Hüquqi dövlət quruculuğu
prosesində informasiya agentliyinin
yeni vəzifəsi
KİV hüquqi dövlət quruculuğuna təsir edən, onu daha da inkişaf etdirən amillərdən biridir. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində demişdir: "Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş imkanlarının, milli dövlət quruculuğunda, demokratik dəyərlərin bərqərar edilməsində, sivil vətəndaş cəmiyyətinin formalaşmasında, islahatların həyata keçirilməsində insanların mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir".
Hüquqi dövlət quruculuğu şəraitində xəbər agentliyinin işinin uğurlu olması bir sıra amillərdən, o cümlədən onun kommunikasiya vasitələrindən necə istifadə etməsindən və informatorlarla necə işləməsindən asılıdır. Müasir dövrdə kompyuter şəbəkələrindən, peyk rabitəsindən istifadə etmədən lazımi operativliyə nail oimaq və deməli, informasiya bazarında rəqabətə davam gətirmək mümkün deyildir.
AzərTAc-ın baş direktoru Aslan Aslanov yazır ki, qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı şəraitində informasiya sahəsi kommunikasiya imkanlarının müxtəlifliyi və dünya informasiya məkanına sıx inteqrasiyası ilə əvvəlki mərhələlərdən tamamilə fərqlənən mərhələyə daxil olur. Bu dəyişikliklər nəticəsində informasiya keçmişdə bir növ adət etdiyimiz, dövlət sərhədləri kimi maneələri asanlıqla dəf edir (məsələn, peyk rabitəsi, e-mail, dünyanın istənilən nöqtəsindən digər nöqtəsinə SMS, MMS göndərilməsi, SKYPE və digər proqramların köməyi ilə "qaynar" nöqtələrdən xəbərlərin şəxsi mobil telefon vasitəsilə translyasiya edilməsi, sosial medianın qeyri-məhdud imkanları və s.).
Dünyada baş verən təbii və texnogen fəlakətlər, yaxud ərəb ölkələrində cərəyan edən hadisələr barədə informatorlar vasitəsilə alınan təzə xəbərlərin operativ yayılması əyani şəkildə göstərir ki, əlində iPhone-u olan adi insanlar informasiyanı - bəzən təkcə mətni deyil, hadisə yerindən videoreportajları da çox yüksək sürətlə və keçmişdə adət etdiyimiz maneələrlə üzləşmədən dünyanın tanınmış xəbər agentliklərinə, onlar da öz növbəsində, nəhəng şəbəkədən və ən müasir texniki imkanlardan istifadə edərək bütün dünyaya çatdıra bilir, nəticədə cəmi bir neçə dəqiqə əvvəl daxil olmuş təzə xəbər dünyanın müxtəlif guşələrində çoxmilyonlu auditoriya üçün əlyetən olur. Bu isə, əlbəttə, operativliyin zirvəsi sayılmalıdır. Bizim günlərdə texniki innovasiyalar elə səviyyəyə çatmışdır ki, yanında günəş batareyası, adi noutbuk və mobil telefon olan hər bir insan, praktik olaraq, hadisə yerindən "qaynar" xəbərləri çatdıra bilər. Portativ günəş batareyaları noutbukun işləməsi və telefonun yenidən doldurulması üçün enerji istehsal edir, noutbuk materialın (həm mətn, həm də video şəklində) tərtib edilməsi üçün istifadə olunur, sonra həmin materiallar adi mobil telefon vasitəsilə İnternetə yüklənir və beləliklə, bütün dünya üçün əlyetən olur. Göründüyü kimi, indi informatorlar tamamilə avtonom rejimdə və subyektiv xarakterli əngəllərlə üzləşmədən, dünyanın istənilən nöqtəsində işləyə bilərlər.
A.Aslanovun fikrincə, informasiya işinin təşkilində baş verən dəyişikliklər həm dünyada gedən siyasi və iqtisadi proseslərin qlobal mahiyyət daşıması ilə, həm də müasir insanın sosial, intellektual və psixoloji inkişafı ilə bağlıdır. Bu amillər arasındakı zəncirvari inkişaf dialektikası cəmiyyətdə çoxçeşidli və çoxprofilli informasiyaya tələbatın həndəsi silsilə üzrə artmasına gətirib çıxarmışdır. Bütün bunlar real həyatın rəngarəngliyinin daha peşəkarlıqla, daha operativ, daha dəqiq əks olunmasını tələb edir. Bunlar isə informasiya agentliklərində insanların daha böyük coğrafiyada ünsiyyətinə cavab verə biləcək uyğunlaşmanı gündəliyə gətirir. İnformasiya işinin təşkilində yeni mərhələni şərtləndirən bu amillər xəbər istehsalı sistemində müasir forma və standartların yaranması ilə müşayiət olunur. Bu sahədə aparılan araşdırmalarda vurğulanır ki, informasiya-kommunikasiya texnologiyaları təkcə inkişafa yol açan qüvvə deyil, o, həm də yeni həyat tərzi yaradır. Akademik Ramiz Mehdiyev "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində bu barədə yazır: "İnformasiya-kommunikasiya texnologiyaları ünsiyyət, qarşılıqlı münasibətlər və dostluq üçün hər gün yeni imkanlar və perspektivlər açır... Artıq bu gun özünün elektron poçtu olmayan, yaxud informasiya-kommunikasiya texnologiyalarının bu və ya digər növündən istifadə etməyən insanları təsəvvür etmək çətindir".
A.Aslanovun qeyd etdiyi kimi, müasir dövrdə mediatexnologiya dövlət və vətəndaş cəmiyyəti qurumları arasında təmasların şəffaflığında, iqtisadiyyat, sosial, elm, təhsil və mədəniyyət sahələrinin və insanların həyat tərzinin inkişafında universal katalizator rolu oynayır. Ancaq bu da məlumdur ki, cəmiyyətdə informasiyaya tələb təklifi, təklif isə tələbi tamamladıqda mediatexnologiyalar səmərə verməyə başlayır. Başqa sözlə, informasiya-kommunikasiya texnologiyalarının geniş miqyasda tətbiqini cəmiyyətin sosial sifarişi şərtləndirir. Media iqtisadiyyatı baxımından müasir dünyada cəmiyyətin yeni informasiya texnologiyalarına sifarişini İnternet təcəssüm etdirir. Bu resursun rəqəmsallığı, multimediallığı, interaktivliyi informasiya işinin yeni tələblər səviyyəsində təşkili praktikasında real hadisələrə çevrilmişdir.
Rəqəmsallıq informasiyanı fayllaşdırmağa, yaddaşa köçürməyə, onu kodlaşdırmağa, elektron poçtla göndərməyə və qəbul etməyə, şəbəkədə yaymağa, müxtəlif formatlara çevirməyə imkan yaradır. AzərTAc-ın bu sahədə həyata keçirdiyi layihələrin nəticələrinə əsasən deyə bilərik ki, mediatexnologiyanın multimediallığı onlayn rejimdə informasiya istehsalının ən müxtəlif növlərini (rəqəmsal xəbərlər, videolar, hərəkət edən təsvirlər, hipermətnlər, veb-nəşrlər) vəhdətdə təcəssüm etdirir. İnteraktivlik isə kommunikasiya vasitələri sistemində informasiyanın mənbəyi, yayıcısı və istehlakçısı arasında birbaşa əlaqənin qurulmasını ehtiva edir.
Hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğunda xəbər agentliklərinin
fəaliyyətində daim diqqətdə
saxlanılmalıdır ki, ən müasir texnika və
texnologiyaların tətbiqi informasiya işinin təşkilində uğur
qazanmaq üçün
heç də yetərli deyildir.
Əgər informatorlarla işdə operativlik təmin edilməsə, ən yeni mediatexnologiyaların tətbiqi heç bir səmərə
verməyəcəkdir. "Assoşieyted Press"in sabiq
redaktoru R.Port bu barədə demişdir:
"Xəbər yaymaq üçün
nə qədər veb-sayt
yaradırsmızsa yaradın, bu, o qədər də vacib deyildir. Vacib olan odur ki,
gərək hadisələrin
baş verdiyi yerdə olasan".
R.Portun bu qənaətindən irəli gələn mətləb odur ki, xəbərlərin hazırlanmasında informatorla işin əhəmiyyəti çox böyükdür. İnformatorlar aşağıdakı qruplara bölünürlər: sosial fenomen daşıyıcıları - onlar özləri haqqında məlumat verən informatorlardır; müşahidəçi informatorlar - onlar müşahidə olunan fenomen barədə məlumat verirlər; müşahidəçilərin həmsöhbətləri olan və onların məlumatlarını çatdıran reportyorlar - bu və ya digər mənbədən başqalarının məlumatlarını ötürənlər; başqalarının bir neçə mənbədən əldə etdiyi məlumatları ötürənlər; bilavasitə şəxsi təəssüratlardan və başqa məlumatlardan istifadə edənlər.
Əldə olunan məlumatları dəyərləndirərkən onu verən informatorun kimliyi nəzərə alınmalıdır. İnformatorun etibarlılıq dərəcəsini müəyyənləşdirmək üçün vacib xüsusiyyətlər bunlardır: məlumat verdiyi sahə üzrə səriştəliliyi; şəxsi maraqları; ümumi baxışları; şəxsiyyətinin tipi; intellektual qabiliyyəti; psixoloji durumu; ətraf aləmə münasibəti; informatorluq işinə yararlılığı; nəzarət altında işləmək və manipulyasiya imkanı; ən nəhayət, müşahidə obyektinə münasibəti.
A.Aslanov göstərir ki, heç bir informatoru tam etibarlı hesab etmək düzgün deyildir. Çünki ən yüksək keyfiyyətlərə malik informator da səhv edə bilər. İnformatorla işləyərkən onun laqeyd olub-olmamasına, görmək, seçmək, dəyərləndirmək qabiliyyətinə, çalışdığı sahədə təcrübəsinə mütləq diqqət yetirmək lazımdır.
İnformatorun (habelə mənbənin) etibarlılığı barədə təhlil xidmətinin rəyi operativ xidmətin rəyindən fərqlənə bilər. Bu xidmətlərin hər biri məlumata öz etibarlılıq dərəcəsini verə bilər. Nəzərə almaq lazımdır ki, açıq mənbələrdəki bir çox məlumatlar ilkin deyil, digər mənbələrdən götürülmüş məlumatlar olur. Ona görə də yadda saxlamaq vacibdir ki, bəzi məlumatlar dəfələrlə mənbədən-mənbəyə keçir və bir qayda olaraq tədricən 1) kontekstdən çıxarılır, 2) bilərəkdən və ya qərəzli niyyətlə düzəliş edilir, 3) diqqətsizlik və yaxud məlumatın ötürülməsi zamanı anlaşılmazlıq ucbatından təhrif olunur. Bu baxımdan ilkin mənbələr həm təhriflərin yoxluğuna, həm də əlavə şərhlərin olmamasına görə daha etibarlıdır.
Müəllif yazır: "Beləliklə, AzərTAc-da işin yeni arxitekturada təşkili zamanı bu prinsip nəzərə alınmışdır ki, müasir informasiya agentliyinin uğuru təkcə informasiyanın toplanmasına cəlb edilmiş kadrların sayı ilə ölçülmür, həm də materialın hazırlanması və oxucuya çatdırılması arasındakı vaxtın minimuma endirilməsindən asılıdır. Öz fəaliyyətində bu məsələyə xüsusi diqqət yetirən informasiya agentlikləri xəbər istehsalı bazarında mövqeyini və nəticə etibarilə rəqabət qabiliyyətini daha da möhkəmləndirə bilər".
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 29 aprel.- S15.