Azərbaycan xalqının Böyük
Vətən müharibəsi illərində qəhrəmanlığı
Moskvanın Böyük Vətən Müharibəsi Muzeyində Rusiya Federasiyacının baş naziri Dmitri Medvedevin iştirakı ilə "Birlikdə əldə edilmiş qələbə" adlı forum çərçivəsində Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümü ilə əlaqədar "Nasizmə qarşı mübarizədə birlikdə idik" adlı sərginin açılışı keçirilib.
Mədəniyyət və Turizm nazirliyinin məlumatına istinadən, sərgidə Azərbaycana həsr olunmuş ekspozisiyanın təşkili məqsədilə nazirliyin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun aparıcı məsləhətçisi Nərgiz Abdullayeva və Azərbaycan İstiqlal Muzeyinin baş mühafizi Aida Axundova və tərtibatçı rəssam Samir Rzayev Moskva şəhərinə ezam edilmişlər.
Ölkəmizə həsr olunmuş ekspozisiya "Azərbaycanın qızıl ulduzları", "Azərbaycan xalqının Böyük Vətən müharibəsi illərində qəhrəmanlığı", "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" və "416-cı Taqanroq atıcı diviziyası" adlı hissələrdən ibarətdir. Bununla yanaşı, sərgidə Azərbaycanın görkəmli rəssamları Tahir Salahovun, Mikayıl Abdullayevin, Vidadi Nərimanbəyovun Böyük Vətən müharibəsinə həsr etdikləri rəsm əsərləri, Azərbaycan İstiqlal və Milli Azərbaycan Tarixi muzeylərinin fondlarından eksponatlar, sənədli filmlər və Azərbaycanın Milli Arxivindən fotolar nümayiş etdirilir.
Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev Azərbaycan ekspozisiyası ilə yaxından tanış olmuşdur. Ekspozisiya üzrə D.Medvedevə Azərbaycan xalqının müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları, Azərbaycan neftinin əhəmiyyəti, Azərbaycanın görkəmli rəssamları tərəfindən çəkilmiş rəsm əsərləri barədə məlumat verilmişdir. Ekspozisiyada dövlətimiz tərəfindən veteranlara göstərilən diqqət və qayğıya həsr olunmuş bölümdə baş nazir fotolar və "Azərbaycanın qızıl ulduzları" siyahısı ilə tanış olmuşdur. D.Medvedev ekspozisiyanı yüksək qiymətləndirmiş və nümayəndə heyətini təbrik edərək, öz təşəkkürünü bildirmişdir.
Sərgi zamanı qonaqlara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap edilmiş Azərbaycan rəssamlarının Böyük Vətən müharibəsinə həsr etdikləri əsərlərinin kataloqu və CD disklər paylanılmışdır. Qeyd edək ki, sərgi 2015-ci il 18 oktyabr tarixinədək davam etdiriləcəkdir.
ZÜMRÜD
Səs.- 2015.- 30 aprel.- S11.