Nərimanov rayonunda Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə atıcılıq turnirinə start verilib

 

Dünən Nərimanov rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatı və Nərimanov rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nərimanov rayonu ərazisində yerləşən ali məktəblərin tələbələri arasında atıcılıq turnirinə start verilib. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən turnirin açılış mərasimində YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin sədri Yusif Babanlı çıxış edərək bildirib ki, hər il Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində gənclər arasında müxtəlif yarışlar keçirilir. Y.Babanlı ölkəmizdə dövlət- gənclər siyasətinin əsasının məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb və bildirib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nərimanov rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov turnir iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanda idman sahəsinin sürətlə inkişaf etdiyini deyən Ş.İbadovun sözlərinə görə, bu sahənin də inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, gənclərə Ümummilli Liderimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyi tövsiyə edib. Atıcılıq turnirinin əhəmiyyətindən danışan Ş.İbadov müharibə şəraitində olan ölkəmizin bacarıqlı atıcılara ehtiyacı olduğunu deyibbildirib ki, bu turnir də gənclərin atıcılığa marağını artıracaq:  "Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bütün tədbirlər əlamətdardır. Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Bunun nəticəsində ölkəmizdə bütün sahələr, o cümlədən, idmanın inkişafı böyük vüsət alıb. Azərbaycan artıq dünyanın nüfuzlu idman ölkəsi kimi tanınır".

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev mərasimdə çıxışı zamanı vurğulayıb ki, müstəqil dövlətimiz məhz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edirbu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir: "Bu gün Azərbaycanda böyük quruculuq işləri aparılır. Ölkəmizin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində baş verirbu gün Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Təbii ki, həmin siyasətdən gənclərimizə də pay düşür. Gənclərimiz isə, öz növbəsində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasətin yerlərdə icrası işində yaxından iştirak etməlidirlər". T.Tağıyev YAP Nərimanov rayon təşkilatının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, bu turnirÜmummilli Liderimizin əziz xatirəsinə həsr olunmuş tədbirlərdən biridir.

Nərimanov rayonu icra hakimiyyəti başçısının müavini İlqar Mirzəyev hazırda ölkəmizin bütün guşələrində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbirlərin keçirildiyini bildirib. İ.Mirzəyev qeyd edib ki, belə turnirlər gənclərin həyatında yaddaqalan hadisələrdəndir.

Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov isə bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələdə inkişaf etməkdədir. Nərimanov rayonunda da dövlətin gənclər siyasətinin yüksək səviyyədə həyata keçirildiyini deyən idarə rəisinin fikrincə, belə turnirlərin keçirilməsi də dövlət qayğısından qaynaqlanır. İştirakçılara uğurlar diləyən N.Novruzov gələcək illərdə belə tədbirlərin Şuşada, Xankəndidə keçirilməsini arzulayıb: "Qarşıdan ilk Avropa Oyunları gəlir. İdmançılarımız bu yarışda da öz güclərini sınayacaqlar. Təkcə Nərimanov rayonundan 40-dan çox idmançı bu mötəbər idman yarışında iştirak etmək üçün vəsiqə qazanıb. İnanırıq ki, onlar qələbə qazanaraq ölkəmizin adını bir daha zirvələrə qaldıracaqlar".

Qeyd edək ki, turnirdə Nərimanov rayon ərazisində yerləşən ali məktəblərin tələbələrindən ibarət 10 komanda mübarizə aparacaq. May ayının 7-də isə turnirin finalı olacaq və qaliblərə mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq.

 

 

R.KAMALQIZI

Səs.- 2015.- 30 aprel.- S.10.