Hüquqi dövlətdə vətəndaşların konstitusiya hüquqları

 

 

Demokratik-hüquqi dövlət quran Azərbaycan cəmiyyətində dövlət orqanları və vəzifəli şəxslər qarşısına vətəndaşlara öz konstitusion hüquqlarını həyata keçirməkdə köməklik göstərmək vəzifəsi qoyulur ki, bunun da konkret formaları xüsusi qanunlarla müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların seçki hüququnun reallaşdırılması və seçki kampaniyasının həyata keçirilməsi Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən dövlət kütləvi informasiya vasitələrində seçkilərdə iştirak edən siyasi partiya və hər bir namizədə pulsuz çıxış etmək imkanı verilir. İkincisi, seçkilərin hazırlanmasına və keçirilməsinə, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsinə çəkilən xərclər dövlət hesabına ödənilir.

H.Babaoğlu göstərir ki Azərbaycan dövlət orqanlarının vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə köməyi icazə verilmiş siyasi nümayiş və mitinqlərin polis tərəfindən mühafizə olunmasında, ölkədə məşğulluq problemi üzrə xüsusi dövlət strukturlarının yaradılmasında (əmək hüququnun həyaa keçirilməsi), dövlətin fəaliyyətinin bir çox digər istiqamətlərində təzahür olunurbütün bu məsələlər qanunla tənzimlənir.

Hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolu seçmiş Azərbaycan cəmiyyətində milli azadlıqların hüquqlarının qorunması sahəsində də düşünülmüş və məqsədybnlü dövlət siyasəti həyata keçirilir. Azərbaycan tarixən dinlərin, mədəniyyətlərin, dillərin, svilizasiyaların qovşağında yerləşib, tolerant ölkə olub. Bu gün Azərbaycanda yəhudilər, avarlar, ləzgilər, talışlar, kürdlər tarixən formalaşmış, dostluq, qardaşlıq mühitində yaşayırlar. Bakı müstəqillik dövründə də beynəlmiləl şəhərdir və bunu 2001-ci ildə Bakıda olan Roma papası xüsusi olaraq vurğulamışdır. Bu sahədə həyata keçirilən dövlət siyasəti ilk növbədə milli azadlıqların hüquqlarının qorunmasının təmin edilməsini nəzərdə tutur. Milli azlıqların hüququnun qorunması üçün xüsusi təminat tələb olunur. Azərbaycanda belə təminat dövlət səviyyəsində verilmişdir. Respublikamızın Konstitusiyasının 5-ci maddəsində göstərilir ki, Azərbaycan xalqının vahidliyi onun dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün vətəndaşların ümumi və bölünməz vətənidir. 25-ci maddədə isə dövlət irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 45-ci maddəsində hər kəsin ana dilindən istifadə etmək hüququ təsbit edilmişdir. Bu hüquq və azadlıqlar milli azlıqlar üçün də nəzərdə tutulmuşdur. Yəni hər bir şəxs öz dilində yazıb oxumaqda, danışmaqda, kütləvi informasiya vasitələri yaratmaqda, tarixi mənbələri öyrənməkdə milli-mənəvi irsini mənimsəməkdə və s. azaddır.

H.Babaoğlu yazır: "Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasında mükəmməl şəkildə milli azadlıqların hüquqlarının qorunması təsbit olunmuşdur. Onların reallaşdırılması, milli azadlıqların mədəni və mənəvi inkişafı üçün ölkədə müvafiq əlverişli şərait yaradılmışdır ki, bu da istiqamətdə həyata keçirilən dövlət siyasətinin vacib hissəsi kimi çıxış edir".

Tədqiqatçıların fikrincə, müasir Azərbaycan dövlətinin milli azlıqların qorunması sahəsində həyata keçirdiyi siyasi kursunun aşağıdakı istiqamətlərini ayırmaq olar:

- dövlət suverenliyi, milli dövlətçilik və ərazi bütövlüyü prinsipinə dönmədən əməl olunması;

- milli azlıqların qorunması sahəsində Azərbaycan Konstitusiyasının tələblərinə və beynəlxalq standartlara uyğun olaraq siyasi kursun ardıcıl həyata keçirilməsi beynəlxalq normalara uyğun milli qanunvericilik bazasının yaradılması;

- Azərbaycançılıq, vətənçilik ideyalarının cəmiyyətdə tam bərqərar edilməsi üçün hüquq-ideoloji, mənəvi-psixoloji bazanın daha da möhkəmləndirilməsi;

- milli-dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqi bərabərliyinin təmin edilməsi, milli-irqi ayrı-seçkiliyi, dini dönümsüzlüyə yol verilməmsi.

Avropa Şurasının tamhüquqlu üzvü kimi Azərbaycanda Avropa standartlarına uyğun islahatlar aparılır, yəni müstəqil dövlət quruculuğu üçün hüquqi baza yaradılır, ölkəmiz müvafiq Avropa Konvensiyalarına qoşulur. Bu baxımdan Azərbaycan Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmasını göstərmək olar. Həmin konvensiyanın Məşvərət Komitəsinin 2003-cü il aprel ayının əvvəlində Azərbaycanda olan nümayəndə heyətinin rəhbəri, Norveç təmsilçisi Azbiyorn Eyde bu sahədə ölkəmizdə mövcud olan vəziyyətlə tanış olaraq, ümumiyyətlə, insan hüquqlarının qorunması istiqamətində Azərbaycanda görülən işləri yüksək dəyərləndirərək qeyd etmişdir ki, milli azlıqlar problemi bir çox Avropa blkələrində mövcud olduğu üçün çərçivə konvensiyası heç də bəzi Avropa ölkələri tərəfindən razılıqla qarşılanmamışdır. Azərbaycan təcrübəsi isə digər ölkələr üçün nümunə də ola bilər: "Biz sizin təcrübənizdən bəhrələnir, bəzi şeyləri sizdən öyrənirik. Qubada yəhudələrin özlərini əsas əhalidən qətiyyən ayırmaq fikrində olmadığını görük".

Konstitusiya ilə milli azlıqların hüquq və azadlıqlarına dövlət təminatının verilməsi onların yaşadıqları ölkənin ümumi mənafe və maraqlarına zidd olmamalı, etnotəəssübkeş millətçiliyə və separatizmə xidmət göstərməməlidir. BMT-nin müvafiq sənədlərində milli azlıqların milli müqəddərat hüququ onların vətəndaşlıq və insan hüquqlarının müdafiə vasitəsi kimi qiymətləndirilir. Milli azlıqların bu hüquqdan istifadə edərkən ərazilərində yaşadıqları dövlətin torpaqlarına milli xüsusiyyətlərinə görə göz dikməsi, onları parçalamağa səy göstərməsi qətiyyən yolverilməz hesab edilir. Bu baxımdan ölkəmizdə erməni millətçilərinin separatçılığın təzahürü kimi Dağlıq Qarabağ problemini göstərmək olar ki, bu da Ermənistanın Azərbaycana qarşı bu günədək davam edən təcavüzü üçün zəmin yaratmışdır.

Bundan başqa, 1991-ci ildən Azərbaycan müstəqillik əldə etdikdən sonra qondarma "Talış-Muğan Respublikası", bədnam "Sadval" təşkilatının isə Dağıstan və Azərbaycan torpaqları hesabına üzdəniraq Lar-Ləzgistan yaratmaq cəhdlərini də ölkəmizdə məhz milləti separatizmin nümunəsi kimi göstərmək olar. H.Babaoğlu yazır ki, milli azlıqların öz müqəddəratlarını təyin etmək azadlığı heç də ölkə bütövlüyünün pozulmasına və sərhədlərin yenidən müəyyən edilməsinə əsas verə bilməz. Beynəlxalq sənədlər, habelə 1975-ci il Helsinki Yekun Aktının müddəalarına görə Avropa ölkələrinin sərhədləri dəyişməz olaraq qalmalıdır. Ona görə də kiçik azsaylı xalqlar öz müqəddəratlarını vahid ölkə daxilində müəyyən etməli, özlərinin dil və mədəniyyətlərini, adət-ənənələrini, tarixi keçmişi və abidələrini və s. Yaşadıqları ölkənin daxilində və onların imkanları həddində inkişaf etdirilməlidir. Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycanın parçalanmasına yönələn milli müqəddərat hüququ pərdəsi altında baş verən millətçi separatçılığın qarşısının alıqması istiqamətində düşünülmüş dövlət siyasəti Azərbaycan Prezidenti Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtdıqdan sonra həyata keçirilərək bu cəhdlərə son qoyulmuşdur. Kökündə Azərbaycana qarşı ərazi iddiası duran Ermənistan təcavüzünün başlanğıcını təşkil edən erməni separatizminin aradan qaldırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin fəaliyyətinin ən başlıca istiqamətini təşkil edirdi.

İstər ermənilər, istərsə də, bir sıra ermənipərəst beynəlxalq təşkilatlar tərəfindən bu ağrılı problemin həllini qəsdən dolaşığa salsalar da, Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev tərəfindən bu sahədə aparılan çətin və yorulmaz davam etdirilir.

Ancaq sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət edilməsi mümkün deyil. BMT Baş Məclisi tərəfindən 12 noyabr 1984-cü ildə 39/11 saylı qətnamə ilə qəbul edilmiş "Xalqların sülh hüququ haqqında" bəyannaməsinin 1-ci maddəsində göstərilir ki, planetimizin xalqlarının müqəddəs sülh hüququ var. Bəyannəmənin 2-ci maddəsində əsasən xalqların sülh hüququnun qorunub saxlanılmasına və onun həyata keçirilməsinə yardım göstərmək hər bir dövlətin əsas vəzifələrindən biri hesab edilir. Bu baxımdan Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı qaçqın düşmüş insanların pozulmuş hüquqlarının bərqərar edilməsi problemi xüsusi diqqət tələb edir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində hüquqları pozulmuş bir milyon Azərbaycan vətəndaşı didərgin düşüb. Bu məsələ ABŞ Dövlət Departamentinin 2003-cü il martın 31-də açıqlanmış son hesabatında da öz əksini tapmış, burada Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi insan hüquqlarının pozulması kimi qiymətləndirilmişdir. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşların İşi üzrə Dövlət Komissiyasının verdiyi arayışa görə, Ermənistanın təcavüzü nəticəsində 4965 nəfər Azərbaycan vətəndaşı əsir və itkin düşmüş, girov götürülmüş, onlardan da 320 nəfərini qadınlar, 69 nəfərini uşaqlar, 253 nəfərini isə qocalar təşkil edir.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 24 aprel.- S15.