Vətəndaş cəmiyyətinin
inkişafında hüquq müdafiəsi
təşkilatlarının rolu
Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində insan hüquqlarının müdafiəsi mexanizimində ictimai birliklərin rolu məsələsi elmi ədəbiyyatda son illər öz əksini tapmağa başlayıb. T.D.Matveyevanın fikrincə, qeyri-hökumət hüquq-mühafizə təşkilatları dövlət tərəfindən təsis olunmayan, ümumən qəbul olunmuş vətəndaş, iqtisadi, sosial və mədəni hüquqların müdafiəsi naminə birgə fəaliyyət üçün mənafelər əsasında birləşmiş fərdlərin təşəbbüsü ilə və azad iradə ifadəetmə nəticəsində yaranmış milli, regional və beynəlxalq səviyyəli qeyri-siyasi xarakterili könüllü, sərbəst, özünü idarə edən, qeyri-kommersiya birləşmələridir.
Hikmət Babaoğlu yazır ki, qeyri-hökumət hüquq-müdafiə təşkilatlarına, həmçinin, hüquq və azadlıqların müdafiəsi məsələlərinə əhalinin müəyyən kateqoriyalarının (əlillərin, yetim uşaqların, müharibə iştirakçılarının, siyasi repressiya qurbanlarının və s.) mənafelərinin məqsədyönlü tərzdə təmin olunması vəzifəsi kimi baxan müxtəlif birliklər də aid edilir. Belə birliklər vətəndaş cəmiyyətinin institutları kimi çıxış edirlər və bir çox ölkələrin təcrübəsi göstərir ki, hüquqi dövlətin formalaşması prosesi ictimaiyyətin onda iştirakından, adamların siyasi və hüquqi şüur səviyyəsindən və əsas insan hüquqlarından birini-assosiasiyalar yaratmaq və öz mənafelərini müdafiə etmək üçün onlara daxil olmaq hüququnu reallaşdıra bilmək bacarığından proporsional surətdə asılıdır. Tədqiqatçılar hüquq-müdafiə QHT-in ictimai birliklərin xüsusi kateqoriyası kimi aşağıdakı spesifik xüsusiyyətlərini ayırırlar:
Birincisi, həmin təşkilatların məqsədyönlü təyinatı insan hüquqları və azadlıqlarının müdafiəsidir. Bu əlamətə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sferasından asılı olaraq onların müxtəlif növləri vardır.
İkincisi, bu tipli qeyri-hökümət təşkilatları qarşılarına hər hansı faydanın əldə edilməsi məqsədini qoymur, təmənnasız hərəkət edirlər.
Üçüncüsü, qeyri-siyasi ictimai birliklərin bir növü olaraq onlar hər hansı siyasi partiyanı, yaxud siyasi hərəkatı dəstəkləməklə məşğul olmurlar.
Dördüncüsü, onlar dövlətdən asılı olmayan maliyyə mənbələrinə malikdirlər. Maliyyə müstəqilliyinə həm şəxsi vəsaitlərin (üzvlük haqları, xeyriyyə ianələri) cəlb olunması, həm də özlərinin sosial əhəmiyyətli layihələrinin reallaşdırılması yolu ilə nail olurlar. Belə layihələrin həyata keçirilməsi üçün müxtəlif fondlar qrantlar - məqsədli vəsaitlər ayırırlar. Dövlətdən asılı olmayan maliyyə mənbələri hüquq-müdafiə təşkilatlarına öz fəaliyyətini məhdudlaşdırmağa, azad hərəkət etməyə, dövlət orqanları tərəfindən insan hüquqlarının təmin edilməsi və müdafiəsi sahəsində işlərin real vəziyyətini obyektiv qiymətləndirməyə imkan verir.
H.Babaoğlunun fikrincə, insan hüquqlarının müdafiəsi sahəsində qeyri-hökumət təşkilatlarının praktiki fəaliyyətinin təhlili əsasında, bizim fikirimizcə, onların aşağıdakı fəaliyyət formalarını ayırmaq olar:
- insan hüquqları sahəsində qanun layihələrinin hazırlanmasında iştirak;
- pozulmuş hüquqların bərpasının təmin edilməsinə köməyin göstərilməsi, yaxud hüquqları pozulmuş adamlara humanitar köməklik;
- insan hüquqları sahəsində informasiya - maarifçilik fəaliyyəti;
- vətəndaş, siyasi, iqtisadi mədəni və sosial sferalarda məsləhət xidmətlərinin təqdim edilməsi.
Əlbəttə, müasir demokratik cəmiyyətdə hüquq-müdafiə QHT-nin geniş şəbəkəsi fəaliyyət göstərsə də, onların sənədləri, ilk növbədə, mənəvi əhəmiyyət daşıyır, çünki əksər hallarda onlar pozulmuş hüquqların bərpasına birbaşa təsir edə bilmirlər. Lakin onlar insan hüquqları və azadlıqlarının pozulması hallarına ictimaiyyətin diqqətini cəlb edir, səfərbəredici tərbiyəvi amil kimi çıxış edirlər.
Hazırda Azərbaycanda bir sıra hüquq-müdafiə təşkilatları fəaliyyət göstərir ki, onlardan da Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsini (sədr Arzu Abdullayeva), İnsan Hüquqları Müdafiə Mərkəzini (sədr Eldar Zeynalov), Sülh və Demokratiya İnstitutu (sədr Leyla Yunus), Beynəlxalq Amnistiya Təşkilatının Azərbaycan üzrə Təşəbbüs qrupu (rəhbər Zəminə Tahirova), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (sədr Sahib Məmmədov), Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin (həmsədr Mirvari Qəhrəmanlı), Beynəlxalq Bölməsini (rəhbər Səadət Bənənyarlı), Axıska Türklərinin "Vətən" Cəmiyyətini (sədr Çingiz Qənizadə), D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətini (sədr Novella Cəfərova) və digərlərini göstərmək olar.
Respublikamızın Əsas Qanunu olan Konstitusiyamızda təsbit edilmiş hüquq və azadlıqlarla bərabər, onların müdafiəsi, beynəlxalq normalarla zənginləşdirilməsi getdikcə daha çox əhəmiyyət kəsb edir. Hüququn aliliyinə əsaslanan demokratiya, həmçinin, dövlətlərin öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə təminat verir. Bu baxımdan, 2002-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun Avropa Şurasının İnsan Hüquqları Baş Direktorluğu ilə birgə Quba şəhərində keçirdiyi beynəlxalq seminarın təşkil edilməsi mütəxəssislər tərəfindən Azərbaycanda insan hüquqlarının qorunması sahəsində aparılan demokratik dəyişikliklərin əlaməti olaraq yüksək dəyərləndirilir.
H.Babaoğlu yazır: "Beləliklə, ölkəmizdə demokratik cəmiyyət quruculuğu prosesində insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində toplanmış təcrübənin politoloji təhlili əsasında Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətinin əsas istiqamətləri kimi, bizim fikrimizcə, aşağıdakıları göstərmək olar:
- ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsinin konstitusion əsaslarının və normativ-hüquqi bazasının beynəlxalq standartlara müvafiq olaraq yaradılması, Azərbaycan Respublikasının bu sahədə beynəlxalq konvensiya və sazişlərə qoşulması;
- insan-vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin normayaradıcı və təşkilati fəaliyyətinin vəhdətinin təmin edilməsi;
- insan hüquqlarının müdafiəsi sahəsində milli mexanizmləri əhatə edən dövlət proqramlarının işlənilməsi və onların həyata keçirilməsinin təmin edilməsi;
- ölkədə aparılan siyasi, hüquqi, iqtisadi və sosial islahatların insan-vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təmin olunmasına yönəldilməsi;
- insan-vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi, bu sahədə beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi;
- insan-vətəndaş hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində qeyri-hökumət təşkilatları və ictimai birliklər şəbəkəsinin formalaşdırılması və fəaliyyəti üçün əlverişli şəraitin yaradılması;
- vətəndaşların öz hüquq və vəzifələrinin başa düşməsinə kömək etmək məqsədilə hüquqi maarifləndirmə proqramlarının həyata keçirilməsi və s."
Ulu Öndər Heydər Əliyev demişdir: "Hər bir fərdin hüququ qorunmalı və təmin olunmalıdır, əgər insanların hüququ kütləvi surətdə pozulursa, hüquqları tapdalanırsa, bu məsələ daha çox diqqəti cəlb etməlidir və buna münasibət də daha üstün xarakter daşımalıdır".
Qeyd etmək lazımdır ki, əsası böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan bu siyasət onun layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədqiqatçı və ekspertlər də bunu təsdiq edərək qeyd edirlər ki, ölkədə yaradılmış ictimai-siyasi sabitlik şəraitində İlham Əliyevin Prezidentliyi dövründə demokratiyanın inkişafı, o cümlədən, insan hüquq və azadlıqlarının təmin olunması yönümündə mühüm işlər görülmüşdür. Bunun bir istiqamətini də demokratik dəyərlərin mühüm tərkib hissəsi olan söz və fikir azadlığının təmin edilməsi təşkil etmişdir. Bütün bunlar isə respublikamızda demokratiyanın dinamik inkişafının göstəricisi kimi qiymətləndirilir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-
2015.- 30 aprel.- S.15