Hüquqi dövlətdə müxtəlifyönümlü
siyasi partiyalar demokratiyanın əlaməti kimi
Politoloqlar dünyada mövcud olan partiyaların ümumi və fərqli cəhətlərini təhlil etmək əsasında onları tiplərə ayırmağa çalışırlar. Partiyaların ilk təsnifatını XVIII əsrin ortalarında ingilis filosofu D.Yum vermişdir. Onun fikrincə, ümumi mənafe zəminində "mənafe partiyaları", bu və ya başqa liderə bağlılığına görə "affekt partiyaları" və ümumi prinsiplər əsasında yaranan "prinsip partiyaları" bir-birindən fərqləndirilməlidir.
"Politologiya" kitabında göstərilir ki, müasir politologiyada partiyaların klassik təsnifatı Dyuverje tərəfindən onun "Siyasi partiyalar" adlı əsərində verilmişdir. Onun işləyib hazırladığı binar təsnifata kadr və kütləvi partiyalar daxil idi. Onun fikrincə, kadr partiyaları "aşağıdakılarda"kı elektoral komitələrin və "yuxarılarda"kı parlament qruplarının təkamülünün məhsuludur (onun inamına görə, bu proses XIX əsrin ortalarından başlanmışdır). Deməli, bunlar notabl (cəmiyyətdəki vəziyyəti onlara siyasi həyatda nüfuzu təmin edən adamların) partiyalarıdır. Kadr partiyaların əksi olaraq, kütləvi partiyalar, Dyuverjenin təsnifatına görə, ikinci nəsil qurumlarıdır, onlar ümumi seçki hüququnun məhsuludurlar.
Dyuverje bu iki partiya növünü, həmçinin onların daxili strukturuna, o cümlədən vətəndaşı partiyaya bağlayan əlaqələrin tipinə görə də fərqləndirir. O, burada üç əsas konsentrik dairə görür: partiyanı özü üçün həyatın mənası, kilsə kimi bir şey hesab edən fəallar dairəsi; üzvlük haqqı verən və qeydiyyat vərəqləri olan, partiyanı özü üçün təşkilat hesab edən partiya üzvləri dairəsi; tək-tək hallarda mitinqlərdə iştirak etməklə və partiyanın namizədlərinə səs verməklə kifayətlənən təəssübkeşlər və seçicilər dairəsi. Əgər bir tərəfdən partiya üzvləri və onun seçiciləri, digər tərəfdən isə fəallarla partiya üzvləri arasındakı riyazi nisbəti nəzərdən keçirsək, onda seçicilərin sayına münasibətdə partiya üzvlərinin və aydındır ki, fəalların partiya üzvlərinə münasibətdə nisbəti nə qədər çox olsa, partiya bir o qədər kütləvi şəkil alır, və əksinə, partiyaya səs verənlərlə müqayisədə partiya üzvlərinin sayı nə qədər az olursa, partiya bir o qədər kadr partiyası xarakteri alır.
Sonradan
Dyuverje öz təsnifatını bir qədər təshih edərək,
daha bir partiya tipini ora əlavə etdi. Bu, orijinal struktura malik olan
"bilvasitə" partiyalardır. (Britaniya leyborist
partiyası belə bir partiyadır. Belə
ki, müvafiq həmkarlar ittifaqının üzvü olan
şəxs, əgər etiraz etmirsə, onda avtomatik olaraq həmin
partiyanın üzvü olur).
Daha sonra Dyuverje
partiyaları başqa əlamətinə görə də təsnif
etməyi tövsiyə etdi. Onun fikrincə,
güclü və zəif struktura malik partiyaları bir-birindən
fərqləndirmək lazımdır. O yazır ki, məsələn,
Britaniya mühafizəkarlar partiyası kadr partiyası,
leyboristlər isə "bilavasitə" partiyadır. Lakin hər iki partiyanın daxili intizamına əsasən
onun parlamentdəki deputatları həmin partiyanın deputat
qrupunun direktivlərinə tabe olmalıdırlar. Deməli,
bu partiyalar güclü struktura malik olan partiyalardır və
ya əksinə: ABŞ-da demokratlar və respublikaçılar
partiyasının deputat üzvləri Konqresdə demək olar
tam səsvermə azadlığına malikdirlər. Bu mənada, onlar zəif struktura malik partiyalardır
(Burasını da qeyd etməliyik ki, ciddi daxili intizamın
olmaması, hətta prezident Konqresdə əksəriyyətə
malik olmadığı hallarda da rejimin normal fəaliyyət
göstərməsini təmin edir).
Bir sıra nüfuzlu
politoloqlar (La Palombara və b.) hələ 60-cı illərdə
Dyuverjenin öz binar təsnifatına etdiyi əlavələrlə
razılaşmayaraq, belə hesab edirdilər ki, XX əsrin sonlarında
kadr partiyalarını arxaik, kütləvi partiyaları isə
mütərəqqi modelə aid etmək olmaz.
"Politologiya"
kitabında qeyd edildiyi kimi, əksər müasir partiyalar
kütləvi partiya deyildirlər (hərçənd ki,
seçkilər zamanı kifayət qədər səs
toplayırlar), onların həm üzvlərinin, həm də
fəallarının sayı azdır. Bunu
nəzərə alaraq, La Palombara və Vayner (ABŞ)
üçüncü partiya tipini ayırdılar və onu
"hamını əhatə edən partiya"
adlandırdılar. Bu,
ideologiyasızlaşdırılmış proqramın köməyi
ilə müxtəlif sosial və peşə mənsubiyyəti,
yaxud etnik mənşəyi olan daha çox seçicini səfərbər
etməyə can atan "beynəlsinfi partiyalardır"
(Fransa demokratiyası uğrunda ittifaq, italyan
demoxristianları). Belə partiyaları
"seçici partiyaları" da adlandırırlar.
Buradan çıxış edən fransız J.Şarlo
amerikalı C.Sartori ilə birlikdə partiyaların öz təsnifatını
təklif edir: notabl (kadr) partiyaları; kütləvi partiyalar;
seçici partiyaları.
S.Koen isə tamamilə
başqa ölçülərdən çıxış edərək,
partiyaların öz təsnifatını irəli sürür:
1. Siyasi avanqard olan partiya; 2. Seçki kampaniyasında
iştirak etmək üçün yaradılan partiya; 3.
"Parlament" partiyası; 4. "İcma-partiya" (yaxud
"klub-partiya"). Ədəbiyyatın təhlili
göstərir ki, siyasi partiyaların təsnifatını verməyə
çalışan müəlliflərin sayını daha da
artırmaq olar. Bunu nəzərə alaraq,
ayrı-ayrı müəlliflərin fikirlərini ümumiləşdirmək
əsasında siyasi partiyaların təsnifatını
aşağıdakı əlamətlərə görə təqdim
edirik:
1. Sinfi əlamətə
görə: sinfi, siniflərarası partiyalar, sosial
qrupların partiyaları.
2. Təşkilati strukturuna
görə: kadr partiyaları və kütləvi partiyalar. Bu əlamətə görə, bəzən "sərbəst
üzvlüyü olan partiyaları" da ayırırlar.
Burada bu və ya başqa partiya mənsubiyyəti
seçkilər zamanı onun namizədinə səslərin
verilməsinə əsasən müəyyən olunur. Buna əsasən Qərbdə açıq və
qapalı partiyaları bir-birindən fərqləndirirlər.
Bundan əlavə, burada təşkilati
quruluşuna görə mərkəzləşdirilmiş
(vahid rəhbər mərkəzi, proqramı, partiya intizamı
olan) mərkəzləşdirilməmiş partiyaları
ayırırlar.
3. Siyasi sistemdəki yerinə
görə: leqal və qeyri-leqal partiyalar.
4. İdeoloji əlamətinə
görə: inqilabçı, islahatçı, mühafizəkar,
irticaçı partiyalar.
Deyilənlərdən əlavə,
partiya rəhbərliyi təsisatına görə
aşağıdakı partiyaları ayırmaq olar: 1. Kollektiv
rəhbərliyi olan; 2. Lider başda olmaqla kollektiv rəhbərliyi
olan; 4. Harizmalı rəhbəri olan partiyalar.
Yaxın keçmişimizin təcrübəsini
əsas götürmüş olsaq, onda Qərb alimlərinin
daha bir təsnifatı ilə də tanış
olmaq pis olmazdı. Qərbdə bəzi alimlər
demokratik və totalitar partiyaları fərqləndirməyi təklif
edirlər. Bu zaman aşağıdakı üç əlamət
əsas kimi götürülür:
1. Partiyadaxili həyat. Partiya üzvlüyünü rəsmiləşdirən,
ciddi intizamı olan, heç bir fraksiyası olmayan, fikir
ayrılığına, azlıq və çoxluq
bölgüsünə yol verməyən, öz fəaliyyətində
ideoloji amilə böyük əhəmiyyət verən
partiyalar bu halda totalitar partiya hesab olunur.
2. Partiyanın cəmiyyətə
münasibəti. Totalitar partiyalar, bir qayda olaraq
siyasi hakimiyyət uğrunda mübarizə dövründə
mövcud quruluşdan narazı olanların hamısını
birləşdirir, hakimiyyəti ələ alandan sonra isə
başqa partiyaları siyasi səhnədən
götürür, bütün sinifləri və qrupları
öz məqsədlərinə tabe etməyə can
atırlar.
3. Siyasi həyatın
ayrı-ayrı ünsürlərinə partiyanın
münasibəti, ilk növbədə dövlətin partiyaya
tabe etdirilməsi.
"Politologiya"
kitabında göstərilir ki, ictimai quruluşun xarakterindən,
sosial-iqtisadi, mənəvi və ən başlıcası,
siyasi inkişaf səviyyəsindən, demokratik ənənələrin
möhkəmliyindən asılı olaraq, siyasi sistemdə fəaliyyət
göstərən partiyalar bu və başqa partiya sistemini əmələ
gətirirlər. Partiya sistemi cəmiyyətdə
leqal fəaliyyyət göstərən, bir-biri ilə
qarşılıqlı asılılıqda və təsirdə
olan, hakimiyyəti ələ almağa, onu saxlamağa və həyata
keçirməyə çalışan partiyaların
birliyidir. Siyasi sistem daxilində partiya
sazişləri və partiya koalisiyaları mövcud olur.
Partiya sisteminə daxil olan partiyalar ümumi
prinsipləri rəhbər tutur və onlara (hətta bəzən
onları bəyənməsələr də) əməl edirlər.
Bu və ya başqa partiya sistemi ona daxil olan
partiyaların mübarizəsinin və əməkdaşlığının
ümumi prinsiplərinə görə fərqlənir.
Politologiyada partiya sistemlərinin
aşağıdakı dörd əsas tipi qeyd olunur:
1. Burjua-demokratik partiya sistemi;
2. Faşist partiya sistemi;
3. Avtoritar partiya sistemi;
4. Sosialist partiya sistemi.
Qeyd olunan partiya
sistemlərinin hər birinin özünün səciyyəvi cəhətləri
vardır. Belə ki, məsələn, burjua-demokratik
partiya sisteminin əlamətləri
aşağıdakılardır; cəmiyyətdə hakimiyyət
uğrunda daim leqal mübarizə aparılır; hakimiyyətin
mənbəyi ümumxalq seçkiləridir; hakimiyyət
parlament əksəriyyəti olan partiya, yaxud partiyalar qrupu tərəfindən
həyata keçirilir; leqal müxalifət mövcuddur;
sistemin bütün partiyaları arasında elementar qaydalara əməl
edilməsi barəsində razılıq əldə edilir.
Qərbin
demokratik partiya sistemləri çərçivəsində
ikipartiyalı, çoxpartayalı və "iki yarım
partiya" sistemlərini ayırmaq olar.
Politoloqlar müasir bipartizmin (ikipartiyalı sistemin) spesifikliyini onun üç cəhətində görürlər: o, birbaşa ümumi seçkilərdə partiyaların birinin parlamentdə yerlərin əksəriyyətinə sahib olmasını avtomatik surətdə təmin edir, öz növbəsində, parlament çoxluğu bütün legislatura müddətində hökumətə fəaliyyət göstərmək imkanı verir, nazirlər kabinetinin sabitliyini təmin edir və dövlət hakimiyyətini möhkəmləndirir. O, seçicilərin təmsilçiliyini daha tam təmin edir, habelə dövlət başçısı seçmək üçün keçirilən paralel seçkilərə xərclənən vəsaitə qənaət etməyə imkan verir.
Bipartizm ABŞ, İngiltərə, Avstraliya və s. ölkələrə xas olan sistemdir. Bu sistemdə adətən homogen partiyalar bir-biri ilə bəhsləşirlər.
"Politologiya" kitabında göstərilir ki, çoxpartiyalı (plyuralist) sistemdə neçə partiyanın iştirak etməsindən asılı olmayaraq, artıq üçüncü partiyanın olması həmin partiyaların hər hansı birinin parlamentdə mütləq əksəriyyətə nail olması və onu uzun müddət öz əlində saxlamasına imkan vermir. Burada hökumət partiyaları adlanan partiyalar, hətta elektoratın xeyli hissəsi üçün məqbul olan proqrama malik olmuş olsalar da, yenə də müstəqil idarə edə bilmir və hökumət koalisiyasında iştirak etməli olurlar. Bu sistemdə elə partiyalar olur ki, onlar heç də hakimiyyəti ələ almağa can atmır və müxalifətdə qalmağa üstünlük verir (bipartizm şəraitində bu cür müxalifətdə qalan partiya dərhal marginallaşır. Çoxpartiyalı sistemdə isə bu çox səmərəli üsul hesab olunur).
Çoxpartiyalı sistemdə adətən heterogen partiyalar bəhsləşirlər. Nəhayət, "iki yarım partiya" sistemi adətən bipartizmlə çoxpartiyalılıq arasında keçid variantı kimi çıxış edir. Onun yalnız özünəməxsus bir xususiyyəti vardır: burada əgər iki əsas partiya ilə yanaşı, üçüncü bir partiya da ortaya çıxırsa, onda o, həmin partiyalardan birinin qələbəsini və deməli, həm də həkumət koalisiyasının konturlarını müəyyən edir.
Qərbdə deputat yerlərinin bölüşdürülməsi göstəricisinə əsasən burjua-demokratik partiya sistemlərinin daha bir təsnifatını verirlər. Bura daxildir: majoritar (parlamentdə mütləq əksəriyyətə malik olub, hökumət təşkil etmək hüququ olan) partiyanın hakim olduğu partiya sistemi; deputat yerlərinin nisbi əksəriyyətinə malik olan əsas partiyanın iştirak etdiyi partiya sistemi; nəhayət, minoritar partiyaların koalisiyasına arxalanan partiya sistemi.
Faşist
partiya sistemləri hazırda mövcud deyildirlər, onlar
artıq çoxdan tarix səhnəsindən silinmişlər.
Buna baxmayaraq, politologiyada həmin sistemlər geniş və hərtərəfli
təhlil olunur. Alimlərin
fikrincə, faşist partiya sistemi elə bir sistemdir ki, orada:
- yalnız bir partiya leqal fəaliyyət
göstərir, qalan partiyaların hamısı qadağan
edilmişlər; partiya dövlətin fövqündə durur,
o, cəmiyyətdə baş verən bütün dəyişikliklərin
aparıcı qüvvəsi olur, ilkin və hakim rol oynayır;
partiya aparatı dövlət aparatı ilə sıx
bağlıdır, müxtəlif səviyyəli partiya rəhbərləri
dövlət funksiyalarını yerinə yetirir, dövlət
aparatını sıxışdırır və onu əvəz
edirlər; partiya və dövlət rəhbərə iyeratik
tabelik prinsipləri əsasında təşkil olunur;
faşist partiyası sisteminin meydana çıxması hakimiyyətin
həyata keçirilməsinin demokratik metodlarının
böhranın nəticəsidir. Adətən bu
sistemlər sol qüvvələrin inqilabi fəallığının
coşğun yüksəlişi nəticəsində meydana gəlirlər.
Faşist partiya
sisteminin sosial bazası xırda burjua təbəqələri,
sinfi simasını itirmiş ünsürlər, fəhlələrin
bir hissəsi olsa da, bu sistemin inhisarçı kapitala xidmət
edir və onun mənafeyini ifadə edir.
Vahid
ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2015.- 23
aprel.- S15.