HEYDƏR
ƏLİYEVİN XARİCİ SİYASƏT XƏTTİ:
MÜSTƏQİL AZƏRBAYCANIN BEYNƏLXALQ ALƏMDƏ
TANINMASI
Xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəlir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin yaşadığı tarixə nəzər salsaq, çoxlu sayda uğurların qazanılmasının şahidi olarıq. Respublikamızın əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu getdikcə yüksəltmiş və dünyanın qüdrətli dövlətləri cərgəsinə qoşmuşdur. Xarici siyasət sahəsində əldə olunan uğurlar Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirmişdir. Bu gün ölkəmiz beynəlxalq təşkilatların fəal üzvüdür. Azərbaycanla daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı ildən-ilə artır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət dövlətimizi beynəlxalq aləmdə söz sahibi etmişdir.
Bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini Ulu Öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Bu prioritetlər bu gün də Azərbaycanın xarici siyasət kursunun əsas vəzifələrindən birini təşkil edir.
Daha bir əhəmiyyətli məqam isə budur ki, ölkəmizin xarici siyasət prioritetlərinin uğurlu yön alması üçün məhz daxili siyasətin formalaşdırılması xüsusi kontekst kimi nəzərdə tutulur. Daha dəqiq desək, dövlətin daxili siyasəti xalqın ümumi rəyi əsasında yaradılmış Konstitusiya əsasında onun müstəqil bir varlıq kimi yaşaması, fəaliyyətinə, ictimai-siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrində təmsil etdiyi vətəndaşların maddi və mənəvi tələbatının fasiləsiz təmin edilməsinə yönəldilir. Xarici siyasət isə bu vəzifələrin yerinə yetirilməsi, habelə öz ərazisində qanunverici, icraedici və məhkəmə hakimiyyətinin kənar müdaxilə olmadan həyata keçirilməsi məqsədilə təhlükəsiz və əlverişli beynəlxalq şəraitin təmin edilməsinə; ayrı-ayrı dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa, iqtisadi, siyasi, sosial və mədəni həyatın bütün sahələrində əldə edilmiş beynəlxalq təcrübələrin mənimsənilməsinə, qarşıya çıxan problemlərin aradan qaldırılması yönündə dövlətlərin səylərinin birləşdirilməsinə və s. xidmət edir. Beləliklə, ölkə daxilində cərəyan edən proseslərdən, habelə qarşıya qoyulan məqsəd və vəzifələrdən irəli gələn ümumi siyasi xətt dövlətin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin və xarici siyasətin istiqamətlərinin anlayışını şərtləndirir. Bu baxımdan, xarici siyasət faktorunu dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn uzlaşdırılmış münasibətlər sistemi yaratmağa xidmət edən məqsədyönlü və mühüm faktor kimi xarakterizə etmək mümkündür. Bu gün müstəqil Azərbaycan dövlətində bu kimi amillər nəzərə alınaraq, uğurlu xarici siyasət aparılmaqdadır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin xarici siyasətində rəhbər tutduğu monolit əsaslar
1993-cü il oktyabr ayının 10-da keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev geniş nitq söyləyərək ölkəmizin bütün sahələrdə, o cümlədən, xarici siyasət sahəsində qarşıda duran vəzifələrdən danışmış və qeyd etmişdir ki: "Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir."
Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin xarici siyasət tarixinə qısa nəzər salsaq görərik ki, 1991-ci ildə və 1992-ci ilin birinci yarısında Azərbaycan dövlətinin xarici siyasətinin əsasını Rusiya-Azərbaycan əlaqələri və bütövlükdə Rusiyaya meyillilik strategiyası təşkil edirdi. O zamankı Azərbaycan iqtidarı SSRİ-nin dağılması ərəfəsində dünyada, SSRİ-də gedən ictimai-siyasi proseslərə, beynəlxalq və regional hadisələrin inkişaf meyillərinə zidd siyasət yeridərək, bütün mümkün vasitələrlə SSRİ-ni qoruyub saxlamağa cəhd edənlərlə bir sırada dayanır və respublikanın bu qurumun tərkibindən ayrılmasına yol verməməyə çalışmışdılar. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizə sarsıdıcı zərbələr vuran bu kimi amilləri aradan qaldırmağa başlamış və ilk növbədə regionda böyük təsir gücünə malik olan Rusiya ilə qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətləri normal müstəviyə gətirmişdir. İki ölkə arasındakı münasibətlərin inkişafında bütün incəliklər nəzərə alınmış, hər iki tərəfin mənafeyinə cavab verən iqtisadi, siyasi və mədəni əlaqələrin yüksəlişi üçün bir sıra təsirli addımlar atılmışdır. Ulu Öndər Heydər Əliyevin həmin dövr üçün Azərbaycanın xarici siyasət fəaliyyətində mühüm əhəmiyyət kəsb edən siyasi addımlarından biri də Qafqaz bölgəsinin dövlətləri və xalqları ilə mehriban qonşuluq münasibətlərinin yaradılması olmuşdur. Çünki tarix boyu bu regionda baş verən ictimai-siyasi proseslər bölgə xalqlarının və dövlətlərinin bir-birinə qarşı qoyulması yolu ilə gərginləşdirilmişdir. Belə bir yeni şəraitdə Qafqazın təhlükəsizlik problemlərinin və starateji dövlətçilik mənafelərinin eyniliyi, bölgə dövlətlərinin qarşı-qarşıya qoyulması hallarının aradan qaldırılması zərurəti bu yöndə xüsusi xarici siyasət yürüdülməsini və region dövlətləri arasındakı hərtərəfli əlaqələri tənzimləyən münasibətlər yaradılmasını tələb etmişdir.
1994-cü ildə Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin əldə olunması, 1996-cı il martın 8-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı "Qafqaz bölgəsində sülh, sabitlik və təhlükəsizlik haqqında" Azərbaycan-Gürcüstan Bəyannaməsinin imzalanması respublikamızın Qafqazda həyata keçirdiyi xarici siyasətin mühüm uğuru idi. Tbilisidə iki dövlət başçısının imzaladığı birgə Bəyannamə "Ümumi Qafqaz Evi" ideyasının əməli olaraq həyata keçrilməsinin başlanğıcını qoymuşdur.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil xarici siyasətin ən mühüm starteji istiqamətlərdən biri də Qərbin və Şərqin aparıcı ölkələri ilə münasibətlərin tənzimlənməsində, həmin ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı əlaqələrin qurulmasından ibarət olmuşdur. Bu əhəmiyyətli zərurəti tam aydınlığı ilə təhlil edən Ulu Öndər Heydər Əliyev 1993-cü ilin sonlarından başlayaraq həm Şərq və Qərb, həm də region ölkələri ilə münasibətləri ayrı-ayrı təsadüfi əlaqələr səviyyəsindən sistemli xarici siyasət kursu səviyyəsinə qaldırmaq taktikası seçmişdir.
Beləliklə, həyata keçrilən yeni xarici siyasət dünyanın aparıcı dövlətlərinin iqtisadi və siyasi maraqlar sisteminə daxil olan müstəqil Aərbaycan dövlətinə öz təhlükəsizliyi və digər dövlətlərlə qarşılıqlı faydalı əlaqələr yaratması üçün etibarlı beynəlxalq təminat qazanmağa imkan vermişdir. Təməli Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil dövlət quruculuğunun həyata keçirilməsi və onun təhlükəsizliyi üçün daxili faktorun müstəqillik iradəsi və əzmi, xarici faktorun isə beynəlxalq təminat ilə müəyyənləşdiyi nəzərə alınarsa, onda bu gün müstəqil Azərbaycan dövlətinin qorunması və inkişafını şərtləndirən hər iki amilin təmin edilməsi və möhkəmləndirilməsi yolunda əsaslı addımların atıldığını qeyd etmək olar. Bu gün əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan diplomatiyası müasir dövrdə bütün gücünü müstəqil dövlətimizin dünyada tanınmasına, onun beynəlxalq nüfuzunun artmasına yönəltmişdir. Bu gün müstəqil Azərbaycanda bu mükəmməl, mütərəqqi siyasi kursunu Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev qətiyyətlə, inamla, uğurla reallaşdırmaqdadır. Bu gün Azərbaycan beynəlxalq tribunalarda öz qəti sözünü deyən güclü bir dövlət kimi tanınır. Çünki Azərbaycanda yürüdülən müstəqil xarici siyasətin təməli elə bir möhkəm əsaslara söykənir ki, bu təməli əsaslara zərər vurmaq heç bir xarici təsirin imkanında və gücündə deyil. Eyni zamanda, Azərbaycanın uğurlu xarici siyasət strategiyası xarici ölkələrlə iqtisadi əməkdaşlıq sahəsində özünü layiqli tərəfdaş kimi tanıtmışdır. Artıq öz enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz bir sıra Avropa dövlətləri ilə bu sahədə qlobal layihələrin reallaşdırılması yolunda uğurlu addımlar atır. Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq iqtisadi münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində böyük nailiyyətlər əldə edilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əfsanədən reallığa çevrilməsi, Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yolunun inşasının uğurla aparılması, Cənub Qaz Dəhlizi, TANAP və digər iri layihələrin həyata keçirilməsi Azərbaycanı beynəlxalq aləmdə diqqət mərkəzinə çıxarmışdır. Dünyanın qüdrətli dövlətlərinin və iri şirkətlərinin də qoşulduğu bu layihələr ölkəmizin iqtisadi qüdrətini daha da artırmışdır. Sürətlə inkişaf edən Azərbaycan bu gün başqa ölkələrə sərmayələr yatırır, özəl şirkətlərimiz dünyanın müxtəlif bölgələrində uğurla fəaliyyət göstərirlər və proses region ölkələrində daha qabarıq şəkildə özünü büruzə verir.
Bu, bir həqiqətdir ki, Azərbaycanın investisiyasına dünyada tələbat artır. Xüsusilə, böhrana düçar olmuş ölkələrin maliyyə resurslarına böyük ehtiyacı vardır. Dövlət başçımız Cənab İlham Əliyev də bəyan etmişdir ki, biz bu maliyyə resurslarını məqbul olan şərtlərlə təqdim edə bilərik. Beləliklə, investisiyalar, kreditlər və iqtisadi sahədə yeni formalar artıq tətbiq edilir. Bütün bunlar Azərbaycan Respublikasının xarici siyasətinin, eləcə də milli maraqlarının daha geniş miqyasda qorunmasına şərait yaradır, nüfuzunun artmasına xidmət edir. Həyatın sürətlə inkişaf etdiyi, beynəlxalq münasibətlərin dəyişdiyi, qloballaşan dünyada yeni məsələlərin, yeni çağırışların ortaya çıxdığı bir zamanda xarici siyasətdə müəyyən düzəlişlər etməyi vacib sayan Azərbaycan Prezidenti İlham Əliyev onu müasir dövrün tələblərinə uyğunlaşdırır. Dünyanın bütün dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinə, bərabərhüquqlu münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 55 səfirliyi, 5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat yanında missiyası və 9 Baş konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 53 dövlətin səfirliyi, 3 Baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Bütün bunlar milli maraqlarımızın həmin ölkələrdə təmin olunması və ölkəmizin hərtərəfli şəkildə təbliği üçün geniş imkanlar yaratmışdır. Məhz bu faktor Heydər Əliyev tərəfindən istiqamətləndirilmiş xarici siyasət kursunun məntiqi nəticəsidir.
Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün də çox uğurla davam etdirilən xarici siyasət strategiyası respublikamızın beynəlxalq arenadakı nüfuzunun gündən-günə artmasına, dövlətimizin etibarlı tərəfdaş kimi tanınmasına, beynəlxalq təşkilatların fəal üzvünə, habelə regionumuz və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı kimi çıxış etməsinə gətirib çıxarmışdır. Bu yol isə əbədi və qətiyyətlidir.
ZƏRİFƏ
QULİYEVA,
YAP Qadınlar
Şurası İdarə Heyətinin üzvü
Səs.- 2015.- 24 aprel.- S.6.