"Uydurma "1915-ci il erməni soyqırımı"ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri"

 

 Bu mövzuda Yeni Azərbaycan Partiyasının və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə konfrans keçirilib

 

Dünən "Four Seasons" otelində Yeni Azərbaycan Partiyasının və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə "Uydurma "1915-ci il erməni soyqırımı"ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" mövzusunda konfrans keçirildi

 

Mübariz Qurbanlı: "Kimlərsə uydurma soyqırımını ermənilərin təbliğatına əsasən qəbul edirlərsə, onlar tarixi təhrif edir, tarixdən ibrət götürmürlər"

 

YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvlərinin, millət vəkillərinin, Türkiyənin və ölkəmizin elm adamlarının və media nümayəndələrinin iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə açan YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd etdi ki, uydurma soyqırımı məsələsi bu günün məsələsi deyil:  "Ermənilər uzun müddətdir ki, bu mövzu ətrafında özlərinin uydurmalarını yaymaqda davam edirlər. Tarix özü ibrətdən ibarətdir. Tarixdən ibrət götürmyənləri tarix özü cəzalandırır. Ermənilər çox təəssüf ki, tarixdən də ibarət götürmürlər. Çünki tarixdə heç bir yalan həqiqət kimi qəbul oluna bilməz. Bu gün dünya özü də erməni yalanlarını açıq şəkildə görməkdədir. Ermənilərin uydurduğu yalanların faş olunması üçün həm Türkiyədə, həm Azərbaycanda elm adamları xeyli işlər görüb. Hər zaman Türkiyə-Azərbaycan alimləri birgə konfranslar təşkil ediblər. Eyni zamanda Türkiyə tərəfi bu məsələ ilə əlaqədar beynəlxalq miqyasda öz mövqeyini dəfələrlə açıqlayıb. Türkiyə arxivlərini açıq elan edib. Bildirilib ki, ermənilərdə də bu məsələ ilə bağlı hər hansı sənəd varsa, ortaya qoyulmalıdır. Lakin biz bunu görmürük."

M.Qurbanlı bildirdi ki, Azərbaycanda erməni yalanları ilə bağlı Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə xeyli işlər görülüb: "1998-ci ildə azərbaycanlıların soyqırımı ilə bağlı Ulu Öndər xüsusi Fərman imzalayıb. Alimlərimiz müstəqillik illərində ermənilərin Azərbaycanda törətdikləri soyqırımı ilə bağlı çox böyük işlər görüb. Xüsusilə AMEA-nın Tarix İnstitutunun gördüyü işlər əvəzsizdir. Əslində soyqırımı törədən ermənilərdir. Ermənilər 1905, 1918-1919-cu, eyni zamanda ondan əvvəlki illərdə həm Azərbaycan, həm də İran və Türkiyə ərazisində müxtəlif soyqırımı cinayətləri törədiblər. Bu cinayətlər artıq üzə çıxmaqdadır. Əslində, erməni yalanı ilə Türkiyə və Azərbaycanın həqiqətlərinin savaşı xeyirlə şərin savaşıdır. Ermənilərin yalan üzərində dayandığı bizim tərəfdən sübut olunub. Təəssüf ki, Qərb dairələrində məsələni siyasiləşdirmək, Türkiyəyə təzyiq göstərmək üçün bu mövzunu istisna etməkdədirlər. Qərb dairələrində bu mövzu yalnız və yalnız Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunmaqdadır."

M.Qurbanlı qeyd etdi ki, konfransda bu məsələ ətrafında geniş müzakirələr aparılacaq. Soyqırımını kimin törətdiyi artıq tarixdən bəllidir. Kimsə 100 il əvvələ qayıdırsa, hər halda 20-25 il əvvələ qayıtsa, daha yaxşı olar. Xocalıda, Qarabağda törədilən faciələr gözümüz qarşısında baş verib. Kimlərsə uyğurma soyqırımı ermənilərin təbliğatına əsasən qəbul edirlərsə, onlar tarixi təhrif edir və tarixdən ibrət götürmürlər.

 

Vasif Qafarov: "Ümumilikdə mart soyqırımında 124 min 236 türk-müsəlman əhali soyqırımına məruz qalıb"

 

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi əməkdaşı Vasif Qafarov nəzərə çatdırıb ki, Almaniya Parlamentinin Roma Papasının uydurma erməni soyqırımına dəstək nümayiş etdirməsi onu göstərir ki, bu cinayətlərdə onların da əli var. Biz həmişə haqq işi üzərində mübarizə aparmışıq. Üçrəngli bayrağımız tezliklə işğal olunmuş ərazilərdə dalğalanacaq. Həmin an çox uzaqda deyil.

V.Qafarov onu da vurğulayıb ki, 1918-ci il mart ayında azərbaycanlılara qarşı baş verən soyqırımında Bakıda 12 min türk-müsəlman  məhv edilib, o dövrün qiymətləri ilə 1,2 milyard rubl ziyan dəyib: "Şamaxı qəzasının 110 kəndin 105-i tamamilə yandırılıb, 22 min 995 nəfər məhv edilib. Bundan başqa Şərur, Sədərək, Dərələyəz qəzalarında 18 min 300 insan qətlə yetirilib. Ümumilikdə mart soyqırımında 124 min 236 türk-müsəlman əhali soyqırımına məruz qalıb. İndiki qiymətlərlə əhaliyə 371 milyard manat ziyan dəyib. Həm də ermənilər indiyədək soyqırımına məruz qaldıqlarını sübut edəcək faktlar ortaya qoymayıblar".

"1918-1920-ci illərdə ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımlar araşdırılır" fikrini söyləyən V.Qafarov qeyd edib ki, əslində ermənilərin Azərbaycana qarşı soyqırımı törədiyi sübuta yetirilib: "Həmin dövrdə fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının məlumatlarına əsasən təkcə 3 gün ərzində 12 min insan qətlə yetirilib. Qətlə yetirilənlərin miqyası çox böyükdür. Bakıda başlanan bu qırğın Azərbaycanın demək olar ki, bütün bölgələrini əhatə edib. Şamaxı qəzasında 110 kəndin 105-i dağıdılıb. Birinci Dünya müharibəsi illərində ermənilərin soyqırımına məruz qalan bölgələrdən biri də Naxçıvan Muxtar Respublikasının ərazisi, Şərur, Sədərək qəzaları olub. Burada təxminən 18 min insan qətlə yetirilib. Biz 6 bölgə üzrə - Bakı, Şamaxı, Quba, Şərur, Sədərək və Zəngəzurda qətlə yetirilənlərin statistikasını aparmışıq. Məlum olub ki, bu yerlərdə 124 min 236 nəfər qətlə yetirilib. İndiki məbləğlərlə ölkəyə dəymiş ziyan isə 371 milyard dollardır. Şamaxıda 22194 adam qətlə yetirilib. Biz burada qətlə yetirilənlərin bütün kimliklərini ortaya qoymuşuq. Ancaq ermənilərin qondarma soyqırımı ilə bağlı heç bir sübutları yoxdur. Təəssüflər olsun ki, bu gün bir sıra Qərb ölkələri ermənilərin soyqırımına məruz qaldığını iddia edirlər. Tarixə baxsaq, görərik ki, bu ölkələrin özləri tarixdə soyqırımı törədən dövlətlər kimi qalıblar".

Türkiyəli tarixçilərdən Mehmətəli Behan, Abdullah İlgari, Xalil Bal, Osman Umar, Neşə Özdən və başqaları çıxış edərək, tarixi faktlar əsasında bu gün dünyaya öz yalanlarını həqiqət kimi sırımağa çalışan ermənilərin əsl simasını ortaya qoydular. Bildirdilər ki, sabah (aprelin 24-ü) Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü qeyd ediləcək. Türkiyə tarixinin şanlı səhifələrindən birini, bəlkə də, ən əzəmətlisi 1915-ci ildə Çanaqqalada yazıldı. Bu gün, 100 il sonra da bu tarix təkcə qan yaddaşımızı oyatmır, həm də fəxr yerimiz kimi bizləri qürurlandırır.

"Beynəlxalq ictimaiyyət ermənilərin uydurma "soyqırımı" iddialarına deyil, Xocalı soyqırımına düzgün qiymət verməlidir" söyləyən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirdi ki, necə olur ki, 100 il bundan əvvəl baş verdiyi iddia olunanheç bir dəlil-sübutu olmayan "erməni soyqırımı" ilə bağlı Avropada bəyanat verilir, amma 23 il bundan qabaq törədilən Xocalı soyqırımına dünya birliyi tərəfindən hüquqi qiymət verilmir": "Türkiyə və Azərbaycan zaman-zaman eyni taleyi yaşayıb. Türkiyənin Azərbaycanla ortaq mədəniyyəti olduğu kimi, həmişə ortaq acı və xoş taleyi bölüşüb. Biz dünyaya sülh mesajı verməyə çalışırıq. Biz də ermənilər və türk xalqının digər düşmənləri kimi, öz uşaqlarımızda həmin xalqlara qarşı nifrət və ikrah hissi yarada bilərdik. Amma bunu etmirik, dünyada sülh və əmin-amanlığın bərqərar olmasına çalışırıq."

 

Siyavuş Novruzov: "Diasporumuz vasitəsilə təbliğatımızı genişləndirməliyik"

 

Konfransda çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, erməni yalanlarını beynəlxalq qurumlar qarşısında qaldırmaq və sübuta yetirmək lazımdır: "Mən bir neçə təklif üzərində öz fikirlərimi qurmaq istəyirəm. Biz adətən bu cür tədbirləri həmin hadisələrin ildönümü ərəfəsində keçiririk. Məsələn, 26 fevral, 31 mart. Amma qalan dövr ərzində demək olar ki, bu hadisələr, ermənilərin bizə qarşı etdikləri cinayət əməlləri, soyqırımı və digər məsələlər unudulur, ikinci plana keçirilir".

YAP İcra katibinin müavini, həmçinin hesab edib ki, bu cür tədbirlər ayrı-ayrı yerlərdə, mötəbər məclislərdə ilboyu keçirilməli və mütəmadi təşkil olunmalıdır: "Əgər bu mütəmadi şəkildə olmayacaqsa, təbii ki, biz nəticə əldə edə bilməyəcəyik. Bu baxımdan, istər Türkiyədə, istər Azərbaycanda, istərsə də Avropanın ayrı-ayrı ölkələrində və yaxud təmsil olunduğunuz beynəlxalq qurumlarda mütəmadi olaraq bu məsələləri qaldırmalıyıq. Beləcə, erməni yalanlarını sübuta yetirməli və tarixi faktları ortaya qoymalıyıq. İkincisi, biz bu cür konfransları keçirdiyimiz zaman məsələləri 3 istiqamət üzrə qurmalıyıq. Birincisi, tarixi faktlarla bağlıdır. İkincisi, real vəziyyətdir. Üçüncüsü isə gələcək hədəflər müəyyən olunmalıdır. Biz tarixi faktları sadaladıq, qulaq asdıq və dinlədik. Bəs gəlin görək bizim bu gün görəcəyimiz nədən ibarət olmalıdır və gələcəkdə hansı addımları atmalıyıq? Təbii ki, tarixi fakt bəllidir. Fakt bundan ibarətdir ki, ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Bu, yalandır və iftiradır. Bugünkü reallıq isə odur ki, artıq bir sıra dövlətlər qondarma "erməni soyqırımı" ilə bağlı öz qərarlarını veriblər. Hətta bəzi dövlətlər öz vətəndaşlarına "soyqırımı"nı tanımadıqlarına görə cinayət işi açırlar".

S.Novruzov onu da əlavə edərək vurğulayıb ki, Türkiyənin iqtisadi inkişafından, ictimai-siyasi sabitlikdən bir sıra Avropadünya dövlətləri narahat olmağa başlayır: "Əgər regiona nəzər salsaq görərik ki, regionda maraqlı olan dövlətlər də bu erməni kartından çox canfəşanlıqla istifadə edirlər. Bəs biz bununla əlaqədar nə etməliyik? Hesab edirəm ki, biz artıq öz hədəflərimizi müəyyənləşdirməliyik. Müəyyən etməliyik ki, bu cür hallar bizə qarşı olacaq. Məsələn, gözləməməliyik ki, ABŞ prezidenti Barak Obama "soyqırımı" ifadəsini dilinə gətirəcək, ya yox?! Artıq buna qarşı öz addımlarımızı, işimizi aparmalıyıq. Diasporumuz vasitəsilə təbliğatımızı genişləndirməliyik. Biz onların seçkili orqanlarında fəal iştirak etməliyik. Konqresdə, Senatdabaşqa-başqa yerlərdə təmsil oluna bilmiriksə, bu qurumlara seçilmək hüququmuz yoxdursa, orada təmsil olunanlara maliyyə dəstəyi göstərməliyik. Sakit oturaraq ildən-ilə bu məsələləri gözləməklə biz heç bir uğura imza ata bilmərik. Bu baxımdan düşünürəm ki, biz beynəlxalq aləmdə öz işimizi gücləndirməliyik. Diasporlar vasitəsilə ermənilərin yalanlarına qarşı öz təbliğatımızı aparmalıyıq".

 

Bahar Muradova: "Qondarma "soyqırımı"nı tanıyanların keçmiş nəsilləri vaxtilə Osmanlı İmperiyasını işğal etmək istəyənlərdir"

 

Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirdi ki, bu gün uydurma "erməni soyqırımı"nı tanıyanların keçmiş nəsilləri vaxtilə Osmanlı dövlətini işğal etmək istəyənlərdir. Bir sıra Avropa dövlətləri hələ də Çanaqqaladakı məğlubiyyətlərini həzm edə bilmirbunun əvəzini Türkiyədən çıxmaq üçün yollar axtarırlar. Biz daha çox qlobal şəkildə həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Daha güclü olmalıyıq.

B.Muradovanın dediyinə görə, hələ ki, ermənilərin qondarma "soyqırımı"nın tanınması ilə bağlı prosesin qarşısını ala bilmirik: "Bizim sakit dayanmağa haqqımız yoxdur. Birlikdə bu işin qarşısını almalıyıq. Ermənilərin qondarma "soyqırımı"nı tanıtdırmaq istiqamətində apardığı işin qarşısını almaq üçün səylərin gücləndirilməsi vacibdir. Etiraf edək ki, qondarma "erməni soyqırımı"nın tanıdılmasının qarşısını ala bilmirik. Biz arxayınlaşmamalıyıq ki, bu tanınma heçhüquqi nəticələrə gətirib çıxarmayacaq. Bir gün bu da baş verə bilər. Biz buna hazır olmalıyıq. Düzdür, bununla Türkiyəni çökdürmək olmaz, Türkiyə heç zaman çökməyəcək. Amma biz bu proseslərdə birgə və daha güclü mübarizəmizi davam etdirməliyik."

Tədbirdə bir çox ölkələrin, onların parlamentlərinin Xocalı soyqırımı ilə əlaqədar qəbul etdiyi qətnaməyə də münasibət bildirildi. Qeyd edildi ki, istənilən haqsızlığa qarşı bəşəriyyət, ayrı-ayrı xalqlar və onların müvafiq qurumları, parlamentləri öz haqq səslərini ucaltmalıdırlar. Artıq Xocalı soyqırımı ilə əlaqədar dünyanın bir sıra ölkələrində müvafiq qətnamələr qəbul olunub. Bu erməni yalanlarının ifşasını təsdiqləyən əsas amillərdən biridir.

Vurğulandı ki, qondarma erməni soyqırımı məsələsinin həllində Azərbaycan daim Türkiyənin yanınadadır və sərt mövqeyini ortaya qoyur və qısa zamanda Türkiyə və Azərbaycanın birgə apardığı mübarizə nəticəsində uzun illərdən bəri iki qardaş ölkəyə yönəlmiş olan "erməni soyqırımı"nın ifşasına nail olacağıq. Bu gün Türkiyə-Azərbaycan birliyi sayəsində erməni yalanları ifşa olunur.

Konfransda Türkiyə-Azərbaycan birliyinin sarsılmaz olduğunu bildirən natiqlər Dahi Öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün bu birliyi özündə əks etdirən fikirlərini xatırlatdılar. Dahi Öndər Heydər Əliyev bildirirdi ki, biz bir millət iki dövlətik. Mustafa Kamal Atatürk isə bildirmişdir ki, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Bu tezislərin davamı olaraq isə Prezident İlham Əliyev bir millətin iki diasporunun mümkünsüzlüyünü bəyan edir.

Çıxışlardan ümumi nəticə bu oldu ki, yalana qarşı həqiqəti, məkrə qarşı səmimiyyəti, təcavüzə, düşmənçiliyə qarşı gücü, ədalətə arxalanan birliyi ortaya qoymaq lazımdır. Bu da Türkiyə-Azərbaycan birliyidir. Bu birlik bundan sonra daha da güclənəcək, möhkəmlənəcək. Bu halda erməni yalanları daha sürətlə ifşa olunacaq.

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2015.- 24 aprel.- S8-9.