Gənc kimyaçıların
ümumdünya bilik yarışı başa çatdı
Nərgiz Paşayeva: Əgər
elmi potensial yoxdursa, təbii, milli sərvətləri heç
vaxt milli nailiyyətlərə çevirmək mümkün
olmayacaq
Dünya
məktəblilərinin Bakıdakı həyəcanlı, gərgin
mübarizə, güclü və ədalətli rəqabət
şəraitində keçən yarış günləri
başa çatdı. M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının təşkilatçılığı
ilə iyulun 20-29-da Azərbaycanda ilk dəfə keçirilən
47-ci Dünya Kimya Olimpiadasına yekun vuruldu.
Bu
möhtəşəm bilik yarışmasında 5 qitədən,
75 ölkədən 300 gənc kimyaçı, bundan əlavə,
250-dən artıq kimya alimləri, münsiflər heyəti,
kimya mütəxəssisləri, pedaqoqlar, müşahidəçilər
və qrup rəhbərləri iştirak ediblər.
Qeyd
edək ki, Olimpiada zamanı qapılarını 600-dək
qonağın üzünə açan Moskva Dövlət
Universitetinin Bakı filialı dünya miqyaslı bu
yarışmanın tam yüksək səviyyədə
keçirilməsi üçün səylərini əsirgəməyib.
Yarışmanın tam qaydalara uyğun baş tutması
üçün filial rəhbərliyi tərəfindən hər
cür şərait, elmi baza yaradılıb. Olimpiada zamanı
iştirakçılar verilən tapşırıqları
yerinə yetirmək üçün heç bir korluq çəkməyiblər.
Çünki filialın ən müasir avadanlıqla təchiz
edilmiş kimya laboratoriyaları burada istənilən mürəkkəb
elmi tədqiqatların aparılmasına imkan verir.
Son
illər Moskva Dövlət Universitetinin Bakı filialı
eksperimental baza və laboratoriya kommunikasiyasına kifayət qədər
diqqət yetirir. Hazırda filialın kimya laboratoriyaları
dünyanın aparıcı universitetləri ilə
ayaqlaşa biləcək səviyyədə fəaliyyətdədir.
Moskva Dövlət Universitetinin
Bakı filialında tələbələr üçün
yaradılmış şərait dünya səviyyəli
mütəxəssislərin də diqqətindən
yayınmayıb. Planetimizin beş qitəsindən
paytaxtımıza təşrif buyurmuş elm adamları modern
üslubda tikilmiş universitet kampusu, təhlükəsizlik tələblərinə
tam cavab verən müasir laboratoriyalar və dərs
otaqlarını çox bəyəniblər.
AZƏRTAC
xəbər verir ki, iyulun 28-də Heydər Əliyev Mərkəzində
bu ümumdünya bilik yarışmasının
bağlanış mərasimi keçirilib. Mərasimin əvvəlində
Olimpiadanın gedişini, imtahanları,
iştirakçıların əyləncə
saatlarını əks etdirən film nümayiş etdirilib.
Olimpiadanın Elmi Komitəsinin sədri, professor Fikrət
Quliyevin imtahanların keçirilməsi ilə bağlı
hesabatı dinlənilib.
Professor Olimpiadanın fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Qeyd etmək istərdim ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası MDU-nun Bakı filialında və MDU-nun Bakı filialının baş təşkilatçılığı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Neft Şirkəti və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir. Qürurla deyə bilərəm ki, Olimpiada çox yüksək səviyyədə baş tutdu”.
F.Quliyev Elmi Komitənin iki şəhərdə - paytaxt Bakıda və Qəbələdə iclas keçirdiyini əlavə edərək, imtahanlardakı tapşırıqların mahiyyəti haqqında məlumat verib: “Böyük məmnuniyyətlə deyirəm ki, imtahandakı tapşırıqlardan bəziləri Azərbaycana aid idi. Məsələlər Azərbaycanın təbiəti, ekologiyası, sənayesi üçün önəmli olan problemlərə həsr olunmuşdu”.
Ən yaxşı Olimpiada
Olimpiadanın Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li Olimpiada barədə təəssüratlarını mərasim iştirakçıları ilə bölüşüb. O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yüksək təşkilatçılıq fəaliyyətini qeyd edərək, Olimpiadanın keçirilməsində əməyi olan hər bir kəsə, xüsusilə yarışmanın prezidenti, professor Nərgiz Paşayevaya təşəkkürünü bildirib. Dakvan Li yarışma iştirakçılarının Bakı ilə tanışlıqdan çox məmnun qaldığını, bu yarışmanın onların həyatında böyük iz buraxacağını vurğulayıb. O, Bakıda təşkil olunan tədbiri indiyə kimi iştirak etdiyi “Ən yaxşı Olimpiada” kimi qiymətləndirərək deyib: “47-ci Beynəlxalq Kimya Olimpiadası başa çatmaq üzrədir. Əminəm ki, siz hamınız Bakıda gözəl vaxt keçirdiniz. Demək olar ki, Bakıdakı Olimpiada son 12 ildə iştirak etdiyim müsabiqələr arasında ən yaxşısıdır. Mən medalçıların hamısını təbrik etmək istəyirəm – siz həqiqətən də yüksək nəticələr göstərmisiniz”.
Dakvan Linin sözlərinə görə, Olimpiada iştirakçıları həm Bakının, həm də Qəbələnin gözəlliklərini seyr etmək imkanını qazanıblar: “Mən tapşırıqları hazırlayan, tərcümə edən mentor və müşahidəçilərə gördükləri işə görə təşəkkür etmək istəyirəm. Eyni zamanda, bu mürəkkəb beynəlxalq tədbirin uğurlu alınması üçün göstərdiyi zəhmətə görə professor Nərgiz Paşayevaya dərin minnətdarlığımı bildirirəm”.
190 medal sahiblərini tapdı
Bundan sonra Olimpiadanın qaliblərinə medal və mükafatlar təqdim edilib. İlk olaraq medal almağa çox yaxın göstəricilər əldə etmiş 10 məktəbli “Fəxri fərman”a və hədiyyələrə layiq görülüb.
Daha sonra ən böyük medalçı qrupu - bürünc medal sahiblərinin adları açıqlanıb. Bürünc medallar Olimpiadanın təşkilat komitəsinin üzvləri, akademik Akif Əzizov, YUPAC Beynəlxalq kimya təşkilatının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Nataliya Tarasova, BKO-nun elmi komitəsinin həmsədri, Moskva Dövlət Universitetinin kimya fakültəsinin professoru Aleksandr Qladilin tərəfindən təqdim olunub. Ümumilikdə 92 nəfər bürünc medala layiq görülüb. Bürünc medalçılar arasında 51 ölkənin təmsilçiləri vardı: Argentina, Belarus, İslandiya, Kosta Rika, Kipr, Macarıstan, Salvador, İran, Qazaxstan, Qırgızstan, Tacikistan, Türkmənistan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, İspaniya, Moldova, İsveç, İngiltərə, Suriya, Uruqvay, Vyetnam (1 medal), Danimarka, Azərbaycan, Belçika, Braziliya, Kanada, Xorvatiya, Estoniya, Fransa, Almaniya, İndoneziya, İtaliya, Malayziya, Niderland, Pakistan, Sloveniya, Özbəkistan (2 medal), Finlandiya, İsrail, Latviya, Litva, Peru, İsveçrə, Avstriya, Bolqarıstan (3 medal), Avstraliya, Yeni Zelandiya, Səudiyyə Ərəbistanı (4 medal).
Gümüş medalçılara isə mükafatı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Tofiq Nağıyev təqdim ediblər. Aşağıda qeyd olunan 33 ölkədən 63 nəfər Ümumdünya Kimya Olimpiadasının gümüş medalını qazanıb: Avstriya, Danimarka, Latviya, Braziliya, Rumıniya, Macarıstan, Bolqarıstan, Malayziya, Moldova, Salvador, Estoniya, Fransa (1 medal), Argentina, Kanada, Hindistan, İndoneziya, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Polşa, Rusiya, Serbiya, Slovakiya, Vyetnam (2 medal), Belarus, Çexiya, Sinqapur, Tailand, Türkiyə, Böyük Britaniya, ABŞ (3 medal), Ukrayna (4 medal).
Nəhayət, mərasimin ən həyəcanlı anı yetişib - Olimpiadada ən yüksək nəticə göstərərək qızıl medal əldə edən məktəblilərin adları açıqlanıb. Onlara mükafatı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, professor Nərgiz Paşayeva və Olimpiadanın Rəhbər Komitəsinin sədri, Koreya Respublikasının Soqanq Universitetinin kimya və elmi kommunikasiyalar üzrə professoru Dakvan Li təqdim ediblər. Bakıdakı yarışma 22 ölkədən olan 35 iştirakçıya qızıl medal bəxş edib. Qızıl medal alan ölkələr bunlar oldu: Çin (4 medal), Tayvan (4 medal), Koreya (4 medal), Hindistan (2 medal), Yaponiya (2 medal), Rusiya (2 medal), Rumıniya (2 medal), Sinqapur, Polşa, Qazaxıstan, Almaniya, ABŞ, Litva, Tailand, Estoniya, Vyetnam, Macarıstan, Slovakiya, Serbiya, Çex Respublikası, Türkiyə və İran.
Birincilərin birincisi
Ən yüksək bal toplayan məktəbliyə “Birincilər birincisi” mükafatını Bakıdakı Dünya Kimya Olimpiadasının bütün təşkilat yükünü öz çiyinlərində daşıyan, bu 10 gün ərzində gənc kimyaçıların doğma evinə çevrilən MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva təqdim edib.
Nəticələrə görə, Çin komandasının üzvü Yifu Ouyanq həm “Birincilər birincisi”, həm də “Ən yaxşı nəzəriyyəçi” adına layiq görülüb. ABŞ təmsilçisi David İ-Hsuan Vanq “Ən yaxşı təcrübəçi” adını qazanıb.
Bağlanış mərasimində, həmçinin müxtəlif kateqoriyalar üzrə ən yaxşı nəticə göstərən gənc kimyaçılar mükafat və sertifikatlarla təltif olunublar. Belə ki, iki imtahanda ən çox bal toplayan Olimpiada iştirakçıları “Ən yaxşı nəzəriyyəçi” və “Ən yaxşı təcrübəçi” kimi xüsusi sertifikatlara layiq görülüblər.
Olimpiadanın mütləq çempionu olan Yifu Ouyanq müsabiqədən qazandığı təəssüratlarını bölüşərək deyib: “İnanılmaz hissdir. Sözün düzü, belə yüksək nəticə gözləmirdim. Praktik imtahanda çox çapaladım, qızıl medal alacağıma gümanım az idi. Amma deyə bilərəm ki, hər bir imtahan bütün imtahanlar demək deyil, necə ki, ömrün yarısı – bütün həyat demək deyil”.
Azərbaycanlı şagirdlər medalçılar sırasında
Qürurverici haldır ki, Azərbaycan komandası üzvlərindən də yüksək nəticə göstərən şagirdlərimiz olub. Akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin və “İstək” liseyinin 10-cu sinif şagirdi Hüseyn Babayev bürünc medala yiyələniblər.
Mərasim zamanı qonaqlara Azərbaycanın zəngin mədəniyyəti, milli və müasir musiqi nümunələri ilə tanış olmaq imkanı yaradılıb. “Natiq” ritm qrupunun sevilən kompozisiyaları, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı sürəkli alqışlarla qarşılanıb. Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Samir Cəfərov və “Eurovision” təmsilçimiz Səbinə Babayevanın dueti maraqla qarşılanan musiqi nömrələrindən birinə çevrilib. “Chemical Boys” qrupunun çıxışı, Səbinə Babayevanın məşhur “Sway” mahnısını ifası mərasimin bədii hissəsinə xüsusi rəng qatıb.
“Baş verən hadisələrin əsas
katalizatoru insandır”
Rəsmi
mərasimin yekun nitqini M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru,
47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidenti, professor Nərgiz
Paşayeva söyləyib:
"İlk növbədə gənc, istedadlı və çalışqan
Olimpiada iştirakçılarını yenidən
salamlayıb, onları təbrik etmək istəyirəm. Dəvətimizi
qəbul edib burada əyləşən alimlərə,
pedaqoqlara, müşahidəçilərə, diplomatlara,
yekun tədbirə gələnlərə “Xoş gəlmisiniz”
deyirəm.
Beləliklə,
gərgin, maraqlı, həyəcanlı, hər an dəyişən xəbərlər və
çalarlarla dolu olan həftəni birlikdə başa vurduq. Bu həftə bizə nələri öyrətdi?
Bir daha əmin olduq ki, Olimpiadanın devizində
deyildiyi kimi, həyat doğrudan da böyük bir laboratoriyaya
bənzəyir və bu laboratoriyanın ən dəyərli, ən
bahalı, ən əvəzedilməz cihazı insan beynidir.
Baş verən bütün hadisələrin əsas
katalizatoru da insanın özüdür. Sizin
imtahanlarda olduğu kimi, məcazi mənada desək, həyatın
özü də 2 turdan ibarətdir – praktik və analitik, həyatda
da nəzəri və praktik aspektlər var. Amma mühüm
odur ki, gözəl nəzəriyyə gözəl əməllərlə
üst-üstə düşsün və bir-birini
tamamlasın.
İmtahan zamanı mən sizin necə gərgin işlədiyinizi,
diqqətinizi cəmləməyə
çalışdığınızı müşahidə
etdim. Sizin davranışınız mənə Azərbaycanın
bir atalar məsəlini xatırlatdı: “Ehtiyat igidin
yaraşığıdır”. Hətta mürəkkəb
laboratoriya tapşırıqlarını izlərkən bu məsəlin
yeni variantını düşündüm: Ehtiyat igidin və
kimyaçının yaraşığıdır. Həyatda da kimya laboratoriyasında olduğu kimi
hünərli, riskli olmaqla yanaşı, eyni dərəcədə
ehtiyatlı və hazırlıqlı olmalısan.
Əziz
dostlar, yadımdadır, siz imtahana ayrılan zamanın – 5
saatın az olduğundan
danışırdınız. Amma biz
böyüklərin təcrübəsi göstərir ki, mətləb
odur ki, zaman heç vaxt yetərli olmur. Böyük
Dantenin dediyi kimi, zaman müqəddəs kateqoriyadır. Zaman hər şeyi tərəziyə çəkir
və dürüst qiymət verir. Zamanın
sınağından çıxanlar əsas, ali,
qlobal imtahandan da çıxmış olurlar. Arzulayırıq
ki, zaman gələcəkdə sizi həmişə
uğurlara bağlasın, həmişə ucaltsın.
İlk görüşümüzdə demişdik ki, Azərbaycan,
Bakı, universitetimiz müvəqqəti olaraq sizin evinizə
çevriləcək. Ümid edirik ki, belə də oldu, bu evin
divarları sizi darıxdırmadı, sıxmadı. Qonaqpərvər və xeyirxah olduğumuza
inandınız. Azərbaycanı, bu qədim
və gözəl diyarı xatirələrinizdə
yaşadın, unutmayın.
Uzaqdan-yaxından gələn gənc kimyaçılar və
onları müşayiət edən heyət bizim şəhərin
müasir simasını gördü. Köhnə Bakının, indikindən
heç də az gözəl olmayan qədim
simasını, əksini foyedəki sərgimizdən sizlərə
hədiyyə etdiyimiz fotoşəkillərdən baxıb təsəvvür
edə bilərsiniz. Doğmalarınızın
yanına döndükdə, sizdən soruşanda ki
Bakının əsas simvolu nədir, gözəl, sehrli,
unikal, qədim Qız Qalasını Bakının əsas
simvolu kimi göstərin. Romantizmi və
qeyri-adiliyi hər kəsi heyran və məftun edən Qız
Qalası sizin medallara da həkk olunmuşdur. Çünki bu yeganə, ölməz və qədim
simvoldur.
Biz pedaqoqlar, müəllimlər sizinlə fəxr edirik,
çünki siz doğru seçim etmisiniz, elmin
yollarını seçmisiniz. Arzum budur ki, heç zaman bu çətin
və əziyyətli yoldan yorulub, usanıb dönməyəsiniz,
bu şərəfli yolu axıra qədər davam etdirəsiniz,
uğurlar və nailiyyətlər qazanasınız,
sorağınız, adlarınız böyük dünya alimlərinin
adları sırasında çəkilsin!
Siz təmsil
etdiyiniz ölkələrdə, əlbəttə ki, təbii
sərvətlər mövcuddur: qaz, neft, qızıl,
pambıq və s. Amma elm olmayan yerdə təbii sərvətləri
heç vaxt milli nailiyyətlərə çevirmək
mümkün olmayacaq. İqtisadiyyat natamam və
dayanıqsız olacaq, cəmiyyətdə
doğru-dürüst tarazlıq yaranmayacaq. Bunların hamısı alimlərə, elmə, iti
zehnə və ədalətli ürəyə
bağlıdır. Məhz sizlər təbii
sərvətləri milli nailiyyətlərə çevirəcəksiniz.
Mən buna inanıram.
Bu gün bu zalda qalibləri təltif etdik,
alqışladıq. Bununla bərabər, burada medal almayan
iştirakçılar da əyləşiblər, biz sizlərə
də öz təşəkkürlərimizi və təbriklərimizi
ünvanlayırıq. Kimya elmində
olduğu kimi, siz əsas kütlənin tərkib hissəsi
idiniz, sizsiz bu qaliblər də olmazdı. Şübhə
etməyin ki, məhz siz bu günün qaliblərini qalibə
çevirdiniz.
Azərbaycanda
bir məzəli məsəl var: deyirlər ki, ev
yiyəsi bir qonaq gələndə sevinir, bir də gedəndə.
Amma bu ikinci sevincin səbəbi qonağın
getməsi olmur. İkinci sevincin əsas səbəbi
qonağın ev yiyəsindən razı
getməsidir. Əgər belədirsə, biz, əlbəttə,
çox sevinirik və sizə “yaxşı yol” deyirik”.
Azərbaycandan
hər biriniz uğur aparasınız! Sizlərə
cansağlığı və ruh yüksəkliyi
arzulayıram".
Sonda Nərgiz Paşayeva təşkilat komitəsinə,
elmi komitəyə, Azərbaycana təşrif buyuran alimlərə,
pedaqoqlara, mentorlara və digər qonaqlara, MDU-nun kimya fakültəsinə,
Olimpiada keçirilməsində zəhmət çəkən
hər kəsə və gənc kimyaçılara təşəkkürünü
ünvanlayıb.
Beləliklə,
professor Nərgiz Paşayeva Bakıda
keçirilən Ümumdünya Kimya Olimpiadasını
bağlı elan edib.
Olimpiadanın
bayrağı Pakistana ötürüldü
Rəsmi bağlanış tədbirindən sonra möhtəşəm
Gülüstan sarayında qonaqlara ziyafət verilib. Elə bu məkanda
da Beynəlxalq Kimya Olimpiadasının keçiriləcəyi
növbəti ölkənin adı açıqlanıb.
Bu ümumdünya elm müsabiqəsinin Rəhbər
Komitəsinin yeni sədri – Macarıstandan olan Qabor Magyarfalvi
növbəti yarışmanın Pakistanda keçiriləcəyini
elan edib. Beləliklə, Bakıdakı Olimpiadanın
prezidenti Nərgiz Paşayeva müsabiqənin
bayrağını Pakistandan olan baş mentor, professor Xalid
Muhammed Xana ötürüb.
Müsabiqə boyunca xüsusi davranışı ilə
yadda qalan məktəblilər də rəhbər komitənin
diqqətindən kənarda qalmayıblar. Belə ki, imtahan zamanı
özünü pis hiss edən, bununla belə
yarışı yarımçıq qoymaq istəmədiklərinə
görə tibbi yardımdan imtina edən iki cəsur məktəbli
– Argentinadan Battauz Fabio və Nigeriyadan Otisi Amaraçi Enn Ugo
“həkimdən qaçanlar” nominasiyası kimi təqdim olunan
yarıciddi mükafata layiq görülüblər. Onlara Beynəlxalq
Kimya Olimpiadasının Elmi Komitəsinin həmsədri,
professor Aleksandr Qladilin və professor Vadim Yeryomin, həmçinin
YUPAC Beynəlxalq kimya təşkilatının vitse-prezidenti,
Rusiya Elmlər Akademiyasının müxbir üzvü,
professor Nataliya Tarasova tərəfindən sertifikatlar və
kimya elminə aid kitablar təqdim olunub.
Yarışmanın ən gənc
iştirakçısına - Nigeriya komandasının 14
yaşlı üzvü Oluvatosin Mariam Oloyedə xüsusi
mükafatı şəxsən professor Nərgiz Paşayeva təqdim
edib.
Hədiyyə və sürprizlərlə dolu olan mərasim
zamanı daha iki məktəbli BASF kompaniyasının
Almaniyadakı baş ofisinə iki göndəriş vərəqəsi
qazanıb. Azərbaycan komandası üçün nəzərdə
tutulan dəvətnamələrdən biri Sergey Styopinə qismət
olub. Göndərişin digər sahibini
müəyyənləşdirmək üçün isə
lotereya keçirilib və Türkiyədən olan
qızıl medalçı Baturalp Yalçın Almaniyaya səyahət
şansını qazanıb. Mükafatlar
BASF kompaniyasının direktoru Əli İhsan Gendş və
MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva tərəfindən
təqdim olunub.
Beləliklə, Azərbaycanda ilk dəfə keçirilən
47-ci Dünya Kimya Olimpiadası uğurla başa
çatıb.
Olimpiada Azərbaycanın elm, təhsil həyatında
parlaq və olduqca əhəmiyyətli bir hadisə kimi tarixə
yazılıb.
Əminik ki, bu müsabiqə təkcə Azərbaycanda
deyil, bütün ölkələrdə gənclərin kimya
elminə həvəsini artıracaq, gələcəkdə məşhur
elm adamlarının və bəlkə də kimya üzrə
Nobel mükafatçılarının yetişməsinə
öz böyük töhfəsini vermiş olacaq.
Səs.-2015.- 1 avqust.- S. 8-9.