Güclü ordu, güclü dövlət deməkdir
İlham Əliyev: "Bizim
ordumuz bizim qürurmuzdur, müstəqilliyimizi şərtləndirən
amildir"
Azərbaycanda dövlət quruculuğunun mühüm tərkib hissəsi olan Silahlı Qüvvələr hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində dayanıb. Bu gün müasir və güclü orduya sahib olan Azərbaycanda ordu quruculuğu 1993-cü ildən - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başladı. Yalnız bundan sonra Azərbaycanda hərbi sahədə yeni mərhələ başlandı. Hələ sovet dövründə Azərbaycanda hərb sahəsinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra da bu məsələdə prinsipial mövqe nümayiş etdirdi. Hərbi təhsil, hərbi səhiyyə sahəsində islahatların aparılması, bu sahədə beynəlxalq əlaqələrin qurulması və gücləndirilməsi sözügedən sahədəki yeniliklərin əsas tərkib hissəsi idi. Bundan başqa uzaqgörən siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda savadlı zabit kadr potensialı yetişib. Təcrübələri ilə Silahlı Qüvvələrin idarə edilməsinə, inkişafına öz töhfələrini verən bu hərbçilər Azərbaycan Ordusunun əsas hissəsini təşkil edir.
Regionun ən güclü silahlı qüvvələri
Ordu quruculuğu siyasəti bu gün Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi ki, ordu quruculuğu bizim üçün xüsusilə vacibdir: "Ordu quruculuğu bizim üçün daim prioritetdir və Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri bu il Azərbaycanda istifadəyə verilmiş və hərbi-dəniz qüvvələri bazası yaradılmışdır. Bütün digər lazımi tədbirlər görülür, hərbi şəhərciklər, bazalar tikilir, təmir olunur, əsgərlər və zabitlər üçün gözəl şərait yaradılır. Təbii ki, silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu, dediyim kimi, dünya miqyasında güclü ordular sırasındadır".
Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyişin olmadığını və işğalçı ölkənin böhran içində yaşadığını, Azərbaycanın gücləndiyini bildirib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni insan resursları da yoxdur. Belə getsə, gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir.
Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq. Əlbəttə ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş-daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük".
Ölkə Prezidenti müşavirədə onu da qeyd edib ki, Azərbaycan maraqları üzərində qurulan siyasət uğurludur, güclüdür və heç bir qüvvə bu siyasətə təsir edə bilməz: "Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz".
Anbaan güclənən ordu
Cənab İlham Əliyev Prezident seçiləndən sonra ölkənin hərbi baxımdan güclənməsi və regionda ən güclü silahlı qüvvələrə malik olması vəzifəsini qarşıya qoydu. Dövlət başçısı kimi O, proqram çıxışlarında bəyan etdi ki, Azərbaycanın qarşısında hərbi büdcəni artıraraq Ermənistanın ümumi dövlət büdcəsini keçmək vəzifəsi dayanır. 2004-cü ildən etibarən Azərbaycan öz hərbi xərclərini bu vəzifəyə uyğun olaraq hər il artıraraq Prezident İlham Əliyevin müəyyən etdiyi hədəfə çatdı və onu keçdi. Ölkənin döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordusunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər tələb etdiyi üçün bu hədəfə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində çatmaq mümkün oldu. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri cəmi 160 milyon ABŞ dolları təşkil edirdi. 2004-cü il büdcəsində bu xərclər 175 milyon ABŞ dollarına qədər artırıldı. 2005-ci ildə isə ölkənin hərbi büdcəsində iki dəfəyə yaxın - 300 milyon ABŞ dolları həcmində artım oldu. 2006-cı ildə Azərbaycan hərbi xərclərdə daha böyük artım etdi, bu məqsədlə dövlət büdcəsindən 750 milyon ABŞ dolları ayrıldı.
2007-ci ildə isə hərbi xərclər 1 milyard dollara yaxınlaşdı. Nəhayət, 2010-cu ildə bu xərclər 2 milyard 150 milyon dollara çataraq Ermənistanın ümumi dövlət büdcəsinin xərclərini ötdü. Bu, Ermənistan üçün psixoloji baryerin keçilməsi idi və Azərbaycan ərazilərini işğal altında saxlayan tərəf onunla hərbi potensial baxımından rəqabətə girməyin qeyri-mümkünlüyünü anladı. Azərbaycan hərbi xərclərinin artımını bununla dayandırmadı və 2011-ci ildə xərclər 3,3 milyard dollara qədər artırıldı. Bu, 2010-cu ilin hərbi büdcəsi ilə müqayisədə 90 faizdən çox artım demək idi. Müqayisə üçün 2011-ci ildə Ermənistanın dövlət büdcəsinin ümumi xərcləri cəmi 2 milyard 350 milyon dollar təşkil edirdi. Ermənistanın 2011-ci il üçün hərbi xərcləri isə cəmi 387 milyon dollar, yəni Azərbaycanın hərbi büdcəsindən az qala 10 dəfə aşağı idi. 2012-ci ildə Azərbaycanın hərbi xərcləri daha da artaraq 3,48 milyard, 2013-cü il büdcəsində isə 3,73 milyard dollara çatdırdı. Müqayisə üçün qeyd edək ki, Ermənistanın 2013-cü il üçün dövlət büdcəsinin gəlirlər hissəsi 2,5 milyard dollar nəzərdə tutulur. Beləliklə, Prezident İlham Əliyevin ötən 10 illik hakimiyyəti dövründə Azərbaycanın hərbi xərcləri 23 dəfədən çox artmış oldu. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdən birini tutdu.
Beləliklə , Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bundan sonra da ölkənin hərbi-sənaye potensialının güclənməsinə, ordunun qüdrətinin artmasına daha böyük dəstək veriləcək və daha böyük vəsait ayrılacaq: "Bizim iqtisadi gücümüz hərbi gücə çevrilibdir. Biz bundan sonra da öz hərbi imkanlarımızı artıracağıq, bundan sonra da danışıqlar masasında prinsipial mövqeyimizi gücləndirəcəyik. Bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir".
RƏFİQƏ
KAMALQIZI
Səs.-2015.- 5 avqust.- S. 2.