Zərifə xanım
nadir, unikal bir qadın idi
YAP
Qadınlar Şurasının sədri, partiyanın İdarə
Heyətinin üzvü, professor Nurlana Əliyeva
- Nurlana
xanım, aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın anadan olmasının 92-ci
ildönümü tamam olur. Sizin üçün Zərifə
xanım Əliyeva kimdir?
- Azərbaycanın
görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində
dünyaya göz açmış,
mili dəyərləri övladlarına böyük məhəbbətlə
təlqin etmiş Leyla xanımın tərbiyəsi ilə
böyümüş, Azərbaycanın milli dövlətçilik
tarixinin hünərvər müəllifi Heydər Əliyevin
ömrünün sultanı, Vətənimizin,
xalqımızın əziz, dəyərli övladı və
rəhbəri, dövlətimizi uğurla dünya birliyinə
çıxardan möhtərəm Prezidentimizin əziz
anası, gözlərə nur paylamış, nurdan
yoğrulmuş bir ana, alim, şəxsiyyət!
Azərbaycan
qadınlığının adına,
ünvanına şərəf, qürur gətirmiş,
qadınlıq, zəriflik, möhtəşəmlik mücəssəməsi...
Bütün həyatı, ailəsi, fəaliyyəti örnək,
məktəb, nümunə olan İnsan!
Yaranışdan
bütün bəşər övladına məxsus ali bir duyğu doğulub
köksümüzün altında, göyərib boy göstərir.
Zaman keçdikcə daha da əlvanlaşan, daha da müqəddəsləşən,
hiss və düşüncələrimizə hakim kəsilən
o duyğu ən dar məqamlarda ən yaxın köməkçimizə
çevrilir. Həyatdan əlimizi üzəndə
o duyğu əlimizdən tutur, inamımızı,
istinadgahımızı itirəndə o duyğu bizim
üçün inanma, istinadgaha çevrilir. Nə vaxtsa o duyğunu Sevgi adlandırırıq.
Mental yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm,
Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə
misalında ilahi sevginin mükəmməl nümunələrini
xatırlayır. Heydər Əliyev öz ömür –gün
yoldaşı, mərhum akademik Zərifə xanıma olan
sonsuz sevgisi və
bu sevginin etirafi ilə mənəviyyat tariximizdə
bütöv nəsillərə örnək ola biləcək
bir sevgi rəvayəti də yaratdı.
Təməlində həqiqətin olduğu bu rəvayətin
bir qütbündə xalqın böyük oğlu Heydər
Əliyev dayanırsa, digər qütbündə Azərbaycan
qadınlığının mücəssəməsi Zərifə
Əliyeva dururdu.Onun parlaq həyatı hadisələr və mənalarla
zəngindir. Məni isə ən çox düşündürən
onun analıq fenomenidir. Zərif bir ana necə böyük bir
qüdrət daşıya bilir. Dünyaya necə böyük
insanlar bəxş edə bilər, xalqın taleyində necə
misilsiz iz qoya bilir.
Analıq doğrudan da təbiətin ən böyük
möcüzəsidir! Analar həyatda ən çətin olan iki şeyə
qadirdirlər: həm böyük tale, həm də
böyük xoşbəxtlik bəxş edə bilmək
qüdrətinə. Sayıram ki, bu cəhətdən
də Zərifə xanım nadir, unikal bir qadın idi.
Mən həyatda
hər şeyin anadan miras olduğuna inanıram. Zərifə xanımın anası Leyla xanım da
xoşbəxt taleli bir qadın idi.O, dörd övladın ilki
idi. Bu dörd övladın hamısı həyatda
istedadlı və xoşbəxt taleli insanlar oldu. Bir qızı Gülarə gözəl
ifaçı və bəstəkar, iki oğlu—Tamerlan və Cəmil
görkəmli tibb alimi oldular. Lakin Zərifə xanımın taleyi
onların hamısından nurlu, uğurlu oldu. Yəqin ona görə
ki, ailənin ilki idi və valideynlərin məhəbbət
payının çoxu ona qismət olmuşdu.
Deyirlər ki, uşaqlıqdan qismət olan ana məhəbbəti
insanı xoşbəxt edir. Zərifə
xanımı anası da, görkəmli dövlət adamı
və həkim olan atası da çox istəyirdi. Xalqın tarixində iz qoymuş bu ailə sovet
dövrü Azərbaycan elitasının seçmə və
tipik nümunəsi idi. Yüzlərlə
bolşevik xadimləri kimi onların da yolu kənddən -
Naxçıvanın Şaxtaxtlı kəndindən
çıxmışdı. Zərifənin
atası öz həkimlik fəaliyyətinə burada
başlamış, ilk övladı da burada doğulmuşdu.
Əziz Əliyevin
İrəvan yaxınlığındakı kənddən
başlayan həyatı demək olar ki, təkərlər
üzərində keçmişdi. 1918-ci ilin Azərbaycanlılara
qarşı soyqırımı bu ailədən də yan
ötmədi: onları didərgin salıb Naxçıvana, oradan isə
Bakıya gətirdi. 1923-cü ilin yayında
Bakıya gələn Əziz Əliyev rus dilində
çıx savadlı bir gənc kimi, tanışların
köməyi sayəsində dövlət işinə girir və
onun fasiləsiz yüksəlişi başlanır.
Bu yüksəlişin təməlində qızıl
medalla bitirilmiş İrəvan gimnaziyasının təhsili
dururdu. Təhsilə, elmə, müasirliyə maraq onun
övladlarının da həyat yolunu təyin etdi. Kökləri bəy nəslindən olan Leyla
xanım uşaqlarının təhsil və tərbiyəsi
ilə özü məşğul olurdu. Əri
isə Mədəni İnqilabın yorulmaz əsgərlərindən
biri idi. Ali təhsil almaq üçün ona
böyük maarifçi və xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyev maddi yardım etmişdi və bunun sayəsində
o, Peterburq Hərbi Tibb akademiyasına daxil ola
bilmişdi. 20-30-cu illərdə Əziz
Əliyev Azərbaycan maarifinə öz övladlıq borcunu
qaytardı, maarif və səhiyyənin təşkilində
var qüvvəsi ilə çalışdı. Ömrünün sonunda yenə səhiyyəyə
qayıtdı, bütün təcrübəsini gənc
kadrların yetişdirilməsinə həsr etdi.
- Sizcə,
ailə faktoru və aldığı təhsil Zərifə
xanım Əliyevanın şəxsiyyət kimi
formalaşmasında nə kimi rol oynadı?
-
1920-30-cu illərdə Azərbaycanda həkimlər
çatışmırdı, ona görə xalq arasında həkimlərin
böyük nüfuzu var idi. Yeni avropa tipli səhiyyə Azərbaycanda
kütləvi epidemiyalara qarşı mübarizə
edir, klinik müalicənin əsası qoyulur, uşaq
ölümünün qarşısını almaq
üçün böyük işlər görürdü. Əziz Əliyev sonra bir sıra siyasi postlarda işləsə
də, onun ailəsində tibb elminin nüfuzu yüksək
olaraq qaldı. Balaca Zərifə də
otuzuncu illərdə orta məktəbdə oxuduğu vaxtlarda
həkim olmaq, xalqına xidmət etmək haqqında
düşünürdü. Bütün rəhbər
partiya işçilərinin uşaqları kimi Zərifə də
rus dilində oxumalı oldu.
Lakin ailədə ana dilində danışmaq və
düşünmək ənənəsi möhkəm idi. Zərifənin
anası Leyla xanım ana dilinin canlı
daşıyıcısı idi. O biri tərəfdən
ailə qaçqınlıq aqibətini
yaşamışdı. Kənd kökləri, İrəvan dövrü ilə
bağlı qohumlar və tanışalar daim-bir birini
axtarıb arayır, görüşür, imkan olduqca kənddəki
əqrəbaları ilə əlaqələri saxlamağa
çalışırdılar. Uşaqlıqda
Zərifənin böyüdüyü ocaq nadir hallarda
qonaqsız olurdu. Hamısının
problemləri, xahişləri, umduqları yardımların
sayı hesabi yox idi. O zaman insanlar bununla fəxr edir, qohum
və tanışlara yardımlarını əsirgəmirdilər.
Bu xeyirxahlıq dərsini Zərifə də anasından
alır, onun sadə, lakin xeyirxah əməllərindən
dərs alırdı.
O zamanlar
təhsilin, məktəbin, müəllimin nüfuzu müqayisəyə
gəlməz dərəcədə yüksək idi. Ona
görə yaxşı oxumaq, savada can atmaq gənc
yaşlarından insanların sosial statusunu, şəxsi
nüfuzunu müəyyən edirdi. O zaman bahalı geyim və
ya maşınla fərqlənmək imkanı yox idi. Qürurlu və çalışqan bir qız olan Zərifə
də atasının nüfuzundan istifadə etmək istəmirdi,
səylə oxuyur, kitabı əlindən qoymurdu. Paralel olaraq fortepiano üzrə musiqi dərslərinə
gedirdi. Onun zəhmətləri hədər getmədi:
uğurla Tibb İnstitutuna daxil oldu və müharibənin
ağır illərində təhsilini başa vura bildi.
Bu illər Zərifənin ailəsi üçün
çətin dövr idi. Atası 1941-1942-ci illərdə Azərbaycan
KP MK Katibi, sonra isə altı il
Dağıstan Respublikası MK-sının birinci katibi işləmişdi.
Bu müharibənin ən ağır illəri
idi. Onu ən çətin sahələrə
yollayırdılar. Bir müddət
İranda da səlahiyyətli partiya işçisi kimi
çalışmışdı. Bütün
bunlar ailədə də gərginlik və nigaranlıq
yaradır, Zərifə də atasına görə anası
ilə birgə həyəcan keçirirdi. Belə gərgin
vaxtlarda onun dayağı anası Leyla xanımın səbri,
iradəsi, dözümü, dərslərlə
başını qatmaq, gələcəklə yaşamaq
nikbinliyi idi.
Pis
günün ömrü az olar deyiblər. Müharibə qurtaranda Zərifəgilin ailəsində
də bayram oldu, atası da arada əsgər şinelini, zabit
geyimini əynindən çıxardı. İstirahət
günləri evdə görünməyə başladı.
1947-ci ilə Zərifə xanım nəhayət ki, Tibb İnstitutunu bitirmək
barədə diplomunu aldı. Hələ tələbəlik
illərində görkəmli həkim, institutun müəllimi
Umnisə Musabəyova onun
çalışqanlığını görüb göz xəstəlikləri
üzrə ixtisaslaşmağı məsləhət
bilmişdi. Həyat göstərdi, ki.
müdrik müəllimə
yanılmamışdı. Zərifə xanım ömrü
boyu öz elmi seçiminə sadiq oldu və nadir əsərləri
ilə oftalmologiya elmini
zənginləşdirdi.
- Zərifə
xanım Əliyevanın elmi fəaliyyət istiqamətində
atdığı addımlar haqqında nə deyə bilərsiniz?
- 1947-ci
ilin payızından Zərifə Əliyeva gənc mütəxəssis
kimi iki il Moskvada çalışdı və
biliklərini artırdı. Onun ezam olunduğu Qolmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutu bu sahədə SSRİ-nin aparıcı elmi müəssisəsi
idi, orada ölkənin ən hüfuzlu göz həkimləri
çalışırdılar. Gələcək elmi fəaliyyət
üçün buradakı elmi mühit ən münasib yer idi. Elmi diskussiya
və seminarlarda, şuralarda, müdafiə məclislərində
iştirak etdi. Moskva qəribə mühit idi: burada hər
alimin öz fikri və öz yolu vardı, heç bir elmi
avtoritet bütləşdirilmirdi. Hamı tənqid
üçün acıq idi. Burada Zərifə
xanımın gəldiyi əsas nəticə belə oldu: elmdə
öz yolunu tapmaq, öz axtarış cığırına
düşmək əsas məsələdir. Bunsuz
orta həkim olarsan, amma həqiqi alim olmaq mümkün deyildir.
Moskva
mühiti mənəvi cəhətdən də gənc həkim
qızın inkişafına təkan verdi.
İyirmi dörd yaşlı azərbaycanlı
qızı, daim anasına sığınıb yaşayan Zərifə
institutun yataqxanasında müstəqil yaşamağa
başladı. Bu romantik bir dövr olan dolu tələbəlik həyatının
davamı idi. Ətrafda davadan qalma qəhətlik
və kasıblıq hökm sürsə də, o zamankı tələbə
gənclik əksərən müharibə səngərlərindən
universitetlərə gəlmiş nəsil idi.
Böyük qanlar və qurbanlar hesabına faşizmi əzmiş
bu nəsil gələcəyə, çətinliklərin
aradan gedəcəyinə, insanların müharibəsiz
dünyada xoşbəxt olacağına necə
inanırdılarsa,
Zərifə də bu gələcəyə elə
inanırdı.
1949-cu ildə
göz xəstəlikləri üzrə dərin elmi biliklərlə
Bakıya qayıdan Zərifə Əliyeva Elmi-Tədqiqat
Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi
çalışmağa başladı və həmin ildə də aspiranturaya
daxil oldu. Onun elmi marağını da həyat
özü diktə etmişdi. Müharibədən
sonra Azərbaycanda traxoma adlı göz xəstəliyi
geniş yayılmışdı. Müalicəsiz
bu xəstəlik insanları dünya işığına həsrət
də qoya bilirdi. Dövlət səviyyəsində
Zərifə xanımın çalışdığı bu
instituta traxoma epidemiyası əleyhinə preparat və
antibiotiklər hazırlamaq tapşırılmışdı.
Gənc alim çalışdığı
institutun bu yöndəki araşdırmalarında yaxından
iştirak edirdi.
Lakin o, bununla kifayətlənmirdi. Nüfuzlu alim
və həkim həmkarlarının xatirələrindən
öyrənirik ki, Zərifə Əliyeva Azərbaycanın
rayonlarında traxoma epidemiyalarının mərkəzi olan kənd
və qəsəbələrə yollanan elmi ekspedisiyaların
könüllü iştirakçısı olmuşdur. Bir necə cavan qadın həmkarı ilə birgə
o, ağır xəstələri müalicə edir, elmi
mühazirələr oxuyur, insanlarla ünsiyyətə girib
ev-ev izahat işləri aparırdı. Məhz
Zərifə xanımın daxil olduğu ekspedisiyanın
üzvlərinin fədakarlığı, zəhməti sayəsində
qısa bir vaxtda traxoma epidemiyaları
lokallaşdırıldı, problemin kəskinliyi aradan
götürüldü.
Gənc həkimin fədakarlığına tərəddüdlə
baxanlara o məhəl qoymurdu. Çünki traxoma
kimi bəlaya qarşı mübarizəni öz həkim borcu
sayırdı. Sözü gedən ekspedisiyalarda
qazanılan elmi müşahidələr, müalicə
üsulları onun karına gəldi:
bütün bu materialları diqqətlə ümumiləşdirdi
və onların əsasında namizədlik
dissertasiyasını tamamladı. 1959-cu ildə
bu dissertasiyanı uğurla müdafiə edib tibb elmləri
namizədi elmi dərəcəsi aldı.
- Nurlana
xanım, Zərifə xanım Əliyevanı ailə
başçısı kimi necə xarakterizə edərdiniz?
- Zərifə
xanım, bir azərbaycanlı qızı kimi, elmdə nə
qədər realist idisə, həyatda da bir o qədər
romantik idi. İllər sürətlə gedir, o
isə öz romantik qəhrəmanını gözləyirdi.
O gözəl piano çalır, tələbə məclislərində
Azərbaycan və rus dillərində məlahətli səslə
oxuyurdu. O görkəmli sənət və söz
adamlarının əhatəsində böyümüşdü.
Əziz Əliyevin Zevin küçəsindəki evi Azərbaycan
ziyalılarının toplaşdığı bir yer idi:
Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Səməd
Vurğun, Qara Qarayev, Bülbül, Niyazi və başqaları
burada tez-tez olurdular. Zərifə xanım
hələ qız vaxtından şəhərin üzdə olan
gözəllərindən biri idi. Heydər Əliyevin
böyük qardaşı Həsən Əliyevin də
Zərifənin atası ilə yaxşı ailə münasibətləri
vardı.
Tale Zərifənin
üzünə güldü: arabir müxtəlif münasibətlərlə
onlara gələn Heydər evin böyük qızına meyl
saldı. Zərifə bunu hiss etməyə bilməzdi.
1951-cü ildə Heydər Əliyev Dövlət Təhlükəsizliyi
orqanlarında çalışan göy mənalı gözləri
olan, ucaboylu, həmişə hərbi formalı zabit idi. Bu zabit həm Azərbaycan, həm də rus dilində
gözəl danışırdı. Tezliklə bu zabit qızın qəlbinə
hakim oldu. Görüşməyə
başladılar. Allah bu insanı Zərifə
xanıma bütün ideallarını gerçəkləşdirmək
üçün yollamışdı, öz lütfü kimi
yollamışdı. Bu , bəxt
ulduzu idi.
Lakin hələ
Stalin sağ, Mir Cəfər Bağırov isə öz taxtında idi. Gənclərin romantik münasibətləri sınaqlardan
keçməli oldu. Təhlükəsizlik xidməti zabitinin şəxsi
həyatı da dövlət nəzarətində
idi. Ona görə operativ işçinin
respublikada hamının tanıdığı Əziz
Əliyevin qızı ilə münasibətləri artıq
yuxarılara məlum idi. Elə bu vaxtlarda da Əziz
Əliyevin başı üzərində qara buludlar
dolaşırdı....
Hər şey 1949-cu ilin əvvəllərində
Əziz Əliyevin Moskvaya MK-ya rəhbər işə
aparılmağından başladı. Bu yüksəliş Mir Cəfər Bağırovda
bu təyinat qorxu və dərin qısqanclıq yaratdı.
O, Moskvaya dalbadal məktublar yazıb Əziz Əliyevi baş nazirin müavini vəzifəsinə
gətirməyə nail oldu. Lakin vəzifəyə təyin
olunan kimi DTK-da ona qarşı iş açdırdı: onu
“millətçi”likdə və sosial mənşəyini gizlətməkdə
ittiham etdilər və tezliklə partiya töhməti verib ən
kiçik bir vəzifəyə keçirdilər. Onun ailəsini
Qazaxıstana köçürmək planları ortaya gəldi...
Mərkəzi aparatda çalışan Heydər
Əliyevin şübhəsiz, bunlardan xəbəri vardı. Bu çətin
günlər barədə Əziz Əliyevin 1997-ci ildə
qeyd olunan 100 illik yubileyində Ulu öndər Heydər
Əliyev şəxsən özü danışdı. 1952-ci ildə o zaman Dövlət Təhlükəsizliyi
naziri olan Yemelyanov onu iki dəfə kabinetinə
çağırdı. Onun tələbi qısa idi:
yuxarıların gözündən düşmüş
Əziz Əliyevin evinə gedib-gəlmək, onun qızı
ilə görüşmək məsul işdə
çalışan zabit üçün arzuolunmazdır. Ona açıq deyildi ki, vəzifəsini və
işini itirə bilər. Gənc zabit
çətin vəziyyətdə qalmışdı. Amma o, asan təslim
olan adamlardan deyildi. O, Zərifəni sevirdi və
ondan ayrılmağı təsəvvürünə də gətirmirdi.
Bu mülahizələri o, açıq şəkildə
nazir Yemelyanova demişdi. O, eyham vurmuşdu ki, Mir Cəfərin
tapşırığını icra edir, qəti qərar qəbul
etmək cavan zabitin öz işidir.
Gənc Heydərin Zərifə ilə münasibətləri
də, məsul işdə xidməti də davam etdi. Amma tarix də
cavanların məhəbbətinə “əl tutdu”. Nazirlə
Heydərin söhbətindən yarım il
sonra İosif Stalin öldü. Bu, Mir Cəfər
Bağırovun hakimiyyətinə də
öldürücü zərbə idi. Bütün ölkə,
o cümlədən,
Heydər Əliyev və gələcək
qayınatası da rahat nəfəs aldılar. Bir qədər
sonra Əziz Əliyev layiq olduğu vəzifəyə
qaytarıldı...
Gənclərin ailə qurması üçün sonuncu
mənzil maneəsi də aradan qalxdı və 1954-cü ilin
noyabrında Heydərlə Zərifənin toyu oldu. Bu
yığcam, rəsmi tələblərə uyqun musiqisiz bir
məclis idi. Gənclər nikah mərasimindən sonra evə
gəlib stol arxasında oturdular. Məclisdə Əziz Əliyev, Həsən
Əliyev, akademik Murtuza Nağıyev, bəylə gəlinin
anaları və yaxın qohumları iştirak edirdilər.
Qarşılıqlı məhəbbət üzərində
qurulan ailə xoşbəxt idi. Gənc zabit olan Heydər Əliyev həyat
yoldaşının simasında
özünə həqiqi bir dayaq tapdı. Təhlükəsizlik
orqanlarında iş mürəkkəb idi və çoxlu vaxt
tələb edirdi. Heydər də öz
içini sevir və çalışmaqdan yorulmurdu. O
bilirdi ki, ürəyindəki böyük planları icra etmək
üçün zəhmətdən yaxşı heç nə
yoxdur. Zərifə Əliyeva öz elmi işini
davam etdirsə də, həqiqi bir azərbaycanlı
qadını kimi ailəni və onun qayğılarını
birinci sayırdı. Başa düşürdü ki,
qadın kimi Heydərin köməyə ehtiyacı yoxdur, əsas məsələ
ona mane olmamaq, dövlət işləri ilə layiqincə məşğul
olmaq üçün şərait yaratmaqdır. Ümumiyyətlə,
məişət xırdalıqlarından yüksək olmaq,
uzaqgörənlik və cəbr onun xasiyyətinin əsas cəhətləri
idi. Zərifə fitri , sağlam
düşüncəsi olan bir qadın kimi ərinə nədəsə
məsləhətlər də
verə bilərdi. Lakin o, belə təşəbbüslərdən
uzaq idi, bütün diqqətini ailədə ilıq və
rahat şəraitin yaradılmasına yönəltmişdi.
- Bu ailə
mənəvi cəhətdən özündə əsl azərbaycanlı
dəyərlərini birləşdirirdi. Bu dəyərlər
hər bir ailə üçün örnəkdir. Bu barədə nə deyə bilərsiniz?
-
Atasının taleyindən bilirdi ki, dövlət
adamlarının əsas dayağı ailədəki
sabitlikdir. Dövlət işində tez-tez fırtınalar qopurdu.
Bunlara tab gətirmək üçün məhəbbət və
qarşılıqlı anlaşma əsasında qurulmuş
ailə onun ailə əsas dayağı idi. 1955-ci
ildə onların ilk övladları Sevil dünyaya gələndə
gənc ailənin fərəhinin həddi-hüdudu yox idi.
Evdə səslənən uşaq səsi
onların da yuvasını yeni ümid və xoşbəxt
planlarla doldurdu. 1961-ci ilin dekabrında
onların ikinci övladları İlham dünyaya gəldi.
Zərifə xanım elmi fəaliyyətini davam
etdirsə də, övladlarının qayğıları və
tərbiyəsi ilə özü məşğul olurdu.
O, böyük
zövq alır, onların həyatdakı kiçik
addımlarından belə fərəhlənirdi.
Zərifə xanım oğlu İlhama xüsusilə bağlı idi. Onun sağlamlığı, gözəl və nikbin siması ilə nəfəs alırdı. Bu, həm də azərbaycanlı mentalitetində kök salmış bir ənənə ilə bağlı idi. Oğlan uşaqları ocağın dayağı və varisi sayılır. Zərifə xanım bu ümidlərində, bu məhəbbətində necə də haqlı idi. Elmi və ictimai işlərlə ciddi məşğul olsa da, İlhamın böyüməsi və təhsili ilə bağlı hər bir xırdalıqda, hər bir hadisədə şəxsən iştirak edir, övladına məhəbbət və qayğı payını bəs qədər verməyə çalışırdı. İlhamın yeddi yaşı olanda Heydər Əliyev respublikanın birinci şəxsi seçildi. Bu , Zərifə üçün, ailə üçün sevinc və təntənə idi. Amma uşaqların tərbiyəsi baxımından problemlər yaradırdı. Ana kimi başa düşürdü ki, övladlarını heç bir güzəşt və üzgörənlik olmadan tərbiyə etmək və onlara ən müasir təhsil vermək lazımdır. Ətrafda bunu anlamayanlar da vardı. Birinci növbədə zəhməti, məktəbi, təhsili sevməyi öyrətmək, sadəliyi və xeyirxahlığı tərbiyə etmək lazım idi. Bu ana borcu idi və böyük cəbr və zəhmət,qətiyyət və məhəbbət tələb edirdi. Bunların hamısı onda var idi...
Respublikanın birinci şəxsinin arvadı olmaq da məsuliyyətli idi, Zərifə xanımın üzərinə ictimai vəzifələr qoyurdu. Lakin bu problemdə də Zərifə xanım davamlı bir mövqe tutdu və Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katib seçilməzdən əvvəlki həyat prinsiplərini dəyişməz olaraq saxladı: ailənin sabitliyini qorumaq, uşaqların problemlərinin atanı narahat etməməsinə çalışmaq. O,buna ustalıqla nail olurdu, cəmiyyətdə, dövlət tədbirlərində diqqəti cəlb etməməyə, sadə həyat tərzini davam etdirməyə çalışırdı. O yenə öz doğma Göz Xəstəlikləri İnstitutunda çalışırdı. İş yoldaşları ərinin statusunun dəyişilməsi ilə bağlı onun davranışında heç bir dəyişiklik hiss etmirdilər. Əksinə, Zərifə xanım kollektivdə daha qayğıkeş olmuşdu, iş yoldaşlarının məişət problemlərinin həlli üçün müxtəlif orqanlara müraciətlər göndərir və insanlara kömək etməkdən zövq alırdı.
Göz Xəstəlikləri İnstitutu onun üçün doğma bir yer olmuşdu. 1976-cı ildə oftalmologiyada hadisəyə çevrilən doktorluq dissertasiyası müdafiə etdi. Bir müddət sonra kafedra müdiri oldu. Ailədə və cəmiyyətdə apardığı işlərin ağırlığına baxmayaraq o, 140 elmi məqalə, bir necə monoqrafiya və kitab dərc etdirdi. Çoxillik elmi təcrübədən o bir qənaətə gəlmişdi: insanların xəstə gözlərinin müalicəsi çətin və ağrılı bir proses idi. Ona görə göz xəstəlikləri sahəsində profilaktika metodikalarına daha artıq əhəmiyyət verməyə başladı. Bu, uzaqgörən və müasir bir elmi nəticə idi, oftalmologiyanın gələcək inkişafını qabaqlayırdı. Onun 70-ci illərdən sonrakı bütün elmi axtarışları bu nəticə ilə bağlı oldu. Zərifə xanım göz xəstəliklərinin profilaktikası üçün öz metodikasını hazırladı və bu metodika ona oftalmologiyada şöhrət gətirdi. O, gənc vaxtlarından axtardığı öz yolunu, elmin böyük yolunu tapmışdı. Bu həm də Azərbaycan tibb elminin nailiyyəti idi. Bütün bunlar 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə elmi etirafını tapdı. Onun alim şöhrəti artıq Azərbaycanın sərhədlərini çoxdan aşmışdı.
1982-ci ildə Ulu öndər Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və Moskvada SSRİ hökuməti sədrinin birinci müavini təyin olundu. Zərifə xanım uşaqlarla birgə Moskvaya köçdü. Bu, onun gəncliyinin şəhəri idi. Moskva elitasının mərkəzində yaşamaq, Heydər Əliyevin və ailənin tanışı olan elm və sənət adamları ilə ünsiyyət necə də xoş idi. Ərinin, övladlarının taleyində və təhsilində hər şey əla idi, insanlar bu xoşbəxt qadını barmaqla göstərir ona qibtə edirdilər. Lakin təbiətin də amansız hökmləri var. Zərifə xanımda müalicə olunmayan xəstəlik tapdılar. 1985-ci ildə Zərifə Əliyeva dünyasını dəyişdi.
Bu, ağır bir itki idi. Onun sevimli İlhamının hələ iyirmi dörd yaşı vardı. Həyatda o ən çox övladları ilə fəxr etmək istəyirdi...Gözünün nuru olan əziz İlhamının uzun illər təhsilinə, tərbiyəsinə, insan və şəxsiyyət kimi yetişməsinə ana kimi özünü həsr edən Zərifə xanıma onun Prezident kimi andiçmə mərasimini görmək qismət olmadı. Bu gün isə bu fərəhi bütün Azərbaycan yaşayır.Bu, Zərifə xanımın tərbiyəsinin təntənəsidir.
Ana məhəbbəti itmir, xariqələr yaradır. Bu gün Zərifə Əliyevanın övladları ilə bütün Vətən fəxr edir. Onların fərəhində və qürurunda özünü həsr etmiş bir anaya böyük bir millətin məhəbbəti də var. Bu gün bu məhəbbət çiçəklənir, pöhrələr verir və mənəviyyat tariximizin örnəyinə çevrilir.
yap.org.az
Səs.-
2015.- 28 aprel.- S10-11.