Hüquqi dövlət, azad
mətbuat və jurnalist peşəkarlığı
Hüquqi dövlət quruculuğunda jurnalistlərin peşəkarlığı "Qərb standartları" səviyyəsi ilə səciyyələnir. Professor Cahangir Məmmədli yazır: "Bu gün Azərbaycan dövlətinin formalaşdırdığı demokratik KİV qanunları şəraitində fəaliyyət göstərən və sonsuz mətbuat azadlığını təmin edən həmin qanunlardan bəzən narazı qalan cavan jurnalist nəsli, yaxşı ki, o illərin dəmir sovet senzurasını görməyib. O çətin, o ağır senzura şəraitində, xəbərin tərəfsizlik, qərəzsizlik, dəqiqlik prinsiplərini reallaşdırmaq böyük cəsarət, peşəyə sədaqət nümunəsi kimi gələcək nəzəri fikri formalaşdırmağa xidmət edəcək bir məktəbin bünövrəsindən xəbər verirdi. Görkəmli jurnalist Bəxtiyar Sadıqov qeyd edir ki, peşəkarlıq öz peşəsinin kamil bilicisi olmaq, hamının xoşuna gələn və zövqünü oxşayan, başqa sözlə desək, mövcud standartlara cavab verən keyfiyyətli məhsul hazırlamaq qabiliyyətidir. Jurnalistikada peşəkarlıq daha böyük rol oynayır. Çünki ictimai əhəmiyyət daşıyan sözün məsuliyyət yükü və əhatə dairəsi xeyli genişdir! Üstəlik, qəzetlərin səviyyəsi və deməli, bazarda tutduğu yer redaksiyada çalışan peşəkar əməkdaşların sayından da asılıdır. Azərbaycan iqtidarı jurnalistlərin peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət yetirir. Dövlət başçısı Cənab İlham Əliyevin mətbuatla bağlı 10 iyun 2010-cu ildə imzaladığı sonuncu Sərəncamda - "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sənəddə jurnalistikada peşəkarlıq ilk yerdə göstərilmişdir: "Azərbaycan jurnalistikası peşəkarlıq, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır". Diqqətlə nəzər saldıqda görərik ki, peşəkarlıq hətta obyektivlik və qərəzsizlik prinsipindən də önə keçirilib. Məlumdur ki, peşəkar jurnalist heç zaman qeyri-obyektiv və qərəzli olmur, çünki peşəyə sədaqəti buna yol vermir! Jurnalist peşəkarlığı daha geniş anlayışdır və özündə bir sıra məqamları əhatə edir. Adətən hamı hər şey haqqında bir qədər, bir şey haqqında (söhbət onun ixtisasından və çalışdığı sahədən gedir) hər şeyi bilməlidir. Məsələn, teatr aktyoru öz sənətini dərindən bilsə (bu sənətin də müxtəlif komponentləri vardır) kifayətdir. Jurnalist isə həm teatrdan və kinodan, həm siyasətdən və iqtisadiyyatdan, həm də tikintidən, səhiyyədən, İKT-dən belə yazmalıdır. Üstəlik, unutmamalıdır ki, onun yazdıqlarını hər sahənin biliciləri də oxuyaraq qiymətləndirir".
Bəxtiyar Sadıqov haqlı
olaraq yazır: "Jurnalistin əsas materialı sözdür. Söz fikrin gerçəkliyidir.
İnsanlar bildiklərini bir-birlərinə
söz vasitəsilə
çatdırırlar. Jurnalist peşəkarlığının (gəlin bu yerdə
ona məharət deyək) əsas elementlərindən biri dildən istifadə ilə bağlıdır.
Fikrin aydın və lakonik şəkildə çatdırılması, yeri
gələndə yazıda
hiss-həyəcan və
emosiyanın duyulması,
bəzən kəskinliyin,
sərtliyin görünməsi
- bütün bunlar jurnalistin dilimizin incəliklərinə hansı
səviyyədə yiyələnməsindən
asılıdır. Azərbaycan dilində
ən dərin mənaları, ən səmimi duyğuları, habelə mürəkkəb
fəlsəfi, elmi fikirləri ifadə etmək mümkündür.
Lakin bunu öyrənmək, qrammatik qaydaları mənimsəmək, daim fərdi söz lüğətini zənginləşdirmək
vacibdir".
Azərbaycan dilində "təmiz
danışmaq" hələ
onu mükəmməl
bilmək sayılmır!
Fikrini səlis və aydın, həm də mümkün qədər sadə cümlələrlə ifadə
etməyi öyrənmək
bambaşqadır. Bir sıra
müstəqil qəzetlərdə
bəzən nə yazıldığını anlamaq
üçün hətta
cümləni bir neçə dəfə oxumalı olursan. Yenə də müəllifin nə demək istədiyini tam aydınlığı
ilə başa düşmürsən. Uzun və
dolaşıq cümlələrdəki
fikir çaşqınlığı,
cümlə üzvlərinin
yerli-yerində işlədilməməsi
adi hala çevrilib. Bəzən yazının
girişi bir mövzudan, özü isə başqa məsələdən bəhs
edir. Sərlövhənin
mətnlə uyuşmaması
isə az
qala adi hala çevrilib. Oxucunu cəlb etmək üçün yazısına "dəxli
olmayan", "sensasiyalı"
sərlövhə qoyanlar
bunun jurnalistika baxımından "naşılıq"
sayıldığından, yəqin ki, xəbərsizdilər. Belə yazılara
bir neçə dəfə aldanmaq mümkündür. Sonradan oxucular
bu halın bəsit üsul olduğunu anlayaraq həmin müəlliflərdən
də, qəzetlərdən
də imtina edirlər. Oxucunun etibarını itirən qəzet isə bazarda duruş gətirə bilməz!
Müəllif daha sonra göstərir
ki, əslində, jurnalistin püxtələşməsi
mövzuya daha dərindən və genişliyi ilə müdaxiləsi, fikrini daha dolğun və mənalı ifadə etməsidir. Bunu öyrənməyin isə
bircə yolu var: daim yazmaq,
yorulmadan çalışmaq,
dayanmadan öyrənmək!
Məsələləri və
hadisələri öyrənmək,
daha təcrübəli
jurnalist həmkarlarından
öyrənmək, üstəlik
öz səhvlərindən
də öyrənmək!
Jurnalistin püxtələşməsi və
peşəkarlıq səviyyəsinə
yüksəlməsi qəzetə
necə adamın rəhbərlik etməsindən
də çox asılıdır. Əgər redaktor özü
lazımi biliyə və qələm təcrübəsinə malik
deyilsə, yaradıcılıqdan
uzaqdırsa, o, müxbirinə
nə öyrədəcək,
müxbir ondan nə öyrənəcək?!
"Reket" redaktor ancaq "reket" müxbir yetişdirər!
"Reket" müxbirlərin püxtələşməsi
isə təhqir və şantaj elementlərinə yiyələnməsi,
ağlına və ağzına gələni
yazmasıdır. Bundan
ötrü nə əziyyətə qatlaşmaq,
nə də oxumaq vacibdir! Bir qədər diribaş olmaq və utanmamaq kifayətdir!
Əslində, bu gün qəzet
redaksiyaları "məktəb"
funksiyasını itiriblər. Jurnalistika
elm deyil, peşədir!
Peşəni isə kitab oxumaqla öyrənmək mümkün
deyil! Universitetlərin jurnalistika fakültə
və şöbələrində
(hələ onlarda kimlərin dərs dediyini bir kənara
qoyaq), yığcam desək, jurnalistikanın tarixi, təcrübə və nəzəriyyəsi
tədris edilir. Təhsil müddətində qəzet
redaksiyalarına göndərilən
tələbələr ya
öyrənmək istəmir,
ya da öyrənə
bilmirlər.
Bakı
Dövlət Universitetinin
professoru Yalçın
Əlizadə "Biz ancaq
jurnalist olmaq istəyənlərdən jurnalist
hazırlaya bilərik.
Hüquqşünas istəyi
ilə imtahan verərək balı
çatmadığına görə
bizim fakültəyə
düşənlərlə, qurtardıqdan sonra başqa sahədə çalışmağı planlaşdıranlarla
nə edək?!" Mübahisəsiz məsələdir və inanırıq ki, dövlət başçısının müdaxiləsindən
sonra jurnalistika ixtisasında da qabiliyyət imtahanı tezliklə yerini tutacaq. B.Sadıxovun fikrincə, dünyanın
hər yerində müxtəlif formalarda da olsa, jurnalist
təhsili verilir.
Jurnalistikaya gələn qeyri-ixtisas
sahibləri təhsilə
əhəmiyyət verməyərək
"əsas istedaddır"
söyləməklə özlərini
aldadırlar. Əgər bu
peşəni ömürlük
"çörək ağacı"
seçiblərsə, ixtisasla
bağlı müəyyən
bilgilərə hökmən
yiyələnməlidirlər.
Qəzet və reklam bazarının indiki durumunda jurnalistlər artıq heç də yaxşı yaşayan peşə sahibləri hesab olunmurlar (bəlkə də yumşaq dedik). Bazar iqtisadiyyatı şəraitində
isə təkcə
"ideya adamı"
olmaq kifayət deyil. İnsanlar özlərini və
ailələrini daha yaxşı yaşatmaq istəyirlər. Bu gün isə jurnalistikada orta səviyyəli yaşayış
belə hamı üçün əlçatan
sayılmır. Odur ki, istedad və qabiliyyəti olanlar başqa sahələrə,
daha təminatlı yerlərə üz tuturlar. Yaxşı jurnalist ovuna çıxıb özləri
üçün işləməyə
cəlb edən biznesmen və məmurlar da az deyil.
Həm də onların təklifləri daha cəlbedicidir. Son illərdə jurnalist qələmini məmur imtiyazlarına dəyişənlərin
sayının artması
deyilənlərə sübutdur.
Peşəkarlıq baxımından aşağı
səviyyədə olan
xeyli qəzetin sıradan çıxacağı
gözlənilir və
bu, təbiidir. İctimai fikrə
təsir edən, aparıcı qəzetlərin
maliyyə durumu isə tezliklə yaxşılaşdırılmalıdır.
Jurnalistikamızı tənqid
əvəzinə təhqir
edənlərin, hər
informasiyadan sensasiya yaratmağa çalışanların,
düzgün cümlə
qura bilməyənlərin,
ən nəhayət,
"reket müxbir"lərin
öhdəsinə qoya
bilmərik! Qələm
vicdanlı, vətənpərvər,
savadlı və istedadlı, dövlətini
və xalqını sevən, aydın təfəkkürlü və
saf əqidəli insanların əlində olmalıdır!
Jurnalistin öz üzərində daim işləməsi də son dərəcə
vacibdir. Daim özü öyrənməyən
başqasını necə
öyrədər? Bu gün informasiya bolluğu və onun əldə olunması yolları və imkanları o qədər çox və rəngarəngdir ki, artıq oxucu gecikən və bəsit yazılan yazıları qəbul etmir. İnternetin üstünlükləri ilə
yanaşı, ondan istifadənin müəyyən
qüsurları da görünməkdədir. Klaviaturanın dillərini basıb
Google axtarış proqramına
girməklə hər
hansı mövzu ilə bağlı istənilən qədər
fakt, material əldə
etmək mümkündür.
İndi çoxları belə edir və abzasları
ard-arda düzməklə
"məqalə" yazır.
Bu, yaradıcılıq yox,
əslində, plagiatlığın
yeni növüdür!
Faktları saf-çürük etmək, mütəxəssislərlə
görüşmək, öz
qənaət və fikirlərini oxucu ilə bölüşmək
- yaradıcılıq budur.
Oxucu çox ayıqdır.
O, orijinal yazı ilə ordan-burdan toplanan materialı dərhal fərqləndirə
bilir. Kompyuter jurnalisti tənbəlləşdirməli
deyil, onun fikrinin kəsərini artıran faktlarla zənginləşdirməyə xidmət etməlidir!
B.Sadıxov sonda yazır:
"Azərbaycan mətbuatının
Həsən bəy Zərdabidən, "Əkinçi"dən
qalan zəngin ənənələri vardır.
Bu ənənələr
"Əkinçi" ətrafına
toplaşanlar, habelə
sonrakı nəsil qələm sahibləri tərəfindən daha da zənginləşdirilmişdir.
Yetmiş illik sovet dövründə mətbuatımız
kommunist ideologiyasına
xidmət göstərsə
də, yenə inkişafdan qalmamış,
əksinə, böyük
peşəkar jurnalistlər
dəstəsi yetişmişdir.
Müstəqillik dövründə,
mətbuat və söz azadlığının
tam bərqərar olduğu
bir zamanda peşəkarlığın itməsinə,
qəzetlərimizin səviyyəsinin
aşağı düşməsinə
yol vermək olmaz! Bunun qarşısını
almaqdan ötrü görüləsi işlər
çoxdur! Amma jurnalistikanın xatirinə
əziyyət çəkməyə,
islahatlar aparmağa dəyər. Üstəlik, dövlət tərəfindən
müəyyən zəruri
addımlar da atılıb. Daha qətiyyətli olmaq, sürəti artırmaq vacibdir! Mövcud ənənəni qoruyub saxlamaq qırılan ənənəni sonradan bərpa etməkdən (hələ o da müyəssər olsa) daha asandır! Sonra gec ola bilər! Ənənəni qorumaq və
yeni dövrün reallıqlarına uyğun
şəkildə daha
da zənginləşdirmək,
qəzetlərin səviyyəsini,
yüksəltmək həm
mənəvi, həm də vətəndaşlıq
borcumuzdur".
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2015.- 25 aprel.- S.15.