyasətin nəticəsidir.
Ölkəmizin müstəqillik tarixində baş verən
proseslərə nəzər saldıqda bir daha aydın olur ki,
Azərbaycanın tərəqqisinin, qüdrətlənməsinin
və dövlətçiliyimizin əbədiliyinin yolu məhz
hər sahədə Heydər Əliyev kursunun davam etdirilməsindən,
ulu öndərin ideyalarının gerçəkləşdirilməsindən
keçir.
2004-cü
ildə bu zərurətdən yaranan Heydər Əliyev Fondu da
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ulu
öndərin ideyalarını, xeyirxah və müqəddəs
əməllərini yaşatmaq üçün ictimai həyatın
ən müxtəlif sahələrində fundamental,
çoxşaxəli layihələr həyata keçirir, vətəndaşların
zəruri istək və arzularının gerçəkləşməsinə,
problemlərinin həllinə həm maddi, həm də mənəvi
dəstək verir. Fondun yaradılması ilə
qarşıya qoyulan əsas məqsəd kifayət qədər
aydın və konkret idi. Sağlığında Azərbaycan
dövlətçiliyinin möhkəmlənməsi və
qüdrətlənməsi naminə həyata keçirdiyi
möhtəşəm tədbirlərlə canlı əfsanəyə
çevrilmiş ümummilli lider Heydər Əliyevin zəngin
dövlətçilik irsinin öyrənilməsi, onun ölməz
ideyalarının geniş təbliğ olunaraq praktik həyatda
tətbiqi və gələcək nəsillərə
çatdırılması kimi vacib vəzifələri əsas
götürərək fond ötən 11 ildə
reallaşdırdığı çoxşaxəli layihələri
ilə gözlənildiyindən xeyli böyük amalları
uğurla gerçəkləşdirdi.
Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi
inkişafı, ölkəmizin dünya birliyində öz
yerini daha da möhkəmləndirməsi də məhz Heydər
Əliyevin zəngin ictimai-siyasi irsinin davam etdirilməsinin,
ideyalarının yaşamasının, ümummilli liderin
siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu ideyalar Azərbaycanın
özü qədər əbədi olacaq, xalqımızın
gələcək inkişaf yoluna işıq salacaq.
yap.org.az
Səs.- 2015.- 21
aprel.- S10.