Yeni Azərbaycan
Partiyası bütün opponentləri arasında liderdir
Noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində
ölkənin ictimai-siyasi həyatında siyasi partiyaların
yeri və rolunun nə qədər əhəmiyyətli
olduğu özünü büruzə verməyə
başlayır. Azərbaycanda siyasi partiyalar sayca çoxluq təşkil
etsə də, hər zaman olduğu kimi, bu gün də
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası
qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin Sədri
olduğu Yeni Azərbaycan Partiyası
Azərbaycan cəmiyyətində öz yerinə, roluna,
xalqdan aldığı dəstəyinə və
aparıcı missiyasına görə öndədir.
Yeni Azərbaycan Partiyası Azərbaycandakı digər
siyasi partiyalardan təkcə öz üzvlərinin sayına
görə, əhali arasında qazandığı etimada
görə fərqlənmir. Bu partiyanın cəmiyyətdə
aparıcı rol oynamasını şərtləndirən bir
sıra amillər var ki, istənilən cəmiyyətdə istənilən siyasi
partiyanın önə çıxması üçün həmin
şərtlərin reallıqda öz əksini tapması
mütləqdir. Yeni Azərbaycan
Partiyasının Azərbaycan cəmiyyəti tərəfindən
birmənalı şəkildə dəstəklənməsinin
başlıca səbəblərindən biri bu partiyanın
monolitliyini qoruyub saxlaması və partiya üzvülərinin
bütün qərarlarla bağlı vahid mövqe
nümayiş etdirməsidir.
YAP-la heç bir siyasi partiya rəqabətə
girə bilməz
Bu vaxta qədər müxalifət düşərgəsindəki partiyalarda yaşanan problemlərin
sonradan eyniadlı, müxtəlif işarəli, hər birində
5-10 nəfərin olduğu partiyaların yaranmasının hər
kəs şahidi olub. Məsələn, AXCP (i), Müsavat, KXCP
və s. təbii ki, bu sıranı uzatmaq da olar. Elə bu il keçiriləcək parlament seçkiləri
ərəfəsində müxalifət düşərgəsində
təmsil olunan partiyaların daxilində yaranmış fikir
ayrılıqlarından doğan problemlərin
yaratdığı mənzərə müxalifətin bu
seçkilərə də pərakəndə və
dağınıq şəkildə - bir neçə blok və
ya partiyaların birliyi şəklində qatılmaq məcburiyyətində
qoydu. Siyasi partiyaların cəmiyyətdə
özünə dəstək və nüfuz qazanmasının
digər əsas vacib şərti isə liderlik məsələsi
ilə bağlıdır. Baxmayaraq ki, Azərbaycanda 5-6 nəfər
üzvü olan bəzi siyasi partiyaların rəhbərləri
də özlərini "lider" kimi təqdim etməyə
çalışırlar, əslində, siyasi lider
üçün vacib olan xarizmatik keyfiyyətlər hər kəsə
nəsib olmur. YAP-ın uğurlarının əsasını təşkil edən əsas səbəblərdən
biri də bu partiyanın güclü və xarizmatik liderlərinin
olmasıdır. YAP-ın
yaradıcısı və Ümummilli Lider Heydər Əliyev
kimi şəxsiyyətin rəhbərliyi ilə
yaradılması, təbii ki, qısa zaman kəsiyində bu
partiyanın gələcək inkişaf perspektivləri ilə
bağlı öz sözünün deməli idi və dedi də.
Bu gün YAP-ın Azərbaycan Prezidenti İlham Əliyev kimi
Sədri var. Azərbaycan Prezidentinin dövlət
başçısı kimi bu günə qədər Azərbaycan
xalqı qarşısında verdiyi vədlərin həyata
keçirilməsi, əhalinin sosial-iqtisadi rifahının
yüksəldilməsi ilə bağlı davamlı siyasət
aparması, təbii ki, sonda onun rəhbərlik etdiyi siyasi
partiyanın nüfuzunun artması və xalq tərəfindən
daha çox dəstək qazanmasında da öz
sözünü deyir. Seçkidən-seçkiyə ölkədə
"demoratik dəyərlərin inkişafındakı problemləri" yada salan
müxalifət yenə də ənənəvi taktikasından
- küçə yürüşləri və "mitinq
şouları"ndan əl çəkmir. Baxmayaraq
ki, ötən əsrin 90-cı illərindəki siyasi proseslərin
praktikası olan bu variantlar artıq müasir dünyanın tələbləri
ilə ayaqlaşmır. Azərbaycan
müxalifəti "mitinq şouları"ndan əl çəkməsə
də bu cür metodlar artıq çoxdan tarixin arxivinə
qovuşub. Amma müxalifətin yenə də
"köhnə hamam, köhnə tas"
məsəli ilə hərəkət etmək istəyi
başa düşüləndir. Çünki cəmiyyətə
hər hansı yeniliyi, yeni seçki texnologiyalarını təqdim
etmək üçün onun üzərində
oturub-düşünməyi bacaran və müasir dünyada
gedən prosesləri cəmiyyətdəki proseslərlə əlaqələndirməyi
bacarmaq lazımdır. Amma Azərbaycan
müxalifətinin son dəfə cəmiyyətə
hansısa yenilik təqdim etdiyini, çətin ki, onların
özləri belə xatırlaya bilsinlər. Uzun illərdən bəridir ki, "şəhərin
mərkəzində mitinq" deyə istəklərini
"çevir tatı, vur tatı" məsəlinə bənzədən
müxalifət təmsililərinin, əslində, "mitinq
şousu"ndan niyə yapışıb durmaları səbəbsiz
deyil. Amma hər kəsə, hətta şəhər
mərkəzində mitinq keçirmək iddiasında olan müxalifət
təmsilçilərinin özlərinə də
yaxşı bəllidir ki, şəhərdən kənarda
mitinq keçirmək onlarlıq deyil. Çünki
şəhərdən kənarda hansısa mitinqin keçirilməsi
isə müxalifətin tamamilə fiaskosu və xarici
pulların kəsilməsi demək olardı. Təbii ki, fakt göz qabağındadır.
Siyavuş Novruzov: "YAP-ın
qarşıdan gələn parlament seçkilərində də
uğur qazanacağı şəksizdir"
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin
müavini, Milli Məclisin (MM)
komissiya sədri Siyavuş Novruzov seçkilərə
hazırlıqla əlaqədar proseslərin getdiyini bildirib:
"Partiyanın rayon və şəhər təşkilatlarına
lazımi tapşırıq və tövsiyələr verilib. Mərkəzi seçki qərargahının və
yerli seçki qərargahlarının fəaliyyət
proqramı hazırlanıb və mərhələli şəkildə
bu proqram həyata keçirilir. Hazırda
rayon və şəhər seçki qərargahlarının
yaradılması və texniki təchizatı, orada fəaliyyət
göstərəcək şəxslərin seçilməsi və
onlara təlimlərin keçirilməsi prosesi gedir. Bundan əlavə, hər bir dairənin ərazisində
seçicilərin kateqoriyaları, əhalinin məşğuliyyəti,
oradakı problemlər və digər məsələlərlə
bağlı araşdırma aparılacaq. Avqust
ayının 1-dək bu proseslər də həllini
tapmalıdır. Bütün seçki dairələrində
namizəd irəli sürdüyümüz üçün
Seçki Məcəlləsinin tələblərinə
uyğun olaraq,hər bir dairə və məntəqəyə
bir nəfər məşvərətçi səs hüquqlu
üzv və bir nəfər müşahidəçi təyin
etmək hüququna malikik. Bu baxımdan həmin
şəxslərin də müəyyənləşməsi və
seçilməsi prosesi gedir. Həmçinin
namizədlərimiz üçün imza toplayacaq şəxslərin
müəyyənləşdirilməsi prosesi gedir. Çalışırıq ki, hər bir dairə
üçün təxminən 10 nəfər imza toplayan
şəxs müəyyən edək ki, imzatoplama
kampaniyası uğurla başa çatsın. Bundan sonra
isə qalan proseslərə seçkiyə start verildikdən
sonra başlanılacaq".
Müxalifət
düşərgəsinin seçkilərə
hazırlığı ilə bağlı məsələyə
də aydınlıq gətirən S.Novruzov bildirib ki,
müxalifət partiyaları heç bir araşdırma
aparmadan, dairələrin yerli xüsusiyyətlərini öyrənmədən
namizəd müəyyənləşdirməyə
çalışırlar: "Müxalifətdə bu təhlil
yoxdur, elə təxminən deyirlər ki, mən filan yerdən
namizədliyimi verəcəyəm, amma dəfələrlə
sübut olunub ki, müxalifət "liderləri" son 20 ildə
hər dəfə öz dairələrini dəyişiblər.
Yəni bu, onun göstəricisidir ki, onlar konkret
araşdırma aparmırlar. Bir dəfə
bir dairədən namizədliklərini irəli sürürlər,
buradan alınmadısa, başqa dairədən namizədliklərini
verirlər, oradan bir başqa dairəyə gedirlər və
bunun heç birinin fundamental əsası olmur və uduzurlar.
Onlar nəzərdə tuturlar ki, filan rayonun ərazisində
müəyyən problemlər var. Onlar elə
düşünürlər ki, həmin yerdən öz namizədliklərini
irəli sürsələr, insanlar bunlara səs verəcəklər.
Hesab edirəm ki, müxalifətin bu seçkilərdə
də heç bir perspektivi olmayacaq. Digər
tərəfdən, müxalifətin heç bir sosial
bazası yoxdur. İnsanlar artıq onlara
etibar etmirlər".
Azərbaycanda bu vaxta qədər keçirilən
bütün seçkilər zamanı cəmiyyətə
yeniliklər təqdim edən YAP isə budəfəki təbliğatını
bir qədər fərqli şəkildə aparacaq. 500 min üzvünün
olmasına baxmayaraq, kütləvi tədbirlərə o qədər
də ehtiyac duymayan
partiyanın təbliğat-təşviqat mexanizmi
bu dəfə insanlarla fərdi ünsiyyətin qurulması
şəklində aparılacaq. Bu da, təbii ki, sonda əhalini
partiya təmsilçiləri ilə ünsiyyətini bir az da yaxınlaşdıracaq. İnsanlarla
fərdi ünsiyyətin, görüşlərin keçirilməsi
bir tərəfdən onların öz arzu və istəklərini
namizədlərinə daha aydın şəkildə
çatdırmasına imkan yaradacaq, digər tərəfdən
isə, qaldırılan hər hansı problemlərin qısa
müddətdə həllini tapmasını sürətləndirəcək.
Odur ki, bəri başdan YAP-ın bu seçkilərdə
də bütün opponentlərini üstələyəcəyi
və liderliyini qoruyub saxlayacağı demək olar.
Dövlət başçısı İlham Əliyevin
qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası Azərbaycan
xalqının bir parçasıdır. Bütün
Azərbaycan xalqının xoşbəxt gələcəyi
üçün bizim partiyamız əlindən gələni əsirgəmir
və biz bundan sonra da bunu edəcəyik". Biz inanırıq ki, Yeni Azərbaycan Partiyası
parlament seçkilərində növbəti qələbəsini
təmin etməklə qarşıdakı illər
üçün nəzərdə tutulan hədəflərin
gerçəkləşdirilməsinə dəstək olacaq.
R.HÜSEYNOVA
Səs.-2015.- 5 avqust.- S. 4.