Hüquqi dövlət
ideal sosial sistem kimi
Sosial sistemlər həm təbii, həm də idraki
sistemlərdir.
Bu sistemlər ona görə təbii sistemlərdir
ki, onun elementləri insandır və insan özü təbii
sistemdir. Eyni zamanda, bu sistemlərin
yaranmasında müəyyən hallarda təbii amillər daha
mühüm rol oynayır. Misal
üçün, bu sistemlərin yaranmasında ekologiya,
coğrafi mühit və müxtəlif aspektli energetik qüvvələr
mühüm rol oynaya bilər. Amma eyni
zamanda bu sistemlər ona görə idraki sistemlərdir ki, hər
bir sosial sistemin yaranmasında insanın özünün də
fəaliyyəti əhəmiyyətli və mühüm rol
oynayır. Müxtəlif sosial sistemlərdə bu "təbii"
və "idraki" amillərin nisbəti müxtəlif
şəkildə ola bilər. Sosial sistemlər daha çox halda açıq sistem
olurlar. Amma müəyyən hallarda nisbi qapalı sistemlər
də ola bilərlər. Məsələn,
dini sektalar və s.
Ə.Qəşəmoğlu göstərir ki, elmdə
ilk dəfə sosial sistemləri geniş şəkildə
Amerika sosioloqu T.Parsons araşdırmışdır. Onun tədqiqatlarında
sosial sistem - iki və daha çox sosial varlığın məhdud
mühitdə az və ya çox dərəcədə
dayanıqlı qarşılıqlı əlaqədə
olması kimi müəyyən olunur. Diqqətlə
fikir versək, bu tərif və izahın çox da mükəmməl
olmadığını görmək olar. Əvvəla,
bugünkü Qərb fəlsəfəsində,
sosiologiyasında, ümumiyyətlə Qərb elmində
"sosial varlıq", "sosial xadim"
anlayışlarının özü aydın şəkildə
izah oluna bilmir. Çünki bu
anlayışları lazımınca izah etmək
üçün əvvəlcə insanın öz mahiyyəti
insan idrakının imkanları daxilində aydın
olmalıdır. Təəssüf ki,
bugünkü Qərb elmi insanın mahiyyətini düzgün
olaraq təsəvvür edə bilmir. İkincisi,
"məhdud mühit" dedikdə nə başa
düşülür, yəni nə qədər məhdud?
İnsanlar istənilən cür əlaqədə
olması zamanı əmələ gələn sistemə
sosial sistem demək olarmı? Misal
üçün insanlar qeyri-şüuru olaraq
qarşılıqlı əlaqədə olduqları zaman
sistem əmələ gətirirlərmi?
Hüquqi dövlətin "sosial sistem" kimi mahiyyətinin
daha elmi, daha doğru şəkildə
aydınlaşdırılmasına olduqca böyük ehtiyac
vardır. Sosial sistemin mahiyyətinin daha düzgün izah
olunması cəmiyyətdə gedən prosesləri daha
yaxşı başa düşməyə, mövcud problemləri
ortadan götürməyə, cəmiyyətdəki,
ümumiyyətlə yer üzündəki problemləri daha
uğurla həll etməyə kömək elə bilər.
Ə.Qəşəmoğlu yazır: "Sosial sistemlərin
düzgün dərk olunması bu sistemlərdə idarəetməni
daha səmərəli həyata keçirmək
üçün vacibdir. Bu anlayışı
düzgün izah etmək üçünsə əvvəlcə
bir sıra başqa anlayışların izahına, dəqiqləşməsinə
ehtiyac vardır. Bu anlayışlar ilk növbədə
aşağıdakılardır: "sistem", "insan"
və "sosial". "Sistem"
anlayışını əvvəlki fəsildə kifayət
qədər aydınlaşdırmışıq. İnsan isə "insan" və "sosial"
anlayışlarını dəqiqləşdirməyə
çalışaq. Dini kitatabların, bir
çox mütəfəkkirlərin dediyi kimi, dünyanın
dərki, insanın özünü dərk etməsindən
başlayır. Allahın
yaratdığı mükəmməl bir varlıq olan
insanı dərk edib, insanla o biri varlıqların müqayisəsini
apardıqca kiçik bir hissəciyin də, planetlərin də,
kainatın da bir çox sirləri aydınlaşmağa
başlayır. Ən qədim zamanlardan da
insan öz mahiyyəti barədə düşünməyə
başlayıb. İnsan problemi hər zaman
bədii yaradıcılığın, ədəbiyyatın
diqqət mərkəzində olub. İnsanın
mahiyyətini daha yaxşı sezə bilən istedadlı
yazıçıların əsərləri daha bəşəri
xarakter daşımış, daha uğurlu olmuşdur".
Çox təəssüf ki, indaki zamana qədər,
insan özü özünü hələ lazım qədər
dərk edə bilməyib. İndiki dövrdə
insan problemlərinin araşdırılması sahəsində
dünyada ən tanınmış mütəxəssislərdən
biri olan, rusiyalı akademik A.Q.Spirkinin yazdığı kimi
"İnsanın həqiqi mahiyyətinin dərk olunması məsələsi
bir çox fəlsəfi nəzəriyyələrdə ortaya
qoyulsa da, bu sahədə tam, bütöv bir fikir hələ
deyilməmişdir. Amma bu mahiyyətin
açılması prosesi bir vulkan kimi döyünməkdə,
lakin hələ üzə çıxa bilmədiyindən səngiyərək,
öz daxili enerjisinin həlledici təkanını gözləməkdədir.
Bir vaxt gələcəkdir ki, müxtəlif
tellərlə cəmiyyətlə, kainatla bağlı olan
insan fəlsəfi biliklərin mərkəzində
dayanacaqdır".
Hüquqi dövlətdə bir varlıq kimi insanın
öz mahiyyəti nədən ibarətdir? XIII əsrə
qədər dünya sivilizasiyasında aparıcı rol oynayan
Şərq elmi, dinlərin hamısı bu suala cavab verməyə
çalışsalar da, bu cavablar elmi baxımdan konstruktiv
olmayıb. Dinlərin hamısına məxsus
olan kodlarla verilən informasiyaların əksəriyyəti ən
məşhur din xadimləri tərəfindən belə sona qədər
açıqlana bilməmişdir. Şərq
elminin müxtəlif dini cərəyanlara, əsasən buddizmə,
sintoizmə, konfusizmə, şamançılığla,
islama mücərrəd şəkildə dayaqlanan mühakimələri
isə insanın mahiyyətini mifik-bədii şəkildə
izah etməyə daha çox meyilli olmuşdur. Dünyadakı bugünkü sivilizasiya isə əsasın
XIX əsrdə formalaşmış Avropa elmi
dünyagörüşünün təsiri altındadır.
Əvvəlki fəsillərdə izah edildiyi
kimi, bu elmi dünyagörüşü harmoniya prinsiplərini
lazımınca nəzərə ala bilməyib və insan, cəmiyyəti
üçün olduqca mühüm olan kosmik amillərdən
bəhrələnə bilməyib. Həmin
çatışmazlıqlar bugünkü Qərb mədəniyyətində,
qərb elmində yenə də davam etməkdədir.
Qədim Şərq və müasir Qərb elmindəki
bir sıra önəmli nəticələri də nəzərə
alaraq, insan barədə indi elmdə olan baxışları
xeyli genişləndirmək olar. Bu sahədəki
mülahizələrimizi diqqətinizə çatdırmaq istərdik.
Ə.Qəşəmoğlu göstərir ki, müasir
elm insana bir "bio-sosial" varlıq kimi baxır. Əslində
isə, dərindən fikir versək, insana "bio-sosial"
varlıq deməklə onun mahiyyətini xeyli məhdudlaşdırmış
oluruq. Bir çox fəlsəfi təlimlərə
görə, bütün kainat bir orqanizm, bir sistem
halındadır və insan onun kisicik bir zərrəsidir.
Belə olduqda, insan bədənindəki
kiçicik bir toxuma insanın bütün bədəni ilə
həm fiziki, həm energetik olaraq əlaqədə olduğu
kimi, insan öz varlığı, ruhu ilə bütün bu
kainat aləmi ilə əlaqədədir və eyni zamanda
kainatdan aldığı enerjinin köməyi ilə
mövcuddur. İnsanın ruhu onu kosmik
vucudla bağlayan, bu vucuddan insanın insan kimi
formalaşması üçün yaradıcı əhəmiyyəti
olan proqramları daşıyan, bəzən Yaradanın
(Allahın) nəfəsi deyilən energetik bir aləmdir.
Bu amili nəzərə alaraq insana eyni zamanda bir
(kosmo) varlıq kimi də baxmaq tamamilə qanunauyğun bir
haldır. İndiki elmin də dediyi kimi,
insan doğrudan da, eyni zamanda bir bioloji varlıqdır. Amma insan o biri bioloji varlıqlardan, ruhun təsiri
altında formalaşan psixi sistem olmağı ilə
seçilir. Bu psixi aləm ruhun təsiri
ilə insanın qəlb dünyasını, idrakını
formalaşdırır və nəhayət, insan doğrudan da
eyni zamanda cəmiyyətin, başqaları ilə ünsiyyətin
məhsuludur - bir sosial varlıqdır. Deməli,
insana yalnız indiki elmin dediyi "bio-sosial" varlıq kimi
yox, "kosmo-bio-psixo-sosial" varlıq kimi baxmaq daha
düzgün olar. İnsanın həyatda
normal, ahəngdar fəaliyyət göstərə bilməsi
üçün o, kosmik bağlılıq içində
bioloji cəhətdən sağlam, psixoloji cəhətdən
rahat, sosial cəhətdən əhəmiyyətli və mənəvi
cəhətdən zəngin, ahəng içində olan bir həyata
malik olmalıdır. İnsanların
özləri əksər hallarda öz şəxsi həyatlarında,
ailələrində belə bu balansı qorumağın fərqinə
varmırlar.
Ə.Qəşəmoğlunun fikrincə, vəhdətdə
olan yer üzündə insan təkcə yer üzünün
varlığı deyil, kosmosun - göy üzünün yer
üzündəki varlığıdır. Yer üzü
elə özü kosmosda - göy üzündədir. Aydındır ki, yer üzündəki bütün
varlıqların hamısı göy üzünün təsiri
altındadır. Hər bir insan kosmosla,
göy üzü ilə yer üzünün birlikdə məhsuludur.
İnsana həm yer qanunları, həm də
kainatın qanunları təsir edir. Hər
bir konkret adamda göy üzü ilə yer üzünün
payı müxtəlif nisbətdədir. Aydındar
ki, bədəndə olan müxtəlif orqanların hər
biri beyinin, onurğanın müxtəlif nöqtələri ilə
daha çox əlaqədədir. Buna bənzər
olaraq da insanlar kosmosda müəyyən bir aləmin müxtəlif
hissələri ilə əlaqədədirlər.
İnsan göy üzünün - kainatın (kainatlar
sisteminin) elə bir aləminin təsiri altındadır ki, yer
üzündəki heç bir varlıq həmin aləmlə
insan qədər əlaqədə deyil. Qeyd etmək
lazımdır ki, bu aləm bəzilərinin
düşündüyü kimi məsafəcə olduqca uzaqda
olmaya bilər. Bu aləmin bir tərəfi elə bizim ətrafımızda
da ola bilər. Həmin aləmə
"insanyaratma aləmi" demək olar. Ancaq
yer üzündəki bütün insanlar da göy
üzünün həmin aləmi ilə eyni şəkildə,
eyni dərəcədə əlaqədə deyillər. Müxtəlif insanların həmin aləmlə əlaqələri
müxtəlif şəkildədir. O aləmi bir okeana bənzətsək,
kimi o okeanın bir adası, kimisi başqa adası, kimisi
suların üzü, kimisi isə suların altı, ya bir
qayalıq, meşəlik və s. hissəsi ilə əlaqədardır.
Həmin aləmin hər bir hissəsindən
axan ruh, insana həmin hissənin xarakterini gətirir. Bir
məkanda olan bulaqla meşənin ruhu, energetikası,
havası eyni olmadığı kimi həmin "insanyaratma aləmi"nin də müxtəlif yerlərinin ruhu
müxtəlifdir. Bu okeanın eyni bir hissəsi
ilə daha yaxın olan insanların psixikası, xarakteri, ruhu
bir-birinə yaxın olur.
İndi tez-tez incə, həssas dünya barəsində
mülahizələr eşidilməkdədir. İlbəil
daha həssas dalğalar, sahələr barədə məlümat
əldə edilir, hətta bu sahələri ölçə
bilən, bu sahələrdən istifadə edən müxanizmlər,
cihazlar, gündəlik tələbat malları
hazırlanır. Kompyuter erası bu istiqamətdə
daha sürətli irəliləyişi təmin edir. Bizim
hələ ki, əldə etdiyimiz həmin həssas
dalğalar, sahələr və s. həmin sirli aləmdəki
nisbətən kobud varlıqlardır. Həmin
varlıqların arxasındakı sonsuz aləmləri göz
qabağıa gətirməklə, hansı bir aləmin
içində yaşadığımızı təsəvvür
etmək çətin deyildir. İnsan hələ
bu aləmin ona, onunsa bu aləm vasitəsi ilə hadisələrə
nə dərəcədə təsir edə bilməsi barədə
lazımi bilgilərə malik deyildir. Bu
bilgilərsizsə insanın mahiyyətini kifayət qədər
dərk etmək mümkün deyil.
Ə.Qəşəmoğlu qeyd edir ki, müasir elmin də
əsaslandırdığı kimi, hər bir insan yalnız
bizim gördüyümüzdən ibarət deyil. Bu sahədəki
fikirləri davam etdirərək,
aşağıdakıları demək olar. Hər bir insanın xarici görünüşü,
fəaliyyəti böyük bir sirli aləmin real həyatdakı
əksi, görüntüsüdür. Hər
bir insan mahiyyəti etibarilə göy üzünün
informasiya daşıyıcısıdır. Hər kəsə obrazlı olaraq həm
alıcı, həm də verici antenna kimi də baxa bilərik.
Doğrudur, bu "antennalar" müxtəlif
gücdədir. Kimi kosmosdan güclü
enerji, informasiya qəbul etdiyi halda, digərlərinin bu əlaqəsi
olduqca zəifdir. Bu barədə L.Qumilyovun
etnogenezlə, passionar enerji ilə bağlı fikirləri
olduqca diqqəti çəkəndir.
İnsanın mahiyyəti barədə
danışılan zaman ən əvvəl Allah barədə
müəyyən bir təsəvvür olmalıdır. Dünyanın
bir çox filosoflarının, müdrik insanlarının
Allah barədə konkret mülahizələri var. Allah
vardır və dünyanın fövqündədir. Allah dedikdə, yer üzündə, kainatda,
bütün dünyada hər bir mövcud olanın fəaliyyətinə
və sükunətinə rəvac verən, dərk olunmaz bir
qüdrət, qüvvə nəzərdə tutulur. Sistem nəzəriyyəsi Allah barədə təsəvvürləri
də dəqiqləşdirməyə imkan verir. Yaşadığımız dünya sosuz
ölçülü bir sistemdir. Aydındır
ki, hər bir sistemin fəaliyyətini tənzimləyən bir
qüvvə var. Allah bu sonsuz ölçülü sistemin fəaliyyətini
tənzimləyən, onun mövcudluğunu təmin edən
qüvvədir. Bu qüvvənin hər bir
miqyasda, miqdardakı təsiri İlahi qüvvə adlanır.
Allahın varlığını duya bilməmək
məhdud, dar düşüncə sahibi olmaqdan xəbər
verir. Allahın bir qüvvə kimi yalnız təzahürlərini
müşahidə etmək mümkündür: Allahın bir
qüvvə kimi özünün dərk olunması insanın
imkanları xaricindədir. Allahın yer üzündə,
kainatda görünən ən mühüm əlaməti, harmoniya, ahəng
qanunlarıdır. Özünüz
düşünün, görün Allah nə qədər
kamil, qüdrətli bir qüvvədir ki, onun təsiri
bütün aləmdə bu qədər ahəng yaranmasına
kömək edir. Onun əlamətlərində
bu qədər ahəng nümayiş olunur. Bir çoxları sonsuzluq anlayışı qorxuda,
qane etməyə bilər. Fikrimcə,
sonsuzluq - insan idrakının hüdudlarından sonrakı aləmdir.
İnsan idrakı haraya qədər davam edirsə,
orada özünün icad etdiyi müxtəlif cihazların
köməyi ilə müəyyən ölçmələr
apara bilər. Amma edə bir hüdud
başlayır ki, ondan o tərəfə insan idrakı davam edə
bilmir. İnsan həmin aləmi sonsuzluq
adlandırır. Belələri adətən
sonsuzluq anlayışı ilə qeyri-müəyyənlik
anlayışını qarışıq salırlar.
Vahid
Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-
2015.- 28 aprel.- S.15.