İnsan hüquq və azadlıqlarının müdafiəsində beynəlxalq təşkilatların rolu

 

Vətəndaş cəmiyyəti və hüquqi dövlət ideyası, nəzəriyyəsi və praktikası Qərbdən bütün dünyaya yayıldığı kimi, bu sahədə böyük təcrübəsi olan beynəlxalq təşkilatların əksəriyyəti də Avropa və Amerikada yerləşir. Bu mənada, ən böyük səlahiyyətləri və dünya dövlətlərinə təsir gücü olan beynəlxalq qurumlardan BMT-nin Avropa Şurası (onun ixtisaslaşmış qurumları), Avropa İttifaqı və başqalarının adlarını çəkmək olar.

Politoloqlar BMT-nin Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda oynadığı roldan bəhs edərkən göstərirlər ki, ümumbəşəri və qlobal problemlərin həlli ayrılıqda götürülmüş bir və yaxud bir neçə dövlətin təcrübəsinə əsaslanmaqla deyil, dünya dövlətlərinin bu istiqamətdəki birgə səylərindən asılı olduğundan dövlətlərarası təşkilatların müasir dövrdəki rolu kəskin şəkildə artır. Demokratik, hüquqi və dünyəvi dövlət və ən nəhayət, öz coğrafi məkanında sosial tələbat olan vətəndaş cəmiyyəti quruculuğunu əsas məqsədlərindən biri kimi bəyan etmiş Azərbaycan Respublikası da bu təşkilatlarla geniş fəaliyyət qurur. Belə ki, dövlətlərarası beynəlxalq təşkilatların bu istiqamətdə önəminin artırılması Azərbaycan üçün prioritetdir. Belə təşkilatlardan ən böyüyü və mötəbəri Birləşmiş Millətlər Təşkilatıdır (BMT). BMT-nin tribunası dövlətin öz məqsəd və məramlarını dünyaya bəyan etmək, istər xarici, istərsə də daxili problemlərin həlli üçün digər ölkələri əməkdaşlığa çağırmaq, təcrübə mübadiləsi məqsədilə istifadə edə biləcəyi ən ali kürsüdür. Azərbaycan 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında üzvlüyə qəbul edilmişdir. 1992-ci il martın 6-dan BMT-də Azərbaycan daimi nümayəndəliyi fəaliyyət göstərir, elə həmin ilin yayından isə BMT-nin Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir.

BMT ilə Azərbaycanın əlaqələri, əsasən, onun ixtisaslaşmış qurumlarının vasitəsilə həyata keçirilir. BMT-nin ixtisaslaşmış qurumlarının Azərbaycanla əlaqələrini aşağıdakı kimi qruplaşdırmaq olar:

- Siyasi sahədə əməkdaşlıq,

- İqtisadi sahədə əməkdaşlıq (maliyyə və kənd təsərrüfatı üzrə də),

- Sosial sahədə əməkdaşlıq,

- Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq və s.

- Humanitar sahədə əməkdaşlıq və s.

Siyasi sahədə: Azərbaycan müstəqil bir dövlət olaraq BMT-nin üzv dövlətləri sırasında təmsil olunur. Odur ki, BMT Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Azərbayanla BMT arasında əlaqələrə aid materialların politoloji təhlili göstərir ki, ilk dövrlərdə respublikanın fəaliyyəti Ermənistan təcavüzünün bu mötəbər təşkilatın tribunasından dünyaya yaymaq istiqamətində köklənmiş və onun mahiyyətinin açılması ilə bağlı cəhdlərlə səciyyələnir. BMT-nin müxtəlif konfranslarına, seminar və müşavirələrinə dəvət olunmuş Azərbaycan nümayəndəliyinin öz çıxışlarında diqqəti Qarabağ probleminə yönəltməsi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında müəyyən mənada müsbət rol oynayıb. Bu səbəbdən, bu qurumlarla olan əlaqələrin əsas istiqamətləri arxa plana keçmişdir. Bununla belə, BMT ilə əlaqələrin ilk dövrlərində Qarabağ probleminin bütünlüklə BMT çərçivəsinə çıxarılması 1992-ci ilin ortalarında reallaşdı. Ümumilikdə isə, Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) 4 qərarı mövcuddur: 1993-cü ilin 30 aprelində 822-ci qətnamə, 29 iyulda 853-cü qətnamə, 14 oktyabrda 874-cü qətnamə və 11 noyabr 1993-cü ildə 884-cü qətnamə qəbul olunubdur. Bu qətnamələrin heç biri reallıqda öz təsdiqini tapmayıb. Həmçinin, 1999-cu ilin 15 dekabrında BMT Baş Məclisinin 54-cü Sessiyasında Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu faktı bir daha təsdiq olunubdur.

Bir çox siyasi-hüquqi məsələlərin həllində BMT-nin bir sıra ixtisaslaşmış qurumları böyük rol oynayır. Əsirləri xəstəliyi ilə ÜST-ə, onların arasında azyaşlı uşaqların olmasına istinad edib YUNİSEF-ə, qadınlara görə YUNİFEM-ə QVK-yə (Qadınların Vəziyyəti üzrə Komissiyaya), təsərrüfat işiylə məşğul olan dinc əhaliyə əsaslanıb FAO-ya, BKİF-ə, YƏP-ə, BƏT-ə və s. qurumlara müraciət etmək mümkündür.

İqtisadi sahədə: BMT-nin ixtisaslaşmış qurumlarının Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı sənaye, maliyyə və kənd təsərrüfatı üzrə reallaşdırılır, BMT Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə inkişaf etməsinə dəstək verir və özünün müxtəlif qurumları vasitəsilə bu dəstəyi genişləndirir. BMT-nin müvafiq ixtisaslaşmış qurumlarının bir çoxunun fəaliyyəti son illərdə genişləndirilmiş, Azərbaycanda sənaye və kənd təsərrüfatının, nəqliyyatın və səhiyyənin inkişafı məsələləri gündəliyə çıxarılır. Qeyd edək ki, YUNİDO-nun bu və ya digər ölkədəki fəaliyyəti çox vaxt BMT İP (İnkişaf Proqramı) ilə əlaqəli olur. Azərbaycan bu proqram-layihəyə 1992-ci il mayın 26-dan qoşulmuşdur. BMT İP öz fəaliyyətini qurmazdan əvvəl, həmin ölkələrin iqtisadiyyatının, sosial-iqtisadi durumunu öyrənir. Həmçinin, iqtisadi inkişafla bağlı hazırlanan layihələri nəzərdən keçirir və qiymətləndirir.

Sosial sahədə: Azərbaycan SSRİ-dən ayrıldıqdan sonra bütün sferalarda təcəssüm edən keçid dövrünü yaşamalı oldu. Bu keçid dövründə, bir çox sahələrdə olduğu kimi, sosial sahədə də, yeni-yeni problemlər meydana çıxmışdır. Bütün bu problemlər mədəniyyət, təhsil, səhiyyə və s. sahələrə də təsir göstərmiş, vətəndaşların məskunlaşdığı ərazilərdə vəziyyətin və məişət şəraitinin dözülməz həddə çatmasına səbəb olmuşdur. Azərbaycanda sosial vəziyyətin yeni-yeni problemlərlə üzləşməsinin əsas səbəblərindən biri də ölkəmizin zorla müharibəyə cəlb edilməsi və regional münaqişə ocağının genişlənməsidir. Lakin ölkə Prezidenti İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət Azərbaycanın sosial sahədə üzləşdiyi problemlərin həlli də xüsusi rol oynayır.

Təhsil, elm, mədəniyyət və humanitar sahədə: Bu sahələrdə BMT-nin ixtisaslaşmış qurumları kimi UNİSEF, VNESCO, USF, UNOP, UNHCR və b. qurumlar fəallıq göstərirlər.

Humanitar sahədə isə əməkdaşlığın səbəbləri, əsasən, təbiətdə və cəmiyyətdə cərəyan edən irimiqyaslı böhran hadisələri ilə bağlıdır. Bunu, əsasən, təbii və texnogen fəlakətlər, müharibələr, demoqrafik "partlayış"lar, yoluxucu xəstəliklərin yayılması və s. belə hadisələrə aid etmək mümkündür. BMT-nin bu istiqamətdə olan fəaliyyətinin (miqrasiyanın) əsas vacib qollarından biri qaçqın və köçkün problemi ilə bağlıdır. Azərbaycanda bu fəaliyyət birbaşa humanitar yardımların göstərilməsini və bunun hesabına qaçqın və köçkünlərin sosial problemlərinin tədricən tam aradan qaldırılmasını əhatə edir.

Azərbaycanda qaçqınlar problemi ilə bağlı beynəlxalq humanitar yardımın istifadə olunmasında BMT-nin BƏT, YUNESKO, YB və ÜST ixtisaslaşmış qurumlarının tövsiyələrinin əsas götürülməsi daha yaxşı nəticələr verə bilərdi. BMT-nin ixtisaslaşmış qurumlarının Azərbaycana göstərdiyi yardımlar daha çox maddi səciyyə daşımışdır.

BMT-nin FAO, BKİF, ÜST, YB, YUNİDO, BVF ixtisaslaşmış qurumları qaçqın və köçkünlərə humanitar yardım göstərilməsi prosesində yaxından iştirak etmişlər.

Yeri gəlmişkən, ölkənin birinci xanımı Heydər Əliyev Fondunun pezidenti Mehriban xanım Əliyevanın müstəqil beynəlxalq qurum olan YUNESKO ilə çoxşaxəli əlaqələrindən geniş danışmaq olar. Onu xatırlatmaq lazımdır ki, 2005-ci il avqustun 24-də Mehriban Əliyevanın təşəbbüsü əsasında "YUNESKO - Azərbaycan: gələcəyə körpü" mövzusunda keçirilən ikinci konfrans da milli təhsilimizin inkişafı baxımından önəmli bir tədbir kimi yadda qaldı. Bu müşavirənin YUNESKO-nun tarixində ayrıca bir ölkəyə həsr olunmuş ilk belə tədbir olduğunu diqqətə çatdırsaq, Mehriban Əliyevanın böyük əzmkarlığı hesabına baş tutmuş həmin toplantının əhəmiyyəti barədə ətraflı danışmağa, yəqin ki, lüzum qalmır. Xatırladaq ki, təhsil sahəsində Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr, əsasən, "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki peşə təhsili sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da əməkdaşlığın çərçivəsinə daxil olan məsələlərdir.

Avropa Şurası və Azərbaycan: Azərbaycanın Avropaya inteqrasiyası Avropanın regional təşkilatlarının, o cümlədən, Avropa Şurası və Avropa İttifaqının təşkili və fəaliyyətinin daha dərindən öyrənilməsini zəruri edir. Avropa Şurası dünyada siyasi və mədəni inteqrasiyasının unikal formasıdır. Azərbaycan Respublikasının da Avropa Şurasına daxil olması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv seçilmişdir. Hələ ki, şuranın üzvlərinin sayı 43-ə çatıb və Azərbaycan üzvlüyə qəbul olan sonuncu ölkədir. Avropa Şurasının qarşısında duran əsas məqsəd və vəzifələr aşağıdakılardır:

- Xalqlar arasında sülh və əməkdaşlığın təmin olunması;

- İqtisadi, sosial, mədəni əlaqələr;

- Milli inkişafın tarazlığı;

- İnsanların hüquq və azadlıqlarının təmin olunması;

- Ölkə sərhədlərinin bütövlüyü və təhlükəsizliyi;

- Milli azlıqların, azsaylı xalqların, etnik qurumların azad və bərabər inkişafı;

- Qanunun aliliyinin təmin olunması;

- Demokratik idarə sisteminin tətbiqi;

- Xalqların, ölkələrin hərtərəfli inkişafı və imkan daxilində tarazlaşdırılması;

- Qəbul olunmuş Konvensiyalarda iştirak;

- Yığcam "Avropa Evi"nin yaradılması, onun iqtisadi, sosial, siyasi və ideoloji təhlükəsizliyi.

Avropa Şurasının quruluşunda 4 qurum fəaliyyət göstərir:

1. Hökumət nümayəndəliyi Komitəsi;

2. Məşvərət Məclisi;

3. Avropa Komissiyası;

4. Avropa Məhkəməsi.

Avropa Şurası, hər şeydən əvvəl, "Avropa Evi"nin yaradılmasını qarşısına məqsəd qoyub. "Avropa Evi" sülh zonasına çevrilmiş, sosial cəhətdən təmin olunmuş, siyasi sabitliyə malik olan ölkələr birliyidir.

Avropadan ümumbəşəri dəyərləri vətəndaş cəmiyyətin hüquqi dövlət quruculuğu təcrübəsini əxz edən və milli ənənələrə söykənən Azərbaycan Respublikası bu sahədə 20 ildir ki, uğurla addımlayır. Çox təəssüf ki, beynəlxalq təşkilatlar bu yolda Azərbaycana öz tövsiyələri, yardımı ilə yanaşı, ikili standart mövqeyində duraraq haqqı, ədaləti görmək istəmir, Ermənistanın vəhşiliklərini görmək istəmədiyi halda, bizdə demokratiya pozuntularından münaqişələrin həllində millətlərin öz müqəddəratını təyin etmək hüququndan dəm vururlar. Bu yerdə Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları yerinə düşür: "Vahid Avropada ikili standartlara yol verilməməlidir. Bizim məkanımız bölünməzdir və bütün münaqişələrə eyni dərəcədə ciddi və prinsipial münasibət göstərilməlidir".

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2015.- 5 avqust.- S. 15.