SOSİAL SİYASƏTƏ MÜASİR SİSTEMLİ BAXIŞ

 

 

Müstəqil Azərbaycan dövləti tarixin mürəkkəb sınaqlarından uğurla çıxan, bu mübarizədə nəinki öz mövcudluğunu və milli-tarixi mənsubiyyətini itirməyən, əksinə daha da bütövləşən, mətinləşən Azərbaycan xalqının ən böyük sərvəti, tarixi nailiyyətidir. Tarixin müəyyən dönəmlərində xalqımız özünün müstəqilliyinə qovuşsa da, ən müxtəlif səbəblərdən (xarici təcavüzlər, siyasi iflaslar, daxili iğtişaşlar və parçalanmalar və s.) bu dövlətləri sonadək qorumaq mümkün olmamışdır. XX əsrin sonlarında müstəqil Azərbaycan dövlətinin yaranması üçün daha bir tarixi imkan yarandı. 1991-ci il oktyabr ayının 18-də Respublika Ali Sovetinin "Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsi ilə Azərbaycan Respublikası bütün dünyaya müstəqil bir dövlət olduğunu bəyan etdi.

Bir tərəfdən bölgədə baş verən mürəkkəb ictimai-siyasi hadisələr, Azərbaycan dövlətinin mövcudluğunu gözü götürməyən qüvvələr, erməni təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, digər tərəfdən o dövrkü iqtidarın ictimai-siyasi həyatın bütün sahələrindəki yarıtmaz fəaliyyəti, hakimiyyətdaxili mübarizələr az bir zamanda ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü təhlükə altına almışdı. Ölkə dağılmaq və parçalanmaq ərəfəsində idi. Belə bir tarixi anda xalqımız  dahi, uzaqgörən siyasi lider və görkəmli dövlət xadimi Heydər Əliyevə sığınaraq müstəqil dövlətinin yaşamasına nail oldu. Heydər Əliyev tarixi, tarixin verdiyi dərsləri, bölgədə cərəyan edən ictimai-siyasi prosesləri gözəl bilirdi, həyat yolunda böyük və zəngin idarəetmə təcrübəsi toplamışdı, ən əsası isə O, müstəqilliyin, dövlətçiliyin dəyərini yüksək qiymətləndirirdi. Məhz bu keyfiyyətlər Onun uğurunun hərəkətverici qüvvəsi oldu. Bu gün inamla demək mümkündür ki, müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti mürəkkəb ictimai-siyasi proseslərdən üzüağ çıxdı, regionun strateji əhəmiyyətə malik dövlətinə çevrildi.

Dahi Öndər Heydər Əliyev irsi - siyasi, iqtisadi, sosial, mədəni, hüquqi aspektləri əhatə edən böyük bir ideyalar toplusudur. Bu irsin son hədəfi ayrı-ayrılıqda Azərbaycan vətəndaşı, bütövlükdə Azərbaycan xalqıdır. Azərbaycanda həyata keçirilən sosial siyasət də məhz bu məqsədlərə - hər kəsin layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəldilmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gələnədək digər sahələrdə olduğu kimi sosial sahədə də sistemli siyasət həyata keçirilmirdi. Müstəqilliyin ilk illərində qəbul edilmiş qanunlar və hüquqi aktlar digər dövlətlərin müvafiq qanunlarının tərcüməsindən başqa bir şey deyildi və təbii ki, bu sənədlərdə nəzərdə tutulan geniş, ünvansız təminat və imtiyazların həyata keçirilməsi üçün heç bir iqtisadi zəmində  yox idi və həyatda reallaşdırıla bilmirdi. Əksinə, iqtisadiyyatın sarsılması, milli valyutanın kəskin şəkildə dəyərdən düşməsi, inflyasiya nəticəsində insanların əməkhaqqı real dəyərini itirir, əhalinin həyat səviyyəsi kəskin ağırlaşırdı. 

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi sosial siyasət iki əsas xarakterik cəhətə malik idi. Birincisi, sosial siyasətin dayanıqlı olması, yəni ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə mütərəqqi dünya təcrübəsinə əsaslanan normativ-hüquqi bazaya söykənməsidir. Bunun nəticəsidir ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə sosial-müdafiə sahəsində islahatların həyata keçirilməsi istiqamətində ciddi qərarlar qəbul edilməmişdir. Dövlətin iqtisadi imkanlarının məhdud olduğu həmin dövrdə sosial siyasət sahəsində əsas prioritet əmək haqlarını, pensiya və müavinətləri ödəməkdən, eləcə də çoxminli müharibə qurbanlarının - müharibə əlillərinin və veteranlarının, şəhid ailələrinin, 20 Yanvar əlillərinin, qaçqın və məcburi köçkünlərin gündəlik zəruri problemlərini həll etməkdən ibarət idi. Digər tərəfdən sovet dövründən qalmış və müstəqilliyin ilk illərində daha da genişləndirilmiş geniş sosial güzəştlər (ayrı-ayrı kateqoriya şəxslərin kommunal və nəqliyyat xidmətlərindən azad olması və sair) iqtisadiyyat üçün böyük öhdəlik idi.

 

Sosial müdafiədə varislik

 

Ümummilli Lider Azərbaycan xalqına son müraciətində İlham Əliyevin özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Müraciətdən ötən illər bir daha təsdiq etdi ki, Böyük Öndər tamamilə haqlı imiş. Xalqımız nəinki 2003-cü ildə, həm də 2008-ci və 2013-cü illərdə öz seçimi ilə bir daha Heydər Əliyev kursunun yaşamasına, davam etməsinə səs verdi. Bu mənada İlham Əliyevin siyasi kursuna Heydər Əliyev kursunun yaşaması və davamı kimi baxmaq lazımdır. Heydər Əliyev və İlham Əliyev dövlət quruculuğunun mahiyyətinə, onlar arasındakı səbəbli əlaqəyə diqqət yetirsək görərik ki, Ümummilli Lider tərəfindən uzaqgörənliklə, mükəmməl şəkildə müəyyən edilmiş strategiya İlham Əliyev tərəfindən bir o qədər dəqiqliklə, xalqımızın və dövlətimizin mənafeyi nəzərə alınmaqla həyata keçirilmişdir. Bununla yanaşı İlham Əliyevin dövlət quruculuğu modeli özünəməxsus ştrixlərlə də diqqəti cəlb edir. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi, "Əsrin kontraktı" çərçivəsində ölkəmizə maliyyə vəsaitlərinin daxil olması Heydər Əliyev tərəfindən başlanan islahatların, o cümlədən sosial islahatların daha da gücləndirilməsinə, infrastrukturun yeniləşdirilməsinə, yoxsulluqla ciddi mübarizəyə başlanmasına zəmin yaratdı.

İlham Əliyevin sosial siyasətinin qloballığı və əhəmiyyəti ondadır ki, onun başlıca istiqamətləri - sosial prioritetləri var. Bu prioritetlərin hər biri isə Heydər Əliyev tərəfindən önə çəkilmişdir. Bu istiqamətləri aşağıdakı kimi təsnifləşdirmək olar:

 

Regionların sosial-iqtisadi inkişafı

 

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də regionların inkişafına xüsusi diqqətin yetirilməsidir. Bunun da ciddi səbəbləri mövcud olmuşdur. O dövrdə daxili və xarici investisiyaların Bakı şəhərinə, onun infrastrukturunun yenilənməsinə cəlb edilməsi, regionlarda infrastrukturun, o cümlədən nəqliyyat və kommunal infrastrukturun bərbad vəziyyətdə olması, işsizlik və s. Bakı ilə regionlar, hətta respublika əhəmiyyətli digər şəhərlər arasında tamamilə fərqli bir həyat yaratmışdı. Urbanizasiya meyilləri güclənmiş,regionlardan əhali şəhərə miqrasiya etməyə başlamışdı. Cənab İlham Əliyevin prezident seçilməsindən sonra ilk qəbul etdiyi qərarlardan biri "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" 11 fevral 2004-cü il tarixli Fərman olmuşdur. Təkcə bir faktı qeyd etmək lazımdır ki, qeyd olunan Dövlət Proqramının icrası müddətində 600 mindən artıq iş yeri yaradılmışdır. Daha sonrakı dövrlərdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddətlərini əhatə edən iki Dövlət Proqramı - "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul edildi. Onu da qeyd etmək lazımdır ki, adıçəkilən proqramların icrası Cənab Prezidentin xüsusi himayəsində olmuş və hər il proqramın icrasına dair müşavirələr keçirərək onun nəticələrinə qiymət verilmişdir.

Regional inkişafın nəticəsidir ki, 2015-ci ildə regionlardan gəlirlərin 834 milyon manat olması nəzərdə tutulur. Bu isə 2014-cü ilə nisbətən 52,1 milyon manat və ya 6,7 faiz artıq olması deməkdir. Son illər həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri ilə yanaşı artıq bir neçə inzibati-ərazi vahidləri də öz xərclərini gəlirləri hesabına təmin etməklə dotasiyadan çıxmışlar. Bu siyahıya Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri, Abşeron və İmişli rayonları daxildir.

 

Yeni çağırışlar

 

Sosial-müdafiə sahəsində bizi qarşıda daha böyük işlər gözləyir. Bu işləri həyata keçirmək ciddi araşdırmalar, qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatlar vasitəsilə mümkündür. Bunlardan ən mühümləri kimi aşağdakıları qeyd etmək istərdim:

Pensiya təminatı sisteminin islahatının davam etdirilməsi

Növbəti illərdə pensiya təminatı sisteminin islahatı davam etdiriləcəkdir.Bu məsələlər  "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4  noyabr tarixli Sərəncamında öz əskini tapmışdır. Pensiya təminatı sistemində aparılan islahatlar sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunmasına, sosial sığortaya əsaslanmayan öhdəliklərdən qorunmasına istiqamətlənməlidir. Pensiya məbləğlərinin hər bir şəxsin ödədiyi sığorta haqqına uyğun müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir. Bütün bunların nəticəsi olaraq pensiyanın bir hissədə təyin olunması həyata keçiriləcəkdir, bu isə təyin olunacaq pensiyada ödənilən sığorta haqqının tam məbləğdə nəzərə alınmasına, sığorta prinsiplərinin gücləndirilməsinə şərait yaradacaqdır. Hesab edirik ki, pensiya təminatı sistemində iştiraka marağın artırılmasını təmin etmək məqsədilə sığorta haqqı normativinin müəyyən hissəsinin işəgötürənin üzərindən tədricən işçinin üzərinə keçirilməsi təmin edilməlidir.

Əhalinin etibarlı pensiya təminatına nail olunması üçün könüllü sosial sığorta fondlarının da yaradılması zəruridir. Bütün bu tədbirlər pensiya təminatı sistemində aşağıdakı nəticələrə nail olmağa yönəldilmişdir:

təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil edəcəkdir;

pensiya təminatı sisteminin yığım potensialı güclənəcəkdir;

pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sığortaya dair prinsiplər təkmilləşdiriləcəkdir;

sosial sığorta haqqı normativinin strukturu təkmilləşdiriləcəkdir;

məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə, əmək haqqının leqallaşdırılmasına maraq artacaqdır;

pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaqdır;

pensiyaların təyin olunmasında insan faktoru azaldılacaqdır və bu işlər bütünlüklə elektronlaşdırılacaqdır.

 

Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi

 

Ünvanlı sosial yardımların təyinatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması üçün kompleks işlər həyata keçirilir. Bunlardan biri də ünvanlı yardım alan ailələrin siyahısının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında, habelə əhalinin sosial müdafiəsi mərkəzlərində açıqlanmasıdır ki, bu da ünvanlı sosial yardım təyin edənləri əsassız ünvanlı sosial yardım təyinatından çəkindirir, sosial yardıma iddia edənləri isə ictimai qinaqla üz-üzə qoyur. Qarşıda duran əsas vəzifə bu sahədə şəffaflığın daha da gücləndirilməsi və bu sistemə etimadı bərpa etməkdir. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" 23 fevral 2015-ci il tarixli Fərman imzalamışdır. Qeyd olunan Fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində "Ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS)" yaradılacaqdır. Nəticədə vətəndaşların ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanı yaradilacaq, sosial yardımların təyinatı prosesi tam elektronlaşdırılacaqdır.

"Ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS)" vətəndaşlara fərdi kommunikasiya vasitələrindən, yəni kompüterlərdən, mobil telefonlardan və s. Habelə bu məqsədlər üçün xüsusi olaraq poçt şöbələrində quraşdırılmış infoköşklərdən istifadə etməklə ünvanlı dövlət-sosial yardımı ilə bağlı  elektron formada müraciət etmək imkanı yaradacaqdır. Vətəndaşlar pulsuz olaraq onlara verilən elektron imzalar vasitəsilə kompüterlərdən, mobil telefonlardan, infoköşklərdən ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə biləcəklər. Bu müraciətlər əsasında bütün arayış və məlumatlar müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq.  Eyni zamanda ünvanlı dövlət sosial yardım təyin olunub-olunmaması barədə məlumat da elektron qaydada veriləcəkdir.

 

Əlilliyin təyin olunması qaydalarının və meyarlarının təkmilləşdirilməsi

 

Əlilliyin təyin olunması sahəsində neqativ halların qarşısının alınması və şəffaflığın təmin olunması qarşıda duran başlıca vəzifələrdəndir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi, həmçinin, əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılmışdır. Bu sistem əlillik təyinatı prosesi zamanı aidiyyəti qurumlar arasında müvafiq məlumatların elektron mübadiləsinə, bu prosesin avtomatlaşdırılmasına xidmət edəcəkdir. Artıq tibbi sosial ekspert komissiyaları əlillik müayinəsi üçün göndərişləri tibb müəsissələrindən elektron formada qəbul edirlər.  

BMT-in "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasından irəli gələn öhdəliklərdən biri də ölkəmizdə əlilliyin qiymətləndirilməsi sistemində bio-psixo-sosial modelin tətbiqidir. Hazırda əlillik vəziyyəti tibbi yanaşma əsasında, şəxsin fiziki və ya əqli məhdudluğunun ağırlıq səviyyəsinə uyğun olaraq I, II və III dərəcələr üzrə müəyyənləşdirilir. Bu da həmin şəxsin fəaliyyət imkanlarının, əmək potensialının diqqətdən kənarda qalması və onun cəmiyyətə yalnız fiziki və əqli məhdudiyyətli insan kimi təqdim edilməsinə, əmək bazarına çıxışına maneələr yaranmasına səbəb olur. Dünya təcrübəsində əlilliyin müayinəsində fiziki və əqli məhdudluğun fəaliyyət bacarığına, əmək qabiliyyətinə təsirinin ölçülməsi daha məqsədəuyğun hesab edilir. Bu model -başqa sözlə sosial model əlilliyin qiymətləndirilməsində şəxsin yalnız tibbi diaqnozunu əsas götürmədən, onun fəaliyyət imkanlarını, o cümlədən əmək qabiliyyətini hansı səviyyədə itirməsinin ölçülməsi və əlilliyin də bu ölçü əsasında müəyyən edilərək rəsmiləşdirilməsi meyarına əsaslanır. Bu sosial model III dərəcəli əlillərin əmək qabiliyyətini 50-60 faiz, II dərəcəli əlillərin əmək qabiliyyətini 70-80 faiz, I dərəcəli əlillərin isə əmək qabiliyyətini 100 faiz, yəni tam itirmiş kimi müəyyən edilməsini nəzərdə tutur. Burada əsas məqsəd şəxsin mövcud əmək potensialının qorunub saxlanılması və reallaşmasına, onun yenidən aktiv həyata dönüşünə, son nəticədə reabilitasiyasına maksimum zəmin yaratmaqdır.   Ümumdünya Səhiyyə Təşkilatının Fəaliyyətin Beynəlxalq Təsnifatı, Əlillik və Səhiyyə sənədində də bununla bağlı sosial yanaşmalar əksini tapır. Bu təsnifat  yalnız fiziki amilləri deyil, o cümlədən sosial və ətraf mühitlə bağlı amilləri də əlilliyin qiymətləndirilməsində vacib hesab edir.

 

Səhiyyənin təşkilinin yeni üsullarının tətbiqi

 

Sosial siyasətin ən vacib istiqamətlərindən olan əhalinin sağlamlığının qorunmasının daha da güclü mexanizmlərinin yaradılmasına ehtiyac vardır. Son illərdə tibb sahəsində irimiqyaslı işlər görülsə, əhatəli qanunvericilik bazası yaradılsa da, tibbi sığortanın tam tətbiq olnmaması, bölgələrdə yüksək ixtisaslı tibbi kadrların çatışmazlığı və s. son nəticədə tibbi xidmətin keyfiyyətinə təsir göstərir. Tibbi sığorta sistemi vasitəsilə tibbi yardımın göstərilməsi bir sıra üstünlüklərə malikdir.

İcbari tibbi sığortanın tətbiq olunması və bu sahədə yeni idarəetmə üsullarının yaradılması Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sistemində hazırkı problemlərin aradan qaldırılmasının ən real yollarından biridir. İcbari tibbi sığorta səhiyyə sistemi üçün əlavə gəlir mənbəyinin yaradılmasına imkan verir, səhiyyə resurslarını özündə cəmləşdirməklə xərclərin daha səmərəli istifadəsi ilə nəticələnir və vətəndaşların daha keyfiyyətli tibbi xidmətlərdən istifadə etməsi imkanlarını artırır.

İcbari tibbi sığorta sisteminin tətbiq edilməsi tibbi xidmətlər sahəsində keyfiyyətcə yeni münasibətləri formalaşdıracaqdır. Belə ki, mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrinin vətəndaşlara təqdim etdiyi baza zərfinə daxil olan tibbi xidmətlər icbari tibbi sığorta vasitəsilə ödəniləcəkdir.

Səhiyyəyə ayrılan dövlət xərclərinə və icbari tibbi sığortadan daxil olan vəsaitlərə uyğun olaraq, baza zərfinin müəyyənləşdirilməsi vasitəsilə əsas tibbi xidmətlərin müxtəlif təbəqələr tərəfindən təmin oluna bilməsi kimi məsələlər öz həllini tapacaqdır. Bu zərf bütün ilkin və profilaktik xidmətləri, ictimai sağlamlıq tədbirlərini və digər xidmətləri özündə cəmləşdirir. Aparılacaq islahat xəstələrin səciyyəvi xüsusiyyətlərini-demoqrafik, epidemioloji, sosial-iqtisadi və digər müvafiq amilləri nəzərə almaqla, səhiyyə xərclərinin adambaşına bölüşdürülməsi prinsipini tətbiq etməyi nəzərdə tutur.

Qeyd olunanlar bir daha göstərir ki, uğur və nailiyyətlər hədəflərin düzgün müəyyən olunması və səmərəli şəkildə həyata keçirilməsi zamanı əldə olunur. Sosial müdafiə sahəsində "düzgün strategiya - düzgün taktika" vəhdəti insanların layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edəcəkdir. 

 

Hadi Rəcəbli,

Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü

 Səs.- 2015.- 25 aprel.- S.6.